20 Yanvar hadisələrinin Azərbaycan gəncliyinin milli mənlik şüurunun inkişafındakı rolu...

 

 

 İyirmi yanvar günü,    millətimin dar günü.    İyirmi yanvar günü,    boran günü, qar günü.    İyirmi yanvar günü,    xalqımızın başına açılan oyunların yenidən təkrar günü.    (Zəlimxan Yaqub)    

Bu gün iyirmi yanvar günüdür. Xalqımızın taleyində böyük dönüş yaradan iyirmi yanvar uzun illərdir həm bir faciə, həm də qəhrəmanlıq və şərəf tarixi kimi xatırlanır. 24 il əvvəl mənfur sovet-rus imperiyasının yırtıcılarının Bakıda törətdiyi kütləvi qətl tarixə bir xalqın sınaq günü kimi yazıldı. Bilirik ki, öncələr bu günə sırf faciə kimi yanaşır, həmin günü ancaq hüzn olaraq qeyd edirdik. Ancaq çox haqlı olaraq hazırda 20 Yanvar həm də düşmənə mənəvi baxımdan qalib gəldiyimiz gün kimi keçirilir. Müstəqil Azərbaycanın dayaqları möhkəmləndikcə, dövlətimiz gücləndikcə, gənclərin milli vətənpərvərlik tərbiyəsinə də xüsusi yer verilir. Məlumdur ki, indi 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı bir cəsarət, hünər, Vətən sevgisi, milli şüur məktəbi olaraq diqqəti cəlb edir. Şəhidlər Xiyabanı gənclərin qəhrəmanlıq, istinad yeridir ki, onlar hər bir şəhidin həyat və mübarizə epopeyasını özlərinə mayak seçə bilər.    İyirmi yanvar hadisələrindən yazarkən, ümumiyyətlə bu günü təhlil edərkən istinad etdiyimiz materiallar çox olur. Burada o günü tam varlığı ilə yaşayan şəxslər də yada düşür. Filologoya elmləri namizədi, tanınan jurnalist-tədqiqatçı Almaz Ülvi Binnətova da bu hadisəni canında yaşayan və hələ də o günlərin həyəcanını, dəhşətini unutmayan, eyni zamanda da bu günün milli qəhrəmanlıq salnaməmiz olduğunu dərk edərək təbliğ edən qələm dostlarımızdandır. Qardaşının balası gənc Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə ucaldığı iyirmi yanvar Almaz xanım üçün hələ də yenidir, çünki Ülvi yarası illər keçsə də sağalmır... 

 Ancaq bununla belə, Almaz xanım deyir ki, 20 Yanvar xalqımızın sınaq günü olub və xalqımız da elliklə o sınaqdan üzüağ çıxıb.  

 Almaz xanım bildirdi ki, 20 Yanvar Azərbaycan gənclərinin milli şüurunun oyanmasına, onların vətənpərvərlik tərbiyəsinin mükəmməl olmasına böyük təsir edir: "1990-cı ilin 20 Yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə və dövlətçilik tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin dövrdə ölkəmizə qarşı ərazi iddiaları irəli sürənlərə qarşı Bakının küçələrinə və meydanlarına çıxan xalq kütlələrinin üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı".   

Almaz Ülvi bizimlə söhbətində dedi ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onun fikrincə, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi: "Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, dövlətçilik tariximizdə önəmli yer tutan 20 Yanvar tarixini xalqımız daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir".    Almaz xanımın dediyinə görə, iyirmi yanvar həm xalqımızın faciəli günü, həm də bir qürur günüdür. Müsahibimiz deyir ki, müasir gənclik iyirmi yanvar hadisəsində şəhid olan insanların həyatından və mübarizəsindən örnək götürməlidir: "Hesab edirəm ki, indiki gənclik iyirmi yanvar hadisəsindən çox şey öyrənməlidir. Onlar bu günə xüsusi sayğı və məhəbbətlə yanaşmalıdır. Bu tarixi günü öyrənməlidirlər ki, həmin gün müstəqil Azərbaycanın bünövrəsi qoyulduğunu anlaya bilsinlər. Bu bünövrə ona görə əbədi olacaq ki, dövlət müstəqilliyimizi halal qanımızla, canımızla qazanmışıq. Gənclik iyirmi yanvar gününün qədrini bilməlidir. Bu həm də tariximizin qədrini bilmək deməkdir. Bir də ona görə bilməlidir ki, qəhrəmanlığı, düşmənə qələbə çalmağı öyrənsin, və tarix bizi bir də belə ağır sınaqlara çəkməsin. Gənclik bu günü ona görə öyrənməlidir ki, milli şüuru inkişaf etsin, vətənpərvərliyi canında hiss etsin. Bu günün ən böyük ibrət dərsi olması və örnəyə çevrilməsi məsələsinə toxunuruqsa, mütləq 24 il əvvəli xatırlamalıyıq. 20 Yanvar gününü yada salaq: həmin gün Azərbaycanda hamı bir nəfər idi və el, söz və əməl birliyi hökm sürürdü. Bir nəfərin dərdi hamının dərdi idi. Hamı bilirdi ki, rus-sovet ordusu Bakıya soxulur, Bakını gülləbaran etmək istəyir, hər kəs müdafiə məqsədilə şəhərdə qurulan barrikadaların qarşısında idi. Məqsədimiz o idi ki, Bakı tapdaq altında qalmasın. Nəhayət, məlum hadisə baş verdi. İyirmi yanvar xalqımızı, dövlətimizi müstəqilliyə aparan bir yol oldu. Bu gün gənclərə bir qəhrəmanlıq tarixi, qürur günü kimi təlqin edilməlidir. İyirmi yanvar günü ona görə şəhidlərimiz oldu ki, heç kəs imperiya şinelli rus ordusunun Bakıya girərək şəhərimizin altını üstünə çevirməsini istəmirdi. Rus tanklarının qarşısına çıxan xalqımız bir daha sübut etdi ki, xalqımızın qəhrəmanlığı, özünümüdafiə hissi genetik olaraq mövcuddur. Bəllidir ki, türk at belində doğulub, at belində də dünyasını dəyişir. Tarixən türk genetikasında bu özünü göstərib ki, türk ancaq qələbə, zəfər çala bilər, o məğlubedilməzdir, yenilməzdir. Türkün ölümü də qələbə sayılır, o öz şəhidliyilə ölümə qalib gəlir, çünki yüksəlir. İyirmi yanvar şəhidləri də bu yolu seçdi. Həmin gün Bakı ağır tanklarla, toplarla, zirehli maşınlarla doldu, amma xalq bundan qorxmayıb, əliyalın da olsa, o tankların üzərinə yeridi. Xalqımızın qəhrəman oğul və qızları o tankların altında qalıb şəhid oldu, amma xalqımız sınmadı, qürurunu daha da yüksək tutdu. İyirmi yanvar günü bütün şəhər ayağa qalxdı, ellikcə şəhidləri dəfn etdik. O hüzn təkcə şəhid ailələrinin hüznü deyildi, hamımızın hüznü idi. Bu bütövlükdə Azərbaycan xalqının matəmi oldu. Bir də həmin gün Azərbaycan xalqının bütövlüyü, iradəsi sınağa çəkildi. O gün hamı bir-birinə dəstək idi, arxa-dayaq idi. Bir oğul evdən çıxırdısa, o, bütün elin oğlu olurdu, milyonların övladına çevrilirdi".   

Almaz xanım 20 Yanvar şəhidlərindən çox yazıb, onların mübarizəsini qələmə alıb, təbliğ edərək gənc nəslə çatdırıb. Bu şəhidlər arasında onun nakam, bəxtikəm Ülvisi də var... Almaz xanım Ülvinin adını özünə əbədi təxəllüs götürüb. Bu baxımdan, Almaz Ülvinin indiyə qədər 20 Yanvarla bağlı yazdıqları gənclər üçün etibarlı bir mənbə rolunu oynayır. O, söhbətimizdə Ülvini də yada saldı, o Ülvini ki, gənc yaşında öz vətənpərvərliyilə müasir gənclərə böyük bir həyat örnəyi olub: "20 Yanvarda öz canından keçərək şəhidlik zirvəsinə yüksələnlərdən biri də Ülvi Bünyadzadədir. O, mübariz bir vətəndaş, həmin dövrdə bütün baş verən hadisələrin önündə gedən gənclərdən biri idi. Hətta hərbi xidmətdə olarkən Qarabağ problemi ilə bağlı "Xətai" adlı təşkilat yaratmışdı. Məqsədi o idi ki, Qarabağ problemini orada yaşayan xalqlara çatdırsın. Ülvi Azərbaycan həqiqətlərini orada nəşr olunan mətbuatda da dərc etdirdiyini deyirdi. Şəhid olduqdan sonra onun yazdığı bir "And" var ki, mən onu tapdım, həmçinin hərbi xidmətdə olarkən göndərdiyi şeirləri topladım. O şeirlərdə onun xarakteri, dünyagörüşü, mübarizədəki konkret mövqeyi əks olunurdu. Ümumiyyətlə, şeirlərində həm Vətənə məhəbbət hissi var, həm də özünün intellekti açılır. Eyni zamanda, o şəhid olduqdan sonra onun hekayələrini çap etdirdim və çox qəribədir ki, bu hekayələrdə onun taleyi öz əksini tapıb. Hətta onun "Tale" adlı bir hekayəsi var, orada sanki 20 Yanvarda baş verəcək hadisələr göstərilir. Bundan başqa, onun pyesləri, dünya ədəbiyyatından, ingilis dilindən tərcümələri var idi və bu o dövr üçün çox böyük hadisə idi. Eləcə də o bunları 20 yaşında- çox qısa bir ömürdə edib. Mən gənclərə tövsiyə edərdim ki, onu bir örnək kimi götürsünlər".   

Onun sözlərinə görə, indiki gənclik Ülvinin məhz həmin "And"ını özlərinə həyat amalı seçməlidir. O dedi ki, Ülvi Azərbaycan torpağının bütövlüyü, azadlığı uğrunda şəhid olub. O, Vətənə öz borcunu verdi, amma burada yazılanların bizə, gəncliyimizə, dövlətimizə aidiyyəti var: "Təsadüfi deyil ki, hər il 20 Yanvar dövlət səviyyəsində qeyd edilir. Ona görə ki, burada dövlətçilik məsələsi ortaya qoyulmuşdu. Bu, dövlətçiliyin qorunması və ona doğru gedən yolda, azadlıq uğrunda şüurlu bir mübarizə idi. O gecə uşaqlar, gənclər, yaşlılar da şəhid oldu. Məncə, məhz həmin gecə qurban lazım idi. Mən Ülvinin xarakterini bilirdim və o, həmin gecə şəhid olmasaydı, özünü bağışlamazdı. Həmin gündən etibarən bizim təskinliyimiz də odur. İstərdik ki, bugünkü gənclik bu milli tariximizi öyrənsin, bilsinlər ki, milli dövlətçiliyimiz kimlərin qanı üstündə qurulub. Mən çox təəssüf edirəm, bugünkü gənclik onu o qədər də tanımır. Onun yazdığı "And"ı dəfələrlə qəbrinin üstünə qoysam da, götürüb atıblar. Ona görə qoymuşdum ki, oradan keçənlər onu oxusunlar, görsünlər ki, kimlər şəhid olub. O gecə təsadüfi, yoldan keçən adamlarla yanaşı, məqsəd uğrunda o meydana çıxan adamlar da şəhid olub, şüurlu surətdə həyatlarını qurban verən adamlar olub".  

 Ülvi Bünyadzadə tək deyildi, 20 Yanvar günü canını Vətən yolunda, müstəqilliyimiz uğrunda şəhid edən gənclər çox idi. Təbii, Ülvinin də, toylarının səs-sədası bu şəhərin qulaqlarından hələ çəkilməmiş şəhid olan İlham və Fərizənin də, daha neçə-neçə insanın da imperiya tanklarına meydan oxuması böyük bir hadisədir. Şəhidlərimizin düşmən güllələrindən deşilən cəsədlərini xalqımız gözüyaşlı qərənfil tumurcuqları ilə sarıdı... Al qanlarını qərənfil dəstələrilə kəsdilər... İyirmi yanvar günü xalqımızın tarixində böyük qələbə günü kimi də qaldı. Çünki həmin gün Azərbaycan oğul və qızları düşmən tanklarının qabağında canlı sədd çəkə bildi və şəhidliyə qovuşaraq dövlətimizin müstəqilliyə gedən yolunu işıqlandırdılar. Gənclərimiz bu həyat və tarixi dərsi heç zaman unutmamalıdır. Bu gün milli özünüdərk prosesində gənclər üçün böyük örnək olacaq.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-20 yanvar.-S.12.