Gənc nəslin vətənpərvərlik tərbiyəsində 20 Yanvar ibrətləri...

 

 Məyus olma, amandır,  

 Məyus olmaq yamandır. 

  Qorxaq diləksiz yaşar,  

 Millətim qəhrəmandır... 

 

  24 il əvvəl deyilib bu bayatı, qanlı şənbə gecəsinə yazılıb. 1990-cı ilin 20 yanvar hadisəsi xalqımızın həyatında çox böyük bir rol oynadı. Bu gün həm xalqımızın faciəsi, həm də qəhrəmanlığıdır. Eyni zamanda da Azərbaycan xalqının sınağa çəkildiyi gündür 20 Yanvar...    Bir tərəfdən, 20 Yanvar günü millətimin dar günü, xalqımızın başına açılan oyunların yenidən təkrar günü adlanırsa, başqa bir tərəfdən, şərəf tariximizə işıqlı hərflərlə yazılan mühüm bir gün kimi xarakterizə olunur. 20 Yanvar Azərbaycan gəncliyinin sınaq meydanından üzüağ çıxması və son damla qanına qədər düşmənə meydan oxumasının bariz göstəricisidir. Tanklar Azərbaycan insanının, xüsusən də gənclərin sinəsi üstən keçib getsələr də, ürəklərindəki vətənpərvərlik qığılcımlarını söndürə bilmədi. Söndürə bilməzdi də. Çünki gəncliyin əzmi və mətanəti düşmən tanklarından daha güclü idi.  

 Bəllidir ki, 20 Yanvar hadisəsi toplumumuz, millətimiz və gənc dövlətimiz üçün çox böyük tarixi dərsdir. Bu da gizlin deyil ki, bu dərsin yaraları, ağrıları hələ sağalmayıb və istənilən zaman qanaya bilir. Bu da var ki, çağdaş Azərbaycan gəncliyi 24 il öncə baş verən bu hadisəyə bir tarixi dərs, ibrət götürüləsi hadisə kimi baxmağı bacarır. 20 Yanvar günü şəhid olan hər bir insanın şəhidlik yolu bir örnəkdir, çünki onlar vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçməyi bacarıblar. Yüzlərlə, minlərlə insana örnək olan şəhidlərimiz gənclərimiz üçün də bir nümunədir. Onlar öz ölümlərilə özlərindən sonrakı gənclərə böyük bir vətənpərvərlik məktəbi qoyub getdilər. Tarixçilər hesab edir ki, 20 Yanvar hadisəsi o hadisələrdəndir ki, ona yas tutmaqla işimiz bitmir, bu tarixi öyrənmək və öyrətmək daha çox lazımdır. Tarixçilər bildirir ki, 20 Yanvar hadisəsi Azərbaycan gənclərinin həyatında, milli şüurunda yetərincə rol oynayıb. Onun prinsipial əsaslarını qoruyub saxlamaq, böyüməkdə olan gənc nəslə aşılamaq, ötürmək məsələsi isə davamlı olmalıdır.   

Tarixçi Təzəgül Yusifovanın sözlərinə görə, 20 Yanvar hadisəsi gənclərimizin özünü dərk etməsinə böyük təsir etməkdədir. O hesab edir ki, gəncliyin hər zaman ayaqda qalması, vətənpərvərlik hissini qoruması üçün təbliğat gərəkdir: "Hesab edirəm ki, 20 Yanvar hadisəsi bizə, xüsusən də gənc nəslə çox şey öyrətdi. Aradan 24 il ötür. Bu illər ərzində çox şey dəyişib, dəyişməyən isə bu faciəyə, eyni zamanda da qəhrəmanlıq səhifəmizə işıqlı münasibət olub. 20 Yanvar tariximiz üçün böyük bir örnəkdir. Ümumiyyətlə, faciələr, kütləvi qırğınlar xalqların imtahanı deməkdir. İndiyə qədər 20 Yanvar ibrətlərindən nəticə çıxarılıb. Düşünürəm ki, gənclər arasında hər zaman təbliğat aparılmalıdır. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Gəncliyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, sadalanan dəyərlərin yaşadılmasında elə də çətinlik olmaz. Qeyd edim ki, milli mənlik şüuru özünüdərk, özünü tapmaq deməkdir. Milli özünüdərk deyəndə, ilk növbədə, insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır".

   T.Yusifovanın dediyinə görə, hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. O eyni zamanda bildirdi ki, gənclər hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahib olduğunu dərk etməlidir: "Bütün bunlar həm də milli kimlik məsələsinin dərk olunması deməkdir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. Milli mənlik şüurunu, vətənpərvərlik hisslərini qavrayıb dərk etmək üçün bir sıra tələblərə əməl olunması təmin edilməlidir. Çünki haqqında danışdığımız məfhum uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü büruzə verən məsələdir. O üzdən, sözügedən ideya gəncliyə aşılanmalıdır. Tarix boyu Azərbaycan xalqı min bir faciə ilə üzləşib. Bir sıra istilaçı hücumlar nəticəsində zaman-zaman malik olduğu tarixi əraziləri itirmək məcburiyyətində qalıb. Bu da millətimizin yaddaşında acı izlər buraxıb. Xüsusən də ötən yüz il ərzində millətimizin başına bir sıra müsibətlər gəlib və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə düçar olub. İndinin özündə də o yaralar sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız olsa da, bütün bu baş verənləri heç cür unutmaq olmaz".   

Tarixçi dedi ki, erməni daşnakları və rus şovinistləri tarix boyu xalqımızın başına müxtəlif oyunlar, bəlalar gətiriblər. 20 Yanvar hadisəsinin də bunun davamı olduğunu qeyd edən T.Yusifovanın dediyinə görə, erməni və rus millətçiləri hər zaman Azərbaycan xalqına qarşı düşmən münasibəti bəsləyib. Xalqımızın azad, suveren yaşamaq istəyi, imperiya boyunduruğundan azad olmaq arzusunun o vaxtkı SSRİ rəhbərliyinə xoş gəlmədiyini deyən T.Yusifova qeyd etdi ki, gənclər də daxil olmaqla, Azərbaycan xalqının oğul və qızları qanlarına qəltan olmağa razı oldular, ancaq dövlətimizi müstəqil görmək arzusundan dönmədilər: "Onların cəsədi güllələndi, amma arzuları sönmədi, arzuları müasir gənclər tərəfindən gerçəkləşdirilir.    Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən böyük faciələrdən biri də 20 Yanvar qətliamıdır. Bilirik ki, sovet imperiyası Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün 1990-cı ilin 20 yanvarında dinc nümayişçilərə divan tutdu. Gülləbaran nəticəsində 131 nəfər şəhid edildi, yüzlərlə insan yaralandı. Lakin bütün bu repressiyalara baxmayaraq, xalqın azadlıq istəyini boğa bilmədilər. Əksinə, azadlıq uğrunda mübarizə yüksələn xətt üzrə inkişaf etməyə başladı. Nəticədə 1991-ci il avqustun 30-da müstəqillik haqqında bəyannamə, həmin ilin 18 oktyabrında isə müstəqillik haqda Konstitusiya Aktı qəbul olundu. Hər il xalqımız böyük izdihamla 20 Yanvar şəhidlərini yad edir, onların müstəqillik uğrunda göstərdiyi rəşadəti qiymətləndirir.    20 Yanvar müstəqilliyə gedən yolun mühüm bir hissəsidir. O şəhidlər həm də gənclər üçün bir azadlıq, vətənpərvərlik rəmzi hesab olunur. Bu nöqteyi-nəzərdən, 20 Yanvar hadisələri gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, milli mənlik şüurunun dərkində böyük rol oynayır.    Digər tarixçi Həyat Məhərrəmova hesab edir ki, 20 Yanvar faciəsi bizim qan yaddaşımızdır. H.Məhərrəmovanın sözlərinə görə, bu günü heç zaman unutmamalıyıq. Onun dediyinə görə, 20 Yanvar günü hər il yada salınır bununla bağlı geniş tədbirlər keçirilir: "Hesab edirəm ki, bütün bunlar gənc nəslin vətənpərvərlik tərbiyəsində çox mühüm rola malikdir. Bu həm də gənclərin milli kimliyini tanımasına, milli mənlik şüurunu dərk etməsinə stimul verən hadisədir. Milli kimliyini, keçmişini bilən bir millətin gəncliyi, gənc nümayəndələri yoxdursa, onda o millətin axırı yoxdur. Bu baxımdan, 20 Yanvar gənclərin düşüncə tərzində çox mühüm çəkiyə malik olan tarixi hadisədir. Nəzərə alsaq ki, bu bizim yaxın tariximizdir, o zaman məsələnin mahiyyətini daha dərindən anlamağa imkan yaranır".  

 Tarixçi deyir ki, hər il faciələrimizin ildönümlərini yad edirik və tarixi günlə bağlı bütün dünyaya geniş informasiya verə bilirik. Onun sözlərinə görə, artıq 24 ildir ki, ellikcə bir olub şəhidlərimizin ruhunu şad edə bilirik. Bundan başqa, ekspert qeyd etdi ki, artıq dərsliklərdə, dərsdən xaric məşğələlərdə və digər tədbirlərdə 20 Yanvar şəhidlərinin ruhunu əziz tuturuq. Onun fikrincə, gənclərimizin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin yüksək şəkildə formalaşması üçün 20 Yanvar ibrətləri unudulmamalıdır. Bu məsələdə təbliğat işini davam etdirməkdə gənclərin də çiyinlərinə böyük yük düşdüyünü deyən tarixçi bildirir ki, gənclik missiyanı daşımaqda davam etməlidir: "Bu yöndə gəncliyə hər cür yardım göstərmək lazımdır ki, onlar bu işin öhdəsindən layiqincə gələ bilsin. Bunun başlıca meyarlarından biri də vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir". 

 H.Məhərrəmovanın dediyinə görə, 20 Yanvar ibrətləri orta məktəblərdə, hətta bağçalarda uşaqlara təlqin edilir. Onun sözlərinə görə, artıq Azərbaycanda bağça uşaqları belə, bilir ki, 20 Yanvar faciəsi var: "Yanvar hadisəsinin ilk illərində bizdə pessimizm güclü idi. Mən özüm orta məktəbdə tarix dərsi deyirəm. Əvvəllər tariximizi, xüsusən də 20 Yanvar hadisəsini faciə kimi öyrədirdik, amma indi onu daha çox qəhrəmanlıq səhifəmiz kimi təqdim edirik. Düzdür, iztiraba, soyqırıma, qətliama məruz qalanlarımız olub. Xalqımızın övladları küçələrə xalqı, respublikanı müdafiə etmək üçün çıxmışdı. Mən düşünürəm ki, 20 Yanvar dərsi, məktəbi gənclərimizə kifayət qədər öyrədilib. Biz indi onu öyrədirik ki, gənclər qalibiyyət şüuru, təfəkkürü, hiss və həyəcanı ilə yaşasın. Gənclər daim qalib gəlmək və bu qalibiyyətə çatmaq mübarizəsilə həyatını davam etdirsin. Bu cür təbliğat metodu seçilərsə, gənclərdə vətənpərvərlik və döyüş ruhu bir az da artacaq. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncələrində, davranışlarında, iş fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Sadəcə, çalışmaq lazımdır ki, aparılan təbliğat nəticəsində onların sıraları bir qədər də genişlənsin. Milli dəyərlərə önəm verən təşkilatlara şərait yaratmaq və onları stimullaşdırmaq lazımdır. Unutmaq olmaz ki, sözügedən gənclər milli-mənəvi dəyərlərin daşıyıcılarıdır və onların üzərinə böyük iş düşür. Bu nöqteyi-nəzərdən müasir gənclik 20 Yanvarı bir qəhrəmanlıq məktəbi kimi qəbul etməlidir".  

 O hesab edir ki, 20 Yanvar hadisəsini hər kəs vətənə, torpağa bağlılıq kimi qəbul etməli, onun azadlığı uğrunda aparılan mübarizə kimi dəyərləndirməlidir. Milli mənlik şüurunun gənclərə aşılanması istiqamətində təbliğat-təşviqat işləri ciddi şəkildə aparılmalıdır. Ekspert deyir ki, 20 Yanvar hadisəsi bir tarixi örnək kimi milli şüurun hər zaman oyaq qalmasına, vətənpərvərliyin günü-gündən alovlanmasına təkan verir, təsir edir.    Ardı var...

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-17-19 yanvar.-S.15.