Özəl sektor gənclərinin mənəvi inkişaf və vətənpərvər formalaşma prosesi: reallıqlar, problemlər...

 

 Cəmiyyətimizdə gedən gəncləşmə prosesi, gənclərin say artımı, onların faydalı işlərə daha çox meyl etməsi bir faktor kimi diqqəti cəlb edir. Bilirik ki, gənclər bütün sahələrdə uğurla təmsil olunur. Gənclərə yaradılan şərait, onların faydalı işlərə cəlb edilməsi yaxşı haldır. Bu gün cəmiyyətimizdə gənclərin dövlət siyasətinə, dövlətçiliyə, milli şüura sahib olması halı özünü göstərir.    Ekspertlər bildirir ki, gənclər dövlətin əsas aparıcı təbəqəsi olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətli əhalinin əsas hissəsini təşkil edir. Onların sahib olduğu enerjini, potensialı doğru istiqamətə yönəltmək bu gün ən aktual məsələlərdən biridir.    Sosioloq Təranə Musalı hesab edir ki, günbəgün dəyişən dünya reallıqları gənclərin potensialının düzgün istiqamətə yönəldilməsini tələb edir: "Çağdaş dünya ilə ayaqlaşmağın bir sıra yolları var ki, onlardan biri gəncliyin təhsil səviyyəsinin yüksəldilməsidirsə, digər vacib olanı isə onların məşğulluğunun təmin olunmasıdır. Gənclərin mükəmməl səviyyədə formalaşmasında bu iki faktorun müstəsna rolu var. Məşğulluğun təmin olunması həm də ölkənin dinamik inkişaf etməsini şərtləndirir. Bu işdə də gənclərin işlə təmin olunması önəmli rola malikdir. Dünyəvi əsaslara söykənən ölkələrdə məşğulluğun təmin olunması iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə əsaslanır".    Ekspert dedi ki, bazar iqtisadiyyatı sistemini seçmiş ölkələrdə iqtisadiyyatın əsas çəkisini özəl sektor təşkil edir. Onun sözlərinə görə, Azərbaycan da müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunu seçib: "Əmək fəaliyyəti ilə məşğul olanların böyük hissəsi özəl sektorda çalışır. Son illərin təcrübəsi göstərir ki, məşğulluğun ən çox təmin olunduğu sfera xidmət sektoru hesab olunur. Azərbaycanda bu gün əmək qabiliyyətli gənclərin böyük hissəsi məhz xidmət sektorunda - ticarət, turizm, iaşə, tikinti, buna bənzər sahələrdə çalışır. İlbəil özəl sektorda çalışan gənclərin sayı artır. Ona görə də özəl sektorda əmək fəaliyyəti ilə məşğul olan gənclərlə aparmaq, onların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə yardım etmək və bununla bağlı işlək mexanizm tapmaq vacib məsələlərdən biridir. Çünki dövlət sektorunda çalışan gənclərlə bağlı lazımi işlər görülür. Hökumət gənclərin məşğulluq və təhsil probleminin həlli istiqamətində bir sıra işlər görür. Aparılan dövlət siyasətinə uyğun olaraq gənclərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində atılan addımlar onlara göstərilən diqqətin nəticəsidir. Azərbaycanın müstəqillik əldə etdiyi 20 ilə baxsaq görərik ki, son bir neçə ildə dövlət səviyyəsində gənclərin məşğulluğunun təmin olunmasına, işsizlik probleminin həllinə yönəlik bir sıra işlər görülüb".    T.Musalının sözlərinə görə, dövlət sektorunda çalışan gənclərə diqqət və qayğı hökumətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. O dedi ki, dövlətin gənclər siyasəti bu yöndə bir sıra problemlərin həllinə hesablanıb: "Yeni nəslin inkişafının əsas vasitəsi onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Ötən dövrdə gerçəkləşdirilən "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" və digər dövlət proqramları deyilənlərə əyani sübutdur. Təsadüfi deyil ki, 2002-ci ildə Milli Məclis "Dövlət gənclər siyasəti haqqında" Qanunu qəbul edib. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə əsaslı təsir göstərib. Belə ki, gənclərin məşğulluğunun təmin olunmasına yönəlik addımlar sistemli xarakter daşıyıb".    Sosioloqun sözlərinə görə, dövlət başçısının təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib. Onun dediyinə görə, gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən formalaşdırılması gənclər siyasətinin daha dolğun həyata keçirilməsinə yol açıb: "2007-ci ilin "Gənclər ili" elan edilməsi isə gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. Gənclər siyasətinin mühüm tərəflərindən biri də gənclərin elmi biliklərinin artırılmasıdır. Qeyd olunduğu kimi, müasir dövrdə təhsilin səviyyəsi məşğulluğun təmin olunması ilə buya digər dərəcədə sıx bağlıdır. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" məhz bu məqsədə xidmət edir. Mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi də gənclərə və xüsusən gənc ailələrə qayğıdan irəli gəlir. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından bir sıra layihələrə start verilməsi bütövlükdə onların Vətənə, torpağa, dövlətə, millətə olan bağlılığını daha da gücləndirir. Bu istiqamətdə yeridilən siyasət onlara verilən önəmin göstəricisidir. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərin menecment fəaliyyətinin artırılmasına, gənc peşəkar kadrların hazırlanmasına, gənclərin dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirakının gücləndirilməsinə xidmət edəcək. Builki dövlət büdcəsində adıçəkilən proqram üçün maliyyə vəsaiti nəzərdə tutulub".    Qeyd edək ki, bütün bunlarla yanaşı, özəl sektorda çalışan gənclərə də xüsusi diqqət və qayğı olmalıdır ki, onların simasında milli-mənəvi dəyərlərimiz deqradasiyaya uğramasın. Digər sosioloq Aytəkin Kamranqızı (Bağırova) dedi ki, bunun üçün sistemli konseptual xarakterli proqramlar işlənib hazırlanmalıdır: "Elə bir işlək mexanizm tapılmalıdır ki, görülən işlər gənclərin böyük bir hissəsini əhatə edə bilsin. Hər dövrün öz tələbatı olsa da, bütün dövrlərdə dövlətin çiçəklənməsində gənc nəsil mühüm rol oynayır. Gənc nəsildən o xalqın gələcəyi bilavasitə asılıdır. Özəl sektorla yanaşı, gərək gənclik bütün sektorlarda özünü göstərsin. Etiraf etməliyik ki, bu gün gənclərimizin və ölkəmizin müxtəlif çətinlikləri var. Qarabağ məsələsi, demokratik inkişaf yolunda müəyyən çətinliklər bu işdə bəzi maneələr yaradır. Bütün bunlar Azərbaycan gəncliyinin tam şəkildə öz potensial imkanlarını üzə çıxarıb cəmiyyətə təqdim etməsinə maneçilik yaradır. Ona görə ki, gənclərimizin bir hissəsi ali təhsillə məşğuldur. Ancaq o da var ki, onların bir qisminin ali təhsili yoxdur".    Ekspert bildirir ki, bu gənclər əsasən rayonlardan Bakıya işləməyə gələnlərdir. O dedi ki, onlar, sadəcə, fəhlə kimi müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olur: "Təbii ki, müvafiq ixtisaslara yiyələnmiş gənclər özəl sektorda öz sözünü deməlidir. Səhərdən axşamadək fəhlə işləyən və ali təhsili olmayan gənclər arasında vətənpərvərliyi, mənəvi dəyərləri təbliğ etmək və bunu onlara aşılamaq bir qədər çətindir. Rayonlardan gəlib özəl sektorun müxtəlif sahələrində əmək fəaliyyəti ilə məşğul olan gənclər orta məktəbdə oxuduğu dövrdə milli təəssübkeşliklə, vətənpərvərliklə bağlı nə əxz edibsə, ona sahibdir. Onların başı daha çox əmək fəaliyyətinə qarışır. Ancaq sözügedən problemin də müəyyən həll yolları var. Bunun üçün KİV-lərin fəaliyyətindən, teatrkinonun imkanlarından istifadə etmək lazımdır. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəyyən tədbirlər görülməlidir. Vaxt var idi, gənclər kütləvi şəkildə ayrı-ayrı tamaşalara gedir, müxtəlif tədbirlərdə yaxından iştirak edirdi. Son dövrlər, çox təəssüf ki, bu sahədə bir süstlük hökm sürür. Məsələn, bu yaxınlarda Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı-dramaturq Vaqif Əlixanlının "Əcəl atı" pyesinə baxdım. Adıçəkilən pyes Xocalı soyqırımı münasibətilə tamaşaya qoyulmuşdu. Orada çox yaxşı bir tamaşanın göstərilməsinə baxmayaraq, auditoriya gənclərlə kifayət qədər dolu deyildi. Orda bir məktəbin şagirdləri və bir neçə nəfər gənc iştirak edirdi. Halbuki, gənclərin belə işlərə cəlb olunması çox vacibdir. Həmin tamaşada böyük bir anşlaq yaşansaydı, heç şübhəsiz, bu daha yaxşı olardı. Həmçinin, bizim dövlətçilik tariximizin, başımıza gələn hadisələrin, faciələrin səbəblərinin dərk olunmasında çox mühüm rol oynaya bilərdi. Yəni özəl qurumların rəhbərləri fikirləşməlidir ki, onların fəhləsi təkcə işləyib maaş almaq arzusu ilə yaşamasın".    Mövzu ilə bağlı profeessor Vaqif Arzumanlı əməkdaşımızla söhbətində deyib ki, müxtəlif təşkilatın, qurumun, sektorun özünün belə planları olmalıdır ki, işçilərin günündən sonrakı fəaliyyəti səmərəli keçsin: "Onlar üçün ölkənin müxtəlif ərazilərinə səfərə çıxmaq imkanı yaradılmalıdır. Bunun üçün özəl qurumların mədəni proqramları olmalıdır. Eyni zamanda, həmin qurumlarda çalışan gənclərin mətbuatla, yeni çıxan nəşrlərlə tanış olmaq imkanları olmalıdır. Özəl sektora rəhbərlik edən ayrı-ayrı şəxslər, sahibkarlar bu cür proqramlar həyata keçirərsə, bu bizim gənclərimizin xeyrinə olar. Gənclər də hiss edər ki, onun belə zəngin mədəniyyəti, milli təəssübkeşlik, vətənpərvərlik hissləri aşılayan mədəni sərvətləri var".    Professorun sözlərinə görə, ölkədə dövlətçilik ənənələrini qoruyub saxlayan abidələr, tarixində vətənpərvər qəhrəmanlar var. O hesab edir ki, onlara bu hisslər aşılanar. Zaman keçdikcə onlar dünyagörüşlərində müəyyən dəyişikliklərin yarandığını hiss edəcək.    Gənclərin vətənpərvərlik və milli mənlik şüurunun formalaşması üçün gərəkli olan bu tövsiyələrdən gənclərin nəticə çıxaracaqlarına əminik.

 

     İradə SARIYEVA

  Bakı xəbər. - 2014.- 30 yanvar.- S.15.