Erməni daşnaklarının törətdiyi Şamaxı qətliamı Ələkbər bəy Xasməmmədovun tarixi məruzəsində...

 

Şamaxı qətliamının üstündən 97 il keçsə də, daşnak-rus birləşmələrinin tökdüyü qanlar torpağın köksündə hələ qızarır. Əlbəttə, qisas qiyamətə qalmaz. Az qala bir əsrdən artıq vaxt keçib, ancaq hələ də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qisası alınmayıb. Bu mənada ki, biz öz həqiqətimizi lazımi səviyyədə tanıda bilməmişik.

Məlum olduğu kimi, Şamaxı qətliamı ilə bağlı rəsmi mənbələrdə çoxlu məlumatlar var. Hətta onların çoxu xarici ölkə arxivlərində qorunur. Yəqin ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarının 100 illiyi ərəfəsində gizlin faktlar da araşdırılaraq üzə çıxarılacaq. Buna hələ üç il qalır, ortaya kifayət qədər material çıxarmaq üçün xeyli vaxtımız var.

Mövzu ilə əlaqədar keçən yazımızda Ələkbər bəy Xasməmmədovun məruzəsində yer alan fikirlərə toxunmuşduq. Bu dəfə də onun əhəmiyyətini nəzərə alaraq ona istinad edirik. Tarixi mənbələrdə, əldə olunan tarixi sənədlərdə məruzədə gedən fikirlər belə göstərilir: «Xasməmmədovun məruzəsində göstərilir ki, ermənilərin Şamaxı şəhərinə birinciikinci hücumları zamanı şəhərdəki bir neçə min azərbaycanlı qətlə yetirilib. Onların arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdüyü nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdülxəlil Əhmədov, Hacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürrəhim bəy Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalovonun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlubir çox başqaları da var idi. Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüşya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indiçürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilib».

Tarixi sənədlərdə verilən məlumata görə, məruzədə göstərilir ki, bir neçə məscidin, evin və mağazanın xarabazarlıqlarının, habelə insan sümüklərinin 45 ədəd fotoşəkilləri də çəkilib. Məruzadə qeyd edilənə görə, Fövqəladə Təhqiqat Komissiyasının digər məruzələrindən birində deyilirdi: «...erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq deyib ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlayıb, sonra isə onları öz şəxsi tapançası ilə güllələyib. Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan, orta hesabla, bir milyard manatdan çox olub. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə-qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqammilli düşmənçilik hissindən irəli gəlir və ikili məqsəd daşıyırdı. Bir tərəfdən, onlar azərbaycanlıları kütləvi surətdə qırır, digər tərəfdən isə, onların evlərinin qarəti hesabına külli miqdarda var-dövlət əldə edərək varlanırdılar. Ona görə də Şamaxını talan edən erməni quldur dəstələri «Öldürüb talamaq! Talayıb öldürmək!» prinsipindən ilham alırdılar».

Mənbələr yazır ki, Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar, qətllər bilavasitə illərlə burada sülh şəraitində yaşamış, azərbaycanlılardan daim hörmət görmüş nankor yerli ermənilərin rəhbərliyi ilə daşnaklar tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilib. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ataoğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalovb. rəhbərlik etmişlər. Bu şəxslər həmçinin quldur dəstələrinin digər üzvləri ilə birlikdə azərbaycanlıların evlərini yandırmış, talan etmişdinc əhalinin qətllərində də bilavasitə iştirak etmişlər. Qeyd edildiyinə görə, yüzlərlə şahidlər və zərərçəkənlər dindirilərkən bu qatillərin adlarını çəkmiş, qətl və qarətdə bilavasitə iştirak etdiklərini təsdiq etmişlər. Onlar yerli ermənilərdən keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanovun, keçmiş Şamaxı poçt-teleqraf kontorunun rəisi Arşak Gülbəndiyanın, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanovun, Şamaxıda məşhur tacir E.İvanyantsın, dəllək Samvel Dolievinb. bu kimi hadisələrin şəxsən iştirakçısı və icraçısı olduqlarına şəhadət vermişlər.

Sənəddə bildirilir ki, toplanmış çoxlu əşyayi-dəlil, zərərçəkənlərin və şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatski həmin komissiyanın sədrinin adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı eşidilməmiş cinayətlər törətmiş həmin şəxslərə qarşı cinayət işi qaldırmağı təklif edir: «1919-cu il iyul ayının 12-də Azərbaycan Cumhuriyyəti hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novatskinin məruzəsini dinləyərək şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının (cəmi 31 nəfərin) başlıca canilər olduqlarını göstərir. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında millidini zəmində əvvəlcədən öz aralarında razılaşaraq bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək, top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq öz qarşılarında Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşlar. Bunun üçün də 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlılar yaşayan hissəsinə hücuma keçirlər. Bir neçə gündə minlərlə dinc azərbaycanlı əhalini-kişi, qadın, uşağı qətlə yetirmişlər. Özübu qətllər xüsusi qəddarlıqla həyata keçirilib. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərlə öldürülmüşlər. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılıb. Fövqəladə Təhqiqat Komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul edir. Şamaxı şəhəri kimi, Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalıb. Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən daşnakların böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Əngəxarana soxulan ermənilər və malakanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alır. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə aparılaraq orada saxlanır, 88 kişini isə malakan kəndi Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər sağ azərbaycanlı gəlib çıxır. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr Mədrəsəyə aparılmış qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldikdə onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyitlərinin eybəcər hala salındığını görürlər. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilib. Bu da sübut edirdi ki, hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Bundan başqa, dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar. Komissiyanın məruzəsində göstərilir ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalıb».

Tarixçilərimizin hazırladığı elektron mənbələrdə bildirilir ki, respublikamızın dövlət arxivlərində saxlanan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Sənədlərdə bildirilir: «Təəssüflər olsun ki, Şamaxı şəhəri və Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və məlumatlar hazırlanmadığı üçün Şamaxı şəhəri və Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanmış və əlimizdə olan çoxlu ilkin məlumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür. 1919-cu il aprel ayının 3-də Azərbaycan Cumhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəza rəisinin Fövqəladə Təhqiqat Komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbiristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilib. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilib».

Bildirək ki, Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların-şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilib. Tarixçilər yazır ki, bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülüb ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olub; Yəhyalı kəndində 922 nəfər öldürülüb ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi, kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olub; Qubalı Baloğlan kəndində 553 nəfər öldürülüb ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi, kəndə dəyən ümumi maddi zərər 90 milyona yaxın olub; Kalva kəndində 500 nəfər öldürülüb ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri uşaq idi, kəndə dəyən ümumi zərər 24 milyon manat olub; Ağsu kəndində 500 nəfər öldürülüb ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olub, kəndə dəyən ümumi maddi zərər 36,5 milyon manat olub; Tircan kəndində 360 nəfər öldürülüb ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfəri uşaq idi. Kəndə dəyən ümumi maddi zərər 21 milyon manata yaxın olub; Bağırlı kəndində 370 nəfər öldürülüb ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olub, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olub. Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılıb. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanıb və möhürlə təsdiq edilib. Bu aktlarda olan rəqəmlər üzrə bizim hesablamamıza görə, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Hesablamamıza görə, bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manata bərabərdir. Dəymiş maddi zərərlər yandırılmış və dağıdılmış yaşayış evləri və digər tikililərin, qovulub aparılmış və ya məhv edilmiş mal-qaranın, oğurlanmış və yandırılmış ev əşyalarının, aparılmış və ya məhv edilmiş kənd təsərrüfatı alətlərinin, taxılın, yemin, dağıdılmış üzüm, tut və meyvə bağları və s. üzrə hesablanırdı. Ermənilərin azərbaycanlıların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri vəhşiliklər, sözün əsl mənasında, vandalizm nümunəsidir. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edərək yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrin qapılarını bağlayaraq od vurub heyvanları belə diri-diri yandırmaqdan çəkinmirdilər.

Bu barədə erməni terrorunu ifşa edən tarixi mənbələrdə məlumatlar verilib.

Əlbəttə, Şamaxı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin bir hissəsidir. Onların bu mənfur siyasətindən 200 ilə yaxındır Azərbaycan xalqı əziyyət çəkir və qanlı soyqırım hadisələrinin müəlliflərinə isə hələlik «dayan, dur» deyən yoxdur.

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 2 aprel.- S. 15.