Ermənilərin Lənkəranda və cənub bölgəsinin digər yerlərində törətdiyi qətliamlar...

 

Erməni vandalizmini təsvir etməyə çox zaman qələm də aciz qalır. Məsələ burasındadır ki, erməni daşnakları qan tökməkdən, baş kəsməkdən, yurdları-yuvaları viran qoymaqdan sonsuz zövq alıb. Qeyri-ermənilərə qarşı törədilən saysız cinayət faktları bu xalqın genetik olaraq qana, öldürməyə meylli olduğunu göstərir. Bilirik ki, 1918-20-ci illər arasında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliam silsiləsini həyəcansız sadalaya bilmirsən.

Tarixi faktlardan bəlli olduğu kimi ermənilər Bakı, Quba, Gəncə, Göyçay və digər şəhərlərimizlə bərabər Lənkəranda da soyqırım aktı törədib. Onu da bilirik ki, erməni və rus birləşmələrinin yaratdığı münaqişə nəticəsində Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev Lənkəranda qanına qəltan edilib. Ermənilərin törətdiyi bu hadisə sonra yüzlərlə insanın şəhid edilməsi ilə nəticələnib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov ermənilərin Azərbaycanın cənub bölgəsində 1918-1920-ci illərdə törətdikləri qırğınlar haqqında danışıb. Bu barədə bəzi xatırlatmalar verən alim bildirib ki, erməni qəddarlıqlarının miqyası və dərəcəsi heç bir ölçüyə gəlmirdi: "Deyilənə görə, Lənkəranın Sütəmurdov kəndində 1 əsgərin öldürülməsini və burada silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şivkunov kəndin 13 nəfər ağsaqqalını, o cümlədən axund Molla Həmidin qollarını bağlatdırır və boyunlarını vurdurur. Onun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar törədirdilər. Bu cinayətlərin qarşısını almaq üçün kənd ağsaqqalları Şivkunovun yanına gedib atəşi dayandırmasını xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlamaqla vəziyyəti bir qədər də gərginləşdirdilər. Bundan sonra kəndə hücum çəkib əhalidən silahları təhvil verməyi tələb etdikdə isə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verir. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başını kəsməyi əmr edir. Şəhər camaatı ara sakitləşdikdən sonra geri qayıdarkən ətrafda üstü toz-torpaqla örtülən çoxlu meyit görür. Şahidlər nəql edirlər ki, Lerikdən axıb gələn və Sütəmurdov kəndinin içindən keçən çayın suyu qırmızı rəngə boyanmışdı. Suyun üzü meyitlər, onların papaqları və paltarları ilə dolu idi".

Daha sonra alim qeyd edir ki, belə qırğınlar Gərmətük, Girdəni, Veravul, Mamusta, Vilvan, Kərgəlan, Rvo, Şvos. kəndlərdə də törədilib. Onun dediyinə görə, yalnız bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan qətlə yetirilib: "Lənkəran şəhərinin və ətraf kəndlərin əhalisi Osakücə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdı. Lakin onların evləri top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şəhərin yaşlı sakinləri deyirlər ki, ermənilər qaynar su ilə dolu samovarı adamların belinə bağlayır və qaçmağa məcbur edirdilər. Belə ki, iki gün ərzində Gərmətük kəndində qaçıb canını qurtara bilməyən 7 nəfər məhz bu üsulla öldürülmüşdü. Atılan topların zərbəsindən kəndin məscidinin bir tərəfi dağılmışdı. Bundan başqa, sözügedən kənddə bir evdən olan 8 nəfəri yerindəcə güllələmişdilər. Kərgəlan kəndində isə 70 kişi çayın kənarında vəhşicəsinə qətlə yetirilmişdi. Girdəni kəndi yaxınlığındakı Ləkər körpüsündə qanlı döyüşlər getmiş və 20-dən artıq adam da burada öldürülmüşdü. Lənkəranın "Mayak" adlanan hissəsində yüzlərlə adam qətlə yetirilmiş və itlər onların cəsədlərini torpaqdan çıxarıb parçalamışdı.

Şübhəsiz ki, erməni-rus zülmünə qarşı əhali ciddi müqavimət göstərirdi. Bölgədə qaçaq hərəkatı geniş yayılmışdı. Döyüş əməliyyatlarında qadınlar belə iştirak edirdilər. Məsələn, Lənkəranın Tikəvilə kəndindən Vəsmicahan Məmmədova və Veravul kəndindən olan Səkinə xanım özünümüdafiə dəstələri yaradaraq daşnaklara qarşı döyüşlərdə böyük şücaət göstərmişlər. Bununla belə, qüvvələr nisbəti bərabər deyildiinsanlar erməni vəhşiliklərinin qarşısını almaq üçün ən müxtəlif yollar axtarırdılar. Ağsaqqal ziyalı Mirhaşım Talışlı nəql edir ki, Ləkəran ağsaqqalları bir nəfər nümayəndələrini dənizdə paraxodda mövqe tutan Şivkunovun yanına göndərib, qırğını dayandırmağı istəyib və "düşməniniz kimdir, deyin, gətirək təhvil verək sizə" - deyib. Onlardan biri elçiyə "sizin camaatın hamısı bizim - ermənilərin düşmənidir. Bu torpaqlar ermənilərindir. Salamat qalmağınızı istəyirsinizsə, bu yerləri tərk edib başqa ölkələrə gedin"-deyə cavab verib. Bundan başqa, qırğınların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşmüşlər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söyləmişlər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etmişlər".

T.Şahbazovun əldə etdiyi faktlara görə, 1918-ci il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla da görüşmüş, ermənilərin və denikinçilərin qəzanı bərbad hala saldıqları, dinc əhaliyə divan tutduqları haqqında ona məlumat vermiş, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etmişdi. Alim bildirir ki, bütün bunların heç bir faydası olmamışdı: "Onu da qeyd edək ki, o illərdə "Baku", "Azərbaycan" və "Azerbaydcan" qəzetləri ilə yaxından əməkdaşlıq edən T.Bayraməlibəyov həmin qəzetlərə göndərdiyi müxbir məqalələrində də Lənkəran-Astara bölgəsində erməni-rus hərbi birləşmələrinin, o cümlədən "Sentr Kaspi Soyuz" adlanan qondarma hökumətin qanunsuz əməllərindən, dinc əhalinin başına gətirilən müsibətlərdən, törədilən qırğınlardan geniş bəhs edirdi və həmin məqalələr bölgədəki erməni vəhşilikləri haqqında məlumat verən ən mühüm mənbələrdən biri kimi çıxış edir. Silahlı erməni və rus dəstələri Lənkərandan başqa, qaçaqlara kömək etməkdə şübhəli hesab etdikləri Muğan kəndlərinə də fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən yandırılmışdı. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri belə müsəlmanların əlindən alınaraq ruslara verilmişdi. Digər bölgələrimiz kimi, Azərbaycanın cənub bölgələrini də ermənilərin törətdikləri qırğınlardan milli özünümüdafiə dəstələrinin köməyinə gəlmiş Türk Qafqaz İslam Ordusunun hissələri xilas etmişdi. Belə ki, 1918-ci il noyabrın 1-də Lənkəran Müsəlman Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, görkəmli maarifçi Teymurbəy Bayraməlibəyov Bakıda olan türk qoşunlarının ali baş komandanı Nuru paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstələrinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan xahiş etmişdi. Nuru paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adıçəkilən dəstənin bütün özbaşınalıqlarının qarşısı alınacaq: "Müsəlmanlara çatdırın ki, onlar çox gözləməyəcək". Beləliklə, Nuru paşanın göstərişi ilə 500 əsgərlə lənkəranlılara köməyə gələn türk sərkərdəsi Camal paşanın dəstəsi düşmənləri qaçmağa məcbur etmişdi. Lakin, təəssüf ki, Camal paşa sonradan Astaranın Kələdəhnə kəndinin erməni quldur dəstəsindən azad edilməsi uğrunda gedən döyüşlərdə öldürülür. Bəziləri Camal paşanın Astaranın Pensər kənd məscidinin həyətində, bəziləri isə cənazənin Türkiyəyə aparılaraq dəfn edildiyini söyləyirlər".

Alimin əldə etdiyi bütün faktlar və sənədlər sübut edir ki, 1918-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri qətliamlar əsl soyqırım idi və Azərbaycan xalqının genefondunun məhvinə, bu xalqın Yer üzündən birdəfəlik silinməsinə hesablanmışdı. Alim "Təsadüfi deyil ki, martın 31-i Azərbaycan Xalq Cumhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə Milli Matəm Günü kimi qeyd olunmuşdu. Sovet hakimiyyəti isə bu hadisəni tamamilə unutdurmağa çalışmışdı. Belə ki, sovet dövrü tarixçiləri tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırım siyasəti kimi deyil, vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əks-inqilab üzərində böyük qələbəsi kimi təqdim etmişlər. Lakin kommunizm ideoloqlarının bütün cidd-cəhdlərinə baxmayaraq, xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər"- deyə qeyd edir.

Alimin bildirdiyinə görə, bütün bunların fonunda isə bu gün ermənilərin bütün dünyaya car çəkərək 1915-ci il hadisələrini soyqırım kimi təqdim etməyə çalışması çox gülünc görünür: "Bu baxımdan Rusiyanın Türkiyədəki baş konsulu Mayevskinin ermənilərlə bağlı fikirləri çox yerinə düşür. O öz xatirələrində yazır: "...Mən belə bir əqidəyə gəlmişəm ki, türklər vəhşiliyə əsla qadirqabil deyillər və buna daha çox Şərq xristianları (ermənilər nəzərdə tutulur) qadirdirlər. Onlar bu vəhşilikləri uydurmaqla törədir və sonradan bunu türklərin boynuna atırlar".

Qubada 1918-ci il soyqırımına aid kütləvi məzarlığın aşkar edilməsini qeyd edən alim bildirir ki, bu hadisə erməni daşnaklarının görünməmiş vəhşiliklərinin əyani sübutudur": Belə kütləvi məzarlıqların ölkəmizin digər regionlarında, o cümlədən cənub bölgəsində olduğu isə heç bir şübhə doğurmur və ermənilərin törətdiyi soyqırımların miqyasının bütün Azərbaycanı əhatə etdiyini sübut edir. Yuxarıda sadalanan faktlarşahid ifadələri də bunu deməyə tam əsas verir".

Hesab edirik ki, Tahir Şahbazovun fikir və qeydləri ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar haqda yeni bir mənzərə açdı. Erməni vandalizminin müxtəlif bölgələrimizdə qalan izləri bundan sonra da açılacaq. Çünki ola bilsin ki, hələ açılmayan sirlər çoxdur... Azərbaycan dövlətinin ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarının dünyada tanıdılması, erməni vəhşiliyinin unudulmaması üçün gördüyü işlər, həyata keçirdiyi tədbirlər çoxdur. Bu da öz nəticəsini verməkdədir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 7 aprel.- S. 15.