İrəvan xalçaları, qərbi azərbaycanlıların yaratdığı xalq sənəti nümunələri milli sərvətimizdir

 

Hər ilməsində böyük məna, dərin mətləb gizlənir xalçalarımızın. Onlara tamaşa edəndə gah güldürür səni, gah da ağladır. Bu xalçalar həm də insanı düşündürür. Çünki onu toxuyan analar, nənələr arğacla hər ilməsinə öz ovqatını köçürüb. Xalçaların ərişi bizim gözəllərin saçlarına bənzəyir. O saçların tellərində min hikmətli xalçalar toxunub. İrəvan gözəlləri bir vaxtlar xalçalar toxuyandı.

O xalçaların hər çeşnisi bir bayatı, şipşirin bir nəğmə idi. Azərbaycan xalçaçılıq məktəbləri arasında İrəvan xalçaçılığının özəl yeri var.

İrəvan xalçalarının gözəlliyi, əzəməti, daşıdığı dərin missiya çox dəyərlidir. Xalqımızın sənət inciləri olan xalçalarla aramızda körpü yaradan sənətşünaslar, alimlər az deyil. İrəvan xalçalarını bizə tanıtmaqda, onları təbliğ etməkdə fəal olan professor Vidadi Muradov bildirir ki, İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Onun bildirdiyinə görə, bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri-nekropollar, kurqanlar, qala, sarayistehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pirocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik mənsubiyyətindən xəbər verir: "İstər yer-yurdcoğrafi adlar, istərsə də müasir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olub, təbiətin bəxş etdiyi nemətlərdən səmərəli istifadə edib. Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranıb. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirib. Qərbi Azərbaycanın ərazisində olan abidə adlarının əksəriyyəti özünün orijinallığı, eyni zamanda, türk mənşəli semantikası ilə seçilir. Bu bölgənin sakinlərinin mifik görüşləri, onların yaratdıqları şifahi xalq ədəbiyyatı, o cümlədən nağıl qəhrəmanları özünü obrazlı şəkildə memarlıqda, xüsusən də xalçaçılıq sənətində büruzə verib. Nuhun gəmisi haqqında olan əfsanənin Gəmiqaya və Naxçıvanla bağlılığına diqqət yetirilsə, aydın olar ki, bu ərazilərin, demək olar ki, hər vilayətində, hər kəndində həmin rəvayətlə əlaqədar olan toponim və etnotoponimlər var. Ağrı dağı və Ağrı dağın vadisi Vad bütünün adından götürülmüş Vedi, Gögər, Erbi, Zəngi, Gərni, Qamər, Artaş, Saklarla bağlı bu kimi yer adları qədim türk tayfalarının adlarındandır. "Kitabi-Dədə Qorqud" dastanındakı əksər yertayfa adlarının izləri Qərbi Azərbaycandadır. İrəvan folklorunda zaman Nuh əyyamından başlayır. Bu bölgənin folklor nümunələrində adına ən çox rast gəlinən məkan Ağrı dağıdır. İrəvan miflərində sakral element kimi ilk məkan Ağrı dağı, ilk zaman isə Nuh əyyamıdır. İrəvan folklorunda xalqın dağla bağlı mifoloji görüşləri ilə birləşmiş Ağrı dağı obrazı bu bölgədə yaşayanların təsəvvüründəki dünya modelinin sakral mərkəzi kimi semantik yozuma malikdir. Bu ərazidə yaşayan xalqın dəyərlər sistemində torpaq, dağ bir simvola çevrilərək, təkcə yaşayış məskəni kimi deyil, eyni zamanda, dünyaya çıxış obrazı kimi folklorda təcəssümünü tapıb. Qədim türklərin epik nümunələrində Ərgənəkon, Altay, Altuntuğ, Altunqan və müqəddəs sayılan digər dağ adları kimi Ağrı dağı və Ələyəz/Alagöz dağı da obraz kimi öz ifadəsini tapıb. Bu bölgədə yaranan mif, əfsanə və nağıllarda dağ əjdaha obrazı ilə assosiasiya olunur. Hunların, bulqarların mifik görüşlərində dağın ruhu əjdaha obrazı ilə təsvir edilir. Bölgənin dağlıq ərazidə yerləşməsi isə buranın həm də müdafiə, qorunma timsalı kimifolklorda özünə yer tutmasına zəmin yaradır. Yağı bu ellərə ayaq basanda insanların dağa xitabən söylədikləri ağız ədəbiyyatında əsas motivlərdən biri də xeyirlə şərin mübarizəsidir. Müqəddəs yerlərdən, gerçək tarixi şəxsiyyətlərdən bəhs edən rəvayətlər, dastanlar buradakı əhalinin ümumi türk inancından bəhrələndiyini, o cümlədən bu dünyagörüşün bölgə üçün hakim olduğunu göstərir".

Professor Muradov qeyd edir ki, İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şörəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi Azərbaycanın tərkib hissəsi olmaqla bərabər, digər mahallarla da sıx əlaqədə olub. Onun sözlərinə görə, böyük ticarət yollarının üzərində olan bu bölgəni Osmanlı dövləti ilə, Şimali və Cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlayıb: "Şəmşəddin, Qaraqoyunlu və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə, məişət baxımından, Gəncəbasarın yerli əhalisi ilə, demək olar ki, eyni olması tarixi faktdır. Tarixən Qarabağ xanlığının tərkib hissəsi olan Zəngəzur mahalı adətlərinə, məişətinə görə Qarabağ türkləri ilə eynilik təşkil edib. Bu ərazinin qərb hissəsi Anadolu türkləri ilə qaynayıb-qarışmış, onlarla sıx əlaqədə olub. İrəvan, Zəngibasar kimi ərazilərin Güney Azərbaycanın Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılığı, əlaqələri də bir faktdır. Bu istər şivələrdə, istərsə də sənətkarlıq nümunələrində, adətlərdə özünü qabarıq şəkildə göstərir. Zəngin mədəni irsi, folkloru, ədəbiyyatı və musiqisi ilə seçilən bu bölgə bütöv Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ayrı-ayrı bölgələrin keçdiyi tarix, mədəni irs, toponimlər də onun ümumi Azərbaycan tarixi və mədəniyyəti ilə birbaşa bağlılığını göstərir. Rəngarəng və zəngin təbiətə malik olan Qərbi Azərbaycan əsasən dağlıq və dağətəyi bölgə hesab olunur. Bol sulu çaylar, çəmənliklər bu ərazini xüsusilə heyvandarlıq üçün yararlı edib. Altı iqlim zolağı bu bölgəyə xüsusi rəng və çalar verir. Vedi və Qəmərli, Əştərək bölgələri zəngin bağları, üzümlükləri, Mehri ərazisi subtropik meyvələri ilə seçilirdisə, qalan ərazilər daha çox alp çəmənlikləri və dağ bitkiləri ilə məşhurdur. Əsasən palıd, vələs, çinar, armud, alma, gilas, qoz, zoğal və alça ağacları ilə zəngin olan meşə örtükləri ilə yanaşı, bu yurd yerinin çöllərində yovşan, rəngarəng bitkilər, qayalarında isə cürbəcür kollar bitirdi. Relyefin mürəkkəb və çoxcəhətli olması onun bitki aləmini də təkrarsız edirdi. Yüksək dağ və rəngarəng güllər, çiçəklərlə min bir rəngə çalan alp çəmənlikləri özlüyündə sanki böyük bir xalça timsalı idi. Bu amillər istər heyvandarlığın, xüsusilə də qoyunçuluğun inkişafını, istərsə də təbii boyaqların alınmasını şərtləndirirdi. Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalçaxalça məmulatları əsas yer tutur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıqlar, çullar və digər toxunma məmulatları da var idi. Zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş edib. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapıb. Mifoloji quşlar, heyvanlar, həmçinin dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və hislərinin müstəvisi kimi çıxış etdiyini söyləmək olar. İrəvan xanlığı və onun bölgələrinin Azərbaycan xanlıqları, eləcə də bir çox xarici ölkələrlə geniş ticari əlaqəsi olub. 1782-ci ildə İrəvanda olan rusiyalı Reyneks buranın pambıq parça, ipək, yazlıq buğda, şərabla bol olduğunu söyləyib. Burada həmçinin çəltik istehsalı, küncüt, kətan əkilib-becərilirdi. İ.Şopen İrəvanda olarkən xanlığın ərazisində gördüyü toxmaçarlıqların sayını ipəkçiliyin geniş yayılması ilə əlaqələndirir. İrəvan ərazisi meyvə və üzüm bağları, müxtəlif növ bağ-bostan bitkiləri, tərəvəz məhsulları ilə məşhur idi. Dövrün mənbələrində 1782-ci ilin martında bayazitli İsak paşanın xahişi ilə İrəvandan Bayazitə yeddi min dinar, iki abbası dəyərində qara qarpız, göy qarpız, mürsəqulu, xiyar, sürahi, reyhan, xına tozu, badımcan və s. toxumların göndərilməsi haqqında danışılır. Üçkilsə məbədinin məxaric dəftərində qeyd edilmiş toxum adlarının hamısı Azərbaycan türkcəsindədir. Dövrün mənbələrində bu toxumların adlarının Azərbaycan türkcəsində yazılması, bu torpaqda qədim dövrlərdən elə Azərbaycan türklərinin yaşadığını, onların oturaq təsərrüfatla, xüsusilə də əkinçilik və kənd təsərrüfatının digər sahələri ilə məşğul olduğunu, ermənilərin isə bu bölgəyə sonradan gəldiyini bir daha sübut edir".

V.Muradovun sözlərinə görə, Ağrı vadisində Azərbaycanın digər bölgələri üçün səciyyəvi olan yaylaq, qışlaq maldarlığı inkişaf edib. Onun qeyd etdiyinə görə, Qırxbulaq, Göyçə, Aparan, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın mahallarındakı otlaqlar heyvandarlıq üçün münbit şərait yaradırdı: "O dövrün mənbələrinin birində İrəvana Təbrizdən çoxlu karvanların gəlməsinə dair məlumat verilir. İrəvandan Tiflisə, Ərzuruma, Axalsıxa, Qarsa pambıq, Təbriz, Xoy, Bayazitə düyü, buğda, arpaduz aparılırdı. İrəvan bölgəsinin yolların kəsişməsində yerləşməsi çoxlu sayda körpülərin, karvansaraların, zərbxanaların və bazarların olmasına rəvac verirdi. Ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi. Bu yola Ərzurum yoluya Bəzirgan yolu da deyirdilər. İrəvandan Ərzuruma gedən digər karvan yolu AparanAlagöz dağının şimal ətəyindən keçib Qarsa, oradan da Həsənqalaya yetişir, sonda ana xəttə qovuşurdu. İrəvandan Tiflisə gedən karvan yolu Üçkilsə, Sərdarabad, Hamamlı, Calaloğlu və Şulaverdən də keçirdi. XVII əsrdə fransız səyyahı J.Şarden bu yolun uzunluğunun İrəvan-Ağstafa yolu qədər olduğunu yazırdı. J.Şarden bu yolun üstündə yerləşən yaşayış məntəqələrinin adını da qeyd edib. İrəvandan Ağstafaya gedən yolda Bjni, Keşikkənd, Dəlican, Qaradaş, Məlikkənd, Körpükənd yaşayış məntəqələri yerləşirdi. İrəvan bu yolla Gəncə ilə əlaqə saxlayır, Şamaxıda isə Azərbaycanın Rusiyaya gedən əsas ticari yoluna bağlanırdı. İrəvanın ərazisində olan mahallarda abidələr üzərində yazılar, qayaüstü təsvirlər, daşlara həkk olunmuş simvollar əhalinin həyat tərzindən, məişətindən xəbər verir. Azərbaycanın digər bölgələrindəki abidələrə kifayət qədər oxşar olan bu nümunələrdə türk-oğuz boylarının damğaları, bəzən isə adları dəqiqliklə təsvir edilib. Zəngəzur bölgəsində - Qarakilsədə eramızdan əvvəl II əsrə aid olan tikili qalıqları qoşundaş kimi tanınırdı ki, bu da qədim türklərin bir çox yaşayış məskənlərində rast gəlinən abidələrinə bənzəyirdi. Zəngəzurun Urud kəndindəki Babək qalası, kurqanlar, qədim körpü, qəbirüstü abidələr, qoç heykəlləri, Ağdu kəndindəki VII yüzilliyə aid olan türk ornamentləri ilə bəzədilmiş 9 metr hündürlüyündə olan qəbirüstü abidə, Qırmızıtəpəqala divarlarının qalıqları, Göyçə gölü sahilində Kolagirən qalasının xarabalıqlarında mixi yazılar, qarqarlara məxsus Gərni qalası və onun xüsusi xəttatlıqla işlənmiş naxışlar və ornamentləri, Üçkilsə ərazisində IV yüzilliyə aid tikililər abidə, mixi yazılarla zəngin olan Göy mələkləri məbədi, Qalınca, Anaqala, Qanlıca, Keçorus, Goş, Qıpçaq ocağı, Ərgəz piri və saysız-hesabsız digər abidələr bu yurd yerinin qədimliyindən xəbər verir.

İrəvan xanlığından da əvvəlki dövrlərdən başlayaraq burada dekorativ tətbiqi sənət sahələri arasında xalçaçılıq xüsusi yer tutub. Naxış kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınıb, erməni kolleksiyaçılarının sərvətinə çevrilib. Bu gün erməni xalçası kimi təqdim edilən bu incilər azərbaycanlı ilmə ustaları tərəfindən toxunub. Xalça, kilim, palaz, şəddə, eləcə də digər toxuculuq məmulatlarının meydana gəlməsi tarixən qoyunçuluqla məşğul olmayan ermənilər üçün xarakterik deyildi".

Alim bildirir ki, xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də tikmədir. İncəsənətin bu növünün də İrəvanda məşhur olduğunu qeyd edən V.Muradov bildirir ki, İrəvan xanlığına məxsus olan bədii tikmə nümunələrindən ikisi hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanır. Onun qeydlərinə görə, 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt edərkən qənimət kimi götürdükləri İrəvan xanlığının bayraqları bədii tikmə sənətinin nadir nümunələrindən hesab olunur: "Tarixi faktlar təsdiqləyir ki, vaxtilə İrəvanın düz mərkəzində yerləşən Şiləçi məhəlləsində boyaq bitkilərindən al-əlvan rənglər alınmış, basma naxışlı parçalar istehsal edilib. Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməyib. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuqdulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılıb. Toxuculuq, o cümlədən xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab toxuduğunu qeyd etmişlər. İ.Şopen hər ailədə toxuculuq dəzgahının olmasından xüsusi bəhs edib. Toxuculuqla bağlı olan digər sənət sahəsi boyaqçılıq idi. Bu bölgədə qırmız (koşenil) adlanan boyaq maddəsinin müxtəlif çalarlarından geniş istifadə olunurdu. Bu boyaq maddəsi haqqında xüsusi tədqiqat aparan Rusiya Elmlər Akademiyasının akademiki Qammel İrəvan qırmızını keyfiyyətinə görə Meksika qırmızı ilə müqayisə edib. Bölgə həm də gön-dəri məmulatlarının istehsalı, sabun bişirmə, yağ çəkmə və duz istehsalı ilə məşhur idi. Bölgənin tarixi kökləri, çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olub. Kitabda toplanan xalçalar əsasən XIX-XX əsrləri əhatə edir.

1948-53-cü illər deportasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb. Boşalan kəndlərdə təbii olaraq xalça ənənəsi də itib-batıb. Qərbi Azərbaycan ərazisində toxunan xalçaların tədqiqi üçün tarixi mahallar üzrə təhlil xüsusi əhəmiyyət kəsb edir".

Hesab edirik ki, İrəvan xalçalarının, bütövlükdə toxuculuq, tikmə sənətinə aid olan nümunələrin təbliğinə, daha çox tanıdılmasına böyük ehtiyac var. Xalqımızın qədim maddi-mədəniyyət nümunələrinin diri qaldığı Qərbi Azərbaycan ərazisinin tarixi, mədəniyyəti, durumu yenidən, daha ətraflı öyrənilməlidir. Hazırda erməni işğalında olan yurd yerimizdir Qərbi Azərbaycan...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 21 aprel.- S. 15.