Quba xalçaçılıq mədəniyyəti...

 

Azərbaycan xalçaçılıq palitrasında özünəməxsus rəngi, çeşnisi, üslubu, şəkli, ornamentləri ilə seçilən Quba xalçaçılıq məktəbi özündə çox böyük xalçaçılıq qruplarını birləşdirir. Quba xalçaçılıq məktəbindən, mühitindən danışarkən burada ancaq Qubanın və onun kəndlərinin adlarını çəkməklə kifayətlənə bilmərik. Çünki çoxçeşidli milli-dini özəlliyə malik olan Quba mühiti ətraflı şəkildə təqdim edilməlidir.

Quba xalçaçılıq məktəbinin təfsirini verən sənətşünaslar, xalça biliciləri qeyd edir ki, Quba xalçaçılıq məktəbi deyəndə bura Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Xalçaşünaslıq tarixini öyrənib təbliğ edən alimlər, sənətşünaslar yazır ki, Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə-Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlifliyi ilə fərqlənir. Onların ornamentlərinin böyük əksəriyyəti üslublaşdırılmış coğrafibitki motivləri ilə xarakterizə olunur.

Sənətşünaslar yazır ki, onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanın bütün bəzəkləri ciddi vahid mənaya tabedir.

Sənətşünasların qeydlərinə görə, Quba-Xaçmaz regionu həmçinin dünyada tanınan məşhur Quba xalçaçılıq məktəbinin mərkəzidir. Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim-Minarə xalçası", "Qımıl xalçası", "Alpan xalçası", "Qollu-çiçi xalçası", "Pirəbədil xalçası", "Hacıqayıb xalçası", "Qırız xalçası", "Cek xalçası" və sairədir.

Quba-bu kompozisiyada əsasən orta hissə şaquli istiqamətdə əsas üçbucaq üzrə ardıcıl yerləşən medalyon naxışlar və kətəbədən ibarətdir. Onların ətrafını dağınıq şəkildə çoxlu müxtəlif formalı böyükbalaca elementlər təşkil edir. Bu elementlərə müxtəlif kompozisiyaya malik nəinki Quba, həmçinin Şirvan, Bakı, hətta Qazax xalçalarında da rast gəlmək olar. Belə kompozisiyanın orta hissəsi "açıq yerli" hesab olunur, yəni bağlı olmayan fon. Quba xalçalarının haşiyə formalı naxışları müxtəlif zolaqlardan-orta haşiyə, kiçik haşiyə və mədaxildən ibarətdir. Bu haşiyənin əsas bəzəyini təşkil edən elementi xalçaçılar "tonqal" adlandırır ki, bu da ocaq deməkdir. Belə fərz etmək olar ki, bu ad bir zamanlar mövcud olan atəşpərəstlik etiqadı ilə bağlıdır. Quba xalçalarının orta hissəsinin fonu əksər hallarda tünd göyyaxud tünd mavi rəngdə olur.

Köhnə Quba-bu xalça kompozisiyasının əsasını qırmızı fona malik orta hissədə şaquli şəkildə yerləşən üç böyük səkkizguşəli medalyon təşkil edir. Bu medalyonların rəngi, forması və ölçüsü eynidir. O həm də ümumi haşiyələrdən birini təşkil edir. Medalyonların ortasında çox da böyük olmayan naxışlarla (mədaxil və koşacaq) haşiyələnmiş səkkizguşə yerləşir. Orta hissə səkkiz xətdən ibarət olan ümumi haşiyə ilə əhatə olunub.

Alpan-bu xalçalar adını Susayçay çayının yaxınlığında yerləşən Alpan kəndindən götürüb. Bu xalçanın kompozisiyası SusaySabat kəndlərində yayılıb, XIX əsrin ikinci yarısından başlayaraq isə o həmçinin Qusar rayonunun xalçaçılıq məntəqələrində geniş yayılmağa başlayır. Mütəxəssislər bu xalçanı "Quba", "Dağıstan" da adlandırır. Bu naxışların böyük hissəsi üslublaşdırılaraq həndəsi və bitki motivləri ilə səciyyələnir. Quba xalçalarında medalyonların formaları digər bölgələrin xalçalarına nisbətən daha mürəkkəbdir. Bu xalça kompozisiyasının əsasını medalyon naxışlar və onun ətrafında dioqanal xətt üzrə "xərçəng" elementi təşkil edir. Alpan kəndinin xalça ustaları orta ölçülü oymaları "çarhovuz", yəni hovuz, onun üzərində yerləşən kiçik elementləri isə "ördək" adlandırır. Orta hissənin boş yerlərində isə müxtəlif formaya malik, üslublaşdırılmış həndəsi və bitki elementləri yerləşdirilir. Xalçalar əsasən tünd yaşıl, sarı rəngdə toxunur. Yüksək növ sıxlığı və naxışların nəfisliyi ilə seçilir.

"Xırdagülçiçi"-bu xalça Qubanın xalçatoxuma məntəqələrində istehsal olunur. Xalçanın orta sahəsi xırda elementlərdən təşkil olunduğu üçün bu xalçanın adını yerli xalçaçılar "Xırdagülçiçi" qoyublar (xırdagül tərcümədə xırda çiçəklər adlanır). Orta sahənin ümumi kompozisiyasını şaquliüfiqi üçlük boyunca qısa məsafədə yerləşən rapportlar təşkil edir. Bu rapportlar özündə bir neçə doldurucu, əlaqələndirici və köməkçi elementləri birləşdirir. Xalq arasında "Başmaq" adlanan, həqiqətdə isə üslublaşdırılmış yarpaq elementi kompozisiyanın əsas elementini təşkil edir. Qalan elementlər isə hər biri özlüyündə rapportun başlanğıc və ya mərkəzi funksiyasını yerinə yetirir. Xalça bir orta haşiyə, iki haşiyə və caqadan ibarət haşiyə ilə köbələnib.

"Alçagülçiçi"-bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Xalça ustaları bu xalçanı "Alçagülçiçi" adlandırıb. Sənətşünaslar və mütəxəssislər arasında bu xalça "Çiçi" kimi tanınır. Naburda, Şamaxıda, Alçimanda, Şirvanda toxunan xalçalar yerli texnologiya və rəssamlığın təsirinə məruz qalaraq "Şirvan-çiçi" adlanır. "Alçagülçiçi" xalçasının kompozisiyasının orta hissəsi ancaq "Alçagülçiçi" elementləri ilə doldurulub. Xalçanın uzunueni boyu təkrarlanan bu elementlər sıra əmələ gətirir. Haşiyə zolağı müxtəlif enlilikdə olan cərgələrdən, həmçinin "caga", "mədaxil", "zəncirə"dən ibarətdir.

Sənətşünaslar qeyd edir ki, həndəsi və bitki motivləri ilə səciyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı və zərifliyi ilə seçilir. Rəsmin platik çevikliyi, forma və rəngin emosional inikası vasitəsilə bəzədilən xalçalarda həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmonik zərurətə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya və dəqiq tamamlanmış kompozisiya quruluşu ilə daha qabarıq özünü büruzə verir.

"Sırt-çiçi"-bu xalça Dərəçiçi kəndinə məxsusdur. Xalça ustadları və mütəxəssisləri arasında bu xalça həm də "Çiçi" adı ilə məşhurdur. Nabur, Şamaxı, Alçiman, Şirvan kimi məntəqələrdə istehsal olunan xalçalar yerli dəyişikliklərə məruz qalaraq "Şirvan-çiçi" adı ilə tanınmağa başlayıb.

Orta sahə kompozisiyası əsasən "Sırt-çiçi" elementlərilə doldurulub. Xalçanın eniuzunu boyu təkrarlanan bu elementlər cərgələr əmələ gətirir. Köbə xətti "caga", "mədaxil", "zəncirə" kimi müxtəlif enə malik zolaqlardan ibarətir.

"Qollu çiçi"-bu xalçalar Azərbaycanın şimal-şərqindəki xalçaçılıq məntəqələrində geniş yayılıb. Təqribən XVIII əsrin dördüncü rübündə Azərbaycan incəsənətinə daxil olan xalçanın kompozisiyası tək öz tərtibatı ilə deyil, həm də bəzək elementlərinin orijinallığı ilə seçilir. 200 il ərzində bu kompozisiya müxtəlif adformalarda mövcud olub. Buna sübut olaraq onu göstərmək olar ki, "Qolluçiçi" xalçası XIX əsrdə Qarabağda "Maşin" adı ilə geniş yayılıb. Orta hissəsinin kompozisiyası bir-birinin üstündə çarpazlaşmış bir neçə medalyondan ibarətdir. Onların tərtibat prinsipi diaqonal istiqamətli dörd böyük qolun çarpazlaşmasıdır. Bu adlar "Xətai" kompozisiyasının əsasını təşkil edən "qol" (böyük budaqlar) təsviri ilə bağlıdır, belə ki, yuxarıda adları çəkilən xalçalar bu kompozisiyaya aiddir.

Quba xalçalarından danışarkən bir məqamı xatırladaq ki, 1856-cı ilə aid edilən Qubada toxunan "Bico" xalçası ABŞ-ın Nyu-York ştatında, Bruklin muzeyi-İslam Dünyası İncəsənət Kolleksiyasında saxlanır.

Bico xalçaları-bu xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Bico xalçaları Şirvan bölgəsində yerləşən, Azərbaycanın ən məşhur xalçatoxuma məntəqələrindən olan Bico kəndinin (indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxildir) adı ilə bağlıdır. Qərb mütəxəssisləri Quba-Bico xalçalarının Şirvan xalçaçılıq məktəbinə daxil olan qədim Bico xalçalarının çeşniləri üzərində toxunmasını qeyd edir. Bir çox hallarda "Qubada toxunan Bico xalçası" kimi də tanıdılır. 18-19-cu əsrlərdə toxunmuş və "Quba-Bico" adlandırılan xalçalar indi dünyanın bir çox muzeylərində saxlanır. Ehtimal olunur ki, bədii ornament və incəsənət baxımından təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalçalar sayılan Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı, Quba xalçaçılıq məntəqələrinə də təsirsiz ötüşməyib. 18-19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanır.

Qımıl-bu xalça XIV-XV əsrdə Qəbələdə yaranıb, XVIII əsrdən başlayaraq isə o, QubadaQuba rayonunun bəzi xalçaçılıq məntəqələrində yayılmağa başlayıb. Bunun nəticəsində bu xalça Qımıl kəndindən uzaqlaşaraq, başqa xalçaçılıq məntəqələrində tərtib olunaraq, tədricən öz mədəni məziyyətlərini itirməyə və təhriflərə məruz qalmağa başladı. Orta hissənin mərkəzində uzunsov çoxguşəli medalyon yerləşir. Əvvəllər "xonça" adlandırılan bu medalyon XIX əsrin II yarısında xalçaçılar arasında "podnos" adı kimi geniş yayılıb. Yuxarıda göstərilən medalyonun yuxarı və aşağı tərəfindən kompozisiyaya məxsus dörd böyük çoxguşəli elementlər yerləşir. Xalçaçılar bu elementi "şam" adlandırır (şam, fənər). Qımıl xalçasının orta hissəsi bir sıra məişət və bəzək əşyalarının üslublaşdırılmış təsvirindən ibarətdir.

Qaraqaşlı-Quba qrupuna daxil olan məşhur Qaraqaşlı xalçası Dəvəçi rayonunun Hacı-Qaraqaşlı, Çay-Qaraqaşlı, Susanlı-Qaraqaşlı kəndlərində istehsal olunur. Bu adla da tanınır. Orta sahədə şaquli üçbucaq boyu kiçik medalyonlar yerləşib. Ustad mütəxəssislər və xalça ustaları bu medalyonların "musiqi alətləri"nin təsviri olduğunu hesab edir. Medalyonlar arasında müxtəlif növlü elementlərə rast gəlmək olar. Xalq arasında onları "quşbaşı" adlandırırlar. Qaraqaşlı xalçanın orta sahəsi adətən tünd göyya tünd qırmızı rəngdə olur. Nadir hallarda tünd mavi ya fona malik xalçalara rast gəlmək olar. Həndəsi bitki motivləri ilə səciyyələnən ornamentlərin böyük əksəriyyəti üslublaşdırılıb, əla növ sıxlığı zərifliyi ilə seçilir.

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 23 aprel.- S. 15.