Xurşudbanu Natəvan irsi və dövlət qayğısı...

 

Azərbaycan xalqının görkəmli qadınlarının tarixdə qoyduğu izlər minillər boyu silinmir. Nə qədər hadisələr, dünyada min-bir qarışıqlıq baş versə də, çox həqiqətlər inkar edilsə də, yaşamaq haqqı olan şəxsiyyətlər xalq və dövlət, mədəniyyət, ədəbiyyat var olduqca yaşayır.

Məlum olduğu kimi, Azərbaycan tarixində qadınlar arasında görkəmli şairələr, ictimai-siyasi xadimlər, dövlət adamları az olmayıb. Həmin şəxsiyyətlərin irsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı bəslənib. Bilirik ki, zaman-zaman o qadınların yubileyləri keçirilib, kitabları çap olunub, irsi tədqiqata cəlb edilib. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin bu şəxsiyyətlərə xüsusi münasibəti heç kəsə sirr deyil. Klassik ədəbiyyatın bilicisi və himayədarı olan Heydər Əliyev milli ədəbiyyatımızın, dövlətçiliyimizin inkişafında əməyi olan qadınları hər zaman qiymətləndirib, onların xatirəsinin əbədiləşdirilməsini, adının uca tutulmasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də onun yolunu davam etdirərək tariximiz üçün əhəmiyyətli olan şəxsiyyətlərin ruhuna ehtiramını göstərib. Xurşudbanu Natəvan şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib.

Bildiyimiz kimi, 2012-ci ildə Xan qızı Xurşudbanu Natəvanın 180 yaşı tamam olub. Prezident İlham Əliyev 3 aprel 2012-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayan Xurşudbanu Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncamda böyük şairənin, ictimai-siyasi xadimin 180 illik yubileyinin qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, yubileyinin təşkil edilməsinə dair tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncamına əsasən silsilə tədbirlər həyata keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə onun yubileyi təntənə ilə qeyd edilib.

Onu da bildirək ki, 2012-ci il sentyabrın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli Azərbaycan şairəsi, "Xan qızı" adı ilə tanınan, dövrünün qabaqcıl ziyalısı, maarifpərvər şəxsiyyət Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr olunan geniş tədbir keçirilib.

Görkəmli şairənin ruhuna, irsinə dövlət başçısının göstərdiyi böyük ehtiram onun Azərbaycan ədəbiyyatına verdiyi töhfə sayılır. Bu həm də Azərbaycan dövlətçiliyinin formalaşmasında xüsusi rolu olan Qarabağ xanlığına verilən böyük dəyərdir.

Bakının ən gözəl yerlərindən birində xan qızına abidə ucaldılıb, adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub var. Onu da qeyd edək ki, Natəvanın Bakıdakı heykəli ilə yanaşı, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi olub, lakin ermənilərin təcavüzü nəticəsində Şuşa işğal olunub və Natəvanın büstü güllələnib. Həmin güllələnən büst Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində saxlanır. Xatirəsi hər zaman əziz tutulan Natəvan həm də yüzlərlə qızın adına köçüb yaşayır.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında qadın şairələr arasında xüsusi yeri olan Natəvan XIX əsr Azərbaycanın görkəmli şairəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir.

Bildirək ki, Xurşudbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Bir neçə gün əvvəl şairənin 183 yaşı tamam olub. Onu da bildirək ki, Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını verib. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.

Tədqiqatçılar yazır ki, balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olub. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşudbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. XIX əsrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərinin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlayıb. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılığı, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirib.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xaricidaxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy edirXurşudbanunu Dağıstana - öz doğma kəndinə, oradan da Tiflisə aparıb. Natəvanşünaslar yazır ki, həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğuçox vaxt tək qaldığı üçün sıxılıb, qəriblik çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulub, özümilli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşudbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb. 1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızının adını isə Xanbikə qoyurlar. Xurşudbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri şairənin soyköküdür. Yəni Natəvanda iki böyük nəslin-Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra şair gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır ki, Ziyadi QarabağiMüsahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılır. Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.

Natəvanın nəvəsi Xasay Usmiyevonun əcnəbi həyat yoldaşı, Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək qəzəllər və rübailər yazıb. Onun bir neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunub. Bu kitabda göstərilir ki, Xanbikə xanım "Məclisi-üns"ün üzvlərindən biri olub. Xurşudbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxan Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olub. Şairə ömrü boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib. Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb. Xurşudbanu Natəvan 1897-ci il 1 oktyabrda vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub. Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanır.

Natəvanın soyağacı, əsli-kökü haqqında məlumatları əksəriyyətimiz bilirik. Məlum olduğu kimi, Natəvan Pənahəli xanın nəticəsi, İbrahimxəlil xanın nəvəsidir. Ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir: anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.

Kumık Xasay xanın həyat yoldaşıdır. Mehdiqulu xan Vəfanın və Xanbikə xanımın, Mir Həsən Ağa Mirin anasıdır, Bəhram xan Naxçıvanskinin, Əkbər xan Naxçıvanskinin, Xaqan xan Naxçıvanskinin, Kamran xan Naxçıvanskinin, Ənvər xanım Naxçıvanskayanın, Sənubər xanım Naxçıvanskayanın nənəsidir.

Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan, Leyla xanım Usmiyeva adlı nəticələri olub.

Xurşudbanu Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə "Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşudbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür: aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilən şeirlər, müasirlərinə yazdığı mənzunmənlər, hüznlü şeirlər. XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirib: Xurşudbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühitiolub. Bəylər Məmmədov "Xurşudbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır". Tədqiqatçıların yazdığına görə, müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanır. Hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar İnstitutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməyib. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairənin qəzəllərini "Segah" üstündə oxuyub. Ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub ilham alırlar. Natəvan poeziyası professional Azərbaycan bəstəkarlarının əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Bəstəkar "Xan qızı Natəvan" operasını da yazıb, OperaBalet Teatrının səhnəsində oynanılır. Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olub. Yaradıcılıqla bərabər xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar. Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Tədqiqatçı Bəylər Məmmədov "Xurşudbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisin təşkil edilməsinin zərurətini dərk edirdilər. Lakin məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul edib və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini xan qızı öz üzərinə götürüb. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərinin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə "Məclisi-fəramuşan" adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi. Məhz bu zaman Xurşudbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürüb. Bəlli olduğu kimi, Natəvan həm də istedadlı rəssam olub. Onun "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur. Tədqiqatçılar qeyd edir ki, Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olunub.

Tarixdən bəllidir ki, 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşudbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onların arasında dostluq yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim edib. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapıb.

Natəvan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dövlətçiliyinin, ictimai-siyasi həyatının olduqca parlaq nümayəndəsi kimi yaddaşımızda yaşayır.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 21 avqust.- S.15.