Azərbaycan Böyük İpək Yolu üzərində iqtisadi zonaların təşəbbüskarlarından biri oldu

"Ölkəmizin qazancı çox olacaq"

 

Prezident İlham Əliyevin Çinə səfəri başa çatdı. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, sazişlər imzalanıb. İlham Əliyev bu ölkənin Dövlət Şurasının baş naziri Li Keçyan ilə görüşüb. Prezident Çin Xalq Respublikasının sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyərək, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.

Çinlə iqtisadi əlaqələrin fonunda İpək Yolu üzrə iqtisadi zolağın yaradılmasına ekspertlər necə yanaşır?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərovun açıqlamasından belə məlum olur ki, prinsipcə, bu çox cəlbedici ideyadır: "Səfər zamanı iki ölkə arasında olduqca vacib sahələrdə əməkdaşlığa dair 10 sənəd imzalanıb. Çin hər mənada çox böyük dövlətdir, dünyanın ikinci iqtisadi nəhəngidir. Belə bir ölkə ilə qarşılıqlı iqtisadi əlaqələr hər iki tərəfə böyük xeyir verə bilsə də, Azərbaycanın qazancı daha çox ola bilər. Çinin də Azərbaycandan qazana biləcəyi şeylər var. Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan ölkəmizdə infrastruktur, istehsal, energetika, dəmir yolueyni zamanda, texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqları bəyan edilib. Lakin ən mühüm məsələ, şübhəsiz ki, ÇXR sədri Si Cinpin tərəfindən irəli sürülən qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün gerçəkləşdirilməsidir. Azərbaycan bu yolun üzərində yerləşir. Dövlətimiz ölkədə nəqliyyat infrastrukturunun inkişafı üzrə son illər ərzində gördüyü işlər nəticəsində elə istiqamət götürüb ki, hər bir detal yüksək standartlar əsasında təmin edilibbu sürətlə davam etdirilməkdədir. Belə ki, Çin mallarının bu gün də Azərbaycandan Türkiyəyə, oradan da Avropaya çıxarılması üçün əlverişli coğrafi mövqeyə malik olmağımızla yanaşı, həm də yüksək infrastruktur imkanlara sahibik. Bu, Çin üçün bəlkə də böyük əhəmiyyət kəsb edən məsələdir. Azərbaycanın Çin üçün cəlbedici ölkə olduğunu real olaraq sübut etmək üçün indiyədək çox işlər görülüb. Bu da Pekinin nəzərindən heç də kənarda qalmayıb".

Vidadi ORDAHALLI

Bakı xəbər.- 2015.-12-14 dekabr.- S.12