Dövlətimizin mədəniyyəti himayə siyasətini incəsənət adamları təqdir edir

 

Azərbaycan dövlətinin mədəniyyət adamlarına qayğısı haqqında silsilə yazılar yazırıq, sənət adamlarının və sənətşünasların, alimlərin, mədəniyyət xadimlərinin fikrini oxuculara çatdırırıq. Bilirik ki, Azərbaycan mədəniyyəti dövlətin qanadları altında və himayəsində inkişaf edir. Dövlətin mədəniyyətə qayğı göstərməsinin nəticəsi ancaq müsbətdir. O mənada ki mədəniyyətimiz yad yollara, cığırlara yönəlmir və başqa dövlətlərin məqsədli şəkildə mədəniyyətlərə yeridilən maliyyə "köməkliyi"ndən kənarda qalır.

Bu həm də mədəniyyətimizin çirkli pullarla idarə olunmasının qarşısını alır. Dövlət bütün neqativlərə qarşıdır və mədəniyyətimizin ənənələr üzərində və sağlam yeniliklər müstəvisində inkişafının tərəfdarıdır.

Sənət adamları dövlətin bu qayğısını hər zaman hiss edir. Bu qayğı, diqqət olmasaydı, mədəniyyət-sənət aləmində ciddi çətinliklər mövcud olardı. Sənət adamları bildirir ki, onlara göstərilən qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub.

Əməkdar artist, tanınmış xanəndə, çox dəyərli ifaçı Simnarə İmanova dövlətin muğam ifaçılarına göstərdiyi diqqəti yüksək qiymətləndirir. Xanım sənətçi bildirir ki, bu qayğının banisi ümummilli liderdir: "O, mədəniyyət və incəsənət xadimlərinə daim xüsusi diqqət yetirərdi. Onun sənət inciləri yaradan insanlara da qayğısı sonsuz idi. Bu, ulu öndərin sənətə və sənətkara verdiyi qiymətlə yanaşı, onun böyüklüyünün göstəricisi idi. Ulu öndər mədəniyyətin sabahını da düşünür, həm gənc istedadların üzə çıxarılmasına diqqətlə yanaşır, həm də onların yetişməsi, püxtələşməsi üçün hər cür şərait yaradırdı. Hər hansı bir tədbir keçiriləndən sonra səhnə arxasına keçib incəsənət xadimləri ilə görüşər, dinləyər, onların sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verər, sərəncamlar imzalayardı. Heç yadımdan çıxmaz, 1997-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş konsert təşkil olunmuşdu. Ulu öndər Heydər Əliyevin də iştirak etdiyi həmin tədbirdə "Şahnaz" təsnifini ifa etdim. İlk dəfə idi ki, böyük səhnədə, Prezident önündə, canlı olaraq televiziya ilə yayımlanan konsertdə çıxış edirdim. Konsertdən sonra Heydər Əliyev səhnəyə gəlib hamı ilə bir-bir əl verib görüşdü. Mənə çatanda ifamı yüksək qiymətləndirdi, bağrına basaraq alnımdan öpdü və "Sən bilirsənmi ki, məni ağlatdın. Sən indiyə kimi hardaydın?" dedi. Həyatımın ən yaddaqalanxoş anlarını yaşadım o gün. Bu mənim böyük səhnəyə ilk uğurlu gəlişim oldu. Ulu öndərin yaradıcılığıma verdiyi yüksək qiymət, göstərdiyi etimad sənət uğurlarının təməlini qoydu. Elə həmin il Özbəkistanda keçirilən "Şərq təranələri" beynəlxalq muğam festivalında 46 ölkənin təmsilçisi arasında ən yüksək "Qran pri" mükafatını aldım. 1998-ci ildə, 19 yaşımda ikən ulu öndər Heydər Əliyevin sərəncamı ilə respublikanın əməkdar artisti fəxri adına layiq görüldüm.

Ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə daim dövlət qayğısı göstərilməsi ilə bağlı əsasını qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev layiqincə yaşadır. Cənab İlham Əliyev son illərdə mədəniyyət və incəsənət xadimlərinə təyin edilmiş Prezident təqaüdlərinin miqdarını artırıb, neçə-neçə sənətçiyə fəxri adlar verib, mədəniyyət işçilərinin əmək haqlarının artırılması barədə sərəncamlar imzalayıb. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirərək onun mədəniyyətimizin və incəsənətimizin inkişafına və bu sahənin adamlarına qayğı missiyasını əzmkarlıqla həyata keçirməkdədir. Həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə qayğısı bizi daha da həvəsləndirir. Prezident İlham Əliyevin incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi, mədəniyyət xadimlərinə fəxri adların verilməsi və gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı imzaladığı sərəncamlar mədəniyyət və incəsənət xadimlərinin daim dövlətin diqqətində olduqlarını bir daha təsdiqlədi.

"İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamla mən də Prezident mükafatına layiq görüldüm. Əməyimə və səhnə fəaliyyətimə verilən qiymətə görə dövlətimizin başçısına minnətdaram. Bu mükafat məni yeni-yeni yaradıcılıq zirvələrini fəth etməyə ruhlandırır".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da dövlətin mədəniyyət xadimlərinə qayğısını yüksək dəyərləndirib. Onun fikrincə, Heydər Əliyevdən miras qalan qayğı ənənəsi artıq dövlətin mədəniyyət xadimləri ilə bağlı bir siyasətinə çevrilib: "Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək olsun. 11-12-ci əsrlərdə Azərbaycan mədəniyyətində böyük bir inkişaf baş verdi. O dövrün dövlət xadimləri mədəniyyətin inkişafına nə qədər böyük diqqət göstəriblərsə, Heydər Əliyevin də bu sahədəki fəaliyyətini elə həmin dövrlə və ya Səfəvilər dövründə Şah İsmayıl Xətainin gördüyü işlərlə müqayisə etmək olar. Yəni Heydər Əliyevin fəaliyyəti bu səviyyələrdə müqayisə edilə bilər. Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda mədəniyyət hadisələri var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Burada bir sıra prinsipləri qeyd etmək olar. Amma bütün bunlar da Heydər Əliyevin fəaliyyətinin ümumi miqyasını əhatə etmir".

N.Cəfərov vurğulayıb ki, hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir: "Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər və s. keçirilir. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir. Misal üçün, Dədə Qorqud eposunun yubileyinin keçirilməsini deyə bilərik. Əsrlər boyu bu nəhənglikdə əsər ya unudulub, ya da ortaya çıxandan sonra dövlət tərəfindən qadağan olunub. Amma Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı. Nizami, Füzuli, Vaqif kimi söz ustadlarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxtəlif sahələrinə aid abidələrin xalqa tanıtdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin əsasını təşkil edir".

N.Cəfərovun sözlərinə görə, Azərbaycan mədəniyyətinin müasir şəraitdə həm inkişafı, dünyada tanıdılması həm də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması idi: "Yəni bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması da çox mühüm məsələdir. Çünki müasir dövr tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini diqtə edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşa bilməsi üçün prinsiplərin işlənib həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinə məxsusdur".

Əməkdar mədəniyyət işçisi, tanınan rəssam Elçin Orucov da dövlətin mədəniyyət xadimlərinə diqqət və qayğısını qeyd edir. Onun bildirdiyinə görə, son illər Azərbaycanda, başqa sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də islahatlar davam etməkdədir: "Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev mədəni həyatımızın zənginləşməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində çox əhəmiyyətli tədbirlərin reallaşmasını təmin edib. Mədəniyyət və incəsənət xadimlərinə qayğının artması, bu sahədə çalışan sənətçilərin sosial vəziyyətinin ildən-ilə yaxşılaşdırılması dövlətin mədəniyyət siyasətinin prioritetlərindəndir. Müstəqillik illərində, xüsusilə 2003-cü ildən sonrakı dövrdə həyata keçirilən tədbirlər mədəni həyatımızda böyük dönüş dövrü oldu. Qarşımda "Prezident İlham Əliyev və mədəniyyət" adlı ikicildlik bir kitab var. Bu kitabı vərəqlədikcə ölkə Prezidentinin mədəniyyətimizə necə böyük həssaslıqla yanaşması, Prezidentin bu sahədəki fərman və sərəncamları, çıxışları hər bir azərbaycanlı kimi mənim də qəlbimdə böyük fəxarət hissi doğurur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin layihəsi əsasında çap olunan bu kitabın giriş məqaləsində cənab İlham Əliyevin bu sözləri diqqətimi çəkdi: "Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur". Bu, mədəniyyətə verilən yüksək qiymətdir. Cənab Prezident birdeyir ki, "Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir". Doğrudan da 2003-cü ildən sonra nə qədər mədəniyyət və incəsənət xadimi fəxri adlara layiq görülüb, nə qədər sənət adamı Prezident təqaüdü alıb, onların böyük bir hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Elə bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə mədəniyyət və incəsənt xadimlərinin bir qrupu yenidən fəxri adlara, Prezident təqaüdünə layiq görülüb. Mən bir sənət adamı kimi bundan böyük məmnunluq duyuram. Prezidentimiz mənim də fəaliyyətimi yüksək qiymətləndirib, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görməsi məni gələcəkdə daha məsuliyyətlə işləməyə sövq edir".

Rəssam bildirir ki, doğrusu, son dövrlər xalqımızın mədəni həyatında baş verən yeniliklər, mənəvi dəyərlərimizin qorunmasına göstərilən yüksək səviyyədə qayğı və diqqət mədəniyyət işçisi kimi məndə də böyük qürur hissi doğurur. Onun dediyinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətlə müqayisədə ölkəmizin mədəniyyəti sanki bir əsrlik inkişaf yolu keçib. Bunun çox aydın səbəbi var: "O da müstəqillik illərində Azərbaycanda həyata keçirilən davamlı mədəniyyət siyasətidir. Təkcə 2003-cü ildən sonra nə qədər mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunaraq xalqın istifadəsinə verilib. Bu, təkcə paytaxtımızdakı müəssisələr deyil, həm də regionlarımızı əhatə edir. Bu gün Dövlət Filarmoniyası, Nizami Kino Mərkəzi, Milli Akademik Dram Teatrı, Tarix Muzeyi, Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyis. müasir üslubda təmir edilərək tamaşaçıların ixtiyarına verilib.

Yeni açılmış Müasir İncəsənət Muzeyi milli rəssamlıq sənətimizin təbliğində bu gün çox əhəmiyyətli rol oynayır.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən Muğam Mərkəzi, Xalça Muzeyi şəhərimizin görünüşünə xüsusi gözəllik bəxş edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən mədəniyyətlərarası dialoq forumları milli mədəniyyətimizin dünyaya inteqrasiyası baxımından çox əhəmiyyətli tədbirlərdir. Mən xarici ölkələrdə keçirilən Azərbaycan rəssamlarının əsərlərinin sərgisində iştirak etdiyim anları böyük məmnunluq hissi ilə xatırlayıram. Dünyada Azərbaycan incəsənətinə maraq son illər artmaqdadır. Bu məni bir sənət adamı kimi çox sevindirir. Bizim mədəniyyətimiz dünyanı, həqiqətən, fəth edir. Biz mədəniyyət işçiləri cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və bu siyasətin xalqımızın xoşbəxt gələcəyə qovuşmasını təmin edəcəyinə inanırıq.

Mədəniyyət bu siyasi kursda çox önəmli yer tutur. Cənab Prezident deyir: "Milli-mənəvi dəyərlərə sadiqlik, onlara olan hörmət mütləq davam etdirilməlidir". Bəli, bu gün həqiqətən milli-mənəvi dəyərlərimizə dövlət qayğısı varbu qayğı ildən-ilə artmaqda davam edir. Heç təsadüfi deyil ki, mədəniyyət və incəsənətimizin inkişafı ilə bağlı son illər Prezidentin xüsusi sərəncamları ilə dövlət proqramları təsdiq olunub. Muzey, kitabxana işi, teatr, kino, musiqi sənəti və s. sahələrdə qəbul olunan dövlət proqramları uğurla həyata keçirilir. Mədəniyyətin hər sahəsində inkişaf, tərəqqi var. Mədəniyyət ocaqları təmir edilərək müasir tələblərə cavab verən formaya salınır. Bu, Prezidentimizin tapşırığıdır. Ölkə başçısı deyir ki, "Bizim mədəniyyət ocaqlarımız yüksək səviyyədə olmalıdır".

Bu gün Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda çox mühüm nəticələr qazanıb. Azərbaycan mədəniyyətlərarası dialoqların mərkəzinə çevrilib. Bakıda keçirilən yüksək səviyyəli belə dialoqlarda minlərlə mədəniyyət işçisi, incəsənət xadimi iştirak edir.

Bu gün dünyanın əksər ölkələrinin paytaxtlarında, böyük şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu işlərin təşkili bilavasitə ölkəmizin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutur".

Ekspert bildirir ki, "Avroviziya - 2012" beynəlxalq musiqi müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi də Azərbaycan Prezidentinin mədəniyyətə qayğısının real nəticəsidir. O hesab edir ki, bu yarışmanın ölkəmizin paytaxtında təntənəli şəkildə keçirilməsi mədəniyyətimizi, ölkəmizi dünyaya daha da tanıtdı: "Biz mədəniyyət işçiləri də bütün qüvvələrimizi səfərbər edib, mədəni həyatımızı daha da zənginləşdirməliyik".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 2 fevral.- S.15.