Milli kinomuzun inkişafı ilə bağlı dövlət siyasəti...

 

Azərbaycan kino sənəti çox böyük yol keçib və saysız uğurlara nail olub. Uzun illər bir-birindən maraqlı filmlərlə tamaşaçı qarşısına çıxan milli kinomuz özünün inkişaf, tərəqqi dövrünü də yaşayıb, tənəzzül dövrünü də. Bir vaxtlar Azərbaycanın kino sahəsində ciddi qayğılar vardı, ölkədə uzun illər kino sənayesi inkişafdan qalıb. Ancaq son on ildə kinonun inkişafı ilə bağlı əməli tədbirlər görülür.

Artıq ortada kinonun hərtərəfli şəkildə özünü təsdiqləməsi üçün rəsmi sənədlər, sərəncamlar mövcuddur. Bəllidir ki, Azərbaycan kinosunun bu gün dünya kino aləminə sarı irəliləməsi kinomuzun artıq ayaq üstə olması ilə bağlıdır.

Azərbaycan kinosunun ən qayğılı günlərində kinomuzun ayağa qalxmasına ümummilli lider Heydər Əliyev dayaq durub. Onun köməkliyi sayəsində milli kinonun inkişafına diqqət və qayğı göstərilib. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanıb. Kinomuzun yeni inkişaf mərhələləri yaşandığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişibmilli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılıb. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekranlaşdırılıb, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96 nömrə Mozalan satirik jurnalı yaradılıb. Bir cənub şəhərində, Bizim Cəbiş müəllim, Dəli Kür, Yeddi oğul istərəm, Axırıncı aşırım, Nəsimi, Dədə Qorqud, Babək, Nizamibaşqa bədii filmlərimiz bu illərdə istehsal olunub. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə, çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.

Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilib.

Azərbaycan kinosu ilə bağlı Heydər Əliyevin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Kinematoqrafiya haqqında Qanun qəbul olunub. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülüb, aktyorlar, rejissorlarssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar. Kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən General, Birinci, Moskva, Kreml, Lider, Tale, Əsl məhəbbət haqqında, Bir həsədin tarixi, Professional, Patriot, Xüsusi təyinat və Dəvət filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanıb. Bir müddət əvvəl bu silsilədən olan Ata yolu sənədli filmi də ictimaiyyətə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 fevral 2007-ci ildə Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında Sərəncam imzalayıb. Sözügedən sərəncamda qeyd edilir ki, Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb: Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaradıb. Burada artıq 1898-ci ildən etibarən xarici filmlər göstərilməyə başlanmış, həmin il avqustun 2-də isə neft Bakısından bəhs edən birinci xronikal kinosüjetlər nümayiş etdirilmişdir. XX əsrin ilk onilliklərindəki Azərbaycan kinosu xalq adət-ənənələri və məişətinin dolğun təsvir olunduğu Neftmilyonlar səltənətində, Arşın mal alan kimi ilk bədii filmlərlə xüsusən yadda qalmışdır. 1920-ci illərdə Azərbaycan Foto-Kino İdarəsinin təsis edilməsi, birinci dövlət kinofabrikinin açılması, aktyorrejissor studiyalarının təşkili, sənədli və elmi-kütləvi filmlərin istehsalı milli kino sənətinin formalaşmağa başlamasının bariz nümunəsi sayıla bilər. Sonrakı illərdə cizgi kinosunun əsasının qoyulması, respublikada ilk səsli filmin ekranlara buraxılması və filmlərin Azərbaycan dilində səsləndirilməsi, yeni uğurlu kino əsərlərinin yaradılması Azərbaycan kinosunun təşəkkül tapdığını göstərir. Bu dövrdə Azərbaycan kinostudiyasında çəkilən bir sıra filmlər xarici ölkələrdə də rəğbətlə qarşılanmışdır. 1945-ci ildə ikinci dəfə ekranlaşdırılan Arşın mal alan filmi ayrı-ayrı dillərə dublyaj olunaraq, dünyanın müxtəlif guşələrində böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Sənəddə qeyd edilir ki, Sovet İttifaqında kino sənətindən həmçinin dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə təşkil olunub. Sənədə görə, Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanıb: Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu dövrdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmişmilli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər, ölməz Kitabi-Dədə Qorqud eposunun motivləri əsasında Dədə Qorqud filmi yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir.

1991-ci ildən etibarən dövlətin vahid kino sistemi dağılmağa başlamış və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşmışdır. Keçid mərhələsindəki ciddi problemlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan kinosu öz yaradıcılıq potensialı sayəsində qısa vaxt ərzində müəyyən uğurlar əldə etmişdir. Bununla yanaşı, milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır.

Azərbaycan milli kinosunun respublikamızın mədəni həyatındakı əhəmiyyətini və gələcək inkişaf perspektivlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

1.1. Azərbaycanfilm kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Bakı şəhərinin Nizami kinoteatrında müasir tələblərə cavab verən xidmət və texniki şəraitin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı və XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini 2007-ci il 31 mart tarixinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.5. Xalqımızın tarixi və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsini təmin etsin;

1.6. Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla, Azərbaycan kinosu 2008-2018-ci illərdə Dövlət Proqramına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycanda xarici ölkələrin istehsalı olan filmlərin dublyaj qaydalarına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi haqqında təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təklifləri əsasında kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair müvafiq proqram layihəsini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, artıq bu sərəncamdan irəli gələn bir sıra məsələlər öz həllini tapıb və bəzi problemlərin isə aradan qaldırılması istiqamətində işlər görülür.

2008-ci il avqustun 4-də isə Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı haqqında Sərəncam imzalanıb. Dövlət Proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avandanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulub. Artıq ölkəmizdə kinostudiyaların maddi-texninki bazası gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 60-a yaxın beynəlxalq festivalda təmsil olunub. Ənənəvi şəkildə keçirilən Beynəlxalq Kann kinofestivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilib. Kinomuz festivalda dövlət sifarişi ilə çəkilmiş Aktrisa və Sahə bədii filmləri ilə təmsil olunub. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.

Azərbaycan kinosunun başlıca mövzularından biri Qarabağla bağlıdır. Müstəqillik illərində çəkilən Fəryad, atlı oğlan, Ümid, Arxada qalmış gələcək, Biz qayıdacağıq, XocaDolu filmləri bu mövzudadır.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 3 fevral.- S.15.