Azərbaycan xalq dastanlarının yaşadılması və təbliğinə dövlət qayğısı, nümunələrin nəşri...

 

Azərbaycan xalqının həyat tərzini, mədəni düşüncəsini, bədii-estetik təfəkkürünü özündə ifadə edən folklor mətnləri sırasında dastanlarımızın yeri ayrıcadır. Dastanlar hər bir xalqın taleyində, tarixində, ədəbiyyat və mədəniyyətində müstəsna rol oynayır. Azərbaycan xalqının dastan yaradıcılığı çox zəngindir və biz o dastanların hər birində öz tariximizin, mədəniyyətimizin bir hissəsini görürük.

Məlumat üçün bildirək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrı dastandır. O da bəllidir ki, Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə, mövzu ilə bağlı şeir parçaları da verilir. Folklorşünas alimlər qeyd edir ki, bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olursaz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi", "Qaçaq Kərəm" dastanları sayılır. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

Onu da bildirək ki, Azərbaycan xalqı dastan qəhrəmanı olan bahadırlarımıza xüsusi sevgi bəsləyir. Dövlətimiz də bu qəhrəmanlara sayğılıdır. Bu gün Azərbaycan dövləti xalq qəhrəmanlarına respublikamızın ən müxtəlif yerlərində heykəl qoyur, onların xatirələrini əbədiləşdirir. Qeyd edək ki, xalq qəhrəmanı Koroğlunun paytaxtda və Azərbaycanın digər bölgələrində heykəlləri qoyulub, Bakıda həm də Koroğlunun adını daşıyan metro stansiyası fəaliyyət göstərir. Sözümüzün canı odur ki, xalqımız və dövlətimiz dastan qəhrəmanlarına böyük diqqətlə yanaşır.

Məhəbbət dastanlarına gəlincə, qeyd edək ki, dastanın bu növü sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilirbundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlir. "Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Tahir və Zöhrə", "Şah İsmayıl" və başqa dastanlar məşhur məhəbbət dastanları silsiləsinə aiddir. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. "Şah İsmayıl", "Novruz və Qəndab", "Şahzadə Əbülfəz" dastanlarında qəhrəman igidliyi və cəsarətilə qalib gəlir. "Aşıq Qərib" dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır. Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. "Koroğlu", "Qaçaq Nəbi" dastanları belə yaranıb.

"Qurbani", "Abbas və Gülgəz", "Aşıq Qərib", "Vaqif" dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdığı şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranıb.

Onu da bildirək ki, bir sıra xalq dastanları əsasında operalar yazılıb. Məsələn, Üzeyir Hacıbəyovun "Koroğlu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" operaları xalq dastanlarımızdan qaynaqlanıb. Bir sıra alimlər bildirir ki, dövlətin şifahi xalq ədəbiyyatına xüsusi diqqət göstərməsi ona əsas verir ki, xalq yaradıcılığı xəzinəmizin yenidən bir də araşdırılmasına ciddi ehtiyac var. Çünki son illər naşı adamların elm aləminə gəlməsi, bəzi dastanlarımızın üzərində qeyri-peşəkar səviyyədə aparılan tədqiqatlara diqqət yetirərkən belə qənaətə gəlirsən ki, çox şeyə yenidən baxılmalıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük janrı olan dastan haqqında tədqiqatçılarımız müxtəlif fikirlər söyləyərək onu tipoloji ədəbi hadisə kimi dəyərləndirsələr də, günümüzün reallıqları bu janrın yenidən və əsaslı şəkildə araşdırılmasına ehtiyac yarandığını deməyə əsas verir. Bu sahədə qarşıya çıxan ciddi problemlərdən biri də bədnam qonşularımızın şifahi xalq nümunələrimizə, xüsusən də dastanlarımıza sahib çıxmaq iddiasıdır. Onların göz dikdiyi dastanlardan biri "Əsli və Kərəm" dastanıdır. Alimlər qeyd edir ki, dastanların yaradıcıları və onların baş qəhrəmanları olan aşıq-ozan sözünün tarixi kökləri haqqında olan fərqli fikirlərin doğurduğu mübahisələrə aydınlıq gətirmək gərəklidir. "Əsli və Kərəm" dastanı haqqında tədqiqatçı-alim Qara Namazov qeyd edir ki, bu epos yarandığı vaxtdan ideya-bədii mündəricəsini dəyişmədən, hər dövrün sərt güzəranına dözə-dözə Çin səddindən ta Balkan ölkələrinə qədər yayılıb. Tədqiqatçı alimlərimizin bir çoxu, o cümlədən, Q.Namazovun özü də dastanı XII-XIII əsrlərə aid edir. Bəzi alimlərə görə, bu fikrin özündə bir yanlışlıq var və "Əsli və Kərəm" dastanının yaranış tarixi daha qədimlərə gedib çıxır. Bunu dastanın özündə əks olunmuş bir neçə fikirlə də asanlıqla isbatlamaq olar.

Bəzi mənbələr yazır ki, dastanların baş qəhrəmanları xalq arasında haqq aşığı-ölümsüz kimi qəbul edilən ozanlar, aşıqlar, eyni zamanda, tarixi şəxsiyyətlər olub: "Bu qəhrəmanlar ona görə ölümsüzlük qazanıb ki, onlara aşıqlıq haqdan-qeybdən, yuxuda buta şəklində verilib. Tədqiqatçılarımızın fikrincə də "Haqq aşiqi" və ya "haqq aşıqı" ifadəsi ağız ədəbiyyatımızın hələ tam açılmamış sirlərindəndir. Bu ifadə etnoqrafçı və folklorçu alimlərimiz tərəfindən yetərincə araşdırılmayıb. Qeyd edək ki, "Əsli və Kərəm" dastanında Kərəmin haqq aşıqı olduğu qeyd edilməsə də, o, sazı çalıb oxumaqla durnaları göydən yerə endirir, karvanı borandan xilas edir. Bundan başqa, dastanın türkmən variantında Kərəmin alışıb yanmasından sonra dirilməsi və öz sevgilisinə qovuşub uzun bir ömür sürməsi qeyd edilir ki, bu xüsusiyyətlər məhz haqq aşıqlarına şamil edilir. Dastanda qeyd olunmasa da, Kərəm haqq aşıqlarına məxsus xüsusiyyətlərə malikdir. Üstəlik, Dədə Qorquddan sonra tarixi şəxsiyyət kimi aşıqlar arasında dədə sözü əksər hallarda Kərəmə şamil edilir. Bu isə dastanın yaranma tarixinin daha qədim zamanlara - islamdan əvvəlki dövrlərə təsadüf etdiyinə işarədir. Hətta tədqiqatçılarımız yanlışlıq olaraq "haqq aşıqı" anlamını islam dininin görkəmli şəxsiyyətlərindən biri olan Həzrəti Əlinin adı ilə bağlamaq istəsələr belə (guya haqq aşıqlığı, buta yuxuda Həzrət Əli tərəfindən verilirmiş), bu mümkün deyil. Çünki insanın dirilməsi ilə bağlı miflər, haqq aşıqlarının öngörmələri birbaşa şamanizm dövrünə aiddir. İslam dini isə birmənalı şəkildə bu xüsusiyyətləri yalnız Allaha aid edir. Maraqlıdır ki, bütün yazılı ədəbiyyatımıza olmasa da, onun müəyyən nümunələrinə nüfuz edən sovet ideologiyası "Əsli və Kərəm" dastanından da yan keçməyib. Belə ki, sovet dövründə tədqiqatçı alimlərin bir çoxu dastanı iki xalqın dini ayrılığa, xristian-müsəlman münasibətlərinə etirazının məntiqi nəticəsi kimi qiymətləndirib. Bununla da dastanın informasiya yükünü araşdırmaq əvəzinə, onun ideya-bədii xüsusiyyətlərinə kölgə salınıb və yaranma tarixi "gəncləşdirilib".

Məlumat üçün deyək ki, elə bu məntiqlə də dastanın baş qəhrəmanı Kərəmin sevgilisi, keşiş qızı Əsli erməniləşdirilib. Görkəmli folklorşünas alim S.Paşayev elmi dəlillərlə sübut edib ki, Əsli erməni yox, alban qızı olub. Bu çox maraqlı bir məlumatdır. Ermənilərin bu dastana iddiasına yüksək səviyyəli cavabı professor Paşayev verib. Azərbaycan dövləti zaman-zaman Azərbaycan dastanlarının toplanmasına, çapına, kütləvi yayımına kifayət qədər maliyyə vəsaiti ayırıb. Bu ənənə hazırda da davam etdirilir.

Dövlət xətti ilə dastanlarımızın təbliği həyata keçirilir. Onlardan biridastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaqbu sənəti gələcək nəsillərə ötürmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılması hadisəsidir. Məlumatlara görə, keçən il institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb. İlk albomda Aşıq Hüseyn Saraclının ifasında "Əsli və Kərəm", Aşıq Əkbərin ifasında "Novruz və Qəndab", Aşıq İmran Həsənovun ifasında "Qurbani" dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır. Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur. Onu da deyək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audiovideo materialların hazırlanması işlərinin təmin edilməsidir.

Azərbaycan dastanlarının nəşrinə dövlət qayğısından danışarkən bir məqama da diqqətinizi cəlb etmək istəyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən başlayaraq Azərbaycan ədəbiyyatı nümunələrinin nəşri latın qrafikası ilə həyata keçirilməyə başladı. Burada V cildlik "Azərbaycan dastanları" da xüsusi yer tutur. Birinci cilddə təqdim olunan şifahi söz sənəti incilərindən "Qurbani", "Tahir və Zöhrə", "Novruz", "Alı xan", eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan "Lətif şah", "Şahzadə Əbülfəz" kimi çox sevilən, xalqın duyğu və düşüncələrini, istək və arzularını bütün əlvan yönlərilə tərənnüm edən dastanlar daxil edilib, II cilddə isə "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Seydi və Pəri", "Məhəmməd və Güləndəm", "Leyli və Məcnun" və s. dastanlar yer alıb, III cilddə "Aşıq Qərib", "Əmrah", "Şah İsmayıl", "Səlim şah", "İrvahım", IV cild mükəmməl aşıq-dastançı ənənəsinin məhsulu kimi meydana çıxmış "Koroğlu" eposunu əhatə edir. Beşinci cildə "Dilsuz və Xəzangül", "Şahzadə Bəhrəm", "Fərhad və Şirin", "Sam şahzadə", "Şəmşir və Sənubər", "Şahzadə Seyfəlmülük və

Bədiəlcamal", "Mahmudla Nigar", "Arzı - Qənbər", "Aşıq Alı" kimi dastan nümunələri daxil edilib.

Əlbəttə, bütün bunlar bizə yaddaşımızı öyrədən, bizi keçmişlərə aparan, qayim-qədim bir ənənəyə bağlayan uğurlu hadisələrdir. Dövlət başçımızın bu məsələyə böyük diqqət ayırması da təqdirəlayiq haldır. Dastanlar bizi keçmişə bağlayır, günümüzə inandırır və sabahımıza aparır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 9 fevral.- S.15.