Xıdır Nəbi mərasimi xalqımızın etnoqrafiya mədəniyyətinin vacib hissəsidir

 

Azərbaycan xalqının üzü qədimlərdən bəri formalaşan, illər əvvələ qədər bir sıra bölgələrimizdə kütləvi şəkildə qeyd edilən mərasimləri çox olub. Lakin son dövrlər o mərasimlərin bir qismi aradan çıxmaq üzrədir. Onlar ya lokal, dar çərçivədə qeyd edilir, ya da ümumiyyətlə keçirilmir. Bəzi mərasimlərimiz var ki, onlar indi də ayrı-ayrı bölgələrdə keçirilir. Ancaq o da faktdır ki, kəndlərin şəhərlərə daşınması, əyalət insanlarının mərkəzə meyl göstərməsi o mərasimlərin də sıradan çıxmasına gətirib çıxarır.

Sırf bölgələrə, kəndlərə xas olan mərasimlərin şəhərlərdə keçirilməsi əksər hallarda mümkün olmur. Əlbəttə, kənd öz ruhunu qorumalıdır və bu mərasimlər kəndlərdə yaşayıb, qeyd edilməlidir. Xalqımızın düşüncəsində, mədəniyyətində, mərasimlər sistemində özünə ayrıca yer tutan Xıdır Nəbi (Xıdır İlyas, Xızır İlyas, Xıdır Əlləz-İ.S) mərasimi də yavaş-yavaş unudulmaqdadır. Halbuki, əsrlər boyu nənələrimiz, babalarımız bu mərasimi qeyd edib. Qışın oğlan çağında, yəni fevralın ilk ongünlüyündə-fevralın 9-10-da keçirilən bu mərasimin maraqlı cəhətləri çoxdur. Təbii ki, bu mərasimlərdə Azərbaycan xalqının həyat tərzi özünü əks etdirir.

Xıdır Nəbi mərasimi haqqında alimlərin fikirlərindən daha çox məlumatlar ala bilirik.

Xıdır gəldi hayınan,

Bir balaca dayınan.

Dayça batdı palçığa,

Çıxartdıq hay-hayınan.

Ellərimizdə dolaşan bu şərqini çoxlarımız eşitmişik. Xıdır Nəbi mərasimində oxunardı.

Etnoqraf Solmaz Məhərrəmova "Xıdır İlyas" xalq bayramı haqqında maraqlı araşdırma ortalığa qoyub. Etnoqrafın müxtəlif mənbələr əsasında bu sahədə həyata keçirdiyi araşdırmalar çox maraqlıdır. S.Məhərrəmova bu barədə yazır: "Hər bir xalqın özünəməxsus bayramları var. Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi olan bayramlar xalqımızın həyatında mühüm yer tutur. Araşdırmalar göstərir ki, bu gün xalqımızın məişətində mövcud bir sıra bayramların başlanğıcı eramızdan əvvəlki minilliklərə söykənir. Bayramlar öz məzmununa görə dini və dünyəvi bayramlara bölünür. Azərbaycanda Ramazan (Orucluq) bayramı, Qurban bayramı kimi dini bayramlarla yanaşı, "Xıdır İlyas" (Xıdır Nəbi), Novruz kimi xalq bayramları da mövcuddur. Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə, demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.

"Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac xan boyu"nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub getdiyi səhnəsində oxuyuruq: "Oğlan orada yıxılanda boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əli ilə sığallayıb: "Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir"- deyib yox oldu". Professor Pənah Xəlilov yazır: "Folklorumuzda Xızır qədim xeyirxah-sehrli qüvvədir. Sonralar islam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olub. Xızır İlyas sehri (möcüzəsi) bir daha təsdiq edir ki, bu boy ən qədim dastanlardan su içir, tarixən islamın yayıldığı dövrlərin əfsanələrinin təsirindən də kənara qalmır. Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər var. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Görkəmli folklorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir".

S.Məhərrəmova folklorşünas alim Bəhlul Abdullanın fikirlərinə istinadən qeyd edir ki, kiçik çillənin "Xıdır Nəbi" adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Onun bildirdiyinə görə, Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir: "Digər bir tədqiqatçı, professor Məhərrəm Qasımlı "Xıdır Nəbi" bayramının hər il qış yarı olanda böyük çillə ilə kiçk çillə arasında keçirildiyini bildirir. Professor, Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə "Xıdır İlyas" mərasiminin kiçik çillənin qurtardığı son üç gündə-təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərib. Azərbaycanın görkəmli etnoqraflarından biri Ə.Ələkbərov da "Xıdır Nəbi" mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərib. Ə.Ələkbərovun fikrincə, bu bayrama hazırlıq işləri qadınlar tərəfindən aparıldığı üçün daha çox qadın bayramı hesab etmək olar. "Azərbaycan mərasim folkloru" mövzusunda tədqiqat aparmış Afaq Xürrəmqızının da "Xıdır Nəbi" bayramı ilə bağlı maraqlı mülahizələri var.

"Xıdır İlyas" mərasiminə xüsusi hazırlaşırdılar. Xalq arasında belə inam var ki, Xıdır Nəbi boz atında gələrkən evlərdə bayram əhval-ruhiyyəsi görmədikdə küsüb gedirdi. Xıdırın küsüb getməsi isə ruzi-bərəkətin yox olmasına səbəb olar, baharın gəlməsi gecikər. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq bayram tədarükü görülürdü. "Xıdır Nəbi" mərasimi süfrəsinin əsas atributları səməni, qovurğa, qovut, boyadılmış yumurta, xəşil, düyüdən hazırlanmış yeməklər idi. "Xıdır Nəbi" mərasimində kökə və kömbə də bişirilib. Bayram süfrəsi üçün buğda qovurulurdu, qovurulmuş buğdadan qovut çəkilirdi. Qovut ayrıldıqdan sonra qovurğanın "yarmalıq" adlanan digər iri hissəsi ayrı qaba yığılar. Bayramdan bir gün əvvəl evin kiçik övladı (oğlan uşağı) bağ-bağçadan alma çubuqları gətirər. Gətirilən şövlər (çubuq-İ.S) üç tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü ana şövləri bir-bir götürüb niyyətlərini sadalayır. Hər şöv bir niyyət üçündür. Yurdun abadlığı, ailənin salamatlığı, mal-qaranın məhsuldarlığı, bağ-bostanda barın çoxluğu, toy-düyün və s.niyyətlər edirlər. Üyüdülmüş qovutu məcməyinin içində nazik yayırlar. Bəzən qovutdan başqa məcməyiyə un da yayırlar. Gecə düşəndə həmin dəstələnmiş çubuqları şam kimi yandırırlar. Özü yanıb keçənədək ona toxunulmaz. Səhərə qədər məcməyidəki qovut və ya una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir. Belə hesab edirdilər ki, bu zaman evin ruzi-bərəkəti artar, bolluq olar. Yalnız bundan sonra həmin qovutdan yemək olar. Axşam şər qarışanda isə cavanlar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək "Xıdır" nəğməsini oxuyar və bayram payı yığardılar. Hansı qapıdan içəri girsələr əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyardı:

Mən Xıdırın quluyam,

Göy atının quluyam.

Ağzının arpasıyam,

Ayağının nalıyam".

"Xıdır Nəbi" mərasimində bayram iştirakçıları mütləq dəstə-dəstə bölünüb nəğmə oxuyub Xıdırı salamlayardılar.

Etnoqrafik və folklorşünaslıq mənbələrində gedən məlumatlara görə, bu mərasimdə insanların oxuduğu mahnılar Xıdırla bağlı olardı.

Xıdırı-Xıdır İlyas,

Özünü yetir İlyas.

Qara toyuq qanadı,

Kim vurdu, kim sanadı.

 

Qapı-qapı gəzməkdən

Baldırım it daladı.

Xıdırı-Xıdır İlyas,

Özünü yetir İlyas.

Mənbələr yazır ki, "Xıdır payı"ndan ertəsi günü yağla kömbə bişirər, qovut çəkilər və dəstənin üzvləri arasında bölünərdi.

Etnoqraf alimlərimizin yazdıqlarına və bildirdiklərinə görə, Kiçik Qafqazın cənub-şərq rayonlarında-Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarında "Xıdır İlyas" bayramı özünəməxsus mərasimlərlə qeyd olunurdu.

Alimlərimiz yazır ki, rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi prosesləri haqqında maraqlı məlumat verir. Qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rənglərlə bir neçə yumurta qoyaraq niyyət edirdilər. Ertəsi gün yumurtalara baxırdılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara boyanırdısa pis əlamət yozurdular.

Kəlbəcər rayon sakini Əhməd Fətəliyev alimlərlə söhbətində bildirib ki, Qılıncı kəndində kiçik çillənin çıxmasına 15 gün qalanda "Xıdır İlyas" bayramı qeyd olunardı: "10-15 nəfərlik dəstələrlə qapı-qapı gəzib bayram hədiyyəsi yığardıq. Hər evə çatanda xor ilə "Xıdır" nəğməsi oxuyar və oynayardıq. Əvvəlcə bir neçə nəfər oxuyardı:

Xıdır gəlir haynan-huynan,

Altında bir qara daynan.

Qara day palçığa batdı,

Xıdır yanında yatdı...

Alimlər qeyd edirlər ki, bölgə ərazisində "Xıdır Nəbi" bayramı paylarını uşaqlar torba götürüb yığırdılar. Un, buğda və digər məhsulları o dövrdə əsasən dəridən hazırlanmış dağara yığıb ağzını bağlayardılar. Buradakı "dağarın ağzın açsana" müraciəti-yəni dağarın ağzını açıb bizə un və ya buğda və s. ver demək idi.

Bir sıra rayonlarda "Xıdır İlyas" bayramında evlərdə xəşil çalınar, qovurğa qovrular, qovut düzəldilər və heç kəsi paysız yola salmırdılar. Belə inam var idi ki, elə Xıdır İlyasın özü də uşaqların içindədir. Pay verilməsə Xıdır İlyas küsər, atını çapıb gedər, ruzi-bərəkəti də özü ilə aparar. Pay verildikdə isə Xıdır İlyas-Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər.

Həmin gecə külək əsərsə, belə hesab edirdilər ki, Xıdır İlyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır İlyasın əl basmasına inam güclü idi.

Alimlərin, etnoqraf və folklorşünasların qənaətinə görə, "Xıdır İlyas" mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın - Xıdır İlyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda möhkəmləndirir.

Bu mərasim xalqımızın qayim-qədim, əski düşüncəni özündə əks etdirən bayramlarından biri kimi yaşayır. Hesab edirik ki, onun yaşaması, daha geniş miqyasda qeyd edilməsi çox vacibdir. Arzu edirik ki, bu bayram şəhərlərdə də keçirilsin. Bunun effekti daha müsbət olacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 19 fevral.- S.15.