Azərbaycan xalqının qədim mərasimləri - böyük çillə, kiçik çillə və boz ay haqqında nə bilirik?

 

İnsan cəmiyyəti formalaşandan bəri minlərlə, yüzlərlə hadisələr, təqvimlər, əlamətdar tarixlər, yaşantılar mövcud olub. Fəsillərin dəyişməsi, onların bir-birinə təhvil verilməsi halları hər zaman maraqla müşahidə edilib. Bu məsələlər inanclara, dəyərlərə, mədəniyyət sistemlərinə aid edilməklə yanaşı, həm də elmin səhifələrinə yazılıb.

Biz təbiət hadisələrindən, təbiətlə, fəsillərlə bağlı bayram, mərasim və mövsümi hadisələrdən danışarkən bir sıra əlamətlərdən də söhbət açırıq. Çillələr də çox vaxt bu sırada daha çox xatırlanan, barəsində danışılan məsələlərdən olur. Təbiətdə baş verən hər bir hadisənin elmi yozumu, əsaslandırılması var. Gecə ilə gündüzün tarazlaşması, gecənin uzanıb gündüzün qısalması, yaxud əksinə, gündüzün uzanıb gecənin qısalması səbəbləri artıq elmlə öz təsvirini tapıb. Bəlli olduğu kimi, dekabrın 21-dən Yer qış günəş duruşu nöqtəsindən keçir. Alimlər hesab edir ki, bu hərəkət epliktika boyunca davam edir. Nəticədə fəsil dəyişkənliyi baş verir, payız öz yerini qışa verir. Təbiətin maraqla izlənən bu gedişinə xalq təqvimində maraqlı izah verilib. Xalq təqviminə inansaq, dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir, martın 21-də yaz gecə-gündüz bərabərliyinə şahidlik edirik.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Etnoqrafların bildirdiyinə görə, dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Onu da qeyd edək ki, artıq böyük çillə də, kiçik çillə də

arxada qalıb, bu gündən boz ay başlayır (20 fevral). Təbiətin sıraladığı bu təqvimlər zaman olub ki, xalq tərəfindən özünəxas şəkildə qeyd edilib. Çillələrin də xalq tərəfindən xüsusi mərasim və ayinlərlə qarşılanması halları mövcud olub. Sevindirici haldır ki, o mərasimlərin bir qismi Cənubi Azərbaycanda, Naxçıvanda, Borçalıda yaşayır.

Alimlərin tədqiqatlarına görə, Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Kiçik çillə (29 yanvar-18 fevral) - Azərbaycan xalqının milli adət və ənənələrinə görə, 20 qış günüdür. Kiçik çillə böyük çillədən (21 dekabr-29 yanvar) sonra gəlir.

Etnoqraf və astroloqların qeyd etdiyinə görə, qədim insan öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə müşahidə edibona öz yozumunu verib. Alimlərin fikirlərinə istinad etsək görərik ki, qədim insan həyatını bərkə-boşa salan, qayğı ilə yükləyən təbiət çətinliklərinə qış adı verib. Alimlər hesab edir ki, bu obraz ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı və ona el arasında müxtəlif təsvirlər verilirdi. Professor Məhərrəm Qasımlı ilə bu sahədə çoxsaylı söhbətlərimiz zamanı o bildirib ki, babalarımız qışa "qara qış", "böyük çillə", "kiçik çillə" kimi adlar verməklə onun sərt iqlimə malik olduğunu ifadə edib. M.Qasımlı və digər folklorşünas alimlər deyir ki, bir çox hallarda "qış"ın əvəzedicisi kimi işlənən "çillə" sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamında işlədilir. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında "çillə qovan tonqal" deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə "çillə çıxartma", "çilləkəsmə" adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi "çillə" obrazında folklor biçimi qazandığını göstərir. Böyükkiçik çillə, boz ay, çərşənbələr bir təbiət hadisəsi kimi izlənir.

Lap qədim dövrlərdə yarananel arasında məşhur olan, folklor mətnlərinin yığılıb tədqiq edilməsini həyata keçirən zəhmətkeş elm adamlarının yazıya aldığı bir sıra arxaik nağıllarda bu mövzu canlandırılıb.

Alimlər yazır ki, el arasında "qışın oğlan çağı" adlandırılan bu dövrdə havaların mütləq kəskin soyuması müşahidə olunur. Əski inanclara görə, onlar qışın tən ortasında görüşür. Mövsüm və mərasim adətlərini ifadə edən folklor mətnlərindən birində qeyd edilir: "Kiçik böyükdən soruşur, nə gördün? Böyük deyir ki, dolu samanlıqlar, yağ küpələri, qollu-biləkli qarılar təndirə çörək yapırdı. Kiçik deyir, eybi yox, ömrüm 20 günolsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm. Ömrüm az, dalım yaz... Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 günbundan sonra 30 günlük boz ay gəlir. Daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz...".

Kənd yerlərində doğulub boya-başa çatan insanlar yaxşı bilir ki, ən böyük maraqla qeyd edilən mərasimlərdən biri "çillə gecəsi"dir. Məlum olduğu kimi, böyük çillənin başladığı günün əvvəlki axşamı, ilin ən uzun gecəsi bayram edilir. Hər bölgənin iqlim və imkanlarına görə payız mövsümünün son günlərinə qədər saxlana bilən meyvələrdən süfrə açılır. Quruyaş meyvələrin yanında şirniyyat, fəsəli, qatlama, nəzik kökə və s. də süfrədə olur. Onu da bildirək ki, çillə gecəsində qarpız süfrənin ən baş neməti sayılır. Bu qarpıza çillə qarpızı deyilironun kəsilməsi ailələrdə böyük şadlıqla müşayiət olunur. Bu ənənə çox bölgələrimizdə artıq sıradan çıxıb, ancaq Cənubi Azərbaycanda yaşayır və geniş şəkildə qeyd edilir. Bildiyimiz kimi, qarpız yeyilir, bu həm də soyuğa etirazdır. Alimlər yazır ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə verilir. Qoz halvası, kök halvası, paxlava, toxum(tum) və meyvələr və digər şirniyyatlar da bu gecədə süfrədə olmalıdır. Bunlardan başqa çillə axşamının özünə xas ənənələri var.

Etnoqraflar bildirir ki, nişanlı qızlar və yeni gəlinlərə qayınana, qayınata və digər birinci dərəcə yaxınları tərəfindən hədiyyələr göndərilir. Bu hədiyyələrə "çilləlik" deyilər. Etnoqraflar qeyd edir ki, çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Adət və ənənələr, mərasimlər sistemində xüsusi yer tutan "çillə payı"nın göndərilmə ənənəsi də maraqlıdır. O da bildirilir ki, çillə payı yeddi qaba qoyulur. Bu qablara da "çillə qabı" deyilir. Alimlər yazır ki, qablar hazırlanır, üzərləri ya al şal ilə örtülür. Qabların birinə qarpız, birinə qovun, birinə nar, birinə qırmızı alma, birinə armud, birinə undüyü, birinə parçalar, birinə paltarlar, birinə də qızılla gümüş qoyulur. Etnoqrafların araşdırıb üzə çıxardığı bu gözəl ənənə indi o qədər də yaşamasa da, maraqlı məqamlarla zəngindir.

Etnoqraflar yazır ki, qızın və ya gəlinin ana və atası hədiyyə gətirənləri önlərində üzərrik yandıraraq qarşılayarlar, hədiyyələri hörmətlə götürüb evdə otağına düzürlər. Hədiyyələri gətirənlərə pul, yun corab kimi hədiyyələr verilir. Qız və oğlan tərəfləri birlikdə şənlik edirlər. Gətirilən hədiyyələrdən ertəsi səhər qonum-qonşuya pay göndərilir. Bu da xalqımızın çox dəyərli adətlərindən, bayramlaşma ənənəsindən irəli gələn məsələdir. Etnoqraflar onu da deyir ki, "çillə gecəsi" həm də düyü plovu bişirilir. Bişirilən bu plovun çillələr müddətində xoşbəxtlik gətirəcəyinə inanılır. Gecə boyunca mahnılar oxunur, kos-kosa, bəxt açma, qapı dinləmə kimi ənənəvi kənd oyunları oynanılır. Babalar, nənələr uşaqlara nağıllar, hekayələr danışır, bilməcələr söyləyir.

Mərasimlər sistemimizdə xüsusi yer tutan boz ay haqqında da danışmaq istəyirik. Etnoqraf alimlər qeyd edir ki, Azərbaycanda xalqın keçmiş ədət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır boz ay. Boz aya "yazın qırxlı çağı" da deyilir. Bu ayda hava gah günəşli, gah yağıntılı keçir. "Çoban aldatdı" yağışı da bu ayda çox görünür. Xalq arasında ağlayan-güləyən ay kimi tanınan boz ayın dörd çərşənbəsi var.

Qeyd edək ki, Azərbaycanın mərasim folkloru ilə məşğul olan alimləri çərşənbələri müxtəlif adlarla adlandırır. Bir qisim alimlər hesab edir ki, bunlar su, od, yeltorpaq çərşənbələridir və sonuncu həm də "ilaxır çərşənbə" adlanır. Novruz bayramından 4 həftə öncə xalqımız bu çərşənbələri xüsusi təntənə ilə qeyd edir. Bu çərşənbələrin qeyd olunmasının da öz tarixi kökləri var.

Filologiya üzrə fəlsəfə elmləri doktoru Qalib Sayılovun mediada gedən fikirlərinə görə, çərşənbələr yaradılış, yəni dünyanın, insanın yaranması ilə bağlı olan bir prosesdir.

Çərşənbələrin başqa cür adlandırılmasına gəlincə, başqa mərasim folkloru ilə məşğul olan alimlər su, od, yeltorpaq adlandırılmasına qarşıdır.

Bu alimlər hesab edir ki, qeyd edilən bu adların türk dünyagörüşü ilə əlaqəsi yoxdur. Su, od, yeltorpaq kultu "abi-atəş-xaki-bad" sisteminə uyğundur, burada isə türkçülükdən heç bir iz yoxdur.

Bu məsələ ilə bağlı daha geniş şəkildə araşdırmalar aparıb bu sistem barədə ətraflı danışacağıq. İndi isə barəsində danışdığımız əsas məsələ böyükkiçik çillə, eləcə də boz ay oldu. Əlbəttə, xalqımızın bayramlar və mərasimlər sistemində yer tutan bu mərasimləri yada salmaq, unudulan adətləri xatırlatmaq müsbət haldır. Mövzunu növbəti həftələrdə davam etdirəcəyik.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 20-22 fevral.- S.15.