"Şərqi-rus" qəzetinin naşiri, ana dili təəssübkeşi Məmmədağa Şahtaxtlı...

 

Azərbaycan mətbuat tarixinin hər səhifəsi maraqlıdır. Elə mətbu orqanlar olub ki, onlar Azərbaycan Xalq Cumhuriyyəti dönəminə qədərki mərhələdə milli maarifləndirmə istiqamətində böyük işlər görüb. Əlbəttə, XIX əsrin sonu - XX yüzilliyin əvvəllərində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunub. "Əkinçi"dən şirə çəkən bu mətbu orqanların başında xalqımızın çox görkəmli ziyalıları, fikir adamları, qələm sahibləri dururdu.

Bu artıq o zaman idi ki, bütün dünya çalxalanırdı, xalqlar, millətlər özünü təsdiqləmək üçün mübarizə meydanına atılırdı.

Onu da qeyd edək ki, çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat böyük nüfuza sahib idi. O illərdə Azərbaycan ziyalıları arasında ictimai-siyasi fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bu barədə mətbuat tarixini araşdıran alimlər məlumat verir.

Məlumatlara görə, hələ 1917-ci ilə qədər Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranıb. Burada Orucov qardaşlarının bu sahədəki fəaliyyətini xüsusi qeyd etməliyik. Mətbuat tarixçiləri bildirir ki, onların fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə də kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana fəaliyyət göstərirdi.

Azərbaycan milli mətbuatının cığırdaşlarından biri Məmmədağa Şahtaxtlıdır (Şahtaxtinski) ki, onun adını heç zaman unutmamalıyıq. Bildirək ki, Məmmədağa Şahtaxtlının Tiflisdə çıxardığı "Şərqi-rus" (1903-1905) qəzeti o zaman məşhur yeganə Azərbaycan qəzeti olub. Mətbuat tarixçiləri yazır ki, bu qəzetdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Abdulla Sur, Həsən bəy Zərdabi kimi məşhur ədib və şairlər iştirak edirdilər. Qəzet maarif, mədəniyyət, əlifba və dil islahatı məsələlərinə böyük əhəmiyyət verirdi. Şahtaxtlı-Şahtaxtinski Məmmədağa Məhəmmədtağı Sultan oğlu 1846-cı ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 12 dekabr 1931-ci ildə isə Bakıda dünyasını dəyişib. Şahtaxtlı həm publisist, həm şərqşünas, həm dilçi, həm pedaqoq, həm də ictimai xadim kimi cəmiyyətdə böyük nüfuza malik olub. Onu da qeyd edək ki, Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Universitetinin professoru (1920) olan Şahtaxtlı Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) qurtardıqdan sonra Peterburqda müstəqil yolla alman dilini öyrənir. Leypsiq Universitetinin fəlsəfə, tarixhüquq fakültəsini bitirir (1869). 1873-1875 illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləyir, fransız dilini öyrənir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb, türk, fars dillərində ədəbi və elmi əsərlər yazıb.

Şahtaxtlı jurnalistika, publisistika fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğul olub. Belə ki, o, Almaniyada Şərq tarixinə dair tədqiqatlarla başlayıb. Şahtaxtlının tədqiqatçıları qeyd edir ki, XIX yüzilliyin 70-ci illərində dərc etdirdiyi ilk məqalələrində liberal xalqçılığın təsiri duyulur. Tədqiqatçılar burada daha çox Şahtaxtlının əlifba islahatı sahəsində gördüyü işlərə toxunurqeyd edirlər ki, o, bu sahədə Mirzə Fətəli Axundovun ardıcıllarındandır. Qeyd edək ki, 1879-cu ildə Şərqdə əlifba islahatı tarixində ilk kitab -"Təkmilləşmiş müsəlman əlifbeyi"ni Tiflisdə nəşr etdirir. Bir müddət "Moskovskiye vedomosti" qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri işləyir. 1891-1893-cü illərdə Şahtaxtlı "Kaspi" qəzetinin müvəqqəti redaktoru təyin edilir. 1898-ci ildə Azərbaycan dilində "Tiflis" adlı qəzet çıxarmağa çalışır, lakin çar senzurası buna icazə vermədiyi üçün Şahtaxtlı yenidən Avropaya gedir, 1902-ci ilədək Parisdə yaşayır, Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs deyir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi AvropaAmerika mətbuatında müzakirə və mübahisələrə səbəb olur. Tədqiqatçılar bildirir ki, Şahtaxtlı Sorbonna Universitetində professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparır, Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) alır.

Şahtaxtlının tədqiqatçıları yazır ki, 1902-ci ildə o, Tiflisdə xüsusi mətbəə açır (sonralar "Qeyrət" adlanır), 1903-cü ilin martında ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzetinin nəşrinə başlayır. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi xidməti olub. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. Tədqiqatçılar yazır ki, "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Ə.Nəzmi kimi açıq fikirli ədib və mühərrirləri öz ətrafında birləşdirirdi. Bu yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin ("Molla Nəsrəddin") başlanmasına zəmin yaratdı. 1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilən Şahtaxtlı Duma bağlandıqdan sonra "Rossiya" (Peterburq) qəzeti redaksiyasında işləyir, 1908-1918-ci illərdə xaricdə (əsasən Türkiyə, İranİraqda) yaşayır. 1919-cu ildə vətənə qayıdır və Bakı Universitetinin yaradılmasında fəal iştirak edir, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. 1920-ci illərdə "Kommunist", "Bakinskiy raboçiy", "Qızıl Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirir, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edirdi. 1922-ci ildə Şahtaxtinskiyə fərdi pensiya təyin olunur.

Onu da vurğulayaq ki, elmi, tənqidi və publisist əsərlərində Şahtaxtlı müstəmləkəçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri və s. haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürürdü. Dövrünün qabaqcıl şəxsiyyətləri Şahtaxtlının ədəbi, elmijurnalistik fəaliyyətini yüksək qiymətləndirirdi.

Məmmədağa Şahtaxtlı irsini araşdıran Naxçıvan Dövlət Universitetinin əməkdaşı Toğrul Xəlilov XIX əsrin sonu-XX əsrin əvvəllərində Naxçıvanda elmin-maarifin inkişafında görkəmli maarifçi Şahtaxtlının böyük əməyi olduğunu qeyd edir: "O, ömrünün 50 ildən çoxunu xalq maarifi, məktəb və milli mətbuat məsələlərinə həsr edib. Onun pedaqoji irsində təhsilin ana dilində aparılması fikri mərkəzi yerlərdən birini tuturdu. Ana dilinin təlim roluna ayrıca əhəmiyyət verən Şahtaxtlı təhsilin yalnız ana dilində aparılmasını zəruri hesab edirdi. O yazırdı ki: "...İbtidai məktəb yalnız təhsilin ana dilində aparıldığı zaman yaxşı nəticə verər". Şahtaxtlı qeyd edirdi ki, məktəbdə verilən elmi biliklərlə tanışlıq üçün ana dili əsas vasitədir. Şagird ana dili vasitəsilə birbaşa təlimin məzmunu ilə tanış olmağa, ona yiyələnməyə başlayır. Ana dilinin inkişaf etdirilməsi məqsədilə Məmmədağa Şahtaxtlı 1906-1907-ci illərdə Tiflisdə üç hissədən ibarət "Ana dili" adlı dərsliklərini də nəşr etdirir. Təkcə bununla kifayətlənməyən Şahtaxtlının təkmilləşmiş müsəlman əlifbası Azərbaycan ictimai pedaqoji həyatında mühüm hadisələrdən biri olub. Onun Tiflisdə Tomson mətbəəsində 1879-cu ildə Azərbaycan və rus dillərində çap olunan "Təkmilləşdirilmiş müsəlman əlifbası" kitabı bu sahədəki ilk təşəbbüsünün nəticəsi kimi meydana çıxıb. M.Şahtaxtlı hələ sovet hakimiyyəti illərində latın əlifbasının ən fəal tərəfdarlarından biri kimi mübarizə aparırdı. Onun XX əsrin əvvəllərində Azərbaycan dili haqqında irəli sürdüyü təkliflər günümüzə qədər öz aktuallığını saxlamaqdadır. Eyni zamanda o, dilimizin adı haqqında da dəyərli araşdırmalar aparıb. Bu baxımdan onun təkmilləşdirilmiş müsəlman əlifba layihəsini (1879) Azərbaycan xalqının maariflənməsinə xidmət edə biləcək münasib əlifbamızın təcəssümü hesab etmək olar. Şahtaxtlının beynəlxalq əhəmiyyətə malik olan "Şərq latın əlifbası"nı o dövrdəki hökumətə təqdim etməsi Azərbaycan xalqının inkişafına hesablanan böyük təşəbbüs kimi mühüm əhəmiyyətə malikdir. Ona görə də Azərbaycanda və Rusiya imperatorluğunda bu əlifbanın əleyhdarları tərəfdarlarından artıq idi. Məsələn, Peterburqda çıxan "Mir islama" ("İslam aləmi") jurnalında "T" imzası ilə çap olunmuş "Zaqafqaziya müsəlmanlarının öz əlifbalarını islah etmək səyləri" adlı məqalədə qeyd olunub: "O (Şahtaxtlı-T.X.) bu münasibətlə bir neçə əlifba layihəsini nəzərdən keçirib və müsəlmanların mövcud ərəb əlifbasının təkmilləşdirilməsinin əleyhinə deyil. Bizcə cənab Şahtaxtlının 5 əlifba layihəsi mövcuddur. Bir çap olunmuş broşürada o, hər hərfin 4 müxtəlif işarəsini verib. Bu onun 4 səsli əlifbasından ibarətdir, lakin cənab Şahtaxtinski bu əlifba layihələrinə müvəqqəti münasibət bəsləyib".

XX əsrin əvvəllərində Şahtaxtlı tərəfindən hazırlanaraq bir neçə variantda çap olunmuş əlifba layihələrində, özünün 23 il əvvəl tərtib etdiyi "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsində də xeyli irəli gedib. O bu layihədə sait səsləri tərsinə yazılmış rəqəmlərlə əvəz edib. Həmçinin hərflərin yazılı və çap variantları arasındakı fərq azaldılıb. Bunlarla yanaşı, birləşdirmə üsulları təkmilləşdirilib və hərfüstü işarələr ixtisar olunub. Ona görə də Şahtaxtlı bu fikirdə idi ki, savadsız adam mənim əlifbamı bir neçə günə, ərəb əlifbasını bilməyən, lakin hər hansı bir dildə savadlı olan şəxs isə bir neçə saata mənimsəyə bilər.

Şahtaxtlının aşağıdakı əlifba layihəsinə diqqət yetirək. Qeyd edək ki, bu əlifba 48 hərf, 33 səsdən ibarətdir. Buradakı hərflərin 7-si qoşa sait, 36 hərf isə samit səslər kimi təqdim olunurdu. Ümumilikdə götürüldükdə bu hərflər işlənmə yerinə, qalın və incəliyinə, söz ortası və söz sonunda tələffüz formalarına görə 12 və 3 hərf yazılışını aydınlaşdırmaq üçün təklif olunurdu".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 4-6 iyul.- S. 15.