Heydər Əliyevin imzaladığı sənədlər dilimizin qorunması prosesində necə rol oynadı?

 

Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət ayrıldı. Azərbaycan dilinin, əlifbasının dövlətimizin əsas atributlarına çevrilməsi olduqca müsbət haldır.

Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra bu vacib məsələyə geniş yer ayırdı, diqqət göstərdi.

Onu da qeyd edək ki, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər mərhum Heydər Əliyev ana dili və əlifbaya dair bir neçə sənəd imzalayıb. Ana dilinin təəssübünü çəkən və azərbaycanlılığı ilə fəxr edən Heydər Əliyev prezidentliyi dövründə bu məsələyə hər zaman böyük hörmətlə yanaşıb.

Heydər Əliyevin 9 avqust 2001-ci il tarixində imzaladığı

"Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanda vurğulanır ki, 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. Sənədə tarixə nəzər salınaraq qeyd edilir ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilməsi məsələsi reallaşdırıldı: "Burada qeyd edilir ki, qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu: "Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyil, bu da onunvaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması ilə nəticələndi".

Qeyd edək ki, 2001-ci ildən Heydər Əliyevin imzaladığı Fərmanla respublikamızda Azərbaycan əlifbasına keçid baş verdi. 2001-ci il avqust ayından yeni əlifbadan istifadə müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə oldu. Bildiyimiz kimi, 1 avqust - Azərbaycan Dili və Əlifbası Günüdür. Bu əhəmiyyətli gün Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla təsdiqini tapıb.

2003-cü il 2 yanvar tarixində Heydər Əliyev Azərbaycan xalqına daha bir əvəzsiz töhfə verdi. Bu, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı idi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında (2003) ana dilinin inkişafı, hər yerdə işlək olması, qorunması və təbliği nəzərdə tutulurdu.

Heydər Əliyevin ana dilinə verdiyi böyük dəyər nəticəsində dilimiz XXI əsrdə də öz duruluğunu, təmizliyini, ana axarını qoruya bildi. Azərbaycan dili hazırda öz gözəlliyi, qədimliyi, poetikliyi, axıcılığı ilə diqqət mərkəzindədir. Sevindirici haldır ki, qeyri-millətlər də bizim ana dilimizi sevirbu dili öyrənirlər.

Milli Məclisin Mədəniyyət məsələləri daimi komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Heydər Əliyev və Azərbaycan dili məsələsini şərh edərək qeyd edir ki, Heydər Əliyevin bu sahədə rolu əvəzsizdir. N.Cəfərov Heydər Əliyevin "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur" fikrini irəli çəkərək bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsidir: "Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk illərdə ana dilinə - Azərbaycan xalqının milli dilinə böyük əhəmiyyət vermiş, bu dilin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olub. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin respublika dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği bunun nəticəsi idi. Rəsmi yığıncaqlarda ana dilində çıxış edən dövlət başçısı Azərbaycan dilinə böyük siyasi, ideoloji nüfuz qazandırırdı. Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri görüb:

- Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Əsas Qanunda - Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib;

- Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib;

- Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan dilində çıxıb;

- Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərsliyi Azərbaycan dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib;

- həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktiki olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olubs. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Lakin həmin illərdə, başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz volyuntarizmə, hərc-mərcliyə yol verilirdi. Xüsusilə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər milli dilin (dövlət dilinin) nüfuzuna mənfi təsir göstərdi:

- yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum "tədbirlər" görülməsinə başlandı ki, həmin "tədbirlər" nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrilib ana dilini (onun ictimai-siyasi nüfuzunu, normalarını, funksional üslublarını...) bütövlükdə təhlükə altında qoydu;

- Azərbaycanda yaşayan azsaylı xalqlara, etnoslara mədəni muxtariyyət vermək kimi volyuntarist bir hərəkətin rəsmi müdafiə olunması, on illər boyu qazanılmış tarixi uğurların itirilməsi həmin uğurlara (və dövlət dilinin nüfuzuna) barmaqarası münasibətin nəticəsi idi;

- geniş, hərtərəfli müzakirələr aparılmadan (nə ictimaiyyətin, nə də mütəxəssislərin rəyini öyrənmədən) ana dilinin "türk dili" adlandırılması, eləcə də kiril əlifbasından latın əlifbasına keçidin hazırlıqsız başlanması sonralar bir sıra problemlər törətdi;

- normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra "dövlət xadimləri"nin, "siyasi xadimlər"in müxtəlif çıxışları, məntiqsiz mülahizələri Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş normalarına, funksional üslublarına (ümumən ana dilinin əxlaqına) sayğısız, məsuliyyətsiz münasibət yaratmağa başladı və s.

Xalqın təkidi, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtmış Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və bu illərdə onun xüsusi diqqət yetirdiyi məsələlərdən biridil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu".

Professor qeyd edir ki, həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki:

a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları, istər-istəməz, ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;

b) Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "türk dili" adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik" hisslərini qızışdırırlar;

c) "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.

Bütün bunlar nəzərə alınaraq (eyni zamanda referendumun nəticələrinə əsaslanaraq) müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin adı "Azərbaycan dili" kimi qeyd edildi.

N.Cəfərovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi:

"2001-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi.

2001-ci ildə Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Latın qrafikasına keçid prosesi başa çatdırıldı. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.

Ümumiyyətlə, Azərbaycan xalqının ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tamamilə əminik".

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 10 iyul.- S. 13.