Azərbaycan dilinin qorunması, işlək olması, inkişaf etdirilməsi ilə bağlı rəsmi dövlət sənədləri...

 

Ana dili anamızın südü, atamızın çörəyi, Vətən torpağı qədər əziz və müqəddəsdir. Dilini bilməyən və sevməyən insan Tanrının da nəzərindən düşər. Hər bir xalq öz ana dili ilə fəxr edir, qürur duyur, onu yaşatmaq naminə mücadilələr verir. Bildiyimiz kimi, türk dil ailəsinə məxsus olan ana dilimiz tarixin müxtəlif dövrlərində sınaq qarşısında qalıb. Elə çağlar olub ki, ana dilində yazan şairlər, mütəfəkkirlər o qədər də çox olmayıb.

Bəllidir ki, ana dilimizin şəhd-şirəsi, gözəlliyi, ululuğu, təmizliyi əsrlər boyu xalq poeziyasının çiyinlərində olub. Biz bu fikirləri qeyd etməklə klassik şairlərin, mütəfəkkirlərin yazılarını, xidmətlərini inkar etmək niyyəti güdmürük. Klassik poeziyada da ana dilimizə yer verilib. Amma xalq poeziyası bütövlükdə bu dildə inkişaf edib, günümüzə gəlib çatıb. Dili hər zaman xalq yaşadıb, dil xalqın danışığında intişar tapıb. O da sirr deyil ki, dilin inkişafına dövlətin də dəstəyi, qayğısı böyük stimul verir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ana dilimizin inkişafına dövlət səviyyəsində qayğı göstərilməyə başlanıb. Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev həm sovet illərində, həm də yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan dili ilə bağlı böyük işlər görüb, bu sahədə sənədlər qəbul edib, qərarlar verib. Biz o sənədlər haqqında qəzetimizin keçən saylarında geniş danışıb, nümunələr gətirmişik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin dil siyasətini inamla davam etdirir. O, 12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam imzalayıb, 5 avqust 2004-cü ildə isə həmin Sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə "Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul edib.

Onu da qeyd edək ki, latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalayıb.

Tədqiqatçı İlham Abbasov Prezident Sərəncamını şərh edərkən qeyd edir ki, xalqın böyük əksəriyyəti tərəfindən tam razılıqla qarşılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və tədqiqinin yaxşılaşdırılmasını, işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutur: "Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir.

Fikrimizin təsdiqi üçün "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun bəzi müddəalarını yada salaq:

- Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur;

- Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir;

- Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələrindəndir;

- Bütün televiziyaradio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır;

- Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radios.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan ədəbi dilinin normalarına riayət olunmasını təmin etməlidirlər;

- Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklamelanlarda dövlət dili işlənməlidir;

- Azərbaycan Respublikası ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır;

- Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Göründüyü kimi, dil normalarının pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız ictimai rəy qarşısında deyil, həm də qanunvericilik normaları qarşısında məsuliyyət daşımalıdırlar. Qanuna hörmətlə yanaşmaq isə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ən mühüm amillərindən biridir".

Tədqiqatçı qeyd edir ki, müasir dünya xalqlarının və dövlətlərinin taleyində son dərəcə mühüm rol oynayan, ölkələrin sosial-siyasi, mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə stimul verən qloballaşma prosesləri bütün böyük hadisələr kimi, müsbət xüsusiyyətləri ilə yanaşı, bəzi mənfi cəhətlərə də malikdir. Onun bildirdiyinə görə, bu sırada ilk növbədə xalqların milli-mənəvi dəyərlərinin aşınmaya məruz qalmaunudulma təhlükəsini qeyd etmək lazımdır: "Bu hal milli-mənəvi dəyərlərin yabançı təsirlərdən qorunması zərurətini çağdaş dövrdə dünya xalqlarının qarşısında duran ən vacib vəzifələrdən birinə çevirib.

Şübhəsiz ki, hər bir xalqın mənəvi sərvətləri sırasında həmin xalqın ana dilinin heç bir dəyərlə müqayisəyə gəlməyən müstəsna əhəmiyyəti var. Ana dili xalqın varlığını təmin edən ən dəyərli amildir. Xalq bütün maddi və mənəvi sərvətlərini, hətta torpaqlarını itirib yalnız dilini saxlasa, öz varlığını qoruyub mühafizə edə bilər. Lakin, tarixin də dəfələrlə sübut etdiyi kimi, bütün sərvətlərini saxlayıb, dilini itirən xalq məhvə məhkumdur. Ana dili yalnız sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən mənəvi varlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, əsas mənəvi dəyər kimi onun toxunulmazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ən başlıca vəzifəmizdir. Vətəndaşların bir qisminin düşüncəsinə görə, dilimizin qorunması uğrunda mübarizəyə zəruri ehtiyac yoxdur. Onların fikrincə, Azərbaycan dilinin başı üzərində ciddi narahatlığa səbəb ola biləcək real təhlükə duyulmur. Nəinki daxil olduğu türk dilləri ailəsində, eləcə də mədəni dünyanın inkişaf etmiş dilləri sırasında lüğət tərkibinin zənginliyi, qrammatik sisteminin mükəmməlliyi, üslubifunksional imkanlarının genişliyinə görə heç bir dildən geri qalmayan, on milyonlarla insanın ünsiyyət vasitəsi kimi işlənən, geniş şəbəkəli informasiya vasitələri, radioteleviziya kanalları, nəşriyyatları, elmi-tədqiqat müəssisələri, zəngin klassikmüasir ədəbiyyatı, minlərlə orta, onlarca ali məktəbi əhatə edən təhsil sistemi, nəhayət, suveren bir dövlət tərəfindən təmin edilən dövlət dili statusu olan Azərbaycan dilini nədən, ya kimdənsə qorumağa, onun taleyi üçün narahatlıq keçirməyə nə hacət?

Bu cür düşünənlərin, əlbəttə, öz məntiqi var, ancaq, təəssüf ki, real vəziyyət onların düşündüyü qədər sadə və birmənalı deyil".

Azərbaycan Respublikasının Prezidenti son 10 ildə Azərbaycan dilinin inkişafı, müdafiəsi, uzunömürlü olması, qloballaşma dalğasına tab gətirməsi üçün bir neçə sənəd imzalayıb. Bu sənədlər haqqında oxucularımızın da məlumatı var. Prezidentin 23 may 2012-ci ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamı bu sənədlərdən ən mühümlərindən biridir. Onu da vurğalayaq ki, Sərəncamda ana dilin qorunması məsələsi əsas şərt kimi irəli çəkilir: "Ölkəmizin zaman-zaman müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta ən ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mənəvi dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin edib. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı tarixi sənədlər sayəsində ədəbi dilimizin fəaliyyət meydanı daha da genişlənib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb, bütünlüklə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb. Bununla yanaşı, son dövrdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmir. Nəticə etibarilə, dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

Sərəncamda o da qeyd edilir ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunüfuzunun yüksəldilməsi, həmçinin gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi daim diqqət mərkəzində saxlanmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramı dil haqqında indiyə qədər qəbul edilmiş digər sənədlərdən fərqli olaraq yalnız mövcud vəziyyəti dəyərləndirmir, həm də ədəbi dilimizin qorunması və inkişaf etdirilməsi, ümumən dil siyasəti sahəsində qarşıda duran vəzifələri müəyyənləşdirir. Sənəddə qeyd olunurdu: "Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 11-13 iyul.- S. 15.