«Kaspi», «Ziya», «Ziyayi-Qafqaziyyə» - mətbuat tariximizin parlaq səhifələri...

 

Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub. 1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki - «Əkinçi» meydana gəldi. «Əkinçi»yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü.

 «Əkinçi» isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, «Əkinçi»nin açdığı cığırla «Kaspi», «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül» və digər nəşrlər gedib.

Qeyd etdiyimiz kimi, Bakıda rus və Azərbaycan dilində qəzetlər nəşr edilməyə başlayıb. Mətbuat tarixini tədqiq edən alimlər bildirir ki, 1876-cı ildə Bakıda rus dilində «Bakinskiye izvestiya» nəşrə başlayır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idigeneral-qubernator D.S. Staroselskinin təşəbbüsü ilə buraxılırdı. Onu da bildirək ki, tədqiqatçıların yazdığına görə, Staroselski 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə də kömək edib. Onun «Bakinskiye izvestiya» qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açıb və çapçılar dəvət edib. 1888-ci ildən sonra qəzet «Bakinskiy torqovo-promışlennıy listok» adı ilə çıxıb.

1894-cü ilin yanvarından «Bakinskiye qubernskiye vedomosti» adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlayır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxıb.

Tədqiqatçıların yazdığına görə, adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlarteleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində «Kaspi» qəzeti daha uzun ömür sürüb, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirib. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxıb.

1881-ci ildə Bakıda rus dilində nəşrə başlayan «Kaspi» qəzeti özünəməxsus iz qoyub. Mətbuat tariximizdə adı hər zaman qeyd edilən bu qəzet çox görkəmli imzaları öz ətrafına toplayıb.

Tədqiqatçıların yazdığına görə, qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin olub. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra bir müddət həftədə 3 dəfə çıxırdı. 1884-cü ilin yanvarından isə gündəlik olur. 1881-ci ildən 1887-ci ilədək qəzeti V.V.Kuzmin redaktə edir. Tədqiqatçılar qeyd edir ki, əvvəllər qəzet 400-420 nüsxə tirajla çıxırdısa, 1887-ci ildə bu rəqəm 1.000-ə qalxır. Elə bu ildən etibarən qəzet müntəzəm çıxmağa başlayır.

Tədqiqatçılar bildirir ki, 1887-ci ilin yanvarında V.V.Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan polkovnik-leytenant E.İ.Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V.P.Liçkus-Xomotov (1887-1888), bir müddət «Qafqaz» qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888-1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsində Nikolay Aleksandroviç Sokalinskini görürük. N.Sokalinski «Kaspi» qəzetinə 8 il redaktorluq edir (1889-1897). Onun fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S.K.Mixaylov (1890), M.A.Şahtaxtinski (1891-iyun-avqust), M.A.Uspenski (1892), K.M.Karyagin (1894-1897, müxtəlif illərdə) redaktorluq ediblər. 1897-ci ildə qəzetin tirajı 2.400-ə qalxır. Tədqiqatçılar yazır ki, 1897-ci ildə N.Sokolinskinin ölümündən sonra «Kaspi» qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verir. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (sovet illərində Kommunist, hazırda isə İstiqlaliyyət küçəsi-İ.S) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub.

Onu da bildirək ki, 1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A.Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı. Tədqiqatçılar yazır ki, «Kaspi» qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılıb. Təsadüfi deyil ki, qəzet ilk nömrəsindən başlayaraq süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda, üslubda müdafiə edirdi. Bu qəzetdə H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.A.Şahtaxtinski və başqaları kimi publisistlər də çıxış edirdi. Onların qaldırdıqları məsələlər qəzetin ümumi məsləki ilə daban-dabana zidd idi.

Müxtəlif vaxtlarda «Kaspi» qəzetinin səhifələrində Azərbaycanın məşhur maarifçi-demokratları M.Mahmudbəyov, F.Köçərli, rus müəlliflərindən N.Kozerenko, E.Bondarenko və başqaları iştirak ediblər.

1902-ci ildə C.Məmmədquluzadə Dəlmə bağları haqqındakı ilk məqaləsini «Kaspi» qəzetinə göndərir. Məşhur müəllim və ictimai xadim M.Sidqi qəzetlə sıx əlaqə saxlayırdı. Lənkəran ibtidai məktəbinin müəllimi Teymur bəy Bayraməlibəyov şifahi xalq ədəbiyyatını toplayıb qəzetdə dərc etdirirdi. Mahmud bəy Mahmudbəyov xalq dastanlarını təhlil edib rus oxucularına çatdırırdı.

Azərbaycan dilində Tiflisdə nəşr olunan «Ziya» («Ziyayi-Qafqaziyyə») qəzetindən də danışmaq istəyirik. Tədqiqatçılar yazır ki, «Ziya» («Ziyayi-Qafqaziyyə») həftəlik ədəbi, ictimai-siyasi qəzet kimi nəşr edilib.

Tədqiqatçılar bildirir ki, 1879-1880-ci illərdə «Ziya» (Tiflis, 76 nömrə), sonrakı illərdə «Ziyayi-Qafqaziyyə» adı ilə (1882-ci ildə-Tiflis, 1883-1884-cü illərdə Şamaxı, cəmi 183 nömrə) çıxıb. Qəzetdə S.Ə.Şirvani, N.Vəzirov, A.Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam ideologiyasını təbliğ edən yazılar da dərc olunurdu. Redaktorunaşiri Səid Ünsizadə idi.

Tədqiqatçıların araşdırmalarına görə, milli mətbuatdakı boşluğu «Əkinçi»nin bağlanmasından iki il sonra Səid Ünsizadə «Ziya» qəzeti ilə aradan qaldırdı. XIX əsrin sonu Azərbaycan milli mətbuatı tarixinə Həsən bəy Zərdabinin «Əkinçi»sindən sonra «Ziya» qəzeti öz möhürünü vurdu. Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunan Səid Ünsizadə iki aya yaxın orada çalışır. O, 1884-cü ilədək Tiflisdə yaşayıb və ruhani idarəsində çalışıb. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır. «Ziyayi-Qafqaziyyə» qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı sayında bu istək lakonik şəkildə təsvir edilib: «Neçə vaxt idi ki, mətbəə və mətbuat işini əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətalibin pinerəftinə şayistə yer yoxdur».

Tədqiqatçıların qeyd etdiyinə görə, mətbuat yaratmaq istəyini reallaşdırmaq üçün Səid əfəndi 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birinə düşmən edən cəhalətdir. Səid əfəndi «Ziya» qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərir: «Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsüzadənin ərizəsini, habelə «Ziya» qəzetinin məramnaməsini nəzərdən keçirib belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan) dilində nəşri xüsusi fayda verə bilər. Onu da qeyd edirlər ki, məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş edir». Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verilir. Mətbuat tarixini tədqiq edən alimlər bildirir ki, Senzura Komitəsi «Ziya»nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çinovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınıb. Nəşrinin ilk vaxtlarında «Ziya»ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi.

Tədqiqatçılar bildirir ki, «Ziya»nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlayır, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb edirdi.

1879-cu il yanvar ayının 14-də «Ziya»nın ilk nömrəsi işıq üzü gördü. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edildi. 7 şöbədən ibarət olan «Ziya»da aşağıdakı şöbələr fəaliyyət göstərirdi: dövlət sərəncamları, beynəlxalq agentliklərin elanları, xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər, məlumat göstəricisi və elanlar, felyetonlar.

Səid Ünsizadə «Ziya»nın nəşri üçün xüsusi mətbəə alır. Naşir bu münasibətlə yazırdı: «Necə bir lazıməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya söylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxi çıxaracayıq». Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan «Ziya» Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü.

Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması «Ziya»nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraq, qəzet «Ziya» adı ilə 76 nömrə çıxdıqdan sonra «Ziyayi-Qafqaziyyə» başlığı ilə nəşrini 1880-ci ilin dekabrından davam etdirir. «Ziya»nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməyib, yalnız texniki məqsəd daşıyıb. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək «Ziyayi-Qafqaziyyə»nin birinci nömrəsində yazıb: «Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız «Ziya»dan ötrü nəqş və nigah eylədikləri «Ziyayi-Qafqaziyyə» sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan «Ziya» qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu». Tədqiqatçılar yazır ki, Səid Ünsizadə «beş aydan bəri qiyami ətalətlə məsdər qalan» dedikdə heç də «Ziya»nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi «beş ay» dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılır.

 «Ziyayi-Qafqaziyyə» adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü il yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra «Ziyayi-Qafqaziyyə» bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstərir.

1883-cü ildə «Ziyayi-Qafqaziyyə» mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, qəzetin Şamaxı dövrü başlandı.

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 15 iyul.- S. 15.