Azərbaycan ictimai-siyasi fikir tarixində Əhməd bəy Ağaoğlu şəxsiyyəti...

 

Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri Əhməd Ağaoğlu-Əhməd bəy Ağayevdir. Əhməd Ağaoğlu ictimai xadim, jurnalist, pedaqoq və yazıçı kimi tarixə düşüb. Yüksək təhsilli, kübar, xalqın maariflənməsi, inkişafı üçün böyük işlərə imza atan Ə.Ağaoğlunun həyatı, fəaliyyəti hər zaman maraq doğurur.

Tədqiqatçıların yazdığına görə, Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.

Varlı fermer oğlu olan Əhməd bəy yüksək təhsil alıb. Tədqiqatçılar yazır ki, 1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renanprofessor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-PeterburqParisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

Ağaoğlunun tədqiqatçılarının qeyd etdiyinə görə, 1894-cü ildə Qafqaza fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Əhməd Ağaoğlunun fəaliyyətini tədqiq edən alimlər bildirir ki, o, əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayanbunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları 17 il sonra reallığa çevrilir. Bildiyimiz kimi, 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətində o dövr nəinki Şərqin, hətta Qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə baş verir - Azərbaycan qadınları seçkilərdə səsvermə hüququ qazanır. Bununla da Əhməd bəyin ideyaları gerçəkləşir.

Tədqiqatçılar yazır ki, Ağaoğlu Transqafqaziya Seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilirbu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynayır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difai" adlı özünümüdafiə təşkilatı yaradır.

Tədqiqatçılar yazır ki, 1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-rus"a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib yazırdı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır. Allah-taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndirib. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlarquşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyib, həmçinin Adəm övladına Allah-taala əmr etməyib ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar...".

Tədqiqatçılar bildirir ki, müəllif, "Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz"-deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək soruşurdu: "Bizim hasardivar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?" Osmanlı imperiyasında geniş vüsət alan "Gənc türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir.

Tədqiqatçılar qeyd edir ki, 1909-cu ilin oktyabrında İstanbul Darülfünunda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. 1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda "İttihad" və "Tərəqqi" təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olur.

Tədqiqatçılar bildirir ki, 1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cumhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulan, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir. Onu da qeyd edək ki, Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalistsiyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktorumüasir Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışır. Birinci Dünya Müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilir.

1923-cü ildə Qars vilayəti millət vəkili olaraq 2 çağırış TBMM-də (1923-1927) iştirak edir. Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat edib. Səməd Ağaoğlunun atasıdır.

Türkiyəli yazar Gülsərən Akalın "Türk düşüncə və siyasi həyatında Əhməd Ağaoğlu" kitabında bu böyük şəxsiyyətin ömür yolunu işıqlandırıb. Tədqiqatçı yazır ki, Əhməd Ağaoğlunun ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir: "Xüsusilə böyük babası

Mirzə İbrahim Şuşanın ən məşhur ziyalılarından sayılırdı. O, xəttat iditürk dilində şeirlər yazırdı. Əhməd Ağaoğlunun əmiləri türk dilindən başqa fars, ərəb və rus dillərini də bilirdilər. Qısası, bütün ailə Şuşada elmi ilə tanınmışdı.

Xüsusilə Mirzə Həsənin dayısının ailəsi Qarabağın ən tanınmış elm ocaqlarından idi. Ə.Ağaoğlu uşaqlıq vaxtlarından belə bir ailədə yetişmişdi. Əhməd Ağaoğlunun təhsilində anasının və əmisinin böyük rol oynamış olduğu xatirələrində göstərilir. Mirzə Məmmədin ona

6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutduğunu yazan Ə.Ağaoğlu əmisinin onun müctəhid olmasını istədiyini bildirir. Anasının dindar olmasına baxmayaraq, axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Ə.Ağaoğlu onun dindarlığını köçəri türk xarakterinə uyğun bir iman kimi qiymətləndirir. Anasının bu görüşlərinin təhsilinin istiqamətini dəyişdirdiyini qeyd edən Ə.Ağaoğlu xatirələrində onu Kərbəlayi Mualladan, Nəcəfüaşrafdan Peterburqa və Parisə istiqamətləndirən insanın anası olduğunu yazır. Altmış yeddi yaşında xatirələrini yazarkən bu halların onu çətin vəziyyətə saldığını, Şərqlə Qərb arasında qalmasında ilk amil olduğunu qeyd edir.

Qərb mədəniyyəti ilə geri qalmış Şərq arasında qalarkən və Şərqə özünü tanıda bilməyəndə anasına "digər azərbaycanlı gənclər kimi məni də Kərbəlaya, Nəcəfə göndərsəydin, axund, mollaya dayısının dediyi kimi, müctəhid olsaydı, həyatını rahat keçirəcəyini" söyləyərək sitəm edərdi. Ə.Ağaoğlu xatirələrində Şuşada türklərin və ermənilərin birgə yaşadıqlarını, ermənilərin çoxdan rus məktəblərində oxuduqlarını və yerli rus idarələrində işlədiklərini, türklərdən fərqli tərzdə yaşadıqlarını göstərir. Ə.Ağaoğlu məhəllə məktəbində oxuduğu vaxtlarda evə gələn axunddan fars və ərəb dillərini öyrənmiş, digər tərəfdən də erməni gəncindən rus dili dərsləri alıb. Dörd ildə fars və ərəb dillərini öyrənə bilmədiyini, lakin rus dilini üç ayda öyrəndiyini yazan Ağaoğlu sonralar bu axunddan riyaziyyat, tarix, coğrafiya dərsləri aldığını, bu dərslərin pulunu isə anasının gizli ödədiyini və bunu da hamıdan gizlətdiyini qeyd edir. Ə.Ağaoğlu ermənilərin istəyi ilə şəhərdə 10 sinifli orta məktəb açıldığını, Qarabağ canişininin müsəlman əhalini toplayaraq uşaqlarını bu məktəbə qoymalarını tələb etdiyini, atasının da vədinə əməl edərək onu Rus Gimnaziyasına göndərdiyini qeyd edir. Bu məktəbdəki müəllimlərindən ikisinin ona böyük təsiri olub. Onlar tarix müəllimi Şineyovskiriyaziyyat müəllimi Palekarp idi. Ə.Ağaoğlu bu iki müəllimini böyük hörmət və ehtiram hissi ilə yad edir. Çar rejiminin amansız düşməni olan bu müəllimlərin işlədiyi məktəb də digər məktəblər kimi inqilabi təbliğatların aparıldığı mərkəz idi. Ancaq inqilabdan danışmaq, inqilaba dair kitablar oxumaq qadağan olunmuşdu. Müəllimlər də inqilabın tərəfdarı olduqları üçün burada qadağalara çox əhəmiyyət verilmirdi. Rusiyada yaranan düşüncə axınları müəllimlərin səyi nəticəsində Qarabağ dağlarına qədər gəlib çatırdı. Məktəbdə fərqli mühit və fərqli düşüncələrlə qarşılaşan Ağaoğlu evdə isə tamamilə məktəbdən fərqli mədəni mühitlə əhatə olunmuşdu. Ə.Ağaoğlu həyatında ilk dəfə Qərb ideologiyası ilə bu məktəbdə tanış olub. Ə.Ağaoğlu 45 sinif yoldaşından yalnız üçünün türk olduğunu, digərlərinin isə xristian olduğunu qeyd edir. Şagirdlərin çoxu tanıdığı erməni uşaqları olduğundan, özünü yad hiss etmir, ona yad olan məktəb və müəllimləri olduğunu yazır. Ə.Ağaoğlu bu məktəbə daxil olduqdan sonra məhəllə məktəbi ilə rəsmi orta məktəb arasındakı fərqi görüb. Gördüyü digər fərq isə müəllimlər arasında idi. Nəticədə düşüncəsində suallar çoxalıb. Məhəllə məktəbindəki müəllimlərin nə qədər iradəsiz, üst-başları dağınıq, miskin olduqları, rəsmi məktəbdəki müəllimlərin isə nə qədər canlı, təmiz və səliqəli olduğunu görüb. Ağaoğlu çox illər sonra yazdığı xatirələrində bu halın səbəbini tapa bilməyib. Ə.Ağaoğlu bu fərqliliyin onun mənəvi varlığını iki yerə ayırdığını və daxilində iki fərqli varlıq yaratdığını bildirir. Bu iki varlığın bütün ömrü boyu mövcud olduğunu, birinin digərini əsla məhv etmədiyini dilə gətirərək həqiqətdə Qərb mədəniyyətindən öyrəndikləri ilə, böyüdüyü Şərqdən ayrıla bilmədiyini və bu iki mədəniyyət arasında çabalaya-çabalaya qaldığını bildirir. Ə.Ağaoğlunun yazılarında zaman-zaman meydana gələn ziddiyyətlər bu səbəbdəndir. O, Şərq-Qərb sintezini yaratmağa çalışarkən bu ikiləşmə bəzən yazılarına da yansımışdı. 1887-ci ildə orta məktəbin VI sinfini bitirən Ə.Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdə oxuyub. Ə.Ağaoğlu o dövrdə Tiflisin Rusiya üçün önəmli bir yer olduğunu qeyd edərək Rusiyanın düşüncə və siyasi axınlarının Tiflisdə yarandığını, hətta "daşnak" və "hınçak" komitələrinin burada təşkilatlanıb fəaliyyətə başladığını göstərir. Şuşadan gəlmiş bir Şərqli olaraq Tiflisdə gördüyü bir xüsusiyyət də buradakı məktəbdə türk və müsəlmanların sayca az olmasıdır. Oxuduğu orta məktəbdə yalnız özünün türk və müsəlman olduğunu bildirən Ə.Ağaoğlunun dostları gürcü, rus, erməni və bir neçə iranlı idi.

Tiflisdə hər bazar günü şeyxülislamı ziyarətə gedən Ə.Ağaoğlu müftinin evinin üzbəüz olduğunu, qapısının önündə rusca və türkcə fərqli yazılanları anlaya bilmədiyini xatirələrində dilə gətirir. Şeyxülislamın qapısında "Əli Təriqətinə Mənsub Qafqaz Müsəlmanlarının Dini İdarə Dairəsi", müftinin qapısında isə "Ömər Təriqətinə Mənsub Qafqaz Müsəlmanlarının Dini İdarə Dairəsi" yazılmışdı."

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 24 iyul.- S. 15.