I Türkoloji Qurultayda iştirak edən macar türkoloqu Gyula Mesaroş...

 

1926-cı il fevral ayının 26-dan martın 6-na qədər davam edən I Türkoloji Qurultay haqqında son illər üzə maraqlı faktlar, dəyərli bilgilər çıxır. Əlimizdə olan materiallardan məlum olur ki, I Türkoloji Qurultayda türk alimləri ilə yanaşı, Avropanın, Qərbin görkəmli şərqşünas, türkoloq alimləri də iştirak edərək qiymətli məruzələr, fikirlər bildirib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin ədəbiyyatşünaslıq, türkologiya elmi sahəsində apardığı tədqiqatlar bütün mənalarda çox dəyərlidir. Alim

I Türkoloji Qurultayda iştirak edən alimlər, onların fikirləri, irəli sürdükləri təklifləri araşdıraraq ortaya çox dəyərli tədqiqat işi çıxarıb.

"Macar alimi Mesaroş və I Türkoloji Qurultay" yazısında Asif Rüstəmli maraqlı fikirlər bildirib. 2011-ci ildə işıq üzü görən məqaləsində alim bu qurultayın əhəmiyyətini geniş şəkildə təhlil edərək yazır: "Ümummilli əhəmiyyət kəsb edən tarixi hadisələrin üstündən qərinələr, əsrlər keçsə də, o unudulmur, bayatlaşmır, aktuallığını qoruyub saxlayır, ibrətamiz örnəyə çevrilir. Türk xalqlarının tarixində və taleyində unudulmaz izlər buraxan, 1926-cı il fevralın 26-dan martın 6-dək Azərbaycanın paytaxtı Bakı şəhərində polyak memarı İ.K.Ploşkonun layihəsi əsasında ucaldılmış möhtəşəm "İsmailiyyə" (indiki AMEA Rəyasət Heyəti - A.R.) sarayının geniş iclas zalında gerçəkləşən Birinci Türkoloji Qurultay eyni soydan, kökdən olan, parçalanmış, bir-birindən iraq düşmüş xalqlar arasında birləşdirici missiyasına görə ortaq mənəvi dəyərləri ilk dəfə yüksək səviyyədə gündəmə gətirən, qartımış problemlərin üzərinə işıq salan əhəmiyyətli tarixi hadisə idi. Siyasi buqələmunların məhdud maraqlarına və məramlarına rəğmən qurultayın adında "Ümumittifaq" məfhumu yer alsa da, mahiyyət etibarilə bu toplantı SSRİ miqyasına, ittifaq hüdudlarına sığmadı, dünyanın ən görkəmli türkoloqlarını bir araya gətirən ali məclisə çevrildi, beynəlxalq statusa yiyələndi. Birinci Türkoloji Qurultayda dünya şöhrətli türkoloqlardan akademik Vasili Vladimiroviç Bartold, akademik Aqafangel Yefimoviç Krımski, akademik Sergey Fyodoroviç Oldenburq, professorlardan Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Sergey Malov, İlya Borozdin, Aleksandr Miller, Lev Жirkov, eləcə də SSRİ-nin türkdilli xalqları yaşayan bütün respublikaları, vilayətləri, bölgələri ilə yanaşı, Qərbi Çinin Uyğur vilayətindən, İran Azərbaycanından, Almaniyadan, Avstriyadan, Macarıstandan və Türkiyədən tanınmış alimlər və mütəxəssislər iştirak edirdilər".

Alim qeyd edir ki, Türkoloji Qurultayın çox fəal nümayəndələrindən biri-görkəmli macar türkoloq alimi, istedadlı etnoqraf, təcrübəli folklorçu, antropoloq, muzeyşünas, professor Gyula Mesaroş (Gyula Meszaros) Türkiyə nümayəndə heyətinin tərkibində professor Əli bəy Hüseynzadə və Məhəmməd Fuad Köprülüzadə ilə birlikdə Bakıya gəlib: "O, Azərbaycanın paytaxtında ilk dəfə olsa da, elmi ictimaiyyət arasında türkoloq, etnoqraf-alim kimi yaxşı tanınırdı.

G.Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olub, burada ali-ibtidai məktəbi bitirib, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil alıb.

Məlumdur ki, XVI yüzilliyin ortalarında Macarıstan Krallığının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının-Sultan Süleyman qanuni hakimiyyətinin nəzarəti altında olub. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırıb və doğmalaşdırıb. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyil. Bu sevgi ona ailədən və mühitdən gəlirdi...".

Alim yazır ki, gənc Gyula Mesaroş vətənə qayıtdıqdan sonra 1906-cı ilin payızında Beynəlxalq Orta və Şərqi Asiya Cəmiyyətinin Macarıstan Komitəsi tərəfindən Rusiyanın KazanSimbirsk quberniyalarına tatarçuvaş dilini, folklorunu, etnoqrafiyasını öyrənmək, araşdırmaq və materiallar toplamaq üçün elmi ezamiyyətə göndərilir. Rusiya Xarici İşlər Nazirliyinin icazəsi ilə 1908-ci ilin fevral ayının sonunadək Kazanda, Çeboksarda, Volqaboyu tatarçuvaş kəndlərində olan, saysız-hesabsız problemlərlə üzləşən Mesaroş elmi ezamiyyətini uğurla başa vurub, zəngin folklor materialları toplayaraq Budapeştə qayıdıb. O, 1908-ci il mayın 25-də Macarıstan Elmlər Akademiyasının geniş iclasında elmi ezamiyyətinin nəticələri ilə əlaqədar "Volqaboyu tatarlarçuvaşlar arasında" sərlövhəli məruzə etmiş, çıxışın mətni macar dilində çıxan "Etnoqrafiya" jurnalında (Budapeşt, 1908, 19, səh.227-238) dərc olunub. Gyula Mesaroşun toplayıb tərtib və tərcümə etdiyi zəngin mənəvi sərvət "Çuvaş folklor toplusu" (Əski çuvaş inanc abidələri) adı ilə iki cilddən ibarətdir. Mifoloji mətnlərdən, atalar sözlərindən, tapmacalardan, mahnılardan, nağıllardan ibarət olan bu antologiyanın birinci cildi 471 səhifədən ibarətdir və 1909-cu ildə işıq üzü gördü, ikinci cildin həcmi isə 540 səhifədir və bu kitab 1912-ci ildə nəşr edildi. Şifahi xalq yaradıcılığının 1011 səhifədən ibarət nadir nümunələrini "Çuvaş folklor toplusu" (Əski çuvaş inanc abidələri) sərlövhəsi ilə çuvaşmacar dillərində çapına nail olmaq türkologiya elmi üçün böyük hadisə idibu elmi nailiyyətlər onun gənc müəllifinə böyük şöhrət qazandırdı.

Gyula Mesaroş qədirşünaslıqla çətin ekspedisiyanın uğurla başa çatmasında ona köməklik göstərən həmkarlarına minnətdarlığını bildirməyə tələsərək Macarıstan Elmlər Akademiyasındakı hesabatının sonunda yazırdı: "S blaqodarnostyu vspominayu vsex, v kom vstretil dobrojelatelnuyu podderjku moim nauçnım stremleniyam, i prejde vseqo uçyonıx-qospod V.V.Radlova, N.F.Katanova i N.İ.Aşmarina, kotorım i prinoşu moyu iskrennuyu bloqadarnost za drujeskoye otnoşeniye i sodeystviye". ("Etnoqrafiya" jurnalı, Budapeşt şəhəri, 1908, 19, səh. 238).

Təsadüf elə gətirir ki, professor Gyula Mesaroş Kazan Universitetində ona ən çətin anlarda mənəvi dəstək verən akademik Vasili Vladimiroviç Bartoldprofessor Nikolay İvanoviç Aşmarin ilə 20 il sonra yenidən Bakının "İsmailiyyə" sarayının foyesində Birinci Türkoloji Qurultayın açılışı ərəfəsində böyük sevinc və fərəh hissi ilə görüşür. Təəssüf ki, professor Mesaroşun hesabatda adını vurğuladığı, böyük ehtiramla aradığı Kazan Universitetinin professoru, görkəmli türkoloq, etnoqraf, xakas xalqının ilk tanınmış alimi Nikolay Fyodoroviç Katanov qurultaya gələ bilməmişdi. Çünki Nikolay Fyodoroviç 1922-ci ildə dünyasını dəyişmişdi. Lakin onun əvəzinə qurultaya xakas xalqının digər nümayəndəsi, ikinci Nikolay Katanov təşrif gətirmişdi. Bu Nikolay Katanov tərcümə sahəsində çalışırdı və professor Nikolay Fyodoroviç Katanovun oğulluğu idi. O, qurultaya sonuncu günü gəlib çatsa da, sədrdən söz alıb tribunaya qalxaraq xakas xalqının latın qrafikalı əlifbasının yaradılması zəruriliyindən danışıb. Beləliklə, professor Gyula Mesaroş Türkoloji Qurultayın yaratdığı daha bir imkandan - KazandaÇeboksarda tanış olduğu, hörmət və ehtiram gördüyü dostlardan hal-əhval tutmaq, 20 il əvvəli xatırlayaraq bir daha onlara minnətdarlığını bildirmək şansından da səmərəli bəhrələnirdi".

Alim onu da qeyd edir ki, Anadolu türklərinin adət-ənənələrinin, xalq yaradıcılığının, etnoqrafiyasının cəfakeş tədqiqatçısı, fədakar folklor toplayıcısı, macar türkoloq-alimi, professor Gyula Mesaroş böyük dövlət xadimi, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün diqqətindən yayınmadı: "Qurtuluş savaşından və Cumhuriyyət elan edildikdən sonra Türkiyədə etnoqrafiya muzeyinin yaradılması ön plana çəkildi. Türkiyənin milli təhsil naziri Həmdullah Sübhi Tanrıver Etnoqrafiya Muzeyinin yaradılması üçün sabiq yoldaşı, professor G.Mesaroşu Ankaraya dəvət etdi. Macar aliminin Təhsil Nazirliyinə yazdığı 1924-cü il 29 noyabr tarixli hesabatda muzey işinin çoxşaxəli və uzunmüddətli yaradıcılıq prosesi olduğu xüsusi vurğulanıb. G.Mesaroş Bakıya, Birinci Türkoloji Qurultaya Türkiyə Etnoqrafiya Muzeyinin yaradıcısı statusunda dəvət alıb. Qurultayın ikinci günündə-fevralın 27-də professor G.Mesaroşa məruzə üçün söz verilib. O, "AnadoluBalkan türklərinin etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" haqqında geniş məruzə edib. Professor G.Mesaroş dünya türkoloqlarına Ankarada başladığı yeni işlə bağlı məlumat verməyi də unutmayıb: "İlyarım bundan əvvəl Türkiyə Cumhuriyyəti hökuməti Ankarada Türkiyə Etnoqrafiya Muzeyini təsis etdi. Bu müəssisənin vəzifəsi Anadolu türklərinin qədim və ənənəvi mədəniyyətlərinin ölməkdə olan abidələrini elmi üsullarla qoruyub saxlamaqdır. Muzeyin layihəsinin hazırlanması və bu sahədə əşyaların toplanması artıq ilyarımdır davam edir. İndiyədək gələcək sistemli kolleksiyalar üçün təməl ola bilən dəyərli materiallar toplanıb. Yaxın illərin proqramına ölkənin ayrı-ayrı vilayətlərinin tədqiqi və orada maddi mədəniyyət əşyalarının toplanması daxildir. Güman ki, Türkiyə hökumətinin xeyirxah dəstəyilə bir neçə il ərzində Anadolunun müasir etnik strukturu və etnoqrafiyası haqqında əyani təsəvvür əldə olunacaq" (1926-cı il I Bakı Türkoloji Qurultayı, (Stenoqrafik materiallar-A.R). "Çinar-çap", Bakı, 2006, səh.73). Professor G.Mesaroş geniş məruzəsində AnadoluBalkan türklərinin əski tarixinin, etnoqrafiyasının, antropologiyasının, linqvistikasının, şifahi xalq yaradıcılığının kifayət qədər mükəmməl tədqiq olunmadığını nəzərə alaraq türkoloqların diqqətini bu vacib problemin həlli istiqamətinə yönəltməyə çalışıb. O eyni zamanda məruzəsinin sonunda türkoloq alimləri əməkdaşlığa çağırıb, türk xalqlarının maddi mədəniyyət abidələrinin, xalq yaradıcılığı nümunələrinin müştərək toplanmasına, tədqiqinə və təbliğinə, qədim türk yurdlarına ortaq ekskursiya və ekspedisiyaların təşkilinə dəvət edib. Professor G.Mesaroşun fikrincə, "etnoqrafiya, daha geniş mənada götürdükdə isə etnologiya özünün xəlqi-psixoloji sisteminə malik müqayisəli elm kimi qarşısına ümumbəşəri mədəniyyətin mənşəyi sirrini açmaq vəzifəsini qoyur" və məhz bu nöqteyi-nəzərdən türk xalqlarının və elmin mənafeyi naminə səylərin birləşdirilməsi zərurətinin meydana çıxmasını təbii proses hesab edirdi. Professor Aleksandr Miller, Budapeşt Universitetinin məzunu, professor Bəkir Çobanzadə, eston ədəbiyyatşünası Artur Zifeldtb. qurultayda çıxış zamanı macar alimi, professor G.Mesaroşun həm qaldırdığı problemlərə müsbət münasibət bildiriblər, həm də onun türkologiya qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişlər. Görkəmli türkoloq, Peterburq Şərqşünaslıq İnstitutunun rektoru, professor, sonralar SSRİ Elmlər Akademiyasının həqiqi üzvühumanitar elmlər üzrə akademik katib, 1937-ci ildə sovet repressiyasına məruz qalmış Aleksandr Samoyloviç Birinci Türkoloji Qurultayda "Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri" adlı məruzəsində həmkarlarının, o cümlədən professor G.Mesaroşun mühüm xidmətlərini vurğulayaraq deyib: "...Bu gün bu tarixi qurultayımızda bizə başqırd dilinin öyrənilməsində iştirak edən alimlərdən birini-macar alimi professor Dr.Mesaroşu görmək səadəti nəsib olub".

Tədqiqatçı qeyd edir ki, onun digər bir həmyerlisi-macar türkoloqu Prole də başqırd dialektini öyrənib və nəticədə hər iki alimin əsərləri Macarıstan mətbuatında işıq üzü görüb. Onun sözlərinə görə, Aşmarindən başqa çuvaş dilinin hərtərəfli və ciddi tədqiqi ilə yenə də Dr. Mesaroş məşğul olub, ən yeni dövrdə isə fin türkoloqu Ramstedt və leninqradlı altayşünas Poppe çuvaş dilinə xüsusi diqqət yetirib" (1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqrafik materiallar). "Çinar-çap", Bakı, 2006, səh.135). Alimin qeydlərinə görə, ongünlük ciddi mübahisə və müzakirələrdən sonra 1926-cı il martın 6-da Azərbaycan Tədqiq və Tətəbbö (öyrənmə və araşdırma-A.R) Cəmiyyətinin təşkilatçılığı, Respublika Mərkəzi İcraiyyə Komitəsinin dəstəyi və rəhbərliyi ilə keçirilən I Türkoloji Qurultay Bakının "İsmailiyyə" sarayında öz işini başa vurub: "Qurultay qapansa da, onun başladığı milli-mənəvi dəyərlər mövzusu qapanmadı. Türkcə nəşr edilən "Kommunist" qəzeti özünün 8 mart tarixli 57-ci sayında qurultay materialları fonunda "xaricdən gələn professorlardan" macar alimi G.Mesaroşun, türk alimi M.F.Köprülüzadənin, alman alimi T.T.Mentzelin, Azərbaycan alimi Ə.Hüseynzadənin və Avstriya alimi P.Vittekin birgə şəklini dərc edib. "Yeni fikir" qəzetinin qurultay nümayəndələrindən aldığı müsahibələrdən ikisini təqdim etməklə türkoloqların birinci ali məclisi haqqında güman edirəm ki, obyektiv fikir yaratmaq olar:

Professor Mesaroş: "Qurultayın qəbul etmiş olduğu latın əlifbası türk-tatar xalqlarını hərsə (mədəniyyətə - A.R.) yanaşdırmaq üçün ən iyi bir vasitədir. Qurultay iclaslarında baş vermiş olan mübahisə Şuralar İttifaqında yaşayan türk-tatar xalqlarının oyanmasına dəlalət edir. Zənnimcə, bu qədər böyük bir kütlənin oyanışı Şuralar İttifaqı xaricində yaşayan Ural-Altay xalqlarının oyanışına təsir etməkdən xali qalmaz".

Professor Əli bəy Hüseynzadə: "Azərbaycanın bugünkü iqtisadi -mədəni vəziyyəti ilə onun çar vəqtində olan vəziyyətini müqayisə edirkən hər yerdə və qismən gözə çarpmaqda olan böyük tərəqqiyi qeyd etməyə bilməm.

Mən Azərbaycanın çar zamanındakı həyatını şəxsən görmüşəm.

Bu gün gördüyüm fəaliyyət bəni heyrətə salmaqdadır.

Azərbaycan kütləsinin bugünkü fütuhatı və tərəqqisini görürkən qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətəməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi mənim əsas qayəmi təşkil edir." ("Yeni fikir" qəzeti, Tiflis, 1926, 9 mart, n. 1035)".

Alim yazır ki, I Türkoloji Qurultayın sonrakı taleyi ilk növbədə xarici nümayəndələri, dünya türkoloqlarını sözün müstəqim mənasında heyrətə saldı. Alim yazır ki, II Türkoloji Qurultayın 2 ildən sonra Səmərqənddə keçirilməsi qərara alınsa da, bu əhəmiyyətli mədəni tədbir baş tutmadı": Qurultay nümayəndələri sonrakı illərdə təzyiq və təqiblərlə üzləşdi və nəhayət 1937-ci ildə onlara qarşı bolşevik rejimi tərəfindən soyqırım aksiyası həyata keçirildi. Bəzi hesablamalara görə, 131 nəfər qurultay nümayəndəsindən 100-ə yaxını sovet terrorunun qurbanı olubya uzunmüddətli həbslərə, sürgünlərə məruz qalıb. Vətəndən uzaqlarda, 1957-ci ilin soyuq yanvar ayında Nyu-York şəhərində dünyasını dəyişən professor Mesaroş uzun illər dostlarının və həmkarlarının Sovetlər Birliyində başlarına gətirilən müsibətləri, məşəqqətləri ürək ağrısı ilə izləyib. Onun digər bir həmyerlisi, macar alimi, professor Dyörd Hazai 2010-cu ildə "Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu" adlı Azərbaycan səfirliyinin (şəxsən səfir, professor Vilayət Quliyevin-A.R) Budapeşt şəhərində təşkil etdiyi V Beynəlxalq elmi konfransda SSRİ hüdudlarında baş verən məşum "1937" faciəsini Bakı türkoloqlarının Xirosiması adlandırıb. I Türkoloji Qurultayın qərarlarına qarşı törədilən siyasi maneələrə, iştirakçılarının həyatına edilən sui-qəsdlərə, "qırmızı terrora" baxmayaraq, türkoloqların birinci ali məclisi türk xalqlarının birliyinə, tərəqqisinə doğru atılan ilk mühüm addım idibu tarixi hadisənin amal və qayəsinin gerçəkləşməsində, türkologiya elminin inkişafında macar xalqının mətin və fədakar oğlu, professor Gyula Mesaroşun xidmətləri danılmazdır".

 

əvvəli var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 4 iyun.- S. 12.