Azərbaycanda kitab nəşrinə dövlət qayğısı...

 

Keçən yazıda Azərbaycanda kitab, bədii qəzet və jurnalların tarixinə, nəşrinə, dövriyyəsinə nəzər saldıq. Bu dəfə isə son illərdə dövlətin bu sahədə gördüyü misilsiz işlərdən danışacağıq. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatına, dilinə, kitab nəşrinə dövlət dəstəyi Azərbaycan dövlətinin mədəniyyətin bütün sahələrinə diqqət və qayğısı, bu istiqamətlərin inkişafına verdiyi dəyər əvəzsizdir. Bilirik ki, dövlət tərəfindən ədəbiyyatın dayaqlarının möhkəmlənməsi üçün çox ciddi tədbirlər həyata keçirilib.

Dövlətin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinin nəticələri çox müsbətdir. Bu da faktdır ki, artıq bir neçə ildir respublikada kitab nəşri sahəsində ciddi irəliləyişlər var.

Dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı böyük bir hadisədir. Bu nəşrlərin meydana gəlməsi Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə bir xidmətdir.

Qeyd edək ki, sözügedən sənəddə "Azərbaycanda latın qrafikalı əlifbaya keçilməsindən sonra ölkəmizdə uzun illər boyu nəşr olunmuş bədii, elmi, elmi-texnikis. ədəbiyyat nümunələri latın qrafikalı əlifba ilə təhsil alan gənclər üçün əlçatmaz olub. Bu problemi aradan qaldırmaq məqsədilə Azərbaycan dövləti müvafiq addımların atılmasını zəruri hesab edibbu sahədə bir sıra vacib işlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Hər iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək oxucuların ixtiyarına verilib. Proses indidavam etməkdədir. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm işlər görülüb" fikirləri vurğulanıb.

Ölkə başçısının müasir Azərbaycan oxucularının dünya ədəbiyyatına olan mənəvi tələbatını təmin etmək məqsədilə qərarına əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilib.

Bilirik ki, son illərə qədər Azərbaycan kitabxanalarında ciddi vəsait qıtlığı vardı, oxucular istədiyi ədəbiyyatı buradan çətin tapırdı. Amma Prezident sərəncamı ilə latın qrafikalı ədəbiyyatın çapı həyata keçirildikdən sonra kitabxanaların kitab təminatı yüksəlməyə başlayıb.

O da bədllidir ki, sənəddə "Azərbaycan kitabxanalarının latın qrafikalı ədəbiyyatla və elmin bütün sahələrini əhatə edən kitablarla təmin olunması elm və təhsilin fundamental bazası kimi bu proseslərdən kənarda qalmayıb. Ana dilimizin qorunması uğrunda həmişə mübarizə aparan, onun dövlət dilinə çevrilməsinə, zənginləşməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına çalışan ümummilli lider Heydər Əliyev çıxışlarında deyərdi ki, dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız vətənpərvərlik formulu yoxdur. Gənc nəsildən tələb edirdi ki, ana dilimizi təkcə sevməyin, həm də onu öyrənin. Bu sırada əlifbamızın latın qrafikası ilə əvəzlənməsi gündəmə gəldi. Çünki dil və əlifba təkcə anlaşmaq üçün ünsiyyət vasitəsi deyil, həmin xalqın dünyagörüşünün, düşüncə tərzinin, mənəvi varlığının ifadəsidir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsi xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı oldu" fikirləri öz əksini tapıb.

Kitab nəşrinin meydana gəlməsi əlifba ilə bağlıdır. Bu bilavasitə bağlılıq bəzən kitabları oxucular üçün əlçatmaz edib. Bu, əlifbanın müxtəlif dövrlərdə dəyişilməsi ilə bağlı olub. Azərbaycan xalqı tarixdə əlifba ilə bağlı bir neçə dəfə ağrı yaşayıb. O da məlumdur ki, Azərbaycan ilk dəfə rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçib. Ona qədər yazışmalarda ərəb qrafikalı əski əlifbadan istifadə olunurdu. Bir neçə il hər iki əlifbadan istifadə olunsa da, 1929-cu il yanvarın 1-dən sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoyur. Bu hadisədən 5 il sonra Türkiyə Cumhuriyyəti də ərəb qrafikasından imtina edərək latın əlifbasını qəbul etdi. Stalin Türkiyənin bu addımını SSRİ-də yaşayan türkdilli xalqlara yaxınlaşmaq niyyəti kimi qiymətləndirdi və 1939-cu ildə kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman respublikalarına tətbiq etdi. İmperiyanın rəmzlərindən biri kimi kiril əlifbasından SSRİ-nin süqutuna qədər istifadə olundu. İmperiya dağıldıqdan sonra, digər sahələrdə olduğu kimi, əlifbamızda da islahatlar aparıldı. Bu gün isə latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızda tam yerini tutub. 18 iyun 2001-ci il tarixində ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Bununla da latın qrafikasına keçid rəsmən başa çatdı. Ümummilli lider Heydər Əliyev əlifbamızın da inkişafına qayğı göstərib. Dilimizin inkişafı və latın qrafikalı nəşrlərin kütləviləşməsi üçün müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarda ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrildi.

Məlumat üçün deyək ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini, təfəkkürünü əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilərək gənc nəslə çatdırılması ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşib. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab nəşr edilərək kitabxanalara göndərildi, oxucuların ixtiyarına verildi. Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata ehtiyacının ödənilməsi istiqamətində mühüm addım atıldı. Sonrakı sərəncamlarda isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Dünya ədəbiyyatı tərcümələrinin yeni dövrünə nəzər salanda burada görülən işlərin müsbət cəhətlərini vurğulamaya bilmirik. Dövlətin bu sahəyə ayırdığı maliyyə vəsaiti, göstərdiyi qayğı təqdirəlayiqdir. Dövlət öz işini görür, amma bəzən mütəxəssislər, bu işə məsul olan ədəbiyyat adamları, alimlər məsuliyyətsizliyə yol verir. Son dövrlərin araşdırmalarından məlum olur ki, bəzi alimlər sovet illərində nəşr edilən xarici ədəbiyyat nümunələrini redaktə etmədən çapa təqdim edib. Amma bununla belə, ortada kifayət qədər uğurlu işlər də var.

Bu da aydındır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı hər il dövlət hesabına latın qrafikasında çap olunması vacib hesab edilən ictimai əhəmiyyətli kitabların siyahısı müəyyənləşdirilir və dərc edilir. Sənəddə də əks olunurdu ki, dünya ədəbiyyatından tərcümə olunan nümunələr arasında klassik, müasir, Nobel mükafatçıları olan müəlliflərlə yanaşı, dünya antologiyasından toplular da nəzərdə tutulub. Toplunun çapa hazırlanmasında elmi-yaradıcı işlərin görülməsi, əsərlərin tərcüməsi də nəzərdə tutulub (bilirik ki, artıq proses başa çatmaq üzrədir, sərəncama uyğun olaraq çox böyük işlər görülüb, əsərlər çap edilib-İ.S). Lakin burada problemlər tamamilə aradan qaldırılmayıb. Uşaq ədəbiyyatının nəşri ilə bağlı mütəxəssislər bildirir ki, uşaq ədəbiyyatı kiçik yaşlıların dünyagörüşünün, tərbiyəsinin formalaşması üçün nəzərdə tutulur. Lakin son zamanlar nəşr olunan kitablarda bunlar nəzərdən qaçırılıb. Valideynlərin əlini ciblərinə salması üçün ən gözəl fürsət uşaqlarla bağlıdır, nəşriyyatlar yalnız bunu unutmayıblar. Onların fikrincə, ədəbiyyatımızın ən kölgədə qalan sahəsi uşaq bölməsidir, bu bölməyə daim diqqət olmalıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi mühümuğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncamdır. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Dövlət başçısı milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çatdıraraq deyib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Onu da bildirək ki, kitabxanaçılar latın qrafikalı nəşrlərlə təmin olunmalarından danışarkən klassik ədəbiyyat nümunələrində heç bir problemin qalmadığını bildirir. Elmin və mədəniyyətin digər sahələrindən bəhs edən nəşrlər isə tədricən həyata keçirilir. Onlar etiraf edirlər ki, nəşrlərin yenidən latın əlifbasına çevrilib külliyyatla nəşr edilməsi və kitabxanalara paylanması asan deyil. Dövlət bu işin görülməsinə külli miqdarda vəsait ayırdı və nəzarətdə saxladı. Ona görə də çox keçmədən kitabxanalar latın qrafikalı kitablarla zənginləşdi. Demək olar ki, oxucular kitabxanadan əliboş qayıtmır.

Bu kitab nəşri sahəsində kifayət qədər uğurlarımız var. Dövlət qayğısı sayəsində nəşriyyat və mətbəələr ayağa durmağa başlayıb, şəhərimizin ən müxtəlif yerlərində, böyük şəhərlərdə kitab mağazaları fəaliyyət göstərir. Bu da faktdır ki, artıq bir qisim yazarlar çap olunan kitablarına görə qonorar alır. Bu gün bu sahədə irəliləyiş mövcuddur. Azərbaycan kitab bazarında istənilən müəllifin kitabını tapmaq mümkündür. Azərbaycan şairinin, yazıçısının, aliminin kitabı artıq beynəlxalq kitab sərgilərində nümayiş olunur. Əlbəttə, bu işə Azərbaycan dövlətinin həyata keçirdiyi qayğı siyasəti stimul verir.

 

əvvəli var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 11 iyun.- S. 15.