Bakı-2015-in möhtəşəm açılışı - Azərbaycan folklorunun, mədəniyyətinin təcəssümü...

 

Böyük xalqların mədəniyyəti böyük olur. Xalqımız da bu sırada dayanır. Azərbaycan mədəniyyətinin qədimliyini, ululuğunu, bu ululuqdan doğan möhtəşəmliyi, təsiri, bitkinliyi, insanlara yaşatdığı qeyri-adi heyrəti dəfələrlə müşahidə etmişik. Tarixi mədəniyyətimizin mövcudluğu, yaşı elə bu torpağın özü qədər qədimdir, zəngindir, əzəmətlidir. Bu adi pafosla deyilən söz kimi qəbul edilməli deyil. Həqiqətdir. Həqiqət isə özündə çox böyük mətləbləri cəmləyib saxlayır.

Azərbaycan yalnız mədəniyyəti ilə deyil, yerüstü sərvətləri, abidələri, təbii qədim yaşayış məskənləri, kurqanları, əski çağlarda yaradılan möhtəşəm gözəllikləri, flora və faunası ilə gözəldir. Qədim və əzəmətli dövlətçilik ənənələrinə sahib olan ölkəmiz Şərqlə Qərbin birləşdiyi bir ərazidə yerləşir. O da məlumdur ki, tarixən ölkəmiz bütün mənalarda insanların diqqətini çəkib. Bu da aydındır ki, xalqımızı tarixən musiqisinə, ədəbiyyatına, xalçalarına, keçmiş ustaların hazırladığı sənətkarlıq nümunələrinə görə tanıyıblar. Ancaq bu gün ölkəmiz dünyada Bakı-2015 Birinci Avropa Oyunlarının uğurla başlandığı, davam etdiyi, bu Oyunların tarixdə ilk dəfə keçirildiyi dövlət kimi tanınır. Avropa Oyunları yalnız idman hadisəsi deyil, bu, Azərbaycan dövlətinin, xalqının malik olduğu qədim mədəniyyətinin, insanpərvərliyinin, qonaqpərvərliyinin canlı nümunəsinin təqdim edildiyi bir fürsətdir.

Simvolu ceyrannar olan Bakı-2015 Birinci Avropa Oyunlarının iyunun 12-də keçirilən açılış mərasimində dünya tamaşaçıları böyük heyranlıqla Azərbaycanın cəlalına tamaşa etdi. Gizlin deyil ki, bizə həsəd aparanlar da az olmadı. Gördülər ki, biz yalnız yeraltı sərvətlərimizlə, daim inkişafda olan iqtisadiyyatımızla, şəhərimizin zəngin və qədim abidələri ilə varlı deyilik, həm də möhtəşəm mədəniyyətimizlə, tarixi kökümüzlə zənginik, varlıyıq.

Azərbaycan ev sahibi kimi qonaqların qarşısına əlidolu çıxdı. Azərbaycan etnoqrafları bildirir ki, Bakı-2015 Birinci Avropa Oyunlarının simvolunun narceyran seçilməsi təsadüfi deyil, bu, xalqımızın qədim ənənələri, mənəviyyatı ilə bağlı məsələdir. Etnoqraflar bildirir ki, Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, ceyrannar ölkənin qürurlu tarixiniümidverici gələcəyini əks etdirir. Alimlərə görə, bu cütlük Bakı-2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada Birinci Avropa Oyunlarının simvoluna çevriləcək.

Etnoqraflar bildirir ki, bütün dünyaya ceyran və narı təqdim etməklə bütövlükdə Azərbaycan ruhunu təqdim edirik. O da məlumdur ki, ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Etnoqraflar bildirir ki, ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir. Nar isə günəşi sevən, həyat eşqienerji ilə aşıb-daşan bir hissi ifadə edir.

Etnoqraflar onu da qeyd edir ki, Azərbaycan folklorunda, nağıl və bayatılarda, aşıq şeirində həm nar, həm də ceyran obrazı simvolik mənalarda işlənir. Nar əsasən bütövlüyün, xeyirsevərliyin, sirliliyin, nar dənələri sevinc kimi paylanmağın ifadəsi kimi göstərilir. Ceyran isə əsasən gözəlliyin, zərifliyin, incəliyin, sədaqətin simvolu kimi diqqəti çəkir. Xalq şeirində gözəllər ceyrana bənzədilir həmişə. Bu da xalqın öz qədim irsinə sadiqliyinin nişanəsidir. Bütün keyfiyyətləri ilə tarixə söykənən, xalqdan qaynaqlanan Azərbaycan mədəniyyəti Bakı-2015-in də əsas xətlərindən birinə çevrildi.

Bakı-2015-in açılışı qədimlərdən gələn muğam sədası ilə də yadda qaldı. Səhnədə göstərilən "Yallı" rəqsi isə tarixən birliyin, bərabərliyin, qardaşlığın, dostluğun simvolu kimi diqqəti çəkib. Bu da bəllidir ki, ulu əcdadlarımız Gəmiqaya, Qobustan kimi yerüstü təbii abidələrimizin üzərində "Yallı" rəqsi təsvir etməklə gələcək nəsillərə barış, sülh, qardaşlıq mesajları ötürüb. Etnoqraflar bildirir ki, "Yallı" rəqsinin səhnədə görünməsi Azərbaycan dövlətinin, xalqının qardaşlığa, dostluğa sadiqliyini bir daha təqdim edib. Şişirdilmiş 20 min "nar dənəsi"nin tamaşaçıların üzərinə dağılması isə insanlara sevgi bəxş edib. Etnoqraflar qeyd edir ki, bu "nar dənələri" sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.

Tədbiri izləyən sənətşünas, etnoqraffolklorşünaslar bildirir ki, səhnədə təqdim edilən mənzərələr tamamilə Azərbaycan ruhunu özündə ifadə etməyə qadirdir. Qurulan səhnələri izləyənlər Xəzər dənizi sahilində qədim dövlətçilik irsinə və zəngin mədəniyyətə sahib olan bir dövləti və xalqı görə bildi.

Etnoqrafların bildirdiyinə görə, xalq artisti Alim Qasımovun uçan xalça üzərində səhnədə görünməsinin simvolik mənası dərindir. Onların bildirdiyinə görə, bu, ilahi musiqi olan muğamın Azərbaycan xalqının həyatında böyük yer tutmasını göstərir. Etnoqrafların fikrincə, Azərbaycan nağıllarında xalça, xüsusən də uçan xalça ilə əlaqədar çoxlu təsvir var. Onlar hesab edir ki, uçan xalçanın mənası xalçaçılığın Azərbaycan xalqının qədim sənət növü olduğunu göstərməklə yanaşı, həm də onun keçmişdən yazılan bir məktub olduğunu ifadə etməsidir. Uçan xalça həm də müasir Azərbaycanın inkişafına, irəliyə, sülhə və dostluğa sarı uzanan diləkləri kimi də anlaşıla bilər. Etnoqraflar bildirir ki, bu həm də muğamın, xalçanın Azərbaycan xalqına aid olduğunu ifadə edir. Səhnədə təsvir edilən çat-çat olan torpaq üzərində dolaşan qadının Azərbaycanın ilk sakinlərindən olduğunu deyən etnoqraflar bildirir ki, onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni bu yerlərdə əbədi həyatın simvolu kimi xarakterizə edilə bilər. Səhnədə insanın yaranışında əsas rol oynadığı bildirilən su, od, torpaqyel ünsürünün də təcəssümü insanların xəyalını daha uzaqlara aparıb. 50 nağaraçalanın səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsinin ifa edilməsi bizi çox əski çağlara aparır. Bu lap qədimlərə bağlı məsələdir. Qobustan abidəsinin, qayalığının səhnədə təsviri öz qeyri-adiliyi ilə diqqəti çəkir. Etnoqraf və sənətşünaslar bildirir ki, Qobustan Azərbaycan xalqının əcdadlarının minillər boyu yaşadığı, formalaşdığı bir ərazidir. Kamil insan düşüncəsinin yaratdığı qayaüstü təsvirlər-sadə insanheyvan fiqurları, rəqs səhnələri bu xalqın qədimliyinə işarədir.

Səhnəni bürüyən həzin, yanğılı balaban səsi, balabandan qopan Azərbaycan xalq mahnısı "Sarı gəlin" sədasını şərh edən folklorşünaslar bildirir ki, balaban xalqımızın ən qədim nəfəsli alətidir, "Sarı gəlin" də balaban qədər əskidir, qədimdir. Ulu əcdadlarımızın yaratdığı "Sarı gəlin" tarixən balabanda ifa edilib. O da məlumdur ki, uzun illərdir ermənilər həm balabana, həm də "Sarı gəlin"ə əl uzadır. Folklorşünaslar bildirir ki, hər ikisinin beynəlxalq aləmə təqdimatı yerində oldu. Fikrət Əmirovun "Min bir gecə" baletinin uvertürası ilə müşayiət olunan gecədə dünyanın yaranışı, gərdişi, Azərbaycan insanının milyon illərə sığmayan ruhu canlanıb. Səhnədə tamaşaçıların tez-tez müşahidə etdiyi qadın və kişi personajlarını şərh edən etnoqraflar bildirir ki, bu, Şərqdə, Azərbaycanda əsrlər uzunu vəhdət təşkil edən və bu gündavam etdirilən kişi-qadın bərabərliyinə bir işarədir. Odlar diyarı Azərbaycanın səhnədə kiçik, lakin mənalı təcəssümünü şərh edən sənətşünaslar bildirir ki, Birinci Avropa Oyunlarının məşəlinin də oddan qaynaqlanmasını, eyni zamanda da səhnədə yanan lövhəni Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərə saymalıyıq. Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın açılış mərasimindəki çıxışında səsləndirdiyi aşağıda qeyd olunan fikirlər maraqla qarşılandı: "Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, İlk Avropa Oyunları Bakıda keçirilir". Bakı Olimpiya Stadionunun üzərində iri buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı görünməsi haqda danışan alimlər qeyd edir ki, bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən siluetidir. Bu mənzərəni izah edən tədqiqatçılar bildirir ki, əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun Buğanın belindəki təsviri qitənin rəmzidir.

Səhnədə Azərbaycan xalqının dahi şairi, mütəfəkkiri, dünya ədəbiyyatında özünə böyük yer tutan Nizami Gəncəvinin obrazının səhnədə təcəssümü haqda alimlər bildirir ki, şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiqurunun olması da tarazlığa, nizamlılığa bir çağırışdır. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Səhnədə gerçək bir Şərq aləminin canlanması doğrudan da təsirli oldu. Bu, Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının dünyaya layiqli təqdimatı kimi yadda qaldı. Stadionun mərkəzində havadan asılmış iri tərəzidəki qadın və kişi fiquru Leyli və Məcnunu rəmzləşdirib. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.

Etnoqraflar bildirir ki, gecədə ən təsirli məqamlardan biri kimi çoxlu sayda rəqqasənin ifası və ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazının yaranması olub.

Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimində səhnədə canlandırılan hər bir hadisənin, görüntünün böyük mənası, geniş məzmunu, daşıdığı ideya olduğunu qeyd edən etnoqraflar qeyd edir ki, həm mərasimi stadionda canlı izləyənlər, həm də televiziya tamaşaçıları təqdim edilən bütün nümunələrdən zövq alıb və bunlar hamısı Azərbaycanın Şərqlə Qərbin, Avropa və Asiyanın ayrılmaz hissəsi olduğunu ifadə edib.

Odlar diyarında başlanan Birinci Avropa Oyunlarının açılış mərasimi uzaq-uzaq ellərdə də izləndi. Onlar burada gerçək Azərbaycanı gördü. Hesab edirik ki, Azərbaycanı olduğugöründüyü kimi görmək, hiss etmək əcnəbi tamaşaçılar üçün çox xoşdur.

 

İradə SARIYEVA

Bakı xəbər .-2015.- 17 iyun.- S. 10.