Elm və təhsilin inkişaf etdirilməsi

 

Elm və təhsil hər bir dövlətin, xalqın əsas sütunlarından, dayaqlarından biridir. Elmsiz, təhsilsiz cəmiyyət inkişafa, tərəqqiyə, uğura sarı addımlaya bilməz. Çünki mayası, özəyi olmayan cəmiyyətin formalaşması mümkünsüzdür.

Azərbaycanda elmin inkişafına hələ qədim zamanlardan böyük əhəmiyyət verilib. Bilirik ki, tarixən müxtəlif dövrlərdə Azərbaycan alimləri yaşayıb, yaradıb, nəinki milli elm tariximizdə, hətta dünyanın elm tarixində hadisə olan əsərlər yazıb, kəşflər edib, məktəblər yaradıblar. Bu gün o məktəblər dünyanın elm tədqiqatçıları tərəfindən öyrənilir, tətbiq edilir.

Müstəqil Azərbaycan da elm və təhsilin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dövləti son illər hər iki sahədə böyük islahatlar həyata keçirib, bir-birilə sıx bağlı olan bu istiqamətlərin, sahələrin inkişafına yönələn tədbirlər həyata keçirib. Azərbaycanda elm siyasətinin yenidən müəyyən edilməsi, onun müxtəlif istiqamətinin təkmilləşdirilməsi, bu yöndə yeniliklərin tətbiqi çağdaş elmimizin dünya elmi ilə uzlaşmasına gətirib çıxarıb. Bu müsbət hadisə ölkənin elm ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Məlumdur ki, illər əvvəl Azərbaycanda elm və təhsil sahəsinin vəziyyəti elə də ürəkaçan deyildi. Bu gün alimlərin, elm adamlarının, təhsil işçilərinin gün-güzəranı, onların əməyinin dəyərləndirilməsi sahəsində bir sıra addımlar atılıb. Elm adamlarının bu sahə ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Ölkənin baş elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göstərilən dövlət qayğısı, AMEA-nın elmi-tədqiqat institutlarının yüksək səviyyədə fəaliyyət göstərməsi, gənc elm adamlarının yetişdirilməsi üçün həyata keçirilən tədbirlər, yaradılan şərait təqdirəlayiqdir. Dövlətin elmə diqqəti sayəsində bu elm məbədinin şöhrəti yenidən özünə qaytarıldı.

Məlum olduğu kimi, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən birielm, təhsil sahəsinə göstərilən ardıcıl, davamlı münasibətdir. Bu sahələrə göstərilən qayğının məqsədi elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olub. Elm siyasəti haqqında qanunun əsas istiqamətini bu məsələ təşkil edir.

Bu da məlumdur ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Bildiyimiz kimi, dövrün tələbinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlayıb. Strategiyada Azərbaycan elminin strukturu və tərkibinin ölkənin mövcudperspektiv tələbatları baxımından müəyyən edilməsi, ölkədə elmin dünya elmi, texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkilinin təmin edilməsi, elmin ölkənin iqtisadi inkişafında rolunun artırılması, elm sahəsində mövcud kadr potensialının, o cümlədən elmi-tədqiqat problemləri ilə məşğul olan mütəxəssis və eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığının təmin edilməsi, Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi, fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi, elmtexnika sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin normativ-hüquqi bazasının yaradılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi məktəblərin qorunmasına və varisliyin təmin edilməsinə nail olunması, elmin, təhsilin və istehsalın inteqrasiyasının təmin edilməsi, elmi işçilərin sosial vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsi, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, ölkənin texnoloji cəhətdən modernləşdirilməsi, elmi potensialın ölkənin milli təhlükəsizliyində fəal iştirakına nail olunması, xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələlərin yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, elmi potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi kimi vacib məsələlər yer alıb. Bu, Azərbaycan elminin yüksək səviyyədə inkişaf etməsinə stimul verən vacib dövlət sənədidir. Sənəddə vurğulanır ki,

Azərbaycan Respublikasında elmin inkişafı dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni və milli təhlükəsizlik sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir.

Yeri gəlmişkən, respublikada elm siyasətinin əsasını qoyan Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin bu sahəyə verdiyi töhfələri unutmamalıyıq. Bu gün onun kursunu uğurla və ləyaqətlə davam etdirən Prezident İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Bildiyimiz kimi, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri adlandırılıb. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-birilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktualprioritet məsələdir.

Onu da xatırladaq ki, Təhsil Nazirliyinə tabe olan 20 dövlət ali təhsil müəssisəsində 131 fakültə, 659 kafedra, dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi mərkəz, 92 elmi-tədqiqat laboratoriyası, 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Dövlət ali təhsil müəssisələrində elmi tədqiqatlar əsasən dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bununla yanaşı, digər mənbələrdən də istifadə edilir. Bu sıradan istehsalat müəssisələri ilə bağlanan təsərrüfat müqavilələri əsasında aparılan tədqiqatları, beynəlxalq fondların və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ayrılan qrantları qeyd etmək olar.

Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" ölkəmizdə elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmini baxımından qiymətli sənəddir.

Müasir elm və təhsilimizin yüksəlməsi naminə onun tərəqqisinə verilən töhfə təqdirəlayiqdir.

Bir məsələni də vurğulayaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə

təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış"

İnkişaf Konsepsiyasında da elm və təhsil sisteminin inkişafına hesablanan müddəalar var. Sənədin

7.2. maddəsində vurğulanır ki, müasir təhsil sisteminin formalaşdırılması üçün 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki

payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaq: "Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər

yaradılacaq, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcək. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icmas.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcək. Təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdiriləcək, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılacaq.

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə çatdırılacaq. Bu məqsədlə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı, müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və təşviq mexanizmləri yaradılacaq".

Təhsil sahəsində ən böyük nailiyyətlərdən biri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə 5 sentyabr 2009-cu ildə "Təhsil Haqqında" Qanunun qəbul edilməsi olub. Bilirik ki, bu, uzun illər təhsil sistemində hökm sürən boşluğun aradan qaldırılması işini sürətləndirdi. Sənəddə qeyd edilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır: "Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir".

Azərbaycanda elm və təhsil sistemi özünün yeni inkişaf dövrünə qədəm qoyub. İnanırıq ki, bu vacib sahə öz inkişafı və tərəqqisi ilə dövlətimizin, xalqımızın adını, şöhrətini daha uzaqlara yayacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 20-22 iyun.- S. 14.