Təkəlduzlar - bədii tikiş sənətimizin örnəkləri...

 

Bədii tikmə sənətinin ulularımızdan yadigar qalan bir sərvət olduğunu bilirsiniz. Belə dəyərli, incə sənətin bugünkü davamçıları, həqiqətən də, adamda bir ruh yüksəkliyi yaradır. Bu müqəddəs yolun yorulmaz yolçularından olan tikmə ustası Mehriban xanım Xəlilzadənin bu sahədə gördüyü işlərdən söhbət açmaq yerinə düşərdi. M.Xəlilzadə müsahibələrindən birində bu sənətlə səkkiz yaşından məşğul olduğunu və bədii tikməni anası Arifə Məmmədovadan öyrəndiyini qeyd edib:

"Anam bədii tikmənin bir sahəsi olan təkəlduzluqda inqilab etmiş sənətkardır. 1970-ci illərdə ilk dəfə olaraq o, portret janrında tikməyə başlayıb. Buna qədər isə XV-XVI əsrlərdən geniş yayılmış təkəlduzluqda ancaq naxış salırdılar. Mən bədii tikmənin təkəlduz və xovlu tikmə növləri ilə məşğul oluram. Xovlu tikmə qədimdə məxmərtel tikmə adlanırdı... Tikmələrin bir çox növləri var. Bu növlər bir-birindən əsasən materialına və işləmə texnikasına görə fərqlənir. Tikmə sənəti dünyanın bir çox ölkələrində var, amma onların heç birində belə bir bölgü yoxdur, elə hamısına tikmə deyilir. Tikmə materialına görə güləbətin, cərənduz, pilək tikmə, muncuq tikmə, oturtma tikmə kimi növlərə ayrılır. Tikmənin üsuluna, texnikasına görə isə örtmə tikmə, təkəlduz tikmə, xanduz tikmə, saya, sanama tikmə və s. kimi növləri var. Azərbaycanda 10-dan artıq tikmə növü var".

M.Xəlilzadə yaradıcılığında ən çox önəm verdiyi sahələrdən danışarkən bildirib ki, daha çox miniatürlər işləməyə üstünlük verir: "Tikmə sənətini gələcəkdə də bu istiqamətdə inkişaf etdirməyi düşünürəm. Portret janrında Nizaminin, Atatürkün, Heydər Əliyevin portretlərini yaratmışam. Çanta, geyim, süfrə üzərində işlərim var. Əsasən Azərbaycanın qədim naxışlarından istifadə edirəm. Əgər qədimdə naxış hansısa əşya üzərində işlənirdisə, o əşyaya uyğun salınırdı. Məsələn, qayçı qabıdırsa, onun üzərinə naxışla qayçı təsviri salınırdı. Müasir dövrdə bu üsulla əsasən geyimlərin üstü bəzədilir. Məsələn, toy geyimidirsə, al-əlvan rənglərdən istifadə olunur. Sadə geyimlərin üstünə isə birrəngli naxış salınır. Mən daha çox sapla işləməyi sevirəm. Muncuqla da işlərim var. Amma sap daha effektlidir. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də diqqəti cəlb edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən ipək saplardan istifadə etməyə çalışıram, pambıq saplar da olur, pambıq qarışıq ipək saplar da. Atlaz parça üzərində "xovlu" tikmə, yun parça üzərində isə təkəlduz tikmə işləyirəm".

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı Tünzalə Məmmədzadə bildirir ki, qədimdən öz sənətkarlığı ilə məşhur olan Şəki təkəlduz sənətinin də vətəni sayılır. Burada zaman-zaman xalq tətbiqi sənətinin qədim və zəngin ənənələri mövcud olub: "Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan verib. Təkəlduz sənəti Şəki təkəlduz ustalarının əməyi nəticəsində inkişaf edib, öz təşəkkülünü tapıb, gələcək nəsillərə ötürülüb. Onların yaratdığı təkəlduz nümunələri Azərbaycanın sərhədlərindən kənarda da məşhur idi. Bu tikmə növü qadınların sevimli sənəti olsa da, xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra kişilər də bu sənətlə məşğul olmağa başlayıb. 19-cu əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri sayıldığı bir dövrdə də bu işlə əsasən kişilər məşğul olurdular. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov o dövrün məşhur təkəlduz ustaları idi. Adlarını sadaladığımız bu sənətkarların hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət Muzeyində, Şəkidə Tarix Diyarşünaslıq Muzeyində, Sankt-Peterburqdakı Etnoqrafiya Muzeyində və s. yerlərdə bir çox maraqlı əsərləri saxlanmaqdadır. Kompozisiya, rəng vəhdəti və ornament motivləri cəhətdən milli ənənələrə sadiq qalan bu işlər 19-cu əsrin ornamental tikmələri haqda gözəl təsəvvür yaradır. 19-cu əsrin birinci rübündə Şəkidə mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini kölgədə qoyub. Bu zaman burada təkcə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 50, püştü üzü tikən 16 dükan fəaliyyət göstərirdi. Təkəlduzçuluq bir sənət olmaq etibarilə şəxsi orijinal bir yaradıcılıqdır. Burada, başqa sahələrdə olduğu kimi, texniki vərdişin də əhəmiyyəti böyükdür".

T.Məmmədzadənin fikrincə, təkəlduz işləri geyim və müxtəlif məişət əşyalarının üzərində görülür. Onun verdiyi bilgiyə görə, xalq hər şeyi məişətdə istifadə etmək məqsədilə bəzəməyə, ondan zövq almağabunlar vasitəsilə gənc nəsli yaradıcılıq ruhunda tərbiyələndirməyə çalışır: "Üzərinə təkəlduz işlənən məişət əşyalarından xüsusi mahud və məxmər parçaları, balış üzləri, stol örtüklərini, taxça və pəncərə pərdələrini, müxtəlif namazlıqları; geyimlərdən isə arxalığı, çəpkəni, zilpuşu, belbağını və qurşaqları göstərmək olar. Bu sadalanan məişət əşyalarının üzərinə onların istifadə olunmasına görə müəyyən kompozisiyalarda təkəlduz işlənirdi. Şəkidə xeyir və şər məclislərində, dini mərasimlərdə, mövlud mərasimlərində oturmaq üçün yerdə dövrə şəklində düzülən dör-döşəklərin üzərinə qoyulan puştularda da təkəlduz tikməyə rast gələ bilərik. Orta əsrlərdə gəlin köçən qızların cehizlərində bu cür təkəlduzlu puştuların olması adət halını alıb. Hazırda da yaşlı insanların evlərində təkəlduzlu puştular qorunub saxlanır.

Təkəlduz tikmə üçün yerli və gətirilmə parçalardan - başlıca olaraq qırmızı, qara, tünd sürməyi və başqa rəngli mahuddan istifadə olunurdu. Mürəkkəb və yaraşıqlı naxışı olan və xoşrəngli ipək saplarla tünd rəngli parça üzərində icra olunması bu tikmələri başqa tikmələrdən fərqləndirən xüsusiyyətdir. Həmçinin incə zövqlə hazırlanan bir-birinə sarmaşan nəbati motivlər və quş təsvirlərindən ibarət olan təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə də fərqlənir. Təkəlduz kompozisiyası və bəzəkləri cəhətdən müxtəlifdir. Gəzməli və gəzməsiz; şaxəli və şaxəsiz; içliiçsiz olur. Haşiyə bəzəkləri, adətən, tünd rəngli ipək saplarla, həm də miqyas etibarilə kiçik naxışlarla tərtib olunduğu halda, məmulatın mərkəz hissəsini tutan xonça naxışları kompozisiya etibarilə nisbətən mürəkkəb olub, açıq rəngli iri naxışlardan ibarət tikilirdi.

Xalça sənətində olduğu kimi, təkəlduzda da ustanın fikri daima stilizə edilmiş naxışların motiv və elementlərini yaratmaqdır. Təkəlduz üçün nəbatat aləmindən müxtəlif yarpaqlar, gilənar, qızılgül, alma çiçəyi, zanbaq, bənövşə, meynə yarpağı, əncir yarpağı; heyvanat aləmindən isə ceyran, bülbül, qaranquş və digər motiv və elementlər səciyyəvidir".

Doktorantın fikrinə görə, təkəlduz sənətində sapların rənglərinin bir-birilə uyğun olması əsas şərtlərdən biridir. Şəki təkəlduzu üçün səciyyəvi rənglər: qara, narıncı, yaşıl, püstəyi, qəhvəyi, , sarı, şəkəri, bənövşəyi, çəhrayı və qırmızıdır. Bu sapların ümumi rəng vəhdətliyi ustanın sapları seçmə və onları uyğunlaşdırma bacarığından asılıdır. Şəki təkəlduzçuları bu işdə mahir sənətkardırlar: "Usta sifarişçidən qəbul etdiyi məmulat üzərində müxtəlif rənglərə boyadığı ipək sapla əlvan naxışlar tökürdü. Bunun üçün təkəlduz tikmədə iki sadə alətdən-qasnaq və qarmaqdan (qüllab) istifadə edilir. Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururlar. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, tabaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib, alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Sonra onlar münasib rəng çalarına malik ipək sapla tikilib doldurulurdu. Beləliklə, zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyanı əmələ gətirir. Bu yolla məmulat nəbati və ya həndəsi məzmunlu ornament nümunələrindən ibarət dekorativ naxış ünsürləri ilə bəzədildiyindən, onun estetik mahiyyəti və əmtəə dəyəri qat-qat yüksək olurdu. Təkəlduz nümunələri o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməyib. Şəkidə təkəlduz sənəti ənənələri bu gündavam etməkdədir. Qorunub saxlanan xalq sənətləri içərisində təkəlduz sənəti də mühüm yer tutur. Hazırda Şəkidə təkəlduz emalatxanaları fəaliyyət göstərir ki, burada çalışan ustalar tikdikləri əl işlərini sərgiləyir və satışını təşkil edirlər. Həmçinin müasir dövr təkəlduz ustalarının böyük məharətlə yaratdıqları tikmə nümunələri ölkədaxili və beynəlxalq dekorativ-tətbiqi sənət festivallarında, sərgilərində nümayiş olunur, müvəffəqiyyət qazanır".

Onun verdiyi məlumata görə, hazırda Məhərrəmova Nuriyyə, Şəhla Şahid qızı, Əkbərova Səxavət, Məmmədova Ülviyyə, Səlimli Səyalı, Paşayeva Səkinəxatın, Əzizova Nərgiz, Salamova Yeganə, Ağayeva Gülnar, Məhərrəmova Səadət, Əsədova Samirə hazırda Şəkidə təkəlduz sənəti ilə məşğul olan, onlara yadigar qalan bu sənətin sirlərini gələcək nəsillərə ötürən ustalardır: "Günümüzdə təkəlduz tikmənin tətbiq olunduğu əşyalar da artmaqdadır. Öncələr təkəlduz daha çox geyimlərdə, puştularda, pərdələrdə işlənilirdisə, bu gün texnologiyanın inkişafı ilə əlaqədar olaraq tətbiq sahələri daha da genişlənib, mobil telefon üzlüklərində, çantalarda, kompyuter çantalarında, eynək qablarında və s. əşyaların dekorativ bəzədilməsində tikmənin bu növündən geniş istifadə olunur. Bundan əlavə, təkəlduz nümunələri bu gün interyerləri bəzəyən sənət əsərinə çevrilib. Təsviri sənət əsərləri ilə yanaşı, müxtəlif süjetli kompozisiyalı təkəlduz nümunələri çərçivələrə salınaraq, evlərin, ofislərin, əyləncə mərkəzlərinin divarlarını da bəzəməkdədir.

Öncələr daha çox nəbati motivli təkəlduzlu tikmələr işlənsə də, bu gün daha çox süjetli təkəlduzlar tikilməkdədir. Şəki Xan Sarayının divar rəsmlərindən fraqmentlər müasir dövr təkəlduz ustalarının ən çox müraciət etdiyi kompozisiyalardır. Bu gün Şəki sənətkarlarının təkəlduz texnikası ilə işlədikləri tikmələrdə vətənpərvərlik, məhəbbət, musiqi mövzuları daha geniş yer tutur. Portret janrı təkəlduz texnikası ilə 19-cu əsrin əvvəllərində usta Cabbar Əlizadə tərəfindən işlənsə də, bu janra günümüzdə daha çox müraciət olunur.

Təkəlduz texnikası ilə işlənən miniatür rəsmlər də çox məşhur tikmə nümunələridir. Ümumiyyətlə, Şəkidə zaman-zaman bu sənətə maraq olub, təkəlduz məktəbi formalaşıb. Məşhur təkəlduz ustaları bu sənətin texniki xüsusiyyətlərini kamilləşdirib, onları yaşadıb. Bu gün yerlixarici sənətsevərlərin rəğbətini qazanan Şəki sənətkarlarının yaratdıqları nadir sənət əsərləri Azərbaycan dekorativ-tətbiqi sənətini zənginləşdirən sənət nümunələri sırasına daxildir".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 6-9 mart.- S.11.