Böyük mədəniyyət hadisəsi - "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı sabah başa çatır...

 

Muğam sənəti tərəqqiyə doğru gedirbu, mükəmməl musiqi kimi dünyanı ehtizaza gətirir. Qədim musiqimiz olan və mədəniyyətimizi, ruhumuzu ifadə edən muğam sənəti bu gün bütün dünyanın diqqətindədir. Ötən yazımızda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının tarixi əhəmiyyətindən söz açdıq, bu gün də onu davam etdirəcəyik.

Məlum olduğu kimi, artıq Azərbaycan Bəstəkarlar İttifaqında "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçirilib. Məlumat üçün deyək ki, artıq festival çərçivəsində keçirilən "Muğam aləmi" dördüncü Beynəlxalq Musiqişünaslıq Simpoziumuna martın 14-də yekun vurulub.

Simpoziumda müzakirə edilən "Muğam dəstgahların notlaşdırılması problemi" və "Muğam/Maqam: ənənə və yenilikçilik" mövzularını əhatə edən bölmələr türkiyəli doktor Okan Murat Öztürkün sədrliyi ilə keçirilib.

Onu da deyək ki, bölmədə Rusiyanın Voronej Dövlət Universitetinin doktoru Dmitri Dorofeyevin "Neytral intervalların" maqam musiqisində tarixi: matematik aspekt", Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının müəllimi İmina Əliyevanın "Azərbaycan məqamlarının intonasiya sistemi (koqnitiv yanaşma)", Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın "Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu" mövzularında məruzələri dinlənib.

"AzərTac" bildirir ki, tədbirdə əməkdar incəsənət xadimi Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan qədim musiqi alətləri ansamblı çıxış edib.

Qeyd edək ki, yerlixarici musiqi mütəxəssisləri iki ildən bir keçirilən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının mühüm əhəmiyyətindən, geniş coğrafi ərazidə yayılmasından və festival çərçivəsində keçirilən simpozium və gənc ifaçıların muğam müsabiqəsinin dəyərindən danışıblar. Qeyd edilib ki, simpoziuma toplanan alimlərin qarşısında duran əsas vəzifələrdən biri də muğamın tətbiqi, təhlili və gələcək nəsillərə çatdırılması istiqamətində birgə səyləri gücləndirməkdir.

Martın 18-də başa çatan "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı bir sıra özəllikləri ilə yadda qalır. Dünyanın bir çox yerindən tədbirə qatılan musiqiçilər, musiqişünaslar muğamın təbliğinə öz töhfələrini verib.

Məlumat üçün bildirək ki, festival iştirakçılarını "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təbrik edib. Rəsmi mətbuat tərəfindən yayılan təbrikdə deyilir: "Sizin hamınızı 4-cü Beynəlxalq Muğam Festivalında səmimi qəlbdən salamlayıram. Ümidvaram ki, bu gözəl musiqi bayramı bəşəriyyətin qeyri-maddi irsinin qorunması işinə öz layiqli töhfəsini verəcək.

Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ölkəmizin mədəni irsinin təbliği sahəsində gerçəkləşdirdiyi genişmiqyaslı layihələr arasında bu festival özünəməxsus yer tutur. İlk növbədə ona görə ki, UNESCO-nun qərarları ilə müdafiə olunan muğam sənətinin qorunub saxlanması və inkişafında rolu danılmazdır. O, eyni zamanda, Azərbaycanın sivilizasiyaların qovuşuğunda yerləşdiyini əyani surətdə nümayiş etdirərək muğam sənətinin təşəkkül tapdığı çoxsaylı ölkələr arasında mədəni əlaqələri də yeni səviyyəyə yüksəldir. Əminəm ki, festivalın proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları və musiqi xəzinəmizin inciləri olan əsərlərin səslənməsi bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət göstərəcək".

Mehriban xanım Əliyeva onu da vurğulayıb ki, 2015-ci ildə Bakıda həm də tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək: "Bu bir daha sübut edir ki, ölkəmizdə əldə olunan iqtisadi, siyasi və mədəni inkişaf mərhələsi, yüksək tolerantlıq mühiti və qonaqpərvərlik ənənələri bizə müxtəlif festivallar, "Avroviziya" səviyyəli beynəlxalq müsabiqələr və mötəbər siyasi forumlarla yanaşı, belə irimiqyaslı tədbirlərin də keçirilməsinə imkan verir. İnanıram ki, proqramın sıxlığına baxmayaraq, siz Azərbaycanın müasir mədəni həyatı və Bakının görməli yerləri ilə yaxından tanış olacaqsınız. "Muğam aləmi" festivalına qatılan bütün insanlara cansağlığı, səadət və uğurlar arzulayaraq əmin olduğumu bildirmək istəyirəm ki, sürətlə qloballaşan dünyamızda qeyri-maddi irsin qorunması naminə bizim birgə səylərimiz öz bəhrəsini verəcək".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə milli musiqimizin təbliğində belə tədbirlərin mühüm rolu olduğunu qeyd edərək bildirib ki,

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıyır: "Bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunmaqdadır".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikrincə, muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür: "Təsadüfi deyil ki, Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahiqeyri-maddi şah əsərləri siyahısına daxil edilib.

Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolu olduğunu vurğulayan nazir qeyd edib ki, məhz onun fəaliyyətinin nəticəsi olaraq artıq dördüncü dəfədir ölkəmizdə Beynəlxalq Muğam Festivalı keçirilir. Bu tədbir dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Festivalın davam etdiyi müddətdə qonaqlar Azərbaycanda muğam musiqisi ilə yanaşı, digər mədəniyyət nümunələri, tariximiz, adət-ənənələrimizlə tanış ola biləcək".

UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) baş katibi, Lyublyana Universitetinin professoru Svanibor Pettan muğamla bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb və bildirib ki, Şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir: "IV Beynəlxalq musiqişünaslıq simpoziumunda 13 ölkənin musiqişünasları, alimləri iştirak edir və 32 məruzə təqdim olunub. Beləliklə, mütəxəssislər təcrübələrini bir araya gətirmək imkanı qazanıb".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə muğamın multidisplinar tədqiqat obyekti xarakteri daşıdığını qeyd edib. Onun mətbuatda yer alan fikirlərinə görə, son bir neçə il ərzində Azərbaycan muğamının təbliği və tədqiqi istiqamətində ölkəmizdə bir sıra mühüm işlər görülüb, nəşrlər gerçəkləşdirilib.

Muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışan akademik vurğulayıb ki, 2013-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində AMEA Əlyazmalar İnstitutu tərəfindən "Muğam haqqında əlyazmalar toplusu" nəşr edilib: "3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab "Behcətür-ruh", 2-ci kitab "Musiqi haqqında risalələr", 3-cü kitab isə "Muğam üstündə oxunan şeirlər" adlanır.

Diqqətə çatdırıldı ki, hələ 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Muğam ensiklopediyası" ölkəmizdə böyük rəğbətlə qarşılanıb. "Ensiklopediya azerbaydjanskoqo muqama" kitabının nəşri isə rusdilli oxucuların yüksək muğam mədəniyyəti haqqında dolğun məlumat almaları baxımından çox faydalıdır. Ensiklopediyanın redaksiya kollegiyasının sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır".

Akademik qeyd edib ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir. A.Əlizadənin sözlərinə görə, 2013-cü ildə keçirilmiş III Beynəlxalq Muğam Festivalından sonra muğam fenomeninin öyrənilməsi, onun mahiyyətinin işıqlandırılması və muğamşünaslıq istiqamətinin yaradılması məqsədilə AMEA Memarlıq və İncəsənət İnstitutunun strukturunda Muğamşünaslıq şöbəsi fəaliyyətə başlayıb.

Martın 12-də başlanan "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Muğam simpoziumunda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyətinin yüksək olduğunu deyib: "AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğrudan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan, onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir".

Qeyd edək ki, martın 16-da Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turunun dinləmələri keçirilib. "AzərTAc"ın məlumatına görə, "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak ediblər.

Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyəti olan sözügedən festivalın keçirilməsi xalqımıza, dövlətimizə böyük nüfuz qazandıran hadisədir. Sabah festival başa çatır. Hesab edirik ki, festival iştirakçıları bizdən xoş təəssüratlarla ayrılacaq. Çünki onlar burada həm zəngin musiqi aləminə qonaq oldular, həm də yüksək səviyyəli qonaqpərvərlik gördülər.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 17 mart.- S.11.