Azərbaycanlıların dəhşətli 31 mart soyqırımının ağrılı yüz illiyinə üç il qaldı

 

97 il əvvəl erməni daşnakları tərəfindən törədilən 31 mart qətliamı yalnız Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda və Borçalıda da baş verib...

Mart ayı Azərbaycan insanına yalnız bir rəngdə-bayram əhvalında görünmür. Yazın ilk ayında çöllərdə lalələr qızarır, bənövşələr günəşə boylanır, amma hüznlü, kədərli, nisgilli. Lalələr də qan ağlayır martın sonunda, bənövşələr də yas tutur... 31 mart nahaq qanın töküldüyü gündür tariximizdə. Həmin gün yer də, göyqana boyanmışdı. Paytaxt Bakı daxil olmaqla Azərbaycanın az qala hər yerində günahsız insanlar qanına qəltan edilir, ev-eşiklərindən didərgin salınırdı.

Daşnakların törətdiyi kütləvi qırğınlar, azərbaycanlıların qətlə yetirilməsi hadisəsi tarixin yaddaşından çıxmayıb. Sanki 1918-ci ilin martında Tanrı da xalqımızı unutmuşdu. Çünki həmin tarixdə daşnaklar, sözün əsl mənasında, Azərbaycan türklərinə divan tutub, evlərini yandırıb, var-yoxlarını talan edib, heç kəsə, hətta uşaqlara, qocalara və qadınlara da rəhm etməyib.

97 il əvvəl baş verən bu amansız hadisə qan yaddaşımızda əbədi olaraq qalıb. Çoxlarımız uşaqlıqda nənə və babalarımızdan, ətrafdakı yaşlı insanlardan eşitmişik ki, ermənilər-daşnaklar tarixdə bir neçə dəfə azərbaycanlıları qırıb, müxtəlif bölgələrdə qırğınlar, qətliamlar törədib. Son 20-30 ilə qədər yaşayan qocalar erməni vəhşətini həyəcan və qorxu ilə nəql edirdilər. Əslində, bu nağıl deyildi, baş vermiş hadisə, yaşanan acı olay idi. Babalar bunu nağıla çevirib danışırdı. Çünki bilirdilər ki, nağıl daha yaxşı yadda qalır. 1918-ci il 31 mart soyqırımı haqda yeni faktlara görə, ermənilər, daşnaklar azərbaycanlılara qarşı soyqırım aktını, qırğını yalnız Şimali Azərbaycan ərazisində həyata keçirməyib, Borçalıda, Cənubi Azərbaycanda da bu çirkin əməli törədiblər. Borçalı qocaları danışırdı ki, daşnak təmsilçiləri Borçalını da hədəfə alıb və burada da hələ üstü açılmamış cinayətlər törədiblər. Hesab edirik ki, nə zamansa təəssübkeş tarixçilərimiz bu məsələni də araşdırıb ortalığa dəlillər çıxaracaq. Ona da şübhə etmirik ki, belə bir əsər yazılıb, sadəcə onu üzə çıxarmayıblar.

Azərbaycan xalqının tarixində, qan yaddaşında qanlı-qadalı bir dövr kimi xatırlanan, bu barədə böyük əsərlər yazılan, araşdırmalar çap olunan 31 mart 1918-ci il hadisələri hər zaman xatırlanır. Arxivlərin açılması nəticəsində ortaya bir sıra sənədlər, faktlar çıxdı, bu faktların izləri ilə alimlərimiz daha böyük həqiqətləri üzə çıxardı.

Onu da bildirək ki, mart soyqırımı və ya mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetidaşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixdə yaşayır. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Rəsmi məlumatlara görə, 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirib. Etnik erməni olanBritaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin edib.

Tarixi mənbələr yazır ki, 9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlib. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilibonun dəfn mərasimi 27 mart gününə təyin edilib.

General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollayıb:

«Hörmətli yoldaş Şaumyan!

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hazırda diplomatiya öyrənmək vacibdir.

Bütün dostlara xoş arzularsalamlar.

V. Ulyanov (Lenin)».

Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-nə qədər Bakıda davam edib və tarixdə «1918-ci ilin mart günləri» kimi qalıb.

Mahiyyətcə milli soyqırım olan «Mart döyüşləri» Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan Müsavatın milli dövlətçilik siyasəti ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, «Müstəqil Azərbaycan» ideyasını irəli sürməyə məcbur etdi.

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakı ilə əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

Tarixçilərin məlumatına görə, o günlərdə ermənilərin törətdiyi vəhşiliklər haqqında Nəriman Nərimanov yazırdı: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər».

Araşdırmaçı, yazıçı Aygün Həsənoğlu mart soyqırımı haqqında yerli mediaya çox maraqlı faktlar açıqlayıb. 1918-ci ildə erməni silahlılarının 2 milyondan artıq azərbaycanlını qətlə yetirdiyini deyən araşdırmaçının sözlərinə görə, Ermənistan tarixini yazan Hovanesyan etiraf edir ki, 1915-ci ildən sonra 90 min silahlı erməni Qafqaza (Azərbaycana) keçib: «O zaman İstanbuldakı Amerika səfiri Morgen Tay ölkəsinə yazdığı arayışlarda Qafqazda yerləşdirilmiş ermənilərin sayı barədə 3 fərqli rəqəm açıqlayır: 200 min, 400 min, 750 min! Təkcə bu iki şəxsin söylədikləri rəqəmlər iki faktı açıqlayır. Birincisi, Türkiyədə ermənilərə qarşı heç bir soyqırım olmayıb. Sürgün edilən ermənilərin bir qismi ingilislər tərəfindən daşınıb, bir qismi isə Qafqaza (Azərbaycana, indiki Ermənistan ərazisinə və Gürcüstanın indi ermənilər yaşayan ərazilərinə) gətirilib. İkincisi, bu rəqəmlər azərbaycanlılara qarşı soyqırımı törədən silahlı ermənilərin sayına da aydınlıq gətirir. Orta hesabla soyqırımı törədən erməni ordusu ən azı 200 mindən artıq olub. Bir faktı da xatırlatmaq istəyirəm ki, türklərin cəlladı Andranikin 90 minlik ordusunu laçınlı Sultan bəyin dəstəsi mühasirəyə alaraq məhv edib. Andranik isə mühasirədən çətinliklə xilas olub. Soyqırımı törədən ermənilərin böyük bir qismini Azərbaycan-türk ordusu savaşda məhv edib. 1923-cü ildə Amerikada nəşr edilmiş Ramsden Hartvillin «İnsanlar belə imişlər-1918-22-ci il Azərbaycan hadisələri bir erməninin xatirələrində» kitabında erməni Ohanes Apresyanın memuarları verilib. Apresyan deyir: «1918-ci ildə ermənilər ingilislərin köməyi ilə Bakını aldılar və şəhərin türk əhalisinin 25 min nəfərini qırdılar»...1918-ci il qırğınları təkcə Şimali Azərbaycanı deyil, həm də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrini, Tiflisdəki Azərbaycan məhəllələrini, indiki Ermənistan ərazisini, ən dəhşətlisi isə Güney Azərbaycanı da əhatə edirdi. Təkcə Urmiya və Səlmasda öldürülən azərbaycanlıların sayı 150 minə qədər idi. Xoy və Təbriz çevrəsində 200 mindən artıq insanın qətlə yetirildiyini o dövrün İran qəzetləri də yazıb. İraqın Kərkük bölgəsində yaşayan bizim «kərkük türkmənləri» kimi tanıdığımız, əslində böyük qismi Güney Azərbaycandan oraya köçmüş soydaşlarımız da erməni zülmünün qurbanı olublar. Kərküklü qardaşımız Şəmsəddin Kuzəçi mənə o dönəmdə ermənilərin Kərkükdə də dəhşətli qətliamlar törətdiyini dedi. Hələ Qars, Ərzurum və İğdırdakı əhalinin önəmli qismini Azərbaycan türkləri təşkil etdiyini nəzərə alsaq, qurbanların sayı 2 milyonu aşır. Bu rəqəmi ilk dəfə mən açıqlamışam və arxasında da dayanıram ki, 1918-ci ildə 2 milyondan artıq azərbaycanlını erməni silahlıları qətlə yetirib».

Aygün Həsənoğlu «Bakı-Xəbər»ə bildirdi ki, 31 mart soyqırımı ilə bağlı bütün faktlar hələ açılmayıb. Araşdırmaçının sözlərinə görə, soyqırım aktı zamanı qətlə yetirilən insanların sayı tam açıqlanmayıb. O bildirdi ki, bu qətliamın qurbanı olanların dəqiq sayı ilə bağlı ingilis və erməni mənbələrində kifayət qədər faktlar var, sadəcə onlar araşdırılmalıdır.

Millət vəkili Musa Quliyev də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışarkən bildirib ki, bu soyqırım haqqında uzun illərdir danışılsa da, yazılsa da, onun azərbaycanlıların soyqırım günü elan edilməsi Heydər Əliyevin adı ilə bağlıdır: «Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasielmi əhəmiyyət kəsb edən fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmitarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Dediyim kimi, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan, əlbəttə ki, imzalanan fərmanın böyük əhəmiyyəti var. Bilirsiniz, dünyada elə qüvvələr var ki, dünyada güclü türk-müsəlman dövlətinin olmasını istəmirlər. Azərbaycan bu regionun istər coğrafi baxımdan ən böyük ərazisi olan, istər təbii sərvətlərinə görə, istərsə də, əhalisinin sayı baxımından ən böyük dövlətidir. Ona görə də Azərbaycanın qüdrətli dövlət, söz sahibi olması bir sıra qüvvələrin marağında deyil. Amma Azərbaycan öz yolu ilə inamla gedir. Əminəm ki, gec-tez Qarabağı, bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik, tarixi torpaqlarımıza sahib olacağıq. Bütün bunlardan ötrü güclü olmalıyıq. Millətimizin və dövlətimizin potensialı bu hədəflərə çatmağa imkan verir».

3 ildən sonra 31 mart-azərbaycanlıların soyqırım hadisəsinin 100 illiyi olacaq. 97 il bundan əvvəl daşnakların törətdiyi bu qətliam Azərbaycan xalqının qan yaddaşında əbədi olaraq qalacaq. Ermənilərin daşnak xisləti, terrora meylliliyi, başqa ölkələri qəsb etmək, torpaqlarını ələ keçirmək kimi məkrli planları sona yetən deyil. 1905-ci, 1918-ci illərdə həm Cənubi, həm Şimali Azərbaycanda, həm Borçalıda, həm Türkiyə ərazisində milyonlarla insanı qətlə yetirən, yurdlarını yağmalayan, onları didərgin salan daşnaklar, bu mənfur amala qulluq edənlər XX əsrin sonlarında Şimali Azərbaycanda daha böyük vəhşət yaşatdı bizə. Xocalı soyqırımı 31 mart soyqırımının davamı kimi daha dəhşətli oldu. Ermənilər bir əsrdə iki dəfə Azərbaycan türklərinə divan tutub. Tarix bu hadisələrə şahidlik edir. Ən böyük hökmdar isə tarixdir, uca Yaradandır...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 31 mart.- S.7.