İlk Avropa Oyunlarının ən böyük qalibi - Azərbaycan...

 

Çox şey dəyişəcək, tək Azərbaycanın birinciliyi dəyişməyəcək...

 

Cəmi bir aydan bir qədər artıq müddətdən sonra dünyanın nəbzi Bakıda vuracaq. Bütün dünya idmansevərləri Bakının idman ovqatına köklənəcək, dünyanın hər köşəsində həyəcan dolu nəzərlər teleekranlardan Bakıya boylanacaq. Oyunlara ev sahibliyi edəcək Bakı isə, bu coşqunun episentri olaraq, daha böyük həyəcan içərisindədir.

Axı bu oyunlar üzrə yarışmanın ilk olaraq Bakıda keçirilməsi həm də bir məsuliyyət məsələsidir! Bu möhtəşəm günlərdə dünya idmansevərlərinin nəzərləri bir ünvanda kəsişəcək, qəlblər eyni hiss və həyəcanla dolub-daşacaq! Neçə-neçə idmançı sevimli paytaxtımızda ölkəsinin idman şərəfini ucaltmasının qürurunu yaşayacaq, sonra isə Bakının adını ali idman mükafatını qazandığı məkan kimi ən sıcaq xatirələrində yaşadacaq! Sevinc göz yaşları ilə dinlədiyi doğma himnini burada səsləndirməsinin bəxtəvərliyini bölüşəcək! Hələlik isə bu həyəcan dolu günlərə doğru irəliləyir Bakı və onun bu müddətdə qonağı olacaq dünya idman cameəsi...

Artıq 2 ildən çoxdur ki, Bakı İlk Avropa Oyunlarının həyəcanı ilə yaşayır. 2012-ci il 8 dekabr tarixində Romada baş tutmuş Avropa Oyunları Komitəsinin 41-ci Baş Assambleyasında gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla İlk Avropa Oyunları yarışmasının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsilə Azərbaycan ilk qələbəyə imza atmış oldu - ermənilər həmin tədbirdən məyus döndülər. Burada birmənalı qələbə bizim idi və nəticədə Ermənistan nümayəndələri səsvermədən imtina etdilər. Çox keçmədən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Avropa Oyunlarının Təşkilat Komitəsi yaradıldı. Komitəyə Mehriban xanım Əliyeva sədr təyin olundu və elə ilk günlərdən gərgin zəhmət tələb edən təşkilati işlərə start verildi. Cəmi iki ildən bir qədər artıq zaman kəsiyində bu innovativ yarışmalara hazırlıq prosesində inanılmaz nəticələrə imza atıldı. Bu müddət ərzində, demək olar ki, bütün aparıcı dünya dövlətlərinin paytaxtlarında "Bakı-2015"in təqdimat mərasimi keçirilib.

Dünya siyasətçiləri Avropa Oyunlarının Azərbaycana qazandıracağı uğurlar haqqında nə deyir?

Artıq təkcə Bakının deyil, bu idman bayramına hazırlaşan bütün dünya ölkələrinin böyük bir coşqu və səbrsizliklə gözlədiyi yarışmalara sayılı günlər qalıb və İlk Avropa Oyunlarının məşəli paytaxtda - "Atəşgah"da alovlandırılaraq Respublikanın bölgələrini dolaşmaqdadır. Söz yox ki, ənənənin əsası burada qoyulduğundan, bu yarışma sonrası dünya idman tarixində qalacaq, onilliklər, bəlkə yüzilliklər keçsə də dəyişməyən bir sıra terminlər yaranacaq ki, Bakının adını bu tarixə həkk edəcək. Bu, Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycana gətirəcəyi dividendlərdən yalnız kiçik bir detaldır. Ölkənin bu yarışmalara ev sahibliyi etməsinin ona qazandıracağı üstünlüklər isə daha geniş arealı əhatə edir. Dünyanın aparıcı siyasətçilərinin, dövlət xadimlərinin bu kontekstdə Olimpiya oyunları ərəfəsində səsləndirdiyi fikirlər də bunu söyləməyə əsas verir. Faktlara baxaq.

"İlk Avropa Oyunları Azərbaycan üçün böyük nailiyyətdir. Bu, Azərbaycanın inkişafının, dünyada sülhə və sabitliyə töhfəsinin göstəricisidir". Bu sözləri Albaniyanın sabiq prezidenti Sali Berişa Avropa Oyunlarının Bakıda keçirilməsinə münasibət bildirərkən deyib. S.Berişa qeyd edib ki, Bakı Avropanın idman paytaxtına çevriləcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək":Doğrudan bu böyük uğurdur və Azərbaycanın dünyada ən böyük təqdimatıdır". Cənab S.Berişa onu da vurğulayıb ki, İlk Avropa Oyunları Azərbaycanın bütün aspektlərdə inkişafına mühüm töhfə verəcək":Bu Oyunlar həm siyasi, həm də iqtisadi baxımdan ölkəyə böyük faydalar gətirəcək. Beynəlxalq aləmdə Azərbaycana göstərilən etimad daha da artacaq və ölkə iqtisadiyyatı, xüsusən də turizm sektoru yalnız indi deyil, həm də gələcəkdə bunun bəhrəsini görəcək".

"İlk Avropa Oyunları turistləri Azərbaycana cəlb etmək üçün maqnit effekti verəcək" - bunu isə isveçrəli ekspert Andrey Baster deyib. A.Baster Oyunların televiziya vasitəsilə bütün dünyada yayımlanacağına diqqət çəkərək bildirib ki, bu da 100 milyonlarla insanın turizm bölgəsi kimi Azərbaycana maraq göstərməsinə səbəb olacaq: "O cümlədən, bu oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bütün bunlar Azərbaycanın iqtisadiyyatına müsbət mənada mühüm təsirini göstərəcək. Avropada, Amerikada, Asiyada, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri cəlb etmək üçün maqnit effekti yaradacaq və ölkədə turizmin genişlənməsinə mühüm töhfə verəcək". Baster onu da vurğulayıb ki, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin daha da yüksəlməsinə şərait yaradacaq.

Belçika Krallığının xarici ticarət məsələləri üzrə dövlət katibi Piter de Krem isə bu Oyunlardan sonra Azərbaycanın dünyada istənilən miqyasda tədbir keçirməyə qadir ölkə kimi tanınacağına diqqət çəkib. Son iki il yarım ərzində Azərbaycanın inanılmaz bir işin öhdəsindən gələrək Oyunların keçirilməsinin yüksək səviyyədə təşkilinə nail olduğunu deyən Krallıq rəsmisi İlk Avropa Oyunları kimi bir tədbirin keçirilməsinin Azərbaycana yalnız müsbət təsir göstərəcəyindən əminliyini bildirib":Əvvəla, bu çox yaxşı bir idman çağırışıdır. İkincisi isə, bu tədbir Azrbaycana xeyli turist cəlb edəcək, ölkənin populyarlığını daha da artıracaq".

"Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə keçiribbu yay Bakıda keçiriləcək İlk Avropa Oyunları da böyük uğur qazanacaq". Bu sözlər isə macar ekspert Levente Kozmaya aiddir. Onun fikrincə, İlk Avropa Oyunları Azərbaycan üçün özəlliklə iqtisadi cəhətdən xüsusi önəm daşıyır":Bakıda keçiriləcək İlk Avropa Oyunları böyük tamaşaçı kütləsi toplayacaq və Azərbaycanın turizm mərkəzi kimi potensialını üzə çıxaracaq".

Azərbaycanın zəngin mədəniyyəti və tarixi olduğunu deyən Yuqoslaviya şahzadəsi Yelizaveta Karageorgiyeviç isə qeyd edib ki, ölkənin turizm potensialı hələlik kifayət qədər imkanlar əldə etməyib və bu Oyunlar qeyd olunan prizmadan Azərbaycan üçün əla fürsət yaradacaq.

"Avropa Oyunları Azərbaycanın idmanın kütləviliyini dəstəkləyən, eləcə də ölkələri və insanları yaxınlaşdırmağa çalışan dövlət kimi populyarlaşması üçün gözəl vasitədir". Bu sözlər isə bu günlərdə Bakıda səfərdə olan Rusiya Federasiyası Tomsk Ticarət-Sənaye Palatasının Sahibkarlığın inkişafı şöbəsinin müdiri Dmitri Nemitkova aiddir. Onun sözlərinə görə, İlk Avropa Oyunları Azərbaycanın dünyada daha da populyarlaşmasına gətirib çıxaracaq":Belə tədbirin keçirilməsi ölkə üçün nüfuz deməkdir, bu onun statusunu göstərir və eyni zamanda böyük turist axını deməkdir".

"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq". Bu sözlər isə "Bütün Avropa Akademiyaları" təşkilatının professoru Жuri Engelbrextə aiddir. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq. "Bu cür tədbirlər çox alqışlanır, çünki bu, insanları bir araya gətirən tədbirdir"- deyən Engelbrext vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə həm də dünyada sülhünsabitliyin bərqərar olmasına öz töhfəsini vermiş olacaq.

Siyahını uzatmaq da olar, çünki Azərbaycan təkcə Oyunlara hazırlıq dönəmində öhdəsindən gəldiyi masştablı işlərlə artıq nəzərləri üzərinə çəkə bilib. O üzdən hər gün dünya mətbuatında "Bakı-2015" yarışması ilə bağlı ən müxtəlif şərhlərə rast gəlinir. Bütün bunlar isə Avropa Oyunlarının hələ keçirilmədən Azərbaycanın dünyada tanınmasına, onun turizm potensialının üzə çıxarılmasına və beynəlxalq miqyasda nüfuzunun artmasına öz töhfəsini verməyə başladığına əsaslı sübutdur. Nəzərə alınsa ki, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişaf etdirilməsində əsas hədəflərindən biri ölkədə turizmin çiçəklənməsinə nail olmaqdır, İlk Avropa Oyunlarının bu kontekstdə ölkəyə qazandırdığı dividendi əlavə şərh etməyə ehtiyac qalmır. Eyni zamanda bəzi idman yarışlarının bölgələrdə keçirilməsi, məsələn, baydarkakanoe yarışlarının Mingəçevirdə keçirilməsi regionlarımızın təbliği baxımından əla fürsət yaradır.

Azərbaycanın özəllikləri çempionların mətbuat açıqlamalarında...

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin daha bir əhəmiyyətli cəhəti Oyunlar ərəfəsində ölkənin digər potensiallarının üzə çıxarılmasına nail olunmasıdır. Bəllidir ki, yaxın illərə kimi Azərbaycan Avropada yalnız neft-qaz ixracatçısı kimi tanınırdı. 2012-ci ildə "Eurovision" beynəlxalq musiqi yarışmasına ev sahibliyi etməklə ölkəmiz özünü dünyaya başqa yöndən təqdim etməyi bacardı və bir sıra təsəvvürlərin dəyişməsinə səbəb oldu. O üzdən demək olar ki, İlk Avropa Oyunları da ölkəmiz haqqında daha geniş təsəvvürlərin formalaşmasına öz töhfəsini verəcək. Məlumdur ki, bu Oyunlarda iştirak etmək üçün Bakıya dünyanın 50 ölkəsindən 6000 idmançı gələcək. Nəzərə alınsa ki, onlarla eyni zamanda məşqçiləri, yaxınları və müxtəlif ölkələrdən fanatları da bura üz tutacaq, bu halda ölkəmizin, görməli yerlərindən, turizm potensialından tutmuş milli mətbəxinə qədər böyük marağa səbəb olacağını əminliklə söyləmək olar. Elə bu nüansları nəzərə alan İlk Avropa Oyunlarının Təşkilat Komitəsi Oyunlar ərəfəsində Azərbaycan mətbəxinin də təbliği ilə bağlı qərar qəbul edib ki, zəngin mətbəx ənənələri olan Azərbaycanın bu cəhətilə də diqqət çəkəcəyi şəksizdir. Lakin hələ bu da son deyil. Yarışlar sonrası 6000 idmançı vətəninə qayıdaraq televiziyalara, KİV-ə dəvət alacaq, onlara yarışlarla yanaşı, ölkəmiz, şəhərlərimiz, milli mətbəximiz və digər özəlliklərimiz haqqında ən müxtəlif suallar ünvanlanacaq və təəssüratlarını böyük bir oxucu-tamaşaçı auditoriyası eşidəcək, oxuyacaq. Bunun üzərinə onların ailə üzvlərini, qohum və tanışlarını, yaxın və uzaq çevrələrini gələndə nə qədər geniş bir arealı əhatə etdiyini, bu təəssüratların Azərbaycan haqqında hansı masştabda fikir formalaşmasına xidmət edəcəyini təsəvvür etmək çətin deyil. Bütün bunların isə ölkəmizin tanınması, üstünlüklərinin gözlər önünə sərilməsi baxımından önəmi böyükdür.

Bu idman oyunları Azərbaycanın qarşısında haqq səsinin dünyaya çatdırılması baxımından da geniş fürsətlər açır. Belə ki, bu günə kimi Dağlıq Qarabağ mövzusunda yanlış informasiyalarla yüklənmiş, Azərbaycanın haqlı tələblərinə qərəzli, ən yaxşı halda etinasız yanaşanlar ölkənin nüfuzunun artması, dünya siyasi arenasına daha bir cəhəti ilə təqdim olunması ilə problemi nə qədər yanlış anladığının fərqinə varacaq, haqq işimizə daha obyektiv qiymət verməyə çalışacaq ki, bu da Avropa Oyunlarının ölkəmizə vəd etdiyi əsaslı perspektivlərdən biridir.

Olimpiya Oyunlarının Azərbaycana qazandırdığı üstünlüklərdən danışarkən görünüşü ilə Bakının gözəlliyinə əlavə çalarlar qatan yeni stadion və komplekslərin inşasini heç bir halda gözardı etmək olmaz. Ən müasir standartlara cavab verən bu tikililərin inşası şəhərimizin daha da abadlaşmasına və gözəlləşməsinə səbəb olmaqla, həm də yeni yerlərinin açılmasına, beləliklə də əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermiş oldu. Üstəlik, tikinti zamanı istifadə olunan işçi qüvvəsi nəzərə alınarsa, 2 il ərzində nə qədər insanın işlə təmin olunduğu bəlli olar ki, bu da bu idman yarışmasının ölkəmizdə keçirilməsinin daha bir əhəmiyyətli nüansını ortaya çıxarır.

...Zaman keçəcək, Avropa Oyunlarının məkanı dəyişəcək, yeni texnologiyalar, yeni terminlər yaranacaq, bu Oyunlar yeni-yeni ölkələrdə təqdim olunacaq. Dəyişməyən bir şey olacaq - Azərbaycanın birinciliyi! O birincilik ki, erməniləri ilk addımdan məyus etdi! O birincilik ki, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutmasına, milli-mənəvi sərvətlərinin dünyada təbliğinə yol açdı. Şübhə yoxdur ki, Azərbaycan bu yarışmanı da layiqincə başa vuracaq.

Birincilik hər zaman sənin olsun, Azərbaycan!

 

Samirə SƏFƏROVA

Bakı xəbər.-2015.- 5 may.- S. 11.