Beynəlxalq Muzeylər Günü, Azərbaycan muzeyləri, Avropa Oyunları sərgisi...

 

Erməni təcavüzünün qurbanı olmuş 22 muzeyimiz...

Muzeylər xalqların çoxəsrlik mədəniyyətini özündə təcəssüm etdirən bir məbəddir. Ona görə məbəddir ki, xalqların tarixini, mədəniyyətini, dövlətçilik ənənəsini, ədəbiyyatını, ictimai fikrini, mübarizə epopeyasını əks etdirən saysız-hesabsız eksponatlara sahibdir. Əksər hallarda tariximizi kitablardan deyil, muzeylərdəki eksponatlar, tarixi materiallar, sənədlər sayəsində öyrənirik.

Bəzən tarixi saxtalaşdırmaq olur, ancaq muzeylərdəki eksponatlar əsl tarixi həqiqətlərdən xəbər verir. Muzeylər həm də tariximizlə bağlı doğru xəbərin, informasiyanın mənbəyi, ünvanıdır.

Bildiyimiz kimi, 18 may Beynəlxalq Muzeylər Günü kimi bütün dünyada qeyd edilir. Azərbaycan da inkişaf etmiş dünya dövlətlərindən biri olaraq bu günü bayram edir.

Məlumat üçün deyək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində Muzeylər Günü qeyd edilir. Sənədlərdə bildirilir ki, bu bayram, bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Azərbaycan Respublikası muzeylərində də bu baxımdan çox böyük aparılır və həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. Onu da deyək ki, Azərbaycanda 200-dən artıq muzey var və onların da 22-si erməni işğalı altındadır.

Muzeyşünasların qeyd etdiyinə görə, Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. Məlumatlara görə, XX əsrin əvvəllərində Bakı Ticarət Məktəbi nəzdində sənaye, Xalq Məktəblərinin Bakı-Dağıstan Müdiriyyəti nəzdində pedaqoji, Rus Texniki Cəmiyyəti Bakı şöbəsi nəzdində isə texniki muzeylər fəaliyyət göstərib. İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə bağlıdır. Belə ki, 1919-cu il dekabrın 7-də İstiqlal Muzeyi fəaliyyətə başlayıb. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə İstiqlal Muzeyi olmasını əhəmiyyətli görürüz". Muzeyşünaslar bildirir ki, muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanıb. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra İstiqlal Muzeyinin eksponatları yeni təşkil olunan Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab Muzeyinə aparılıb.

Muzeyşünaslar bildirir ki, sovet hakimiyyəti illərində respublikada muzey şəbəkəsi daha da genişlənib: Nizami adına Ədəbiyyat Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Maarifi Muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu illərdə yaradılıb. Muzey tədqiqatçıları deyir ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi var.

Alimlər yazır ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırıb.

Mədəniyyət və Turizm Nazirliyinin mediada gedən məlumatına görə, hazırda Azərbaycanda mövcud olan 146 muzeydən 138-i nazirliyin tabeliyindədir. Nazirlik muzeylərlə bağlı işində "Muzeylər haqqında" Qanunu və "Azərbaycan Respublikasının dövlət muzeylərində saxlanan muzey əşyalarının uçotu və saxlanması üzrə Təlimatlar"ı əsas tutur. Eyni zamanda muzey işi üzrə Elmi-Metodiki Kabinetin tövsiyələrinə və metodik vəsaitlərinə əsaslanır.

Nazirliyin yaydığı məlumatlardan birində qeyd edilir: "Muzeylərin əsas fondlarını təşkil edən bütün əşyalar bütün muzeylərdə mövcud olan eyni tipli daxilolma kitablarında (və yaxud Baş İnventar kitablarında) qeydə alınıb. Bu günə qeydə alınmış muzey vahidlərinin sayı 1 151 000-dir. Muzeylərin yalnız bir qisminin öz nəşrləri və reklam məhsulları var. Muzeylərin sərgi fəaliyyəti muzeyin öz kolleksiyalarından təşkil olunanonun özündə nümayiş etdirilən, müxtəlif muzeylərin kolleksiyalarından toplanan, xaricdəki Azərbaycan muzeylərinin eksponatlarından təşkil olunan və Azərbaycanda nümayiş etdirilən xarici tematik sərgiləri əhatə edir. Rayon (əyalət) muzeyləri də müəyyən sərgi və maarifləndirmə işi aparır. Onlar Azərbaycanın Milli Müstəqillik Gününə, 20 Yanvar - Şəhidlərin Xatirəsi Gününə, ədəbiyyat, elm və incəsənət korifeylərinin yubileylərinə, Milli Musiqi Gününə və s. həsr olunmuş tədbirlər və sərgilər keçirir. Son illər Azərbaycanda fəaliyyət göstərən muzeylərin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq sənədlər imzalanır. Muzeylər təmir olunur, yeni muzeylərin açılışı olur. Muzeylər təmir olunarkən və ya ekspozisiya yenilənərkən beynəlxalq normalara uyğun olmasına çalışılır. Regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə olunub".

Muzeyşünaslar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamlarını muzey işinə dövlət qayğısının aydın təzahürü hesab edir.

Bildiyimiz kimi, son illər ölkəmizdə yeni muzeylər yaranır. Onların sırasında Dövlət Bayrağı Muzeyini göstərmək olar. Bu muzeyin açılışı 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə olub. Səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da var. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, ordenmedallar nümayiş olunur. Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur. Dövlət Bayrağı Muzeyində, həmçinin, Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da var. Bu məlumatlar muzeylə bağlı yayılan informasiyada yer alıb.

Muzeyşünaslar qeyd edir ki, son illər regionlarda Heydər Əliyev muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Respublikanın bütün muzeylərində Beynəlxalq Muzeylər Günü müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri ilə qeyd edilir. Ölkə Prezidenti İlham Əliyev muzeylərin inkişafı və yeni muzeylərin təşkili ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdmanOlimpiya Hərəkatı Muzeyinin yaradılması barədə sərəncamlar da bu sıradandır. Prezidentin 22 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı" ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır. 2009-cu il ərzində Sumqayıt, Balakən, Qusar, Xızı tarix-diyarşünaslıq muzeylərində, Lənkəran şəhərində Həzi Aslanovun ev muzeyində, Salyan rayon Heydər Əliyev muzeyində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bədii-tərtibat işləri aparılıb.

Onu da qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan, işğal altındakı ərazilərimizdə qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.

Məlum olduğu kimi, "Beynəlxalq Muzey Günü" aksiyası çərçivəsində Azərbaycan İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş Bakı-2015 sərgisinin açılışı olub.

AzərTAc-ın bu barədə yaydığı məlumata görə, mərasim Azərbaycan İstiqlal Muzeyində keçirilib.

2001-ci ildə "Muzey baharı" aksiyası keçirilib və tədbirdə 39 ölkə iştirak edib. Azərbaycan isə bu aksiyaya 2002-ci ildə qoşulub.

Hər il bayramın muzey fəaliyyəti məsələlərinə həsr olunmuş öz müəyyən mövzusu olur. Məsələn, muzey sərvətlərinin qanunsuz yolla ölkədən çıxarılması, cəmiyyətdə mədəniyyətin yüksəlməsində muzeylərin rolus. 2015-ci ildə bayram "Muzeylər və cəmiyyətin sabit inkişafı" mövzusuna həsr edilib. Bu il Azərbaycan İstiqlal Muzeyində təşkil edilmiş sərgi iyunun 12-28-də ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunur. Ekspozisiyada həm peşəkar, həm də həvəskar rəssamların təqribən 50 əsəri nümayiş etdirilir. Onların hamısı Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunub.

O da bəllidir ki, vaxtilə ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

"Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında" 2013-cü il 29 dekabr tarixli, eləcə də qoruq muzeylərin təşkilinə, muzey işçilərinə fəxri adların verilməsinə dair sərəncamları, bu mədəniyyət obyektlərinin açılış mərasimlərində şəxsən iştirak etməsi müvafiq sahəyə göstərilən böyük diqqət və qayğıya bariz nümunələrdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq milli-mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Qeyd edək ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 19 may.- S. 11.