Transplantasiya müasir tibbin möcüzəsidir

 

Bu gün orqan köçürülməsi mobil telefon, kompyuter kimi dövrümüzün sıradan hadisələrindən sayılır.Lakin proseslərin gerçəkləşməsi və orqan nəqli keçirilən insanın bərpa olunaraq yenidən həyat qazanması, əlbəttə, müasir tibbin həqiqi möcüzəsi sayıla bilər. İndi böyrək, ürək, qara ciyər nəqlindəki uğurlar da bəşəriyyəti bir anlama gətirir ki, tibb elminin inkişafı de-fakto Allahın işinə qarışmaq deyil, əsl təbabət möcüzəsidir.

Bu möcüzəni şəxsən yaşamış bir insan kimi həmin sətirlərin müəllifi reallığı əyani şəkildə təsdiq edir. Uzun illər idi qaraciyər ağrılarından əzab çəkirdim. Xarici dövlətlərdə müxtəlif müayinə və müalicələr nəticəsiz olanda hepatoloqum son və qəti qərarını verdi: xəstə qara ciyər mütləq dəyişdirilməlidir. Mən bu xəbərdən şok yaşasam da, bir olan Allahın mərhəmətinə, güclü ruhumun, iradəmin əzminə inanırdım. İnanırdım ki, uzun illərin yaxın dostu, professor Nuru Bayramovun tövsiyə etdiyi Malatya Qara ciyər Nəqli İnstitutunun rəhbəri professor Sezayi Yılmaz məni ölümün pəncəsindən xilas edəcək. Hərçənd, ondan əvvəl Şirazda professor Seyid Məlik Hüseyni, İstanbulda isə Memorial Hospitalında professor Koray Acarlı ilə görüşüb fəsadla bağlı tövsiyələrini dinləmişdim. Əməliyyatım çox mürəkkəb xarakterli idi, böyük risq tələb edirdi, həm də vaxt çox daralmışdı. Yalnız Uca Rəbbimizin istəyi, bir də peşəkar cərrahın qızıl barmaqlarına inanaraq qardaş ölkənin qos-qocaman bir şəhərinə - Malatyaya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinə yollandım. Yanvar sazağının qarlı bir alatoranında mərkəzdəki otelə yetişdik. Ürəyim sövqtəbii nagümanlıq içindəykən eyvana çıxdım. Camidən Azanın ürəkləri riqqətə gətirən möhtəşəm avazı dalğa-dalğa gecənin qaranlığına yayılırdı. Mənə elə gəldi ki, bu avazla nəhəng dağların arxasından Tanrının özüydü insanları mərhəmətə və xeyir işlərə çağıran, onlara öz nurundan pay verən...

Bu düşüncədən mütəəssir olub kövrəlsəm də, tezgöz incilərimi sildim və qətiyyətlə "Rəbbim məni çox sevir, mütləq xilas edəcək", - deyə Yerin-Göyün sahibinə yalvardım. Nəhayət, canüzücü müayinə və təhlillərdən sonra yanvarın 16-da əməliyyat baş tutdu. 23 saatlıq gərgin əməliyyat zamanı mənim qara ciyərim bütünlüklə götürülərək yeni donor qara ciyəri ilə əvəzləndi. İndi bu yazını yazarkən həmin ağır günlərin həyəcanı yenidən məni çulğayır.

Bəli, Yaxın Şərqdə ən problemli orqan köçürülməsinin mahir cərrahı, "qaraciyərin atası" sayılan professor Sezayi Yılmaz həqiqətən Tanrı hökmünü icra etdiçox ağır əməliyyatın sonunda tərini silib əllərini Haqqın dərgahına qaldıraraq: "Ya Rəbbim, şu kadın senin ne sevdiyin bendeymişki, ona əcəldən macal - yenidən həyat verdin. Sənin "möcüzə"nə inanmayana lənət. Şükür Kərəminə!" - dedi.

Beləcə, ağır günlər tədricən ötdü. Ayağa qalxan kimi jurnalist olaraq ilk növbədə onu düşündüm ki, kaş mənim Vətənimdə də bu tipli mükəmməl transplantoloji klinika və belə peşəkar personalı olan bir sistem yaradılaydı. Kaş bizdə də tibbi sığorta tezliklə gerçəkləşəydi və orqan nəqlinə ehtiyacı olan insanlar dövlət tərəfindən qayğıyla əhatə olunaydı. Kaş xəstələr xarici ölkələrin həkimlərinə pənah aparmayaydı...

Elə bu düşüncələrlə hər dəfə xəstələri yoluxan Sezayi Yılmaza suallarımı da verirdim.

- "Sezai Hocam, hər insanın sənət, peşə seçməyinə, şübhəsiz ki, öncə cənabi Haqq, insanın öz istəyi, bir də yönəldici tövsiyələr səbəb olur. Həkim kimi necə oldu məhz orqan nəqli sahəsini seçdiniz? Qismət, sevgi, yoxsa təsadüf? Bu gün Turqut Özal Tibb Mərkəzində mükəmməl bir sistem yaratmısınız. Bu tipli sistemin Azərbaycanda yaradılması mümkündürmü?" - sualımı professor belə cavablandırdı: "İnönü Universiteti Turqut Özal Tibb Mərkəzi çoxprofillidir. Transplantologiya, onkologiya və piylənmə cərrahiyyəsi daha inkişaf etmiş sahələrdir. Tale elə gətirdi ki, gənc həkim ikən mənim pediatr olmaq istəyimə universitet hocalarım qarşı çıxdılar. Onlar mənə orqan nəqli cərrahiyyəsini tövsiyə etdilər.Əlahəzrət zaman təsdiq etdi ki, hocaların tövsiyəsi ilə seçimimdə yanılmadım.

Bu gün dünyada müxtəlif səbəblərdən qara ciyər xəstələri həddindən artıq çoxalıb. Mənc, bütün ölkələrdə bu sahə ilə bağlı klinikalar olmalıdır ki, insanlar əziyyət çəkməsin. Perspektivdə məqsədimiz yeni yaradılıcaq Qara ciyər Transplantasiyası İnstitutunu inkişaf etdirməkdir.Həmin institutun nəinki Türkiyədə, hətta dünyada nümunəvi bir Mərkəz olacağını düşünürük.

Azərbaycana gəlincə, biz bu elm və səhiyyə ocağında t.e.d., professor Nuru Bayramov, t.e.n. Ruslan Məmmədov, t.e.n. Namiq Novruzov, t.e.n. İmran Şəfiyev, Dr. Cavid Paşayev, Dr.Möhsün Əsgərov kimi qara ciyər nəqli edə bilən cərrahların mükəmməl təcrübə keçməsinə yardımçı olmuşuq. Bu gün can Azərbaycanda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası ilə İnönü Universiteti Qara ciyər Nəqli İnstitutu arasında bir əməkdaşlıq protokolu vardır. Bizdə təcrübə keçən həkimlər bu gün Cərrahiyyə Klinikanızda transplantologiya şöbəsinin formalaşmasında böyük səy göstərirlər" - dedi Sezayi Yılmaz.

Nəhayət, qan təhlillərim normallaşanda mən xəstəxanadan çıxaraq çox darıxdığım paytaxtımıza, doğma ocağıma döndüm.Müğənni Baloğlan Əşrəfovun orqan nəqlindən sonrakı dönüşü o zaman məni necə kövrəltmişdisə, mənim belə ağır əməliyyatdan sağ-salamat qayıtmağıma sevinən doğmalarım da eləcə kövrəlmişdilər Əlbəttə, bu yazını hazırlarkən ağır günlərimdə mənə mənəvi dəstək olmuş insanlara - ilk növbədə ailəmə, əzizlərim - millət vəkilləri akademik Ziyad Səmədzadə və Qənirə xanim Paşayevaya, akademik Vasim Məmmədəliyevə, akademik Böyükkişi Ağayevə, gənc alim Elşad Səmədzadəyə, dostlarıma və bir də əziyyətimi çəkmiş türk tibb personalına dərin minnətdarlığımı bildirirəm. Malatyadan dönərkən professor S.Yılmaz mənim daha sonrakı müayinə və təhlillərimin məhz prof. Nuru Bayramovun çalışdığı Cərrahiyyə Klinikasında aparılmasını tövsiyə etmişdi.Mən də bir neçə gündən sonra müasir tipli, Cənubi Qafqazda analoqu olmayan, ən yeni tibb avadanlıqları ilə təchiz edilmiş ATU-nun Tədris Cərrahiyyə Klinikasına getdim. Doğrusu, 2013-cü ilin sentyabr ayında Prezident İlham Əliyevlə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın açılışında şəxsən iştirak etdiyi, respublika tarixində həm vətəndaşlarımız, həm də tələbələrimiz üçün çox faydalı və gərəkli olan bu tibb elm ocağında 10-cu mərtəbənin transplantologiya şöbəsində də prof. Nuru Bayramovla Ruslan həkim məni çox səmimi, sevincli və gülər üzlə qarşıladılar. Nuru müəllim mənimlə söhbətində xüsusi olaraq vurğuladı ki, akademik Əhliman Əmiraslanovun bilavasitə təşəbbüsü ilə son illərdə bütün dünyada çox aktual olan orqan köçürülməsi şöbəsinin yaradılması və formalaşdırılması Cərrahiyyə Klinikasının uğurlu yeniliklərindəndir: "Şübhəsiz ki, bu gün orqan nəqli, inkişaf etmiş ölkələrdə olduğu kimi, respublikamızda da tibbi xidmətin ayrılmaz bir hissəsinə çevrilib. Bir neçə il öncə universitetimizin bir sıra əməkdaşları Türkiyənin bir neçə universitetinə göndərildi və onlar böyük təcrübə qazandılar. İnönü Universiteti, Turqut Özal Tibb Mərkəzi, Başkent Universiteti, Qazi Universiteti, 9 Eylül universitetində mükəmməl təcrübə keçmiş həkimlərimiz xüsusilə fərqlənir. Hocamız Sezayi Yılmazın bu sahədə xidmətlərini hamımız minnətdarlıqla qeyd etməliyik".

Həmsöhbətimiz onu da xüsusi vurğuladı ki, qara ciyər nəqli sahəsində dünyada 2-ci yerdə olan Qara ciyər Nəqli İnstitutunun rəhbəri Sezayi Yılmazın başçılıq etdiyi qrupla Bakıda da bir neçə uğurlu transplantasiya əməliyyatı keçirilib.

Klinikanın baş həkimi Asiman Həsənovdan onu da öyrəndik ki, AMEA-nın müxbir üzvü professor Nuru Bayramovun rəhbərliyi ilə ATU-da transplantologiya Proqramı yaradılaraq həyata keçirilir. Bu proqramla qara ciyərin və öd yollarının digər patologiyaları da müayinə, müalicə və əməliyyat edilir. Məhz ölkəmizdə aparılan səhiyyə islahatları və dövlətin səhiyyə sisteminə qayğısı sayəsində bir çox yenimüasir tibb ocaqları yaranıb, xüsusilə bu unikal klinika Cənubi QafqazdaOrta Asiya ölkələri arasında yeganədir. Əlbəttə ki, bu faktın özü Azərbaycanın dinamik inkişafından xəbər verir. Təsadüfi deyil ki, bu yaxınlarda ATU TCK-da "Orqan transplantasiyası" adlı beynəlxalq konqres keçirildibu sahədə tanınmış, məşhur, cərrahlar burada iştirak edirdi. Bir çox xarici dövlətlərdən gələn qonaqlar ölkəmizdə həmin sahədə aparılan işlərin çox sürətlə inkişaf etdiyini vurğuladılar.

Bu gün qara ciyər nəqlinə və digər bu kimi problemlərin həllinə ehtiyacı olan xəstələrimiz heç də həmin məsələ üçün xarici dövlətlərə üz tutmamalıdır. Çünki ATU TCK-da transplantologiya şöbəsi fəaliyyət göstərir və burada səriştəli cərrahlar çalışır.

Doğrusu, aldığım qürurverici informasiyaları oxucularımızla da bölüşməyi özümə borc bildim.

Nədən ki, insanın ən böyük qan təmizləyicisi sayılan, çox həssas, zərif orqan olan qara ciyər xəstəlikləri indi bəşəriyyəti çox narahat edən problemlərdəndir. Bu problemlərin tibb elminin inkişaf qüdrəti ilə möcüzəvi şəkildə həllini tapması insanlarımızın sağlamlığının, təkcə sağlamlığının deyil, həm də ömrünün uzanmasına xidmət edir.

Var olsun elmin qüdrətini insanların sağlamlığına tətbiq edən fədakar həkimlər! Bu həkimlərə, əlbəttə: Allahın əmrini yerinə yetirənlər də deyə bilərik .

 

Mirvari Rəhimzadə,

Əməkdar jurnalist

Bakı xəbər.-2015.- 22-24 may.- S. 12.