1920-ci ildə beşiyində boğulan və 1991-ci ildə yenidən doğulan dövlət müstəqilliyimiz...

 

 

 

Azərbaycan Demokratik Respublikasının (1918-1920) varisi olan müstəqil Azərbaycan şanlı tarixə malikdir. Bildiyimiz kimi 28 may Respublika Günüdür. ADR-in bayrağı bayrağımız, himni himnimiz, dövlət atributları isə vacib dövlətçilik atributlarımızdır. 97 il əvvəl qurulan, xalqımıza azadlığı damla-damla dadızdıran ADR 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşüb.

1918-ci il 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün kimi hər il keçirilir. Onu da vurğulayaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

 

İstiqlal tərənnümçüləri...

 

Keçən sayımızdakı mövzunu Cumhuriyyət dövründə qələmə sarılan böyük ədiblər, fikir adamlarının fəaliyyəti ilə tamamlamışdıq. İndi də o fikirləri davam etdiririk.

Tədqiqatçı Göyərçin Mustafayeva o dövrdə fəaliyyət göstərən, dövlət müstəqilliyini tərənnüm edən şair və yazıçıların, söz adamlarının fəaliyyətini, yaradıcılığını araşdırıb. Onun bildirdiyinə görə, bu dövrdə yazılan şeirlərdə Azərbaycan Demokratik Respublikasının xalqa bəxş etdiyi azadlıq, demokratiya, sülh ideyaları həvəslə tərənnüm olunur: «Bu mövzulu şeirlər «İqbal», «Yeni iqbal», «Açıq söz», «İstiqlal», «Azərbaycan», «Ədəbiyyat», «Birlik», «Qurtuluş», «Məktəb Füqəra fyuzatı», «Şərq qadını» qəzet və məcmuələrində ardıcıl olaraq çap olunurdu. Bu səpkili şeirlərdə milli qürur, xalqın əsrlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət hissi çox güclüdür. Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikail Müşfiq, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Üm Gülsüm kimi xalqı, vətəni üçün yazıb-yaradan ədiblərin yaradıcılığının ən məhsuldar dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu illərdə onlar «Azərbaycan bayrağına», «Sevimli ölkəm», «Türkün nəğməsi», «Milli bayrağımıza», «Ey əsgər», «Turan düyünü», «Səs verəlim», «Ey türk oğlu», «Əsgər anası», «Yolunu bəklərdim», «Bayrağın enərkən» kimi bir-birindən gözəl şeirlər yazıb. Ədəbiyyatşünasların yazdığına istinadən qeyd etmək istəyirəm ki, ədiblərimizin yaradıcılığında bir tərəfdən vətən sevgisi, milli istiqlal uğrunda mübarizə, onun tərənnümü, digər tərəfdən, xalqı Azərbaycanın milli istiqlalına səsləməsi, onu qoruyub saxlamaq əsas yer tutur. Əhməd Cavadın «Ey əsgər!» şeiri bu cür poetik örnəklər arasında öz ideya-estetik keyfiyyətləri və duyğularının səmimiliyi ilə seçilməkdədir:

Dağa-daşa sancağını ördürüb,

Duman kimi bu dağları bürüdün!

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün!

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan Günəş üzünə!

Həmin dövrün vətənpərvər şairlərindən Üm Gülsüm də 1918-ci ildə şair qardaşı Əhməd Cavadın hisslərinə bənzər duyğuların təsiri altında qələmə aldığı «Ey türk oğlu!» adlı şeirində türk əsgərinə üz tutub onu şanlı qələbələrə səsləməyi özünə bir vətəndaş, sənətkar borcu bilirdi:

Ey türk, sən ey qəhrəman, igid oğlu türklərin,

Şanlı ulu babanın öyüdünü unutma!

Sən də yürü o yolu, ad çıxarsın əsgərin,

Ulular ardınca get, başqa bir yolu tutma!

Hadinin yaradıcılığında «İstiqlal» mövzusu daha üstün yer tutur. «İstiqlalımız parlaqdır», «İrəliyə doğru gedəlim!», «Ümid səhneyi-təmaşayi-həyatın ruhudur» kimi şeirlər bu mövzuda yazılmış əsərlərdir.

Ey ol vəqti görən məsud, unutma bizləri yad et!

Ey yoldu həsrət ilə can verən əhvalı tedad et!

Məzarım üsdə gəl dur, qəmli-qəmli ağla, fəryad et!

Oxu bu şeiri qəbrimdə ələt təkrar evrad et:

Dur, ey zindani nisyanda yatan, azad olub aləm!

Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

Azadlıq, istiqlal arzuları ilə ruhlanan şair şeirdə öz kədərlərini elə məharətlə qəzəb və intiqam hissinə çevirir ki, bu hisslərinin od-alovunu düşmənin başına tökür».

 

«Sən ağlama, mən ağlayım, gözəlim»

 

Tədqiqatçı yazır ki, Azərbaycan xalqının milli istiqlaliyyəti, mədəniyyəti, dilinin inkişafı mövzusu, hürriyyətə, maarifə və elmə çağırış Abbas Səhhət yaradıcılığında bəzən sızıltı və fəryad şəklində ifadə olunurdu. O yazdığı «Fəryadi-intibah və ya amali-vətənpərvəranə» şeirində vətəndaşları oyanmağa, azadlığa çağırır.

Ayıl,ey umməti-məhrumə,ayıl!

Ayıl,ey milləti məzlumə,ayıl!

Ayıl,ey bülbüli-gülzari-vətən!

Nəğmən ilə ola bidar vətən!

Ayıl,ey xabi-qəmə aludə,

Bu qədər yatma dəxi asudə.

Millətini, vətənini azad görmək istəyən Cəfər Cabbarlı:

Durnalar, durnalar, bizdən dubara,

Turan ellərinə salam söyləyin.

deyərək, Azərbaycan istiqlalının möhkəmliyini Turan ellərinin azadlığında görür: «1920-ci il ADR-in süqutundan sonra vətənin hər növrağının söndüyü, onun sinəsinə və əllərinə yad izlər göründüyü üçündür ki, aşiq öz «xəstə qəlbi» ilə haraya gəlməyə çalışır:

Mən baxarkən sən vurduğun yaraya,

Şimdi zalım fələk girdi araya.

Bax, xəstə qəlbimlə gəldim haraya,

Sən ağlama, mən ağlayım, gözəlim!

Ə.Cavadın «Sən ağlama, mən ağlayım, gözəlim» şeiri simvolik bir vətənpərvərlik numunəsi, sevgili vətənin yasına yazılan bir ağı idi. Şairin özünün də qeyd etdiyi kimi, vətənini, xalqını bəxtəvər görmək arzusu ilə çırpınan bir könülün nalə və fəğan notları bu dövrdə qələmə alınmış bir sıra başqa əsərlərdə də, xüsusən lirik-romantik parçalarda özünü sıx-sıx göstərir.

«Bu yılkı mayısda» şeirindən bir parça:

O günlər ovunmadan, gülmədən

Ağladım ağlayan türkün dərdinə.

Bu yılkı yazda bir nəşə bilmədən

Yanardım yaxılan yurdun oduna.

Yelimin baharı, həyatı sönmüş,

Qönçəsi, nəğməsi yasa bürünmüş.

Bu dövrü M.Ə.Rəsulzadə çox dəqiq və poetik bir dillə ifadə edib: «Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşğun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ yetərincə faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü».

 

Xalq Cumhuriyyətinin dövlət atributları dövlətçilik rəmzimizdir

 

Məlum olduğu kimi, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan Demokratik Respublikasının varisi olduğu elan edildi və ADR-ə aid olan dövlət atributları müstəqil Azərbaycan dövlətinin simvol və rəmzlərinə, atributlarına çevrildi.

 

«Bayraqları bayraq yapan...»

 

Azərbaycan dövlətinin üçrəngli bayrağı xalqımızın qürur mənbəyidir. Tədqiqatçılar bayraq haqda dəyərli fikirlər söyləyir. Tədqiqatçıların yazdıqlarına görə, bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Bildiyimiz kimi, hər bir müstəqil dövlətin bayrağının rəmzləri, ifadə etdiyi məna çalarları var.

Üçrəngli bayrağın simvollarını tədqiq edən alimlər bildirir ki, ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Tarixçilərin yazdıqlarına görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

Bayrağımızın rəngləri...

 

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilib.

Yaşıl rəng - islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiyinə görə, Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

 

Səkkizguşəli ulduzun və ayparanın mənası...

 

Tarixçilərin bildirdiyinə görə, Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Tarixçilərin yazdığına görə, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, «Azərbaycan» sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada «Azərbaycan» sözü səkkiz hərflə yazılır. Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə səkkiz türk xalqının simvoludur.

 

Səkkizguşəli ulduzun bitib tükənməyən izahları...

 

Tədqiqatçıların bildirdiyinə görə, səkkizguşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçıların fikirlərində məsələyə dini aspektdən yanaşılır: səkkiz guşə cənnət sferasının rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş tanrısı Utu torpağa istilik göndərib.

Gerbdəki səkkiz guşə ilə bağlı başqa bir izahda isə bildirilir: Ay (qəməri) təqvim islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə «Türk dövrü» kimi qalmış bir təqvim yaradılıb. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zülhəccəsinə 30-cu gün əlavə edilirdi.

Tədqiqatçılar yazır ki, «Türk dövrü» kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar «Türk dövrü» təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizillik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zülhəccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırıb və bu təqvimdən XVI əsrdən Türkiyədə istifadə edilib. Ehtimal olunur ki, Osmanlı imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.

Bəzi izahlarda isə səkkizguşəli ulduz «Odlar Yurdu»-nun səkkiz hərflə yazılışına işarədir.

Tarixçilər qeyd edir ki, bir çox mənbələrdə isə belə məlumat verilir: səkkizguşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir.

Ardı olacaq.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2015.- 28-29 may.- S. 15.