Gənc aşıqlar «Gəncliyin səsi» konsertləri ilə Bakı-2015-ə dəstək verdi...

 

Zəlimxan Yaqub: «Avropa Oyunları ilə bağlı hər bir ölkə vətəndaşı öz üzərinə düşən işdən töhfə verməlidir»

 

Məhərrəm Qasımlı: «Gənclərin iştirakı ilə təşkil edilən bu konsertin

əhəmiyyəti böyükdür»

 

Musa Nəbioğlu: «Bugünkü çıxışları ilə gənc aşıqlar da idmançılarımıza öz dəstəklərini ifadə edirlər»

 

Odlar diyarı Azərbaycan, məmləkətimizin paytaxtı Bakı dünyanın diqqət mərkəzindədir. Azərbaycan dövləti, Azərbaycan xalqı Birinci Avropa Oyunlarına hazırlaşır. Birinci Avropa Oyunlarının simvoluna çevrilən məşəl respublikamızı qarış-qarış gəzir. Bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan aşıqları da iştirak edir, onlar öz saz-söz töhfəsini Bakı-2015: Birinci Avropa Oyunlarına verir. Bu işdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) gördüyü işlər, düzənlədiyi tədbirlər təqdirəlayiqdir.

Digər yaradıcı qurumlar kimi AAB da dövlətimizin gördüyü bütün xoşməramlı işlərə dəstək verir. Aşıqlar Birliyi mayın 26-da Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək məqsədilə

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında

gənc aşıqların iştirakı ilə «Gəncliyin səsi» adlı konsert proqramı təqdim etdi. İfaçıların Avropa Oyunlarına verdiyi saz-söz töhfəsindən danışmamışdan əvvəl istəyirəm ki, bu mötəbər Oyunlarla bağlı tədbirdə səslənən fikirlərə toxunum.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunları haqqında danışarkən bildirdi ki, bu Oyunların Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və ellikcə hamı bu yarışın keçiriləcəyi günü gözləyir: «Bütün Azərbaycan, onun bölgələri, şəhərləri, rayonları, kəndləri dünya qarşısında imtahan verir. Ölkəmiz bu gün imtahan, böyük bir sınaq dövrünü yaşayır. İndi dünyanın diqqəti Azərbaycandadır.

Mən inanıram ki, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsi kimi, ulu öndərimiz Heydər Əliyevin həyata keçən arzuları kimi bu gün Azərbaycan ən yüksək dövrünü yaşayır. Bütün sahələrdə yüksək inkişaf var. Avropa Oyunları ilə bağlı hər bir ölkə vətəndaşı öz üzərinə düşən işdən töhfə verməlidir-öz vətəninə, öz yurduna, öz dövlətinə, öz anasına. Ona görə də Aşıqlar Birliyi olaraq fikirləşdik ki, biz nə edə bilərikğ Dedik ki, qoy Azərbaycanın müxtəlif bölgələrindən olan gənc aşıqları yığıb bir konsert təşkil edək, gənc aşıqların da səsi eşidilsin. Bu konsertdə aşıq sənətinin bütün mühitlərindən gənclər təmsil olunur. Görürsüz ki, onları dinləməyə ağsaqqallarımız, aşıq sənətimizin qaymağı olan insanlar gəlib, gənc aşıqsevərlər burdadır».

Birlik sədri bildirdi ki, bu konsertin əhəmiyyəti həm də ondadır ki, burada aşıq sənətinin, milli musiqimizin sabahı olan gənclər iştirak edir. Xalq şairi xalqımızı 28 May-Respublika Günü münasibətilə də təbrik etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, tanınan folklorşünas alim, professor Məhərrəm Qasımlı da Bakı-2015: Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini təqdir etdiyini və Aşıqlar Birliyinin bu işə dəstək olduğunu dedi: «Azərbaycanın belə bir nüfuzlu idman oyununa ev sahibliyi etməsini bir elm adamı kimi təqdir edirəm. Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi bu konsert proqramı Bakı-2015-ə həsr olunub. Hesab edirəm ki, gənc aşıqların dövlətimizin nüfuzunun daha da artmasına, xalqımızın dəyərlərinin dünya ictimaiyyətinə təqdim edilməsi işinə cəlb edilməsi uğurlu işdir. Bilirsiz ki, bölgələrdə Birinci Avropa Oyunlarına həsr edilən tədbirlərdə Aşıqlar Birliyinin üzvləri olan aşıqlar yaxından iştirak edir. Azərbaycanın gənc aşıqlarının çoxunu xalqımız tanıyır, onlar dövlət tədbirlərində yaxından iştirak edir, sazımızı-sözümüzü təqdim edirlər. Bu da o deməkdir ki, aşıqlar dövlətimizin yanındadır, onun həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir. Gənclərin iştirakı ilə təşkil edilən bu konsertin əhəmiyyəti böyükdür. Əvvəlcədən Birinci Avropa Oyunlarının işinə uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan dövləti, Azərbaycan xalqı bu imtahandan üzüağ, alnıaçıq çıxacaq. Bizə qələbə, zəfər yaraşır. Bu işdə iştirakı olan hər kəsə nailiyyətlər diləyirəm».

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu isə bildirdi ki, Azərbaycan dövləti aşıq sənətinə böyük diqqət göstərir, aşıqların da hər zaman dövlətin xoşməramlı işlərinə dəstək olması təbiidir: «Son illərdə az qala hər ay bu möhtəşəm salonda-Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir. Bugünkü tədbir isə çox əlamətdar vaxta təsadüf edir. Mayın 28-də ölkəmizdə Respublika Günü qeyd olunacaq. Təxminən iki həftə sonra isə respublikamız Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu isə təbii ki, həm də son illərdə ölkəmizin iqtisadiyyatının dinamik inkişafının nəticəsi, respublikamızın dünya ölkələri içərisində mövqeyinin möhkəmlənməsi, Cənubi Qafqazın aparıcı ölkəsi olmasının təsdiqidir. Bu inkişafın nəticəsidir ki, respublikamız bu gün dünyada həm də idman ölkəsi kimi tanınır, mədəni sərvətləri ilə dünyanı heyran qoyur.

Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir və bugünkü çıxışları ilə gənc aşıqlar da idmançılarımıza öz dəstəklərini ifadə edirlər».

Birlik katibi həmçinin qeyd etdi ki, son illərdə Azərbaycan aşıq sənətinə yeniyetmə və gənclər arasında maraq çoxalıb. Onun bildirdiyinə görə, bu gün əksər musiqi məktəblərində və müvafiq kolleclərdə saz sinifləri fəaliyyət göstərir:» Mədəniyyət və İncəsənət Universitetində isə aşıq sənəti şöbəsi var. Buradakı aşıq sənəti kafedrasına əməkdar mədəniyyət işçisi, ustad aşıq Əhliman Rəhimov rəhbərlik edir. Bu gün gənc aşıqlarımız arasında öz sənətlərinə uyğun olaraq bakalavr və magistr dərəcəsi üzrə təhsil alanların sayı onlarladır. Hətta alim-aşıqlarımız da var.

Bu konserti təşkil etməklə biz həm də gənc aşıqlara dəstək olmaq, onlara stimul vermək istəyirik. «Gəncliyin səsi» adlı konsertdə Bakıda və respublikamızın ayrı-ayrı rayonlarında yaşayıb fəaliyyət göstərən 60-dək gənc aşıq çıxış edir. Bu konsert ayrıca gənclərə meydan verilməsi kimi ilk təşəbbüsdür və bunu bir ənənə halında davam etdirməyi düşünürük. Ola bilsin ki, bugünkü konsertdə müəyyən səbəblərdən çıxış etməyənlər də oldu. Bunlar növbəti tədbirlərimizdə nəzərə alınacaq. Çalışacağıq ki, aşıq sənətinə gələn, bu sənətə ürəkdən bağlanan heç bir gənc diqqətdən kənarda qalmasın».

Sonra isə gənc aşıqlara meydan verildi. Birinci Avropa Oyunlarına töhfə verən gənc aşıqların ifası böyük maraqla qarşılandı. Tədbirdə Rəhman Rasimoğlunun rəhbərlik etdiyi «Rasimlər» folklor qrupu, əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun yetirmələri-Sahib İsmiyev, Məharət Şəfili, Qəlbinur İbrahimli, Xəyal Niftəliyev, Telman Kərimov və Rza Rzazadə, balabanda Məqsəd Əzizov, nağarada Vahid Mehdiyev və qoşanağarada Azər Abdulxalıqov (kompozisiya), aşıq Nəbi Nağıyev, Familə Göyçəli və Nazim Quliyev («Cəlili»), Borçalı aşıq mühitinin yetirmələri-Nargilə Mehdiyeva və Qabil Abduyev çıxış etdi. Onu da qeyd edək ki, Nargilə Mehdiyeva Tiflisin yaxınlığındakı Msxeta rayonunda doğulub. Borçalının digər rayonları ilə müqayisədə bu rayonda azərbaycanlılar çox deyil. Orta təhsilini gürcü dilində alıb. Amma xanım aşıq folklorumuza, aşıq sənətinə qırılmaz bağlarla bağlanıb. O, II Beynəlxalq Aşıq Festivalında Borçalını təmsil edib. Dəfələrlə Türkiyədə festivallarda çıxış edib, ötən il Londonda konserti olub. Qabil Abduyev isə şair Nəbi yurdu Faxralı kəndindəndir. Televiziya kanallarının birində təşkil olunan aşıq müsabiqəsinin qalibi olub. Nargilə və Qabil «Qəhrəmanı» havasını təqdim etdilər.

Onların ifasından sonra əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi «Çeşmə» qrupu-Günel Qurbanova, Fatimə Cəbrayıllı, Xatirə Gülməmmədli, Əfsanə Kərimli və Dərya Mərdanzadə, Mehman Seyidov (balaban), Qafqaz Camaloğlu (zurna) və Nurlan Abbasovun (nağara) müşayiəti ilə «Ceyranım» aşıq mahnısını diqqətə çatdırdı.

Tədbir aparıcısı qeyd etdi ki, bildiyiniz kimi, son illərdə Azərbaycan aşıq sənətinə maraq xarici ölkələrdə də artmaqdadır: «Bu maraq xüsusilə də 2009-cu ildə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsindən sonra daha da çoxalıb. Aşıqlarımız tez-tez Avropa ölkələrində də folklor festivallarında iştirak edir, konsert proqramları ilə çıxış edirlər. Özü də bu maraq təkcə aşıqların ifasını dinləməklə məhdudlaşmır, bu sənəti öyrənməyə həvəs göstərirlər». Aparıcı tamaşaçılara iki maraqlı gənc xanımı amerikalı-Marta Lauri və Azaflı Mikayıl ocağının yetirməsi Məshəti Cabbarlını təqdim etdi. Marta Lauri ifaya keçməzdən əvvəl Bakıya gəlişindən danışdı: «Amerika Birləşmiş Ştatlarında dünyaya gəlmişəm. Bakıya təhsil almağa gəlmişəm, «Xəzər» universitetində təhsil almışam və hazırda da bu universitetdə çalışıram. Mən bura gələndə gədəbəyli ailəsində qaldım və burada sazı sevdim. Sazla maraqlandım və axırda onu ifa etməyi bacardım. Mən buna görə dostum Məhsəti Cabbarlıya, onun anası aşıq Minayə Azaflıya təşəkkür edirəm». Sonra isə Marta və Məhsəti «Divani bəhri»ni ifa etdilər. Onlardan sonra ifa etmək üçün səhnəyə Namiq Fərhadoğlu dəvət edildi. O, «Dilqəmi» saz havasını təqdim etdi. Laçın aşıq mühitinin tanınan nümayəndəsi Təşəkkül Əmralıyevin rəhbərliyi ilə istedadlı gənclər-Sahil Qurbanov, Pərviz Qurbanov, Pərviz Axundov, Elvin Axundov və Şirin Şirinzadə «Şahsevəni» havasını təqdim etdilər. Aşıq Rəfiqə və aşıq Azər «Orta Sarıtel», aşıq Məsim Rəcəbov və Ayaz Buludov (Borçalı) «Dubeyti» havasını, aşıq İlqar Qələmçəli (Qazax) «Vaqif gözəlləməsi»ni tamaşaçılara çatdırdı. Kəlbəcər aşıq mühitinin tanınan gənc aşığı Elbrus Hüseynov «Ayaq cəlili» («Süsənbəri», «Sulduzu»-İ.S) havasını təqdim etdi. Sahib İsmiyevin rəhbərliyi ilə «Buta» qrupu - Leyla Sarıyeva, Nuridə Şirinova və Nərmin Məmmədli «Paşaköçdü» havasını ifa etdilər. Onu da qeyd edim ki, bu gənclər də Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti üzrə təhsil alıblar. Onların ardınca isə iki ustad oğlu - Qərib Cahangir oğlu Quliyev və Kərəm Təbriz oğlu Vəliyev «Gəraylı» havası ilə səhnəyə çıxdı. Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlının yetirməsi Şəhriyar Şahverdiyevin ifa etdiyi «Kərəm gözəlləməsi» də tamaşaçıların marağına səbəb oldu. Gənc ifaçı Şirin Şirinzadə «İncəgülü» havasını təqdim etdi. Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimovun yetirmələri - Şirvan aşıq mühitinin gənc təmsilçiləri də ifalarını təqdim etdi, sonra isə Elvin Axundov, Elşad Abbasov və Elçin Xaliqoğlu «Baş dübeyti» havası ilə çıxış etdilər.

Klassik aşıqlar, ustadlar məclisi «Divani», bəzən də «Təcnis»lə açar, «Müxəmməs»lə bağlayardı. İndi bu ənənə gənc aşıqlar tərəfindən davam etdirilir. Azərbaycan Aşıqlar Birliyinin Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək məqsədilə gənc aşıqların iştirakı ilə təşkil etdiyi «Gəncliyin səsi» konsert proqramına gənc olmalarına baxmayaraq, artıq tanınan və sevilən aşıqlar- Elməddin Məmmədli və Şəhriyar Kərimov «Baş müxəmməs» havası ilə yekun vurdu.

Azərbaycan Aşıqlar Birliyinin Bakı-2015:Birinci Avropa Oyunlarına dəstək məqsədilə həyata keçirdiyi layihə iyun ayının 25-də Heydər Əliyev Sarayında ustad aşıqların iştirakı ilə «Yaxşı ki, sən varsan, ay sədəfli saz» proqramı ilə davam etdiriləcək.

 

 

İradə SARIYEVA

 

Mədəniyyət.- 2015.- 28-29 may.- S. 6.