Azərbaycan dövlətçilik tarixinin ADR dövrü...

 

Göz açdığım qədim torpaq,

Dayağımsan sən dünyada.

Doğma anam, ey mehriban,

Ey qəhrəman, Azərbaycan!

Addım-addım qucağından

Odlu sellər çağlasa da,

Həsrət qaldın sən işığa,

Zaman-zaman, Azərbaycan!

Yadellilər damla-damla

Al qanını sordu sənin,

Kimlər sənin göz dikmədi

Torpağına, Azərbaycan!

Bayrağını endirdilər,

Ancaq özün əyilmədin,

Alqış bu gün o ucalan

Bayrağına, Azərbaycan!

Səhər kimi cavan sənsən,

Tarix kimi qoca sənsən.

Fatehləri diz çökdürən

Vüqarımsan, Azərbaycan!

Öz müqəddəs dağlarından

Günəş kimi uca sənsən,

Yer üzündə mənim Odlar

Diyarımsan, Azərbaycan!

Səhərlərin qoy açılsın,

Təzə nurlu bahar ilə,

Gələcəyə mərd addımla,

Uğurla get, Azərbaycan!

Şəhidlərin al qanından,

Lalə açmış yollar ilə,

İstiqlalın sabahına

Qürurla get, Azərbaycan!

 

Xalq şairi Nəbi Xəzrinin «İstiqlal marşı» müstəqil Azərbaycanı tərənnüm edən, onun tarixini pərdə-pərdə açan, dövlət müstəqilliyimizin sabahına böyük ümidlər təlqin edən poetik nümunədir. 1918-ci il Azərbaycan Demokratik Respublikasının (ADR) varisi olan müstəqil Azərbaycan şanlı tarixə malikdir. Bildiyimiz kimi, 28 may Respublika Günüdür.

ADR-in bayrağı bayrağımız, himni himnimiz, dövlət atributları isə vacib dövlətçilik atributlarımızdır. 97 il əvvəl qurulan, xalqımıza azadlığı damla-damla dadızdıran ADR 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşüb. 1918-ci il 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gün kimi hər il qeyd olunur. Onu da vurğulayaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Tarixçilərin verdiyi məlumata görə, 1917-ci ildə Rusiyada baş verən fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920)-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Məlum olduğu kimi, 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Bəlli olduğu kimi, Azərbaycan Cumhuriyyəti qısa ömür sürüb, lakin böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cumhuriyyət o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cumhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

Cumhuriyyət tarixini araşdıran tədqiqatçılar qeyd edir ki,

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Tarixçilər təəssüflə bildirir ki, müstəqil Azərbaycan Cumhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Dövlətçilik tariximizdə vacib tarixi sənəd olan İstiqlal Bəyannaməsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə hazırlanıb. İstiqlal Bəyannaməsində bildirilir: «1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası İstiqlaliyyət Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cumhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaq. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cumhuriyyətidir. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir».

Onu da bildirək ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cumhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub.

Azərbaycan Respublikası Milli Məclisinin saytında ADR-in Milli Məclisinin tarixi haqda maraqlı qeydlər yer alıb. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti (1918-1920-ci illər) çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlib: «Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini Ümumqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə, yenidən parçalanma məsələsi labüd idi. Nəhayət, 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir».

Sənəddə vurğulanır ki, Azərbaycan Cumhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində «Bütün Azərbaycan əhalisinə müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirilir. 1918-ci il dekabrın 7-si H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir. Ə.Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilir.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir. Sonra Azərbaycan Cumhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cumhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi-gənc Azərbaycan Cumhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlib. O vaxt Azərbaycan Cumhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi. Bu dövr ərzində Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində Azərbaycan Cumhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan «Azərbaycan Parlamentinin nakazı (təlimatı ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar. Azərbaycan Xalq Cumhuriyyəti hüquqi dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cumhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda, bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi. Azərbaycan Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu. 4 iyun 1918-ci il «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi» imzalandı».

97 il əvvəl yaranan ADR Azərbaycan xalqının milli dövlətçilik şüurunun oyanmasına və onun bir millət kimi formalaşmasına, gələcəkdə azadlıq və müstəqillik uğrunda mütəşəkkil siyası mübarizəyə hazırlaşmasına stimul oldu. Onu da bildirək ki, dövlətin möhkəmlənməsinə dövrü mətbuat da töhfələr verib. Ədəbiyyatşünaslar qeyd edir ki, Azərbaycan Demokratik Respublikasının qurulduğu 1918-ci ildə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat və sənət bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi. Ədəbiyyatşünaslar yazır ki, milli dövlətin yaranmasına ürəkdən sevinən və bu böyük tarixi hadisədən vəcdə gələrək onu öz əsərlərində tərənnüm edən Azərbaycan yazıçı və şairləri Məhəmməd Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd Cavad, Abdulla Şaiq, Əmin Abid, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla Sur, Tağı Şahbazi Simurq, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üm-Gülsüm və İ.Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə yazıblar.

Bu dövrdə qızğın fəaliyyət göstərən «Yaşıl qələmlər» dərnəyinin Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Salman Mümtaz, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi görkəmli üzvləri var idi. Tarixi mənbələrdə qeyd edilir ki, Azərbaycan Demokratik Respublikası dövründə yazılan şeirlər özünü daha bariz şəkildə göstərir.

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 27 may.- S. 15.