Heydər Əliyev 17 noyabr 1990-cı ildə

Naxçıvan Ali Məclisində üçrəngli dövlət

bayrağının qəbul edildiyini elan edib...

 

Azərbaycan dövlətçilik tarixi haqqında çox yazmışıq, ayrı-ayrı mərhələləri alimlərin iştirakı ilə təhlil etmişik. Tarix bir ibrət dərsidir və onu dərindən öyrənməli və təbliğ etməliyik. XX əsrdə iki dəfə müstəqillik əldə edən, hazırda bağımsız dövlət kimi mövcud olan Azərbaycan Respublikası çox çətin sınaqlardan adlayaraq indiki vəziyyətinə gəlib.

Azərbaycan xalqı 24 ildir müstəqil dövlətdə yaşayır. Biz dövlət müstəqilliyimizdən danışarkən fəxrlə 1991-ci il 18 oktyabr tarixini qeyd edir, müstəqillik aktının qəbul olunmasından danışırıq. Əlbəttə, bu olduqca əhəmiyyətli, dəyərli, qiymətli hadisədir. 1991-ci il oktyabrın 18-nə qədərki müddətdə çox hadisələr baş verirdi. Azərbaycan Respublikası SSRİ-nin tərkibində olduğu müddətdə Naxçıvan imperiya nəzdindən çıxıb Muxtar Respublika kimi müstəqil fəaliyyət göstərirdi. Bu, Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin iradəsi, şəxsi nüfuzu, vətənpərvərliyi, imperiya işğalçılığına etirazı ilə bağlı idi. O, Azərbaycanı bütöv, müstəqil, suveren görmək istəyirdi. Odur ki, ölkəmizin müstəqilliyi uğrunda böyük mübarizəyə başladı. Paytaxtdan uzaqda Heydər Əliyevin rəhbərliyi ilə yaddaqalan, dövlət və dövlətçiliyimiz üçün əhəmiyyətli olan hadisələr baş verdi. Bir sözlə, dövlətçilik tariximizin yeni səhifələri yazılmağa başladı.

Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü haqqında yazmaq istəyirik. Köməyimizə tarixçi alimlərin, tədqiqatçıların, hadisə şahidlərinin fikirləri çatır.

Bir vaxtlar Heydər Əliyev deyirdi: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda verdiyi mücadilələr haqqında danışarkən bu fikirləri vurğulayıb: "Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən - 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdiSovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə-Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu".

Hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsində çalışan Əli Həsənov isə 22 iyul 1990-cı il tarixli yazısında Heydər Əliyevin Naxçıvana gəlişi haqqında yazırdı: "İyulun 22-i naxçıvanlıların yaddaşında həmişəlik qalacaqdır. Həmin gün saat 10.35-də Heydər Əliyev təyyarə ilə Naxçıvana gəldi. Gəlişini ailə üzvlərindən başqa heç kimin bilmədiyi keçmiş sovet rəhbərlərindən biri olan Heydər Əliyev 20 Yanvar Bakı hadisələri ilə bağlı ittifaqrespublika rəhbərlərini ciddi tənqid etdiyinə görə siyasi təqiblərə, partiya mətbuatında böhtanlara məruz qalmışdı. Ona qarşı yönəlmiş siyasi təcridetmə kampaniyasının nə ilə bitəcəyini təsəvvür etmək çətin deyildi. Doğma vətən torpağına qədəm basandan dərhal sonra H.Cavidin məzarını ziyarət edən Heydər Əliyevin sorağı bir anda ildırım sürəti ilə Naxçıvan Muxtar Respublikasının hər tərəfini bürüdü. Minlərlə adam onunla görüşmək istəyirdi. Həmin gün axşamçağı Naxçıvan şəhərindəki mərkəzi meydana 100 min nəfərdən çox adam toplaşmışdı. Ayağının altında onlarca qurban kəsilən H.Əliyevə ağır müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özünün nicatı və son ümidi kimi baxırdılar. Heydər Əliyev meydana - xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. Heydər Əliyevin sevinc dolu alqışlar altında etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyin səsi idi. Beləcə, bütün ömrünü Azərbaycan xalqına xidmətdə keçirən, öz rahatlığını, dincliyini gecə-gündüz xalqının xoşbəxtliyinə sərf edən Heydər Əliyevlə onu dünyalar qədər sevən xalqı vahid bir tam kimi birləşib-qovuşdu".

Filologiya elmləri doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli yazır ki, Heydər Əliyev hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq, daim Vətən və xalq üçün çalışıb, son dərəcə böyük, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlib: "O həmişə ulu Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərmişdir. Dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələr tutanda da, Azərbaycanı genişmiqyaslı tərəqqiyə qovuşdurduğu ilk rəhbərliyi dövründə də, o zamankı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olanda da, müstəqil Azərbaycanın Prezidenti kimi böyük xilaskarlıq və quruculuq missiyasını hərtərəfli şəkildə reallaşdıranda da ümummilli liderimiz Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir. Bu baxımdan görkəmli dövlət xadiminin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər xüsusi əhəmiyyətə və dəyərə malikdir. Müdrik dahinin özübu illərin mahiyyətini ayrıca vurğulayaraq Muxtar Respublika sakinləri ilə görüşlərinin birində demişdir: "Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur". 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqunluqla qarşıladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun dediyi kimi: "Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi, böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi".

Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, Muxtar Respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdır. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur. On minlərlə insan Muxtar Respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. "Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaqancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm",-deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: "Mənim başlıca arzum Azərbaycanı siyasiiqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir".

Tədqiqatçı yazır ki, 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Heydər Əliyevi Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçir. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlayır. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunub. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırır.

Arxiv sənədlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi birinci sessiyasının stenoqramı (17 noyabr 1990-cı il) saxlanır və bu məlumatlar internet saytlarında da var.

Həmin iclasa sədrlik edən deputat Heydər Əliyev: "Gündəlikdə Naxçıvanın və o cümlədən Azərbaycanın dövlət rəmzləri, birinci növbədə bayraq məsələsi durur. Çox ciddi müzakirələr keçdi. Hamı öz fikrini dedi. Yenə də təkrar edirəm, üç təklif var: Biri odur ki, Azərbaycanın milli bayrağı Naxçıvanda qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağı qəbul etmək məsələsi qoyulsun.

İkincisi, bu gün qərar qəbul eləyirik və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırırıq ki, onlar Azərbaycanın dövlət rəmzlərinə baxsınlar. Üçüncüsü də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikası üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin.

Üç təklif var. Üçünə də baxdıq. İndi bunları ayrı-ayrılıqda səsə qoyaq, yaxud bir təklifin üstündə hamımız eyni fikrə gələk?

(Zaldan səslər: Bir təklif olsun.)

Bir təklifin üstündə dayanaq. Mən çox dərin fikirləşdim bir az da müzakirə elədim. Mən bu fikirdəyəm ki, üçüncü təklifi həyata keçirək bununla da məsələni qurtaraq. Etirazınız yoxdur ki? Yoxdur.

Demək, üçüncü təklif nədir? Bunu yazın, xahiş edirəm.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun.

(Alqışlar)

Etirazınız yoxdur buna? Kim bu təklifin tərəfdarıdır, vəsiqəsini qaldırsın. Salın aşağı. Kim əleyhinədir? Əleyhinə yoxdur. Kim səs verməyib? Heç kəs.

Demək Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olundu!

(Gurultulu, sürəkli alqışlar altında üçrəngli bayraq Ali Məclisin iclas zalına gətirilir.)

Qərarın ikinci bəndini yazın:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş edir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzləri - bayrağı, gerbihimni qəbul olunsun. Belə bir qərarı biz qəbul edə bilərik. Biz qərar qəbul edirik və Azərbaycan ali hakimiyyət orqanından xahiş edirik.

Bu qərarın qəbul edilməsinə kim razıdır, xahiş edirəm vəsiqəsini qaldırsın. Salın. Kim əleyhinədir? Kim səs vermədi? Yekdilliklə qəbul olundu.

Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olundu. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdikbu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə mən birbu böyük məsələlərin qəbul olunması ilə əlaqədar olaraq Sizi təbrik edirəm və Sizin hamınıza bu işdə fəaliyyət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm".

İclasın stenoqramından aydın olur ki, Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın müstəqil dövlət olmasına çalışıb.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2015.- 15 oktyabr.- S.15.