Bakı Slavyan Universitetinin tələbəsi "Bakı-Xəbər"ə yazıb

 

 

Duyğuların dəniz sevdası...

 

Gözümü açandan evimizdə kitab görmüşəm, kitabların içində böyümüşəm. Körpə vaxtı iməkləyə-iməkləyə ağına-bozuna baxmadan kitabların vərəqlərini, səhifələrini cırdıqca valideynlərimin qəzəbini, hədə-qorxusunu da duymuşam. Bəlkə ilk dəfə kitablara toxunanda, onları korlayanda həyatın həm ağrı mərkəzi olduğunu anlamışam. Kitablar mənə həyatın sirli qatlarını hələ körpəlikdən tanıdıb.

Atam oxuduğu kitabları-maraqlı hekayələri, nağılları, insana möhtəşəm duyğular bəxş edən poetik ruhla dolu şeirləri mənə oxuyanda qəlbim sevgi ilə dolub. Zaman-zaman kitablardan aldığım enerji sayəsində qəlbimin qüvvəsini, qüdrətini, ritmini, ahəngini hiss etmişəm. Amma açığı, şeirə, poeziyaya sevgi-məhəbbətim daha böyükdür. Məni hər zaman düşündürüb şairlərin həyata, təbiətə poetik baxışı, onların həyat hadisələrini şairanə, şeiriyyət nəfəsi ilə mənalandırması.

Mən Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsiyəm. Qrupumuzda Gülgün Dəniz adlı bir qız da oxuyur (Əhmədzadə Gülgün Füzuli qızı). Mingəçevir şəhərində anadan olub. Hələ orta məktəb illərindən şeirə, sənətə həvəsi ilə yaşıdları arasında seçilib, fərqlənib. Gülgün elə bu gün tələbə yoldaşlarım arasında düşüncəsi, ağlının işığı, dünyaya fərqli baxışı, qələmə aldığı fərdi yaradıcılıq nümunələri olan şeirləri ilə bizə çox xoş təsir bağışlayır.

"Dənizə bənzəyən dünyam" onun ilk şeir kitabıdır. 11-ci sinifdə oxuyanda onun bu şeirlər toplusuna tanınmış şair İsmayıl İmanzadə uğurlu söz yazıb. İsmayıl İmanzadənin Gülgün haqqındakı qeydlərində aşağıdakı fikirlər diqqətimi çəkdi: "... Gülgün hələ dünyanın əsl üzünü görə bilməsə , onun rənglərinin, illah da ağlı-qaralı olduğunun fərqinə vara bilir. Bəlkə elə buna görədir ki, o, yağışın, buludun, çiçəyin... poetik yozumunu tapmağa çalışdığı kimi, ağlı-qaralı dünyamızın görünməyən üzünə baxmağa tələsir...".

Gülgün Dəniz şeirlərində yurd sevgisini, yaralı torpağın ağrısını, parçalanmış Azərbaycanın nisgilini ifadə etməyə çalışır. "Qarabağım" şeiri gənc yazarın gələcəkdə Vətən mövzusunda poetik siqləti ilə seçilən şeirlər yazacağına sanki bir təminatdır-sözə, sənətə istedad məsuliyyətlə yanaşmanın ilkin bədii təminatı.

Qoy çaxan şimşəklər yoxlasın səni,

Bir zəfər müjdəmiz haqlasın səni,

Tanrı amanında saxlasın səni,

Anam Qarabağım, oldu sənə?!

Yaxud cənub həsrətini ifadə edəndə, Təbriz ağrısı ilə yaşayanda Gülgün səmimi hisslər, vətəndaş qəlbindən qopan duyğular sərgiləyə bilir.

Hələ yollarına çöküb duman-çən,

Hələ qan içində boğulursan sən,

İstəyin o taylı-bu taylı Vətən,

Qəlbimin parası, əzizim mənim,

İgidim, ərənim, Təbrizim mənim.

Ümumiyyətlə, Gülgünün yaradıcılığı vətənçilikdən, Azərbaycan sevgisindən, doğma diyarımızı, ana yurdumuzu yağılardan qorumaq istəyindən, arzusundan qaynaqlanır, rişələnir desəm, məncə, gənc yazarın yaradıcılığına düzgün qiymət vermiş olaram. Amma həm Gülgün təbiəti duymaqda da, ona ictimai məna, məzmun verməkdə istedad nümayiş etdirir. Böyük şairlər haqqında işlənən belə bir ifadə var ki, təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə baxmağı bacarmaq... Adətən bu sırada Məmməd Arazın, Məmməd Aslanın, Musa Yaqub, Məmməd İsmayılın adları çəkilir. Mən inanıram ki, gələcəkdə Gülgün Dəniz təbiəti, həyatı, ümumiyyətlə, dünyanın mənzərəsini, insan yaşantılarını, həyatı bütün çılpaqlığı ilə poeziyaya gətirmək sirlərinə dərindən vaqif olacaq. Elə bu gün müəllifin təbiətlə səsləşən şeirləri məncə könüllərə yol tapır, insanı ünsiyyətə, sevgiyə, yaşam dolu bir həyata, laləzarlıqla süslənmiş bir məhəbbət odasına yönəldir.

"Ləpələr" şeirində Gülgünün poetik pıçıltıları insanda məmnunluq hissi doğurur. Sanki şeir "ey insan, bu həyat gözəldir, yaşamın ucalığına sığın, bu həyata dəyər ver", həyəcanı yaşanır.

...Bir baxın, necə mehribandılar,

Öpürlər torpağı, daşı ləpələr,

Qonublar quş kimi suların üstə,

Gəzirlər baharı, qışı ləpələr.

Duyursunuzmu, bu təbiət hadisəsi necə mənalandırılıb mən bu yerdə müəllifi xüsusilə şair adlandırmaq istədim. Şair istedadla sanki cəmiyyətin təbiətdən nümunə götürməsini poetik səhnəyə gətirərək, onu insan idrakı, düşüncəsi önündə bədii görkə çevirir.

 

Azərbaycan ədəbiyyatında "Bənövşə" rədifli, təbiətin bu nazlı gözəlinə həsr olunmuş şeirlər çoxdur-Dədə Qurbanidən üzü bəri... Gül rəngli, güllər kimi zərif həssas təbiətli Gülgünün öz bənövşəsi var.

Nisgilə qərq olub gecən-gündüzün,

De, kimi arayıb-axtarır gözün?

Söylə niyə axı gülməyir üzün,

Səni kim çəkibdi dara, bənövşə?

Bu da bir şair kövrəkliyi, hətta təbiəti öz nizamında saxlayan ziddiyyətlərə ürək ağrısı ilə yanaşan gənc istedadın dəniz kimi çalxalanan, durulan, bəzən təlatümlü, bəzən sakit dünyası böyük sənətin qapılarını döymək səadəti ilə çırpınır...

Mən bu gənc istedadlı tələbə yoldaşımın qələmindən, həssas ürəyindən qopan hər bir misranı dəyərləndirir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Sarənc Zallı,

Bakı Slavyan Universitetinin II kurs tələbəsi

Bakı Xəbər.- 2015.- 23 oktyabr.- S14.