Naxçıvanda aparılan arxeoloji tədqiqatların uğurlu nəticələri Azərbaycan və dünya arxeologiya elmində...

 

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı özünəməxsus təbii-coğrafi şəraiti ilə tarixin bütün mərhələlərində insanların burada məskunlaşmasına səbəb olub. Qədim insan yaşayış məskəni olan Naxçıvan ərazisi arxeoloji abidələrlə də zəngindir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli qeyd edir ki, şimaldan Kiçik Qafqazın Dərələyəz və Zəngəzur dağ silsilələri, cənubdan Araz çayı ilə sərhədlənən Naxçıvan bölgəsi Araz çayının və onun qollarının vadilərindəki münbit torpaqları, yüksək dağlıq ərazilərindəki otlaqları ilə qədim əkinçilik və maldarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitə malik olub. Tədqiqatçının bildirdiyinə görə, məhz bu səbəbdən Naxçıvan ərazisində tarixin bütün mərhələlərini əks etdirən tarixi-arxeoloji abidələr mövcuddur: "Naxçıvan ərazisindəki abidələr barədə hələ XVII-XIX əsr Avropa və Osmanlı səyyahları (Jan Şardan, Övliya Çələbi, Debua-de Monpere və başqaları) məlumatlar verib. Naxçıvan abidələrində elmi əsaslara söykənən ilk arxeoloji qazıntı işləri XX əsrin 20-ci illərində aparılıb. 1926-cı ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən Naxçıvana tanınmış alim İ.İ.Meşaninovun rəhbərliyi, Ə.Ələkbərov, İ.Cəfərzadə, Ə.Ələsgərzadə və İ.Əzimbəyov kimi bu sahədə ilk milli kadrların iştirakı ilə ekspedisiya göndərilib. Ekspedisiya indiki Babək rayonu ərazisində, Araz çayı sahilində e.ə. II minilliyə aid Qızılburun nekropolunda qazıntı işləri aparıb. İkinci Dünya Müharibəsinə qədərki illərdə Naxçıvan abidələri barədə ən geniş və tutarlı məlumatlar görkəmli arxeoloqetnoqraf Ələsgər Ələkbərov tərəfindən verilib. Onun rəhbərliyi ilə 1936-cı ildə Naxçıvana göndərilmiş ekspedisiya Şərur və Kəngərli rayonları ərazisindəki Son Tunc-Erkən Dəmir dövrünə (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) aid Oğlanqala, Şortəpə və Şahtaxtı abidələrində arxeoloji tədqiqat işləri aparıb. Ə.Ələkbərov bu tədqiqatlar nəticəsində Naxçıvan ərazisində qeyd edilən dövrə aid siklop tikililərin, şəhər və kənd tipli yaşayış yerlərinin olduğunubu bölgədə inkişaf edən sinifli cəmiyyətin-dövlətin mövcudluğunu və bölgənin Yaxın Şərq (Assuriya) mədəniyyətləri ilə əlaqələrinin olduğunu yazıb. Babək rayonu ərazisindəki I Kültəpə qədim yaşayış məskənində görkəmli Azərbaycan arxeoloqu Osman Həbibullayevin apardığı qazıntı işləri, bütövlükdə, Qafqaz arxeologiyasında Neolit, Eneolitİlk Tunc dövrlərinin (e.ə. VI-III minillik) tədqiqində mühüm dönüş nöqtəsi oldu. Məhz I Kültəpənin qazıntıları ilə Qafqazda ilk dəfə olaraq NeolitEneolit (xalkolit) dövrlərinin erkən əkinçilik mədəniyyəti aşkara çıxarılmış oldu. 1951-1964-cü illərdə bu abidədə aparılan arxeoloji qazıntılar burada 7 min ilə yaxın böyük bir tarixi mərhələdə həyatın ardıcıl davam etdiyini sübuta yetirib. Qafqazda analoqu olmayan Kültəpə yaşayış məskəninin mədəni təbəqəsinin qalınlığı 22 metrə çatır. Heç də təsadüfi deyil ki, etalon hesab edilən bu abidə NeolitEneolit dövrlərini əhatə edən "Kültəpə arxeoloji mədəniyyəti"nin müəyyən edilməsinə səbəb olub. I Kültəpədə aparılan arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan maddi-mədəniyyət qalıqları Naxçıvanın qədim əhalisinin təsərrüfat həyatı, müxtəlif sənətkarlıq sahələri, dəfn adətləri, Yaxın Şərqin qədim sivilizasiya mərkəzləri ilə əlaqələri barədə dəyərli məlumatlar verib".

Tədqiqatçı qeyd edir ki, XX əsrin 60-80-ci illərində Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji tədqiqat işləri daha da genişlənib. Bu mərhələdə ən geniş arxeoloji araşdırmalar AMEA-nın müxbir üzvü Vəli Əliyev tərəfindən aparılıb. Keçən əsrin 60-cı illərindən başlayaraq çoxtəbəqəli II Kültəpə yaşayış yerinin tədqiqatları əsasında V.Əliyev burada Orta Tunc dövründə-e.ə. II minilliyin birinci yarısında erkən şəhər tipli yaşayış yerinin olduğunu əsaslandırıb. Professor V.Əliyev 1968-ci ildə Ordubad rayonu ərazisində Tunc dövrünə- e.ə. IV minilliyin sonu-II minilliyin sonuna aid qayaüstü təsvirlərlə zəngin Gəmiqaya abidəsini qeydə alıb və tədqiqatlar aparıb.

Qeyd edilənə görə, Muxtar Respublika ərazisində ən qədim arxeoloji abidə Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı ibtidai insanların məskunlaşdığı Qazma mağara düşərgəsidir. Ötən əsrin 80-ci illərində mağarada aparılan tədqiqatlar burada ibtidai insanların Orta Paleolit dövründə yaşadığını sübut edib. Ordubad rayonunda e.ə. II minillikdən başlayaraq orta əsrlərə qədərki dövrləri əhatə edən yaşayış yerləri və qəbir abidələri tədqiq edilib. Naxçıvanın müxtəlif yerlərində e.ə. IV-I minilliklərə aid yaşayış yerləri, kənd və erkən şəhər tipli məskənlər, müxtəlif növ qəbir abidələri aşkar edilib, qazıntı işləri aparılıb. Geniş qazıntı işləri aparılan abidələrdən biri də e.ə. II minilliyin sonu -I minilliyin əvvəlinə aid şəhər tipli Şahtaxtı abidələri kompleksidir. Həmin illərdə Naxçıvan ərazisində Tunc dövrünə aid çoxsaylı Govurqala (Vayxır), Qazançıqala, Qalacıq, Çalxanqalasair müdafiə istehkamları tədqiq edilib.

Tədqiqatçılar yazır ki, Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, respublikanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikası ərazisində də qədim tariximizin, maddi-mədəni irsimizin öyrənilməsinə və qorunmasına böyük diqqət yetirilirdi. Naxçıvanda bütün XX əsr ərzində ən irimiqyaslı arxeoloji qazıntı işləri, çoxsaylı abidələrin qeydə alınması, maddi-mədəniyyət qalıqlarının toplanması və geniş ictimaiyyətə təbliğ edilməsi üçün tarix-diyarşünaslıq muzeylərinin yaradılması məhz Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilib.

Nəcəf Müseyibli qeyd edir ki, Sovet imperiyası dağıldıqdan sonra ölkəmiz üçün ağır 90-cı illərdə, bütün sahələrdə olduğu kimi, elmdə də durğunluq dövrü hökm sürürdü. 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik edən ulu öndər Heydər Əliyevin müdrik, fədakar siyasəti nəticəsində Ermənistan tərəfindən blokadaya alınmış Muxtar Respublika düşmənə qarşı qəhrəmanlıqla mübarizə apararaq işğaldan xilas oldu. Xalqın tələbi ilə Azərbaycana rəhbərliyi öhdəsinə götürən Heydər Əliyev 90-cı illərdə müstəqil Azərbaycan dövlətini yaratmaqla respublikamızın siyasi, hərbi, iqtisadi inkişafının, mədəni, elmi yüksəlişinin təməlini qoydu: "Ulu öndərin uzaqgörən siyasəti nəticəsində XX əsrin ilk illərindən Azərbaycan sürətli inkişafa qədəm qoydu. Şübhəsiz, bu inkişaf özünü elm sahəsində də göstərməyə başladı. Xalqımızın maddi-mədəni irsinin öyrənilməsinin zəruriliyini önə çəkən ulu öndər Heydər Əliyev Azərbaycanın qədim tarixinin öyrənilməsində Naxçıvan abidələrinin müstəsna əhəmiyyətini nəzərə alaraq, 2001-ci ildə Muxtar Respublikaya geniş tərkibli arxeoloji ekspedisiyanın ezam edilməsi barədə göstəriş verdi. Bu sətirlərin müəllifinin rəhbərlik etdiyi, bir neçə dəstədən ibarət "Naxçıvan-Gəmiqaya" arxeoloji ekspedisiyası yaradıldı. İki il fəaliyyət göstərən bu ekspedisiyanın əsas tədqiqat obyekti Ordubad rayonu ərazisində, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan (3906 m) Gəmiqaya dağının yamaclarındakı abidələr kompleksi-Tunc dövrünə aid qayaüstü rəsmlər, qəbir abidələri və yurd yerləri olub. Burada 1500-ə qədər qayaüstü təsvirlər qeydə alınıb, həmin abidələrdə arxeoloji qazıntı işləri aparılıb. Bundan əlavə, Gəmiqaya təsvirləri Azərbaycanın e.ə. IV-II minilliklərdə Yaxın Şərq mədəniyyətləri ilə əlaqələrinin tarixinin tədqiq edilməsi üçün əvəzsiz mənbələrdir. Bu abidədə aşkar edilmiş bir sıra rəsmlərin ən yaxın analoqlarına Yaxın Şərq incəsənətində rast gəlinir.

Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbələrdir. Burada yalnız bir nümunə göstərməklə kifayətlənirik. Belə ki, Gəmiqayada 252 nömrəli daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən "qurd ağzı bağlama" ayini təsvir edilib. Bununla əlaqədar burada üz-üzə dayanmış canavarkeçinin arasından hansısa əşyanın bağlandığı uzun xətt (kəndir) çəkilib. Etnoqrafik tədqiqatlar göstərir ki, "qurd ağzı bağlama" ovsununun icrası zamanı qırxlığın ağzını iplə və ya kəndirlə bağlayırlar. Gəmiqayadakı Tunc dövrünə aid bu səhnədə "qurd ağzı bağlama" səhnəsi, demək olar ki, bütün mahiyyəti ilə təsvir edilib. Göründüyü kimi, Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə-Tunc dövrünə bağlandığını əyani surətdə nümayiş etdirməklə yanaşı, xalqımızın etnogenez tarixinin tədqiqi üçün tutarlı faktlar verir".

Tədqiqatçı qeyd edir ki, bundan əlavə, ekspedisiya Naxçıvanın bütün rayonlarında əvvəllər elmə məlum olmayan onlarca arxeoloji abidə aşkar edib və qazıntı işləri aparıb. Bunlardan Sədərək rayonunda Son Tunc-Erkən Dəmir dövrünə (e.ə. II minilliyin sonu- I minilliyin əvvəlinə) aid Sədərək qalasını, Cırdatəpə yaşayış yerini, Tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələrini, Şərurda Eneolitİlk Tunc Dəmir dövrlərinə aid Ovçular təpəsi, Aşağı Daşarx yaşayış yerlərini və Qarabulaq kurqanlarını, Orta Tunc dövrünə aid Nəhəcir abidələrini, Babək rayonunda Antik dövrə aid Meydantəpə yaşayış yerinisair abidələri göstərmək olar: "Ulu öndərin müdrik siyasətini böyük uğurla davam etdirən, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına çıxaran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2008-ci il 5 fevral tarixli Sərəncamı Azərbaycanda arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bundan əlavə, cənab Prezident "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 2012-ci il 26 aprel tarixli Sərəncam imzalayıb. Bu sərəncamların icrası ilə əlaqədar olaraq, ArxeologiyaEtnoqrafiya İnstitutunun 40-a yaxın ekspedisiyası respublikamızın bütün bölgələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparmışlar. Bunlardan 8 ekspedisiya yalnız Naxçıvan Muxtar Respublikası abidələrində tədqiqat işlərini həyata keçirib. Bu ekspedisiyalar AMEA Naxçıvan Bölməsinin mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində çalışır, eyni zamanda Şərur rayonundakı Ovçular təpəsi və Oğlanqala abidələrində Fransa və ABŞ alimlərinin də daxil olduğu beynəlxalq ekspedisiyalarda fəaliyyət göstərib. Son 6 ildə bu ekspedisiyalar Şərur və Sədərək rayonlarında Paleolit dövrü Qazma mağara düşərgəsində, Eneolitİlk Tunc dövrlərinə aid Ovçular təpəsi, Maxta, Ərəbyengicə, Xələc, Sədərək, Babək rayonunda Orta Tunc dövrünə aid II Kültəpə, Ordubad rayonunda Erkən, OrtaSon Tunc dövrlərinə aid Plovdağ, Sumbatan, Rəsul dərəsi, Kəngərli rayonunda Son Tunc-İlk Dəmir dövrünə aid Şahtaxtı, Erkən Dəmir (e.ə. I minilliyin birinci yarısı) və Antik dövrə aid Şərur rayonundakı Oğlanqala və Babək rayonunda Meydantəpə abidələrində ətraflı arxeoloji qazıntı işləri aparıb".

N.Müseyiblinin bildirdiyinə görə, bütün bu arxeoloji tədqiqatlar minilliklər ərzində Naxçıvanın qədim əhalisinin maddi və mənəvi mədəniyyəti, dəfn adətləri, beynəlxalq əlaqələri, dövlətçilik ənənələri tarixinin öyrənilməsinə böyük töhfələr verib. Onun qeyd etdiyinə görə, Naxçıvan abidələrində aparılan arxeoloji tədqiqatlar burada həyatın minilliklər ərzində fasiləsiz davam etdiyinibu ərazinin özünəməxsus ənənələri ilə tarixən formalaşan bir bölgə olduğunu göstərib. Məhz bu baxımdan Naxçıvan abidələri Azərbaycan xalqının etnogenezinin avtoxtonluğunutarixi varisliyini inkaredilməz faktlarla sübut edən müstəsna əhəmiyyətə malik mənbələrdir.

Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar, ora gedən ekspedisiya zəngin arjeoloji örnəklər əldə"": ediblər. Bu gün də Naxçıvan ərazisində Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin dəyərli nümunələri olan arxeoloji dəyərlər aşkarlanır və xalqın malı kimi tədqiqata cəlb edilir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 11 sentyabr.- S. 15.