Aləmdə izi qalan görkəmli yazıçımız Əzizə Cəfərzadə...

 

Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində elə görkəmli şəxsiyyətlər var ki, onların adı heç zaman unudulmur. 2011-ci ilin 23 dekabr tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda mərhum xalq yazıçısı, "Şöhrət" ordenli, görkəmli pedaqoq Əzizə Cəfərzadənin 90 illik yubileyinə həsr olunan geniş tədbir baş tutub. Görkəmli yazar Əzizə Cəfərzadənin irsinə, yaradıcılığına hər zaman dövlət səviyyəsində müsbət münasibət olub.

Qeyd etdiyimiz kimi, Əzizə Cəfərzadə Azərbaycan dövlətinin ən yüksək medallarına, mükafatlarına layiq görülüb.

Onu da qeyd edək ki, Cəfərzadə Əzizə Məmməd qızı 1921-ci ildə Bakı şəhərində doğulub. Görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi tariximizdə böyük yer tutur. 1921-ci il dekabrın 29-da doğulan Əzizə xanım ibtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və 2 illik Müəllimlər İnstitutunda oxuyub, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə Pedaqoji İnstitutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Görkəmli yazıçı ədəbi fəaliyyətə 16 yaşında başlayıb və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə nəşr edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:

"Natəvan haqqında hekayələr"ində (1963) yazıçı xan qızı Xurşudbanu Natəvanın (XIX əsr) həyatını qələmə alıb. Onun yaradıcılığında xüsusi yeri olan "Aləmdə səsim var mənim" (1973-1978) ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır. Yazıçı "Vətənə qayıt" əsərində (1977) XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Selyan bölgəsində baş verən hadisələri qələmə alıb. "Yad et məni" əsəri (1980) XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı romandır.

"Bakı-1501" (1981) Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixinə həsr olunmuş romanlardan biridir. "Cəlaliyyə" (1983) XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi haqqında olduqca maraqlı bir əsərdir. "Sabir" (1989) XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilən əsərdir.

"Eldən elə" (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında romandır. "Bir səsin faciəsi" (1995) XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsərdir. "Gülüstan"dan öncə" (1996) XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş romandır. "Zərrintac-Tahirə" (1996) XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərəkatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqındadır. "İşığa doğru" (1998) XX əsrdə İranda Bab hərəkatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povestdir. "Bəla" (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azərbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsərdir. "Rübabə-sultanım" (2001) XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romandır. "Xəzərin göz yaşları" (2003) 1938-ci ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasi haqqında povestdir. "Eşq Sultanı" (Ölümündən bir az əvvəl bitirib) XV-XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında romandır. Yazıçının "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülüb. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.

Ə.Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanımın elmi tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərib və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirib. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülüstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib. Bu kitablar vasitəsilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunudünya ədəbiyyatında öndər olduğunu sübut edib. Bu əsərlərlə yanaşı, onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilib. O, "Natəvan" adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız-hesabsız bayatı yazıb. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi edib. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olub. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplayıb və səyahət gündəlikləri yazıb. Bunlardan biri, 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrika) səfərinin gündəlikləri - "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasıdir.

Əzizə xanım bir sıra xarici müəlliflərin, o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklenin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərlərini ana dilinə tərcümə edib, bir çox kitabın redaktoru olub. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazaxsair dilinə tərcümə edilib, xaricdə nəşr edilib. Fasiləsiz olaraq televiziyaradioda müxtəlif mövzularda çıxışlar edib, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olub. Bu verilişlər vasitəsilə xalqa Azərbaycan klassikmüasir ədəbi irsini təbliğ edib. Bununla yanaşı, o, radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olub. 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə gedib və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olub, bu problemlərin həll edilməsində yaxından iştirak edib. O, həyatı boyu xeyriyyəçiliklə məşğul olub, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olub. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı-"Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. "Azərtelefilm" Birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkib. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycan anası" və "Xalq yazıçısı" kimi yüksək adlara layiq görülüb.

Ə.Cəfərzadə 2003-cü il sentyabrın 4-də, ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşub və vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.

Unudulmaz yazıçı, gözəl insan, zərif qəlbli qadın, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, ictimai həyatını, folklor və etnoqrafiyasını dərindən bilən, onu yorulmadan təbliğ edən Ə.Cəfərzadənin xidmətləri olduqca böyükdür.

Azərbaycan dövlətinin, respublika rəhbərliyinin Ə.Cəfərzadə irsinə sayğısı, hörməti hər zaman yüksək olub.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 2 sentyabr.- S. 15.