Azərbaycan arxeologiya elminə dövlət qayğısı...

 

Qədim yaşayış məskəni olan Azərbaycan torpağı yeraltı və yerüstü sərvətləri ilə hər zaman şöhrət qazanıb. Azərbaycan arxeoloqlarının zəhməti hesabına aşkarlanan maddi-mədəniyyət abidələri xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisidir. Söz yoxdur ki, milli arxeologiyamız çox zəngin və dəyərli yol keçib, yüzlərlə uğura imza atıb. Azərbaycan arxeologiya elmi ilə məşğul olan alimlər qeyd edirlər ki, Azərbaycan arxeologiyasının bir neçə mərhələsi olub.

Bu sahəyə dövlət qayğısına gəlincə, alimlərin fikrincə, Azərbaycan arxeologiya elminin uğurları ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bu haqda yazdığı məqalədə qeyd edir ki, Heydər Əliyevin və İlham Əliyevin elmə göstərdikləri yüksək dövlət qayğısı sayəsində arxeologiya elmi intişar tapıb: "Son 10 ildə Azərbaycanın iqtisadi yüksəlişi maddi və mədəni irsimizin həmahəng inkişafını şərtləndirib. Tarixi abidələrimizin, maddi-mədəni irsimizin qorunmasına, tədqiqinə, təbliğinə yüksək diqqət yetirilir. Dövlət rəhbərliyi bu sahələrin inkişafı üçün bütün mümkün imkanlardan yararlanmaq üçün lazımi şərait yaradır. Respublika Prezidentinin müvafiq sərəncamları ilə tarixi qoruqlar yaradılıb, abidələrin tədqiqi və saxlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasına milyonlarla maliyyə vəsaiti ayrılıb. Bunlar tarixi abidələrin mühafizəsi və elmi araşdırmaları üçün böyük imkanlar yaradıb. Bununla belə, qeyd etmək lazımdır ki, ölkənin sürətli mədəni, iqtisadi inkişafı bu sahəyə diqqətin mütəmadi olmasını tələb edir".

Azərbaycan dövlətinin arxeologiya elminə bəslədiyi qayğı nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib. "Bakı-Xəbər" olaraq uzun illər arxeologiya sahəsində baş verən məsələlərlə bağlı araşdırmalar çap etmişik. Hətta bir neçə il əvvəl bu sahədə durğunluq olduğu da bəllidir. Bu da onunla nəticələnirdi ki, Azərbaycanın arxeoloq alimləri arxeoloji qazıntılardan, elmi ekspedisiyalardan kənar düşmüşdü. Bilirik ki, uzun illər bu sahədə kiçik arxeoloji qazıntıları nəzərə almasaq, elə də güclü getmirdi. Təbii ki, bu da Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun lazımi avadanlıqlarla, ekspedisiyaya gedən alimlərin kifayət qədər qonorarla, qalacaq yerlə təmin olunmaması ilə nəticələnirdi. Alimlərin çöl ekspedisiyası sahəsində ciddi qayğılar, çətinliklər vardı. Ancaq Azərbaycan dövlətinin bu sahəyə diqqət ayırması sayəsində bu çətinliklər arxada qaldı. Arxeologiya elmimiz irəliyə doğru addımlamağa başladı. O da məlumdur ki, Azərbaycan alimlərinə göstərilən qayğının nəticəsi olaraq alimlər yeni arxeoloji nailiyyətlər əldə etdilər.

ArxeologiyaEtnoqrafiya İnstitutunun mətbuatda yer alan xəbərlərinə istinad edərək qeyd etmək istəyirik ki, Azərbaycanın, demək olar ki, bütün rayonlarında və şəhərlərində irimiqyaslı arxeoloji qazıntılar aparılıb, xalqımızın tarixinə dair zəngin və tutarlı elmi məlumatlar əldə edilib. Bu qazıntılar əsasında dünya əhəmiyyətli arxeoloji mədəniyyətlər - paleolit dövrünə aid Quruçay, neolitxalkolit dövrlərinə aid Şomutəpə və Leylatəpə, Kültəpə, tunc dövrünə aid Kür-Araz, Üzərliktəpə, boyalı qablar, son tunc - erkən dəmir dövrünə aid Xocalı-Gədəbəy, Muğan, Naxçıvan kimi mədəniyyətlər öyrənilib.

ArxeologiyaEtnoqrafiya İnstitutunun Regionların İnkişafı İctimai Birliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında institutun arxeoloji ekspedisiyası orta əsr Şəmkir şəhər yerində 2006-cı ildən bu günədək stasionar qazıntı işləri aparır. Bu qazıntılar nəticəsində orta əsr Şəmkir şəhərinin Narınqalası, demək olar ki, tam üzə çıxarılıb və şəhərin tarixinin əvvəllər məlum olduğundan daha bir neçə əsr qədim olması müəyyən edilib. ArxeologiyaEtnoqrafiya İnstitutunun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında "Şəmkir arxeologiyası" İnternet saytı fəaliyyət göstərir. 2005-ci ildən başlayaraq Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın paytaxtı Qəbələ şəhərində ArxeologiyaEtnoqrafiya İnstitutu genişmiqyaslı arxeoloji qazıntı işləri aparır. Bu qazıntılar nəticəsində Qəbələnin şəhər strukturuna, ictimai binalara aid çoxlu sayda memarlıq qalıqları və digər maddi mədəniyyət nümunələri aşkara çıxarılıb. Aparılan arxeoloji qazıntılar Qəbələ şəhərinin Cənubi Qafqazda antik və erkən orta əsrlər dövrlərində mühüm iqtisadi-siyasi və mədəni bir mərkəz olduğunu göstərdi. 2007-ci ildən başlayaraq Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında e.ə. I minilliyin ortalarına aid qədim şəhər qalıqlarında Almaniya, GürcüstanRusiya arxeoloqları ilə birgə irimiqyaslı qazıntı işləri aparılır. Bu qazıntılar Azərbaycanın qeyd edilən dövrə aid şəhər mədəniyyətinin tədqiqi üçün xüsusi əhəmiyyətə malikdir. İnstitutun yaydığı məlumata görə, xalqımızın etnoqrafiyasının, adət-ənənələrinin, maddi mədəniyyətinin öyrənilməsi və təbliği müasir dövrümüzün başlıca tələblərindən biridir.

Onu da bildirək ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin diqqətindən yayınmayıb. Hər zaman bu məsələyə önəm verən dövlət başçısı "Azərbaycan etnoqrafiya muzeyinin yaradılması haqqında" 11 iyul 2008-ci il tarixli Sərəncam imzalayıb. Bakı şəhəri yaxınlığında yaradılması nəzərdə tutulan bu muzeyin materiallarla təmin edilməsi üçün institutun etnoqraf əməkdaşları respublikamızın müxtəlif bölgələrinə elmi ezamiyyətlərə göndərilir.

Etnoqraf alimlərimiz Azərbaycan xalqının etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətini geniş tədqiq etmişlər. Azərbaycan xalqının geyim mədəniyyəti, bəzəkləri, nəqliyyat vasitələri, xalq bayramları, mərasimləri, toyyas adətləri və s. kimi problem xarakterli məsələlərin həllinə işıq salmışlar. Bütün bunlar çap olunmuş 3 cildlik "Azərbaycan etnoqrafiyası"nda öz əksini tapıb.

ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın bildirdiyinə görə, İnstitutun yerinə yetirdiyi ən mühüm işlərdən biri Quba soyqırımı məzarlığında aparılan arxeoloji qazıntılar olub: "2007-2008-ci illərdə aparılan bu qazıntılar nəticəsində 1918-ci ildə ermənilər tərəfindən Qubada kütləvi qətlə yetirilmiş azərbaycanlı əhalinin yüzlərlə skeleti aşkara çıxarılıb. 2008-ci il fevralın 5-də ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam Azərbaycan arxeologiya elminin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" 18 aprel 2012-ci il tarixli, "Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" 26 aprel 2012-ci il tarixli, "Muğan-Babacanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında" 29 oktyabr 2013-cü il tarixli sərəncamlar imzalayıb".

İnstitut rəhbəri daha sonra qeyd edir ki, ölkə başçısının bu sərəncamları xalqımızın qədim dövr tarixinin arxeoloji qazıntılar vasitəsilə araşdırılması üçün ArxeologiyaEtnoqrafiya İnstitutunun qarşısında mühüm vəzifələr qoyub: "Bu sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün institut öz fəaliyyətini həm arxeolojietnoqrafik tədqiqatlar istiqamətində, həm də beynəlxalq əlaqələrin genişləndirilməsində daha da intensivləşdirib. Bununla əlaqədar olaraq son illərdə qədim tarixin bütün mərhələlərinə aid abidələr - ibtidai insan düşərgələri, erkən oturaq əkinçi mədəniyyətlərinə aid yaşayış məskənləri və qəbir abidələri, tunc dövrünün yaşayış məskənləri və qəbir abidələri, antik və erkən orta əsrlər dövrünün şəhər mədəniyyəti və müxtəlif tip qəbir abidələri, orta əsrlər dövrünün möhtəşəm şəhərləri tədqiqatlara cəlb edilib. Bu son tədqiqatları xronoloji ardıcıllıqla aşağıdakı kimi şərh etmək mümkündür. Naxçıvan Muxtar Respublikasında Şərur rayonundakı Qazma mustye (30 min il əvvəl) düşərgəsində və Gəncə-Qazax bölgəsindəki Ceyrançöl zonasında aparılan arxeoloji tədqiqatlar paleolit dövrü insanlarının yaşayış tərzi, qidalanması, daşdan əmək alətlərinin hazırlanması üsullarının öyrənilməsi üçün zəngin material verib. Ceyrançöldəki Saqqızlı alt paleolit yaşayış yerindən aşkar edilmiş vulkan mənşəli andezit daşından hazırlanmış çox iri və ağır çopper tipli alətin aşkar olunması maraq doğurur. Çünki belə alətlər Azıx mağarasının alt layından aşkar edilib ki, bu da, öz növbəsində, Ceyrançöl ərazisində və bütövlükdə, Azərbaycanın qərb bölgəsində qədim insanların məskunlaşma tarixinin daha qədim olmasını söyləməyə imkan verir. Şəki - Zaqatala bölgəsində aparılan tədqiqatlar zamanı bu bölgə üçün ilk dəfə olaraq QaxZaqatala rayonları ərazisində yaşı 450 - 500 min il olan mağara tipli ibtidai insan düşərgələri aşkar edilib. Mingəçevir su anbarı ətrafında aparılan tədqiqatlar zamanı isə yaşı təqribən 1 milyon il olan açıq tipli ibtidai insan düşərgəsi və daşdan əmək alətləri aşkar edilib.

Son illər Azərbaycanın erkən əkinçi maldar tayfalarının tarixini özündə əks etdirən qədim abidələrin tədqiqi diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrinin (Almaniya, Fransa, Yaponiyas.) arxeoloqlarının bu dövr abidələrinə xüsusi marağı onlarda geniş arxeoloji tədqiqatların aparılmasını xüsusilə aktual bir məsələyə çevirib. Gəncə-Qazax, Mil-Qarabağ, Muğan və Naxçıvan bölgələrində neoliteneolit dövrlərinə aid qədim yaşayış məskənlərində geniş arxeoloji qazıntı işləri aparılıb. Ağstafa rayonundakı Həsənsu, Tovuz rayonundakı Göytəpə neolit dövrü yaşayış məskənlərində aparılan qazıntılar Azərbaycanda, o cümlədən bütövlükdə Cənubi Qafqazda əkinçilik mədəniyyətinin meydana çıxma tarixinin öyrənilməsi üçün zəngin materiallar verib".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 8 yanvar.- S.15.