Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi dünyada Azərbaycan mədəniyyətinə verilən böyük dəyər nümunəsi kimi...

 

Azərbaycanın elə qüdrətli şəxsiyyətləri var ki, onların siması yalnız ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün maraq kəsb edir. Belə dahilərdən biri də ədəbiyyatımızın, ictimai fikrimizin öndərlərindən olan Nizami Gəncəvidir. Bəlli olduğu kimi, Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği çox yüksək səviyyədədir.

2011-ci ildə dahi şairin 870 illik yubileyinin keçirilməsi ilə bağlı verilən Prezident sərəncamı mütəfəkkirə verilən çox böyük qiymət olub. Bu sərəncamda Nizami haqqında çox qiymətli fikirlər əks olunub. Sənəddə onun irsinə "Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliyə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə"si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur"-deyə qiymət verilir.

Qeyd edək ki, ədəbiyyatşünasların fikrincə, bu sərəncam Nizaminin dünya şöhrətini bir daha təsbit edən konseptual sənəddir.

Nizami Gəncəvi irsinə verilən bu dəyəri Azərbaycan alimləri yüksək qiymətləndirir və bunun xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı üçün əhəmiyyətli sayırlar.

Filologiya elmləri doktoru, professor Tərlan Novruzov qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını yüksək qiymətləndirir və bu barədə xüsusilə geniş danışmağa ehtiyac duyur: "Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli görülüb, çox sayda tədqiqatlar meydana gətirilib, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanıb. Qeyd edək ki, bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilib, lakin İkinci Dünya Müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olub. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılıb. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib. Lakin Nizami Gəncəvi irsinin 1970-ci illərdən öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açıb. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaradıb. Onu da qeyd edək ki, Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadisosial böhran buna imkan verməyib. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə 23 dekabr 2011-ci il tarixli Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb. Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği işində bu sərəncamın misilsiz rolu var. Belə bir deyim var: "Nizami Gəncədən doğdu, Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı." Nizami Gəncəvinin Azərbaycan, o cümlədən dünya mədəniyyət və ədəbiyyat tarixində tutduğu yeri hörmətli Prezidentimiz İlham Əliyev həmişə yüksək qiymətləndirib, qədirşünaslıqla, böyük məhəbbət və ehtiramla, fəxarətlə qeyd edib".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin 21 aprel 2005-ci il tarixində Moldovanın o vaxtkı Prezidenti Vladimir Voroninin iştirakı ilə keçən açılış mərasimində iştirak edərkən maraqlı fikirlər bildirib: "Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin "Qızıl fondu"nun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur".

T.Novruzov bildirir ki, Azərbaycan Prezidenti çıxışında daha sonra vurğulayıb ki, Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur. Nizami insanın cəmiyyətdə roluna öz baxışı prizmasından nəzər salaraq, antik irsi, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik poetik ənənələrini yaradıcılığında məharətlə əks etdirə bilib. Böyük sənətkarların yaratdıqlarının ümumbəşəri əhəmiyyətinin xüsusiyyətlərindən biri budur ki, onlar həyati əhəmiyyətlidir, əbədiyaşardır, çünki onların mənası gözəllik və əzəmətdədir. Bu əsərlərdə əks olunmuş ümdə arzu- insanları xoşbəxt etmək istəyi ümumbəşəri mədəniyyət inkişaf tapdıqca, dünya miqyasında sivilizasiyanın səviyyəsi yüksəldikcə açıqlanır. Nizaminin yaradıcılığı bunun aşkar təsdiqidir. Onun bəşər sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin bədii və fəlsəfi təfəkkürünün katalizatorları olmuş Aristotel, İbn Sina, Dante, ŞekspirPuşkin kimi dühalarla müqayisə etmək olar.

Alimin sözlərinə görə, diqqəti cəlb edən mühüm faktlardan biriNizami Gəncəvinin 870 illik yubileyi münasibətilə YUNESKO-nun yaydığı bəyanatdır: "Bu bəyanatda Nizami Gəncəvi irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müstəqil Azərbaycan dövlətinin səyləri alqışlanır. Bəyanatda deyilir: "Dahi şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir sənətkardır. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və YUNESKO bu yubileydə iştirakdan böyük şərəf hissi duyur". Bu bəyanatın məzmunundan da göründüyü kimi, Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barədə sərəncamının çox mühüm nəticələri olub, bu sənəd dünya mədəniyyəti miqyasında rezonans doğurub. Yubiley ilinin ən mühüm, fərəh doğuran xəbərlərindən biri də Pekindən gəldi. Belə ki, Çin Xalq Respublikasının paytaxtı Pekinin Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyuldu. 28 oktyabr 2012-ci ildə uzaq Meksikanın Akapulko şəhərində isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli Sərəncamı ilə başlanan böyük, dünya miqyaslı tədbirlər silsiləsi 1 oktyabr 2012-ci ildə Bakıda, Heydər Əliyev Sarayında yekunlaşdı. Bu möhtəşəm tədbir qədirbilən xalqımızın dahi Nizami irsinə dərin və sonsuz məhəbbətini bir daha təcəssüm etdirdi".

Alim daha sonra vurğulayır ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında qardaş Türkiyə Respublikasında da çox dəyərli elmi tədqiqatlar aparılır: "Nizaminin 870 illik yubileyi ilə əlaqədar olaraq bütün türk dünyasında "Nizami Gəncəvi ili" elan edilib, Nizami Gəncəvinin yubileyi TÜRKSOY daxilində və beynəlxalq səviyyədə qeyd olunub. Böyük şairin əsərlərinin müxtəlif dillərə tərcüməsi təşkil olunub, dünyanın 25-dən çox ölkəsindən mədəniyyətşünaslar, ölməz Nizami poeziyasının araşdırıcıları, ədəbiyyatçılar, şairlər tədbirlərimizə dəvət olunub, həvəslə iştirak ediblər. Yubiley tədbirləri TÜRKSOY xətti ilə türkdilli ölkələrdə, eləcə də RusiyaHindistanda, Çində, Meksikada, Moldovada, Fransada, Amerikada, dünyanın bir çox başqa ölkələrində xüsusi şəkildə qeyd edilib, müzakirələr keçirilib, heykəllər, büstlər ucaldılıb, kitablar nəşr edilib. Nəzərdən keçirdiyimiz bu möhtəşəm tədbirlərin hamısı Nizami Gəncəvi irsinin dünyada tanınmasına və dünya xalqları arasında yayılmasına, beləliklə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və bütövlükdə, Azərbaycan xalqının dünyada daha da tanınmasına xidmət edib. Və bu, möhtərəm Prezidentimiz İlham Əliyevin böyük səyləri nəticəsində mümkün olub.

Göründüyü kimi, böyükdahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin belə təntənəli surətdə keçirilməsi onu və Azərbaycanı dünya mədəniyyəti miqyasında bir daha tanıtdırıb, xalqımıza, dövlətimizə böyük başucalığı gətirib.

Yeri gəlmişkən xatırladım ki, Nizami Gəncəvi adına Ədəbiyyat Tarixi Muzeyinin yenidən qurulması və bərpası işi də məhz hörmətli Prezidentimiz İlham Əliyevin nəzərindən qaçmayıb. Muzey ən yüksək səviyyədə təmir edilib, burada dahi şairin zəngin irsinin qorunması, öyrənilməsi və təbliği üçün gözəl şərait yaradılıb. Bu faktın özüböyük Nizamiyə, ədəbiyyat tariximizə qayğı və məhəbbətin ifadəsidir.

Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğının onun ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açıb. Fikrimcə, Prezident İlham Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi möhtərəm dövlət başçımızın, bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 12 yanvar.- S.15.