Azərbaycanın böyük mədəni irsi və UNESCO

 

Azərbaycan mədəniyyəti min illərin o tayından rişələnən, sonrakı dövrlərə kök atan bir mədəniyyətdir. Bu mədəniyyətin qollarını əhatə edən o qədər zəngin, o qədər maraqlı, o qədər cəlbedicidir ki, əsrlər ötsə də, yenə öz təravətini, gözəlliyini saxlaya bilir. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü sərvətləri, istərsə də mənəvi sərvətləri hər zaman dünya insanının marağını özünə çəkib.

Böyük zəhmət hesabına UNESCO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri dünyada Azərbaycanın eşidilən səsidir. UNESCO-da Azərbaycan xalqının və Azərbaycan məmləkətinin döyünən qəlbi olan xalçalarımız, muğam və aşıq sənətimiz, İçəri Şəhərimiz, Qobustanımız bir möcüzə kimi insanların qəlbini ovsunlayır.

Bu abidələrimizin hər biri dövlətçilik tariximizin, mədəniyyətimizin nümunəsidir. "Azərbaycanın xalçası" sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Bundan əvvəl isə muğam və aşıq sənəti, Novruz bayramı da UNESCO-nun müvafiq siyahısına salınıb. Muğam və aşıq sənəti artıq milli mədəni maraqlarımızı, dövlətimizin mədəniyyətimizə dəyər verməsini ifadə etməklə yanaşı, həm də bəşəri məqsədlərə xidmət edir. Xalçalarımız illər əvvəl bəzi dünya ölkələrində İran, Qafqaz xalçaları kimi təqdim edilirdisə, bu gün Azərbaycan xalçaları kimi tanınır.

Məlumdur ki, ölkəmiz 1992-ci ilin iyunundan UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr daha da inkişaf etməyə başlayıb.

Ekspertlər bildirir ki, UNESCO bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl aparır. Azərbaycanın da qeyri-maddi mədəniyyət nümunələri bu təşkilatın diqqətini çəkib və milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz bayramı, aşıq və xalça sənətinin bu təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi böyük hadisə sayılmalıdır. Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi bir xalq kimi bizə ancaq müsbət imic qazandırır.

Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və UNESCO - Azərbaycan əlaqələrinin inkişafı naminə göstərdiyi xidmətlər nəticəsində ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan sonra həmin sahədə əlaqələr daha da möhkəmlənib.

Onu da yadınıza salaq ki, Azərbaycan muğam sənəti 2003-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edildi. Bundan sonra muğam sənətimizə diqqət və qayğı daha da artmağa başladı. Xüsusilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb oldu. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikildi. Bu sahədəki uğurlardan danışarkən Azərbaycan muğam antologiyasının, Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrini və s. misal göstərmək olar.

İndi xalqımızın milli-mənəvi sərvəti olan muğamlarımız dünyanın əksər ölkələrində səslənir və böyük maraqla qarşılanır.

UNESCO və Azərbaycan əlaqələrini araşdıran mütəxəssislər deyir ki, qloballaşma şəraitində aparılan bu işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına geniş yol açır. Əlbəttə, belə bir şəraitdə Mehriban xanım tərəfindən aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi yeni bir uğurun yaranmasına gətirib çıxardı. Bu, milli irsimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Aşıq sənətinə qarşı yaranmış soyuq münasibəti xeyli mülayimləşdirdi. Azərbaycan xalq yaradıcılığının dünyada işıqlandırılmasına zəmin yarandı və bu irsin bəşəriliyini ifadə edən amil kimi ortaya qoyulması ilə səciyyələndi. Tezliklə aşıq sənətimiz dünyada tanıdılmağa başlandı, Parisin Luvr Muzeyində və Strasburq şəhərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış ediblər. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycanın milli-mənəvi dəyərləri, sözün əsl mənasında, dünyanı təəccübləndirmək iqtidarındadır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti ilə yanaşı, Novruz bayramı da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındı. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunmuşdu.

Muğam və aşıq sənətinin, Novruz bayramının UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsindən sonra diqqət Azərbaycan xalçasının möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, 2010-cu ildə Azərbaycan mədəniyyətində önəmli hadisələrdən biri - xalçaçılıq sənətimizin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi hadisəsi baş verdi.

UNESCO-da qeyri-maddi irs siyahısına salınan dəyərlərimiz mədəniyyətimizin, tariximizin, arxeologiyamızın, musiqiqimizin qələbəsidir. Onu da qeyd edək ki, xalça sənətinin UNESCO-dakı yeri çox qiymətlidir və bu o deməkdir ki, Azərbaycanda bu sənət özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bundan başqa, xalçalarımız ənənəvi qaydada toxunuröz mənbəyindən ayrılmır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. Məlumdur ki, hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də Azərbaycan xalçasıdır. Azərbaycan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da zənginləşərək bu günümüzə gəlib çatıb. Bəlkə də bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir. Doğma torpağımızın rəngarəng boyaqların hazırlanmasına imkan verən zəngin bitki aləmi və zərif yunu xalça sənətinin yaranmasına və inkişafına şərait yaradıb. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Qeyd edək ki, hər bir xalça ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovluxovsuz xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Tədqiqatlar göstərir ki, Azərbaycanın şimal-şərq hissəsi XI-XII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz rolunu oynayıb. Orta əsrlərdən başlayaraq Azərbaycan xalçaları bütün dünyada ticarət vasitəsi olub. Ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri yaranıb. İpək yolu üzərində olan dövlətlərdə xalça sənəti mövcuddur. Amma bütün ölkələrdə istehsal olunan xalçalardan Azərbaycan xalçası qiymətli və zəngindir.

Xalçaçı rəssam Eldar Mikayılzadə də xalçalarımızın, aşıq və muğam sənətimizin, Novruz bayramımızın, habelə Qobustan və İçəri Şəhərimizin UNESCO-da mədəniyyətimizi təmsil etdiyini bildirir. Bundan başqa, xalçaçı rəssam qeyd edir ki, müasir dünya informasiya dünyasıdır və bir ölkənin mədəni-mənəvi həyatı haqqında informasiya nə qədər çox olsa, onun əməyinin nəticələri daha yüksək olar, daha çox tanınar: "Qloballaşan dünyada informasiya bolluğu xalqın tanınması deməkdir. Bu baxımdan Azərbaycan istər neft, istər muğam, istərsə də xalçası ilə nə qədər çox tanınsa, onun mövqeyi bir o qədər möhkəmlənmiş olar. Xalça sənətimizin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi həm də dünya muzeylərində xalçalarımızın "fars", "Qafqaz" və "erməni" adı altında təqdimatının qarşısını alan faktora çevriləcək".

İranda xalçaların 80%-nin Azərbaycan xalçası olduğunu dilə gətirən mütəxəssis xalçalarımızın siyahıya gec düşməsindən təəssüfləndiyini də dilə gətirdi: "Xalçalarımız dünyada nə qədər tez tanınsaydı, onlara fars, erməni xalçası deməzdilər. Amma nəzərə almalıyıq ki, dünyada öz peşəkar toxunuşu ilə tanınan qədim Orta Asiya xalçalarından əvvəl Azərbaycan xalçalarının bu siyahıya daxil edilməsi çox böyük hadisədir. Bu heç də təsadüfi deyil və qədim kökə əsaslanır. İran xalçalarından fərqli olaraq Azərbaycan xalçası şifahi xalq ədəbiyyatı ilə çox sıx bağlıdır. Bizim xalçalarımız nənələrimizin, babalarımızın dilində olan bayatılarla, şeirlər və qoşmalarla uyğunlaşdırılaraq nəsildən-nəslə keçərdi. Bu, şifahi xalq ədəbiyyatı ilə çox bağlı olduğuna görə bizim nənələrimizin toxuduğu əl işləri maddi ehtiyacdan deyil, daha çox mənəvi ruhundan gəlmədir. Bu da əsas verdi ki, məhz Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilsin. Mən özüm İstanbulda fərdi sərgimdə müsahibə verərkən belə bir fikir söylədim: "Xalça azərbaycanlıların ana dilidir.

Hər xalq bir sənət növü vasitəsilə dünya ilə danışıb. Azərbaycan xalqı da danışıq dilini xalçada tapıb".

Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva UNESCO tədbirlərindən birində çıxış edərkən mədəniyyətimizin həm milli, həm də bəşəri mahiyyət daşıdığını vurğulayıb.

Bununla belə, Mehriban Əliyeva deyib ki, milli mədəniyyətimiz Azərbaycan xalqının və dövlətinin varlığıdır: "Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir. Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələri var".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 22 yanvar.- S.15.