Şamaxı muğam məclisləri və Azərbaycan muğamının hərtərəfli inkişafı...

 

Azərbaycanın qədim muğam mərkəzi olduğunu bilirik. Muğam sənətinin bu torpaqda inkişaf edib pərvəriş tapdığı artıq elmlə sübuta yetirilib. Elmi mənbələrdən aydındır ki, muğamın inkişaf etdiyi məmləkətlərdən biri Azərbaycan olubburada muğam mədrəsələri, muğam məclisləri fəaliyyət göstərərək bu sahənin inkişafına təkan verib.

Muğam məclislərinin rolundan danışarkən onu qeyd etməliyik ki, bu məclislər əsl məktəb rolunu oynayıb. Bilirik ki, ən böyük musiqi məclisləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən də Şamaxıda olub. XIX əsrin II yarısında Şamaxıda məşhur mülkədar Mahmud ağa tərəfindən yaradılan və Şirvan zonasında xanəndəlik sənətinin inkişafında mühüm rol oynayan musiqili poetik məclis haqda çox eşitmişik. Bu muğam məclisi tarixdə Mahmud ağanın məclisi adlandırılıb.

Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxıda doğulub, 12 mart 1896-cı ildə isə vəfat edib. Adı muğam mənbələrində böyük hörmətlə çəkilən Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə bütün Qafqazda tanınan musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat-incəsənət himayəçisi idi.

"Vikipediya" Açıq Ensiklopediyasında qeyd edilir ki, o, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi: "O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olub. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O həm də gözəl avazla pəsdən oxuyurmuş. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özüşeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı. XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə baş çəkirdilər. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarininb. bu haqda məlumatları maraq doğurur. Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər". Bir çox tarixi sənədlərdən məlumdur ki, bu sənətkarlar içərisində Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olub. Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib, onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı. Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı. Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atardı. Təsadüfi deyil ki, Mahmud ağanın adı və Şamaxı musiqi məclisi bu gün də xatırlanır və örnək kimi göstərilir. A.Düma Şamaxıda mesenat Mahmud ağa Əhməd ağa oğlunun qonağı olduğunu qeyd edir. Mahmud ağa Şamaxıda tez-tez muğam gecələri, yarışları keçirərmiş. Fransız A.Düma kimi, rus etnoqrafı və səyyahı İ.Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı knyaz Q.Q.Qaqarin (1810-1893) də belə gecələrin qonağı olmuş, öz xoş təəssüratlarını xatirə və əsərlərində qələmə almışlar. Mahmud ağanın 1858-ci il noyabrın 24-də A.Dümanın şərəfinə təşkil etdiyi ziyafətdə rəqs edənləri (iki xanım və qız paltarı geymiş bir oğlan) 5 musiqiçi (tar, kamança, tütək, nağara və təbil ifaçıları) müşayiət edirdi. A.Düma qeyd edir: "Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq. O bizi fars şam yeməyinə və rəqqasələrlə gecəyə çağırdı. Şamaxı rəqqasələri nəinki Şirvanda, eyni zamanda bütün Qafqazda əvvəlki şöhrətini saxlamışdılar. Bizə çoxdan iki xidməti eyni zamanda göstərən bu gözəl kahinələrdən bəhs etmişdilər". Knyaz Dondyukov deyirdi: "Şamaxı rəqqasələrini mütləq görün!" Baqration xatırladırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Bakıda hamı bir nəfəsə təkrarlayırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Rəqqasələr xanların hökmranlığının qalıqlarıdır. Onlar saray rəqqasələri idi. Təəssüf ki, həmin rəqqasələrdən yalnız üçü qalıb: iki qadın və bir oğlan". "Biz Mahmud bəyin evinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici fars evlərindən biri idi. (Düma romanında "azərbaycanlılar"ı bəzi yerlərdə "farslar" adlandırır). Biz Şərq zövqündə bəzədilmiş zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilmiş tül üzlü atlas yastıqların üstündə oturmuşdu. Yastıqüzü ən əlvan rənglərə qəribə zəriflik verirdi. Zalın axırında böyük pəncərə uzunluğunda üç rəqqasə və beş musiqiçi oturmuşdu. Təbii ki, belə ənənəvi rəqsi xüsusi musiqi müşayiət etməli idi". "Musiqi çalındı. Orkestr iki yerə bölünmüş böyük yumurtaya bənzər və dəmir ayaqlarda dayanan barabandan, bizim dəfə bənzər qavaldan, qədim fleytaya bənzər alətdən, metal simli, lələklə çalınan mandolinalar və nəhayət, dəmir ayaqda, sol əldə hərəkət edən kupu olan çonqurdan ibarət idi. Maraqlıdır ki, çonqur özü simlərlə yayın üzərindən aparır, əksinə yox. Bütün bunlar şiddətli, çox da melodik olmayan, ancaq olduqca orijinal səs çıxarırdı". "Şərq rəqsi hər yerdə eynidir. Mən onu Əlcəzairdə, Tunisdə, Tripolidə, Şamaxıda görmüşəm. O, hər yerdə buya digər dərəcədə ayaqları yerə vurmaqdan, müxtəlif dərəcədə ifadəli bel hərəkətlərindən ibarətdir. Nisədə (Mahmud bəyin gecəsində olan rəqqasələrdən biri) bu hərəkətlər mükəmməl idi". Şamaxıda poeziyamusiqinin inkişafında əvəzsiz xidmətləri olmuş xeyriyyəçi Mahmud ağa Əhməd ağa oğlu öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis iştirakçıları ondan havanın adını soruşurlar. O isə "bu yaxınlarda bəstələdiyim "Mahmud ağa gəraylısı"dır - deyir... Xurşudbanu Natəvan Bakı və Şamaxı məclisləri ilə də mütəmadi surətdə əlaqə saxlayır və bu məclislərdə oxunan şairlərin yeni qəzəlləri ilə tanış olurdu. Tarixi sənədlər Xan qızının Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə maraqlandığını göstərir. Belə sənədlərdən biri Ağalar bəy Əliverdibəyovun əlyazmasıdır: "Qarabağın məşhur xanəndələri Hacı Hüsü və Məşədi İsi 1884-cü ildə Mahmud ağanın hüzuruna gəlib, aylarla orada qalmışlar. Mahmud ağa məşhur Şamaxı xanəndəsi Məhəmmədhəsənin musiqi müəllimi olub. O, yaz fəsillərində xanəndə və müsahibləri ilə "Qız köşkü" yaylağına övdət edib gün keçirərmiş. İbrahim xanın nəvəsi Xurşudbanu bəyim Natəvan Qarabağdan Bakı şəhərinə səfər edərək, Mahmud ağanın ziyarətinə gəlməyi özünə vacib bilib, onun görüşünə gelib, bir neçə gün onunla müsahibədə bulunmuşdu". Ruqiyyə Rzayeva "Mirzə Fərəc haqqında xatirələrim" məqaləsində yazır: "Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmudağa Əhmədağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmud ağa muğamlara çox yaxşı bələd idi. Ona görə hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz qüvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvəti qəbul edir. O bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə, məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmud ağa onun ifasına yüksək qiymət verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır". Seyid Əzim Şirvani yazırdı:

İki bəy düşmədi rüşvət təməinə əsla,

Biri Məmməd Əli bəydir, biriMahmud ağa.

Qaldığı vurdu işin, gözləmədı şərmü həya,

Getdilər xəlqin hamı başına yüz dərdü bəla,

Unudub Allahi bunlar hamı tüğyan elədi.

Mahmud ağa Məmmədzadə dövrünün əksər şairləri tərəfindən vəsf olunub. Ümumiyyətlə, Mahmud ağa kimi şəxsiyyətlər, musiqi himayəçiləri, incəsənət təbliğatçıları az olmayıb. Əlbəttə, bunlar hamısı Azərbaycan mədəniyyətinə xidmətdir.

Onu da bildirək ki, Heydər Əliyev Fondunun nəfis tərtibatda buraxdığı "Muğam Ensiklopediyası"nda tarixdə iz qoyan muğam məclisləri haqda geniş məlumatlar yer alıb. Şamaxı muğam məclislərinə də bu ensiklopediyada xüsusi yer ayrılıb, burada Mahmud ağanın xidmətləri, bu sahədəki fəaliyyəti haqda ətraflı məlumat dərc edilib. Qeyd edək ki, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva muğamı yalnız həyatımızın ayrılmaz hissəsi yox, həm də özümüzün və ruhumuzun bir parçası olan unikal fenomen adlandırıb. Ölkənin birinci xanımının məhz muğamın özünəməxsus kamilliklə gələcək nəsillərdə kökə bağlılığı, milli ləyaqəti, emosional zənginliyi və mənəvi mükəmməlliyi yetişdirəcəyinə əmin olması təsadüfi deyil. Əsrləri geriyə vərəqlədikcə muğamın Azərbaycan xalqının tarixində oynadığı möhtəşəm rolu görəcəksiniz. Qərinələrin dərinliyinə baş vurduqca, muğam müqəddəs bir abidə kimi bütün möhtəşəmliyi ilə ucalır, xalqın aparıcı qüvvəsinə çevrilir.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra muğam yenidən dövlətin himayəsinə alındı, onun öyrənilməsi və təbliği gücləndi. Sevindirici haldır ki, bu proseslərə XXI əsrdə ölkənin birinci xanımı başçılıq etdi. 2003-cü ildə UNESCO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi mədəni irsinin inciləri siyahısına alındı.

Ardıcıl muğam festivallarının, beynəlxalq muğam simpoziumlarının keçirilməsi, muğam ensiklopediyasının, jurnalının və radiosunun yaradılması dövlətimizin milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması istiqamətində atdığı ciddi addımlardır. Bilirik ki, muğama bəslənən bu sonsuz qayğı muğam ifaçıları və muğam tədqiqatçılarına stimul verir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 26 yanvar.- S.15.