Azərbaycan teatrının inkişafında dövlətin mədəniyyət siyasətinin rolu

 

1873-cü ilin mart ayının 10-da Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyasının tamaşaya qoyulması ilə Azərbaycan milli teatrının əsası qoyulub. Azərbaycanda milli teatrın yaradılmasından yüz ildən artıq zaman keçir və teatrımız o gündən bu günə qədər çox şərəfli, zəngin bir yol keçib. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri varilk teatr binasını məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev tikdirib.

Bunlar hamısı tariximizin qızıl səhifələridir və hər zaman öyündüyümüz hadisələrdir. Teatr aləmində nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsdən dərs götürülür. Təbii, milli teatrın təşkilində, təşəkkül tapmasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Həsənağa Turabov, Nəcibə Məlikova və başqa müqtədir sənətkarların rolu əvəzsiz olub. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".

Bəllidir ki, mədəniyyət tariximizin parlaq səhifələrindən olan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dövlətimizin milli teatra diqqət və qayğısı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası həyata keçirilib, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılıb, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilib. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilib, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilibbu günbu tədbirlər davam etməkdədir.

Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənib. Respublikada fəaliyyət göstərən 27 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini nya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır. Bu gün Azərbaycan teatrı bütün cəhətlərinə görə heç də dünyanın inkişaf edən teatrlarından kənarda qalmır. Heydər Əliyevin teatr sahəsinə bəslədiyi sonsuz qayğı, teatr adamlarına göstərdiyi diqqət unudulmazdır. Məhz onun qayğısı sahəsində teatrlar yenidən qurulub, yeni repertuarla tamaşaçı qarşısına çıxıb, aktyor, rejissor əməyi qiymətləndirilib.

Ümummilli liderin milli teatra qayğı siyasətini Prezident İlham Əliyev də davam etdirir. Prezidentin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Dövlət başçısının teatrla bağlı imzaladığı hər bir sənəddə teatrın inkişafı, tərəqqisi, onun işıqlı gələcəyi yolları qeyd edilib.

Onu da bildirək ki, dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam təqdirəlayiqdir. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənib. Proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsil sisteminin yaxşılaşdırılması məqsədilə onillik müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Bu proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmin olunsun, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, ümumilikdə sənətin inkişafına səbəb olur. Bu baxımdan da həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır. Proqramda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində, təbii ki, bir sıra nailiyyətlər əldə olunacaq. Ən başlıcası isə, milli teatr sənəti həm qorunub saxlanacaq, həm də inkişaf etdiriləcək. Onun şəbəkəsi müasir tələblərə uyğun qurulsa, bu, bir tərəfdən də tamaşaçının teatra olan tələbatının ödənilməsi üçün şərait yaradacaq. Qədim teatrı həm də gəncləşdirmək gərəkdir. Bunun üçün istedadlı gənclərin teatra cəlb olunmasına önəm verilməlidir.

Proqramda öz əksini tapan tədbirlərin on il ərzində müntəzəm davam etdirilməsi nəzərdə tutulur. Elə tədbirlər var ki, onlar iki ildən bir həyata keçirilməlidir. Məsələn, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransların təşkili. İldə bir dəfə də nəzərdə tutulan tədbirlər var. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında həyata keçirilən tədbirlərdən biri 2011-ci ildə həyata keçirilən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının iştirakı ilə "Kukla teatrı həftəsi" tədbiri olub. Dövlət Proqramına əsasən, on il ərzində xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması planlaşdırılıb. Eləcə də paytaxtda tanınmış teatr xadimlərinin iştirakı ilə seminarların təşkil edilməsi bu sahədə müəyyən nailiyyətlərin qazanılmasına səbəb olacaq. Bilirik ki, 2009-cu ildən bəri Bakıda bir sıra beynəlxalq teatr tədbirləri və Azərbaycanın ev sahibliyi yüksək qiymətləndirilib. Məlum olduğu kimi, dövlətin apardığı uğurlu teatr siyasətinin nəticəsi olaraq teatr binaları təmir edilərək istifadəyə verildikdən sonra bəzi teatrlar birləşdirildi. Kamera, gənclər və gənc tamaşaçılar teatrları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Teatrşünaslar qeyd edir ki, üç yaradıcı kollektivin bir araya gələrək fəaliyyət göstərməsi həqiqətən də uğurlu alınıb və ortaya keyfiyyətli əsərlər çıxıb. Teatr yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olduğu sirr deyil. Teatr bir maarif ocağı olub həmişə.

Adıçəkilən Dövlət Proqramında təkcə paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin digər bölgələrdə, o cümlədən qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərən dövlət teatrlarına da hər cür zəruri qayğının göstərilməsi nəzərdə tutulub. Əlbəttə, ilk növbədə, bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi ön plana çəkiləcək. Çünki teatr sahəsində tədbirlərin uğurlu keçməsi üçün maddi-texniki bazanın günün tələbləri səviyyəsində qurulması çox vacibdir. Prezidentin təsdiq etdiyi proqramların, imzaladığı sərəncamın və bu sahədə həyata keçirilən layihələrin məqsədi odur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni Azərbaycan teatrı gələcəkdə istənilən tamaşası ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur. Bir neçə il əvvəl Bakıda ilk dəfə olaraq milli teatr festivalı keçirilib. On ay müddətində davam edən bu mühüm tədbir çox əhəmiyyətli oldu. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun bəzi konqreslərinin Bakı şəhərində keçirilməsi də nəzərdə tutulub. Əlbəttə, belə konqreslərin baş tutması üçün bəşəri əhəmiyyət daşıyan əsərlərin səhnədə təcəssümü vacibdir. Eləcə də onilliyin sonunda Bakıda beynəlxalq festivalın keçirilməsi yeni bir mərhələnin başlanğıcı olduyeni festivalların Bakıda keçirilməsinin əsası qoyuldu.

Görkəmli dövlət xadimi Heydər Əliyevin teatr haqqında fikirləri diqqətəlayiqdir: "Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, onu irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var". Çox böyük sözdürteatra verilən böyük dəyərdir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 30 yanvar - 1 fevral.- S.15.