Azərbaycanı ən potensiallı turizm ölkəsi sayan beynəlxalq təşkilatların sayı artır

Samir Əliyev: "Onlar dünyada ən çox gəlir gətirən turistlər hesab olunur..."

 

"Rus turistlərini cəlb etmək üçün bizim şansımız var, yaxın və isti ölkəyik, bundan başqa, dənizə çıxışımız və təbiətimiz mövcuddur"

 

Rusiyanın "Travel.ru" turizm saytı 2016-cı ildə MDB ölkələrində istirahət üçün perspektivli sayılan turizm istiqamətlərini müəyyənləşdirib.

Reytinq son bir ildə müstəqil şəkildə dincəlməyə gedən rusiyalı turistlərin bron etdiyi otellərin və mənzillərin sayına əsasən tərtib olunub. Belə ki, sayt bununla bağlı xəbər verir ki, Azərbaycan bu il xaricdə dincələn ruslar üçün MDB-də ən yaxşı ölkə seçilibreytinq cədvəlinə liderlik edib. İlk beşlikdə Azərbaycandan başqa Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarus da var. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən yerli sakinlərin rus dilində danışa bilməsi ilə cəlbedici olub.

2015-ci ildə Azərbaycana gələn turistlərin 685 mini Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Qusar, Gəncə, Şamaxı, Qəbələ, Naftalan, Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəranın görməli yerləri ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, hər il Qazaxıstan 1 milyon, Ermənistan 1,2 milyon, Qırğızıstan 1,2 milyondan çox, Belarus isə 300 min turist qəbul edir. Bir qədər əvvəl yayılan məlumata görə, indiyə qədər Türkiyədə dincələn rus turistləri artıq Azərbaycan, Gürcüstan və Ermənistanı seçir.

Ümumən bütün bunları ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Azərbaycanın Rusiya turistlərini cəlb etmək şansı var: "Rus turistləri dünyada ən çox gəlir gətirən turistlər hesab olunur, ona görə də onlar uğrunda mübarizə gedir. Rusiya turizminin təxminən 20 faizi Misirin, 20 faizə yaxını da Türkiyənin payına düşürdü. Misirlə bağlı məsələ aydındır - ora gediş artıq dayandırılıb, bunun ardınca isə Türkiyə. Deməli, bu gün kifayət qədər turist var ki, potensial olaraq gəzmək üçün yer axtarır. Rusiyada iqtisadi vəziyyət əvvəlki kimi deyil, ona görə də turistlər əvvəlki dövrdən fərqli olaraq nisbətən ucuz məkanlar axtarır. Rus turistlərini cəlb etmək üçün bizim şansımız var, yaxın və isti ölkəyik, bundan başqa, dənizə çıxışımız və təbiətimiz mövcuddur. Ancaq çox təəssüf ki, bizim turizmdə vacib olan bəzi komponentlər çatmır.

Birinci, təbii ki, təyyarə biletləridir. Biz turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ucuz uçuşlar təşkil etməliyik ki, ruslar bizdən uçsunlar. Ona görə də mövcud imkanları düzgün dəyərləndirməliyik".

Vidadi ORDAHALLI

Bakı xəbər.- 2016.- 4 aprel.- S.6