Bölgələrimizdə
multikulturalizm tədbirləri azərbaycançılığın
əyani nümayiş forması kimi...
II yazı
"Multikulturalizm ili"
çərçivəsində Azərbaycanın bölgələrində silsilə tədbirlər keçirilir. 2016-cı ilin respublikamızda
"Multikulturalizm ili" elan edilməsi bu sahədə
böyük canlanma yaratdı. Bilirik ki, "Multikulturalizm
ili" çərçivəsində davamlı olaraq
bölgələrdə tolerantlıq və multikulturalizmlə
bağlı tədbirlər, "dəyirmi masa"lar,
konfranslar təşkil olunur. Onu da vurğulayaq
ki, 2016-cı ildən əvvəlki illərdə də bu
istiqamətdə tədbirlər keçirilib.
Bildirək ki, bir müddət əvvəl Qax və
Oğuz Bilik evlərində imtahan keçirilib. Məlumatlara
görə, iki bölgədə "Multikulturalizm"
jurnalının təqdimatı olub. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax və
Oğuz rayonlarındakı Bilik evlərində "İngilis
dili", "Rus dili" və "Kompyuter texnologiyaları və
kargüzarlıq işi" üzrə təlim kurslarında
buraxılış imtahanları aparılıb.
Bilik
Fondunun Ölkədaxili layihələr sektorunun müdiri
Hacı Abdullanın rəhbərlik etdiyi və mütəxəssislərin
cəlb olunduğu imtahan komissiyası kurs
iştirakçılarının biliklərini müsahibə,
fərdi tapşırıq, tərcümə işi, test
tapşırıqları ilə yoxlayıb.
Məlumatlara
görə, 2015-ci ilin oktyabrından fəaliyyət göstərən
Qax və Oğuzdakı Bilik evlərində 73 nəfər təlim
keçib, növbəti kurslara yazılmaq üçün
indiyədək 100-dən çox gənc müraciət edib. İstisnasız olaraq bütün dinləyicilərin
iştirak etdiyi imtahanların yekunları öyrənildikdən
sonra nəticələri məqbul hesab edilən məzunlara 15
sentyabr - Bilik günündə Bilik Fondunun sertifikatları təqdim
olunacaq.
Prosesi ictimaiyyət nümayəndələri də izləyib. Qax Rayon
Tarix-diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi,
Oğuz Rayon İcra Hakimiyyətinin yeniyetmələrlə
iş üzrə komissiyasının sədri, bölgənin
tarix və etnoqrafiyasının tanınmış tədqiqatçısı
Yusif Rzayev ali təhsildən kənarda qalmış, eləcə
də işsiz gənclər üçün ödənişsiz
kursların təşkilini nəcib təşəbbüs
adlandırıblar və bildiriblər ki, Fondun maarifləndirmə
xarakterli layihələri yerlərdə razılıqla
qarşılanır.
Müdavimlər kurslarda peşəkar müəllimlərdən
öyrəndiklərinin təcrübədə tətbiqinə
imkanlar yaradılmasını, rus, ingilis dillərini, kompyuter
biliklərini daha üstün səviyyədə mənimsəmək
üçün təlimlərin yeni proqramda
aparılmasını Fond rəhbərliyindən xahiş ediblər. Xüsusən
də xarici dillərdə danışıq kurslarına
ehtiyacları olduqlarını deyiblər. Təlimçi
müəllimlər və müdavimlər məşğələlərdən
əlavə, Bilik evlərində çox sayda
tanınmış alim, yazar, ictimai xadimlə yaddaqalan
görüşlərin, mühazirə və tədbirlərin
keçirildiyini qeyd ediblər, yaradılan rahat şəraitə,
ardıcıl diqqət və qayğıya görə Bilik
Fonduna minnətdarlıqlarını bildiriblər.
Qax və Oğuz rayonlarındakı Bilik evlərində
"Multikulturalizm" jurnalının ilk nömrəsinin təqdimatı
da olub.
H.Abdulla jurnalın Azərbaycan Respublikası Prezidentinin
2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm
ili" elan edilməsinə dair Tədbirlər Planının
təsdiq olunması haqqında Sərəncamına əsasən
nəşr edildiyini bildirib. Bilik Fondu rəsmisi Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə
buraxılan jurnalın ədəbi-bədii, elmi-publisistik məziyyətləri,
"Multikulturalizm ili" çərçivəsində
ölkəmizdə və xaricdə görülən işlər
barədə məlumat verib. Təqdimat mərasimlərində
çıxış edən M.Əfəndi, Y.Rzayev, şair Cəlil
Cavanşir bölgənin etnik rəngarəngliyi, multikultural mənzərəsi
barədə danışaraq, jurnalın işıq
üzü görməsini müsbət dəyərləndiriblər.
Bölgədə yaşayıb yaradan müxtəlif
etnik qruplara mənsub çox sayda sənətçinin yaradıcılıq
nümunələrindən seçmələrin jurnalın
növbəti saylarında yayılmasını arzu ediblər.
Bu barədə Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı
sektoru məlumat yayıb.
Zaqatalada keçirilən "Azərbaycan folkloru və
mədəni müxtəliflik" mövzusunda beynəlxalq
elmi-praktik konfransda Türkiyə, Çexiya və İrandan
olan mütəxəssislər də iştirak edib.
Azərbaycanın multikulturalizm ənənələri
öz zənginliyi ilə bu gün bütün dünya
ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin
diqqətini özünə cəlb edir. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət
və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) birgə təşkilatçılığı
ilə Zaqatalada keçirilən "Azərbaycan folkloru və
mədəni müxtəliflik" mövzusunda beynəlxalq
elmi-praktik konfrans çox maraqlı keçib.
Tədbirdə
çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə bildirib ki,
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi
ilə əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlər
həyata keçirilir. Bildirilib ki, Azərbaycanda,
eləcə də Zaqatala rayonunda müxtəlif xalqların
nümayəndələri, ayrı-ayrı dini dəyər
daşıyıcıları mehriban şəraitdə
yaşayır, birgə fəaliyyət göstərir.
Multikultural dəyərlərin, ənənələrin qorunub
saxlandığı Zaqatalanın 126 min nəfər əhalisinin
67,6 faizini azərbaycanlılar, qalanlarını isə avarlar,
saxurlar və digər azsaylı xalqların nümayəndələri
təşkil edir. Bu xalqların nümayəndələri
Azərbaycanı həmişə öz doğma Vətəni
hesab edir.
DQİDK-nin sədr müavini Səyyad Salahlı
multikulturalizmin müxtəlif millətlərin nümayəndələrinin
bir kənddə, bir rayonda, bir ölkədə
mehribancasına, dinc şəkildə, bir-birinin adət-ənənələrindən,
zənginliklərindən istifadə edərək birgə
yaşam tərzi olduğunu vurğulayıb.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, multikulturalizm
anlayışı tədqiq olunmasını,
araşdırılmasını tələb edir. Multikulturalizm
Azərbaycan mədəniyyətinin, o cümlədən xalq mədəniyyətinin
cövhəridir. Multikulturalizm Azərbaycan
xalqının mədəniyyətində, bir-birinə və
digər xalqlara münasibətində əsrlər boyu davam
edib gələn bir anlayışdır.
Konfransda
çıxış edən Bilik Fondunun Aparat rəhbəri,
hüquq elmləri doktoru, professor İsaxan Vəliyev
multikulturalizmə münasibəti hüquqi müstəvidə
ətraflı təhlil edərək deyib: "Azərbaycanın
tarixinə nəzər salsaq, multikulturalizmin bu və ya digər
anlayışlar altında doğrudan da Azərbaycanda
doğulduğunu görmək olar. Lakin onun
bugünkü səviyyəyə çatması
üçün Prezident İlham Əliyev tərəfindən
davamlı işlər görülür. Görülən
bu işlər 2016-cı ilin Azərbaycanda "Multikulturalizm
ili" elan olunması ilə nəticələnib. Multikulturalizm çoxmədəniyyətlilikdir,
insanların bir- birinə hörmət və məhəbbətlə
yanaşmasıdır".
Konfransda daha sonra Mətanət Yaqubqızının
"Şəki-Zaqatala bölgəsi folklorunda
tolerantlıq" və Ağaverdi Xəlilin "Multikultural
şəraitdə ortaq dəyərlər"
mövzularında məruzələri dinlənib.
Beynəlxalq
konfrans "Etnoslararası dialoq və uzlaşmada ənənəvi
dəyərlərin rolu", "Azərbaycan folklorunun
etnik-lokal rəngarəngliyi", "Multikultural zəmində
əlaqə və münasibətlər", "Azərbaycan
folklorunda fərqli mədəniyyət elementləri: tarix və
etnik aspektlər" və "Azərbaycan folklorunda dini
tolerantlıq" adlı bölmələrdə işini
davam etdirib.
Qəbələdə də "Heydər Əliyev Azərbaycanda
multikulturalizmin banisidir" mövzusunda konfrans keçirilib. Mayın 6-da
keçirilən tədbir Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı
ilə baş tutub. Qəbələ şəhər
2 nömrəli tam orta məktəbdə keçirilən
"Heydər Əliyev Azərbaycanda multikulturalizmin
banisidir" konfransı maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı
ilə "2015-ci ilin ən yaxşı məktəbi" adına layiq görülən bu nümunəvi
təhsil ocağının direktoru, Bilik Fondunun Qəbələ
rayon nümayəndəsi Təranə Səlimova
"Multikulturalizm ili"ndə görülmüş işlər
və nəzərdə tutulan tədbirlər barədə
danışıb.
Konfransda
"Heydər Əliyev və Qəbələ",
"Multikulturalizm Azərbaycan xalqının milli sərvətidir",
"Qafqaz Albaniyasında yaşamış xalqların
bugünkü varisləri", "Qəbələnin
etnoqrafik mənzərəsi", "Azərbaycan
multikulturalizmi bədii ədəbiyyatımızda",
"İslam sevgi, şəfqət, mərhəmət
dinidir" və digər mövzularda çıxışlar
maraqla qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bu il mayın 7-də iki yaşını qeyd edən Bilik Fondunun Qəbələdə və digər regionlarda həyata keçirdiyi rəngarəng layihələr, maraqlı tədbirlər barədə məlumat verib, görülən işlərin cəmiyyətdə razılıqla qarşılandığını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqşünası Tural Şahbazov Qəbələnin zəngin multikultural ənənələrindən, multikulturalizm sahəsində dövlət siyasətinin uğurlu nəticələrindən bəhs edib.
"Qəbələ" qəzetinin baş redaktoru Oqtay Məmmədov rayon əhalisinin zəngin etnik tərkibindən söz açıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər, 0,1 faizini türklər, 0,2 faizini digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 43 məscid və 1 kilsədə qeydiyyata alınmış 22 islam, 1 xristian dini icması mövcuddur və burada hər bir vətəndaşa dini inancını və ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan onların tarixi vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir.
Burada udinlərin tarixi qorunub saxlanır və araşdırılır. Onların dil, din, özünəməxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur. Konfransda dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi və elmi redaktoru olduğu "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından buraxılmış ilk kitab məktəbin kitabxanasına hədiyyə edilib.
Son zamanlar bir sıra dövlət qurumları, eləcə də ictimai təşkilatlar "Multikulturalizm ili" ilə bağlı silsilə tədbirlər keçirir. Bu tədbirlərin bölgə əhalisi tərəfindən maraqla qarşılandığı məlumdur. Azərbaycan bu gün dünyada birgəyaşayış mədəniyyətinin geniş yayıldığı məkandır. Qeyd etdiklərimizi insanların yaşayışında, həyat tərzində, davranışında da aydın görmək olur. Azərbaycanın hər bir yerində xalqlar dostluğu, qardaşlığı mövcuddur.
İradə SARIYEVA
Bakı
xəbər.- 2016.- 25 avqust.- S.14