50-yə yaxın saz havasını mükəmməl çalıb-oxuya bilməyən aşıqlar attestasiyadan keçmədi... 

Aşıq Altay Məmmədli: "Aşıq sənətinə göstərilən dövlət qayğısı gənclərin bu sənətə axın etməsinə müsbət təsir edir"

"Aşıqlar Birliyinə üzv qəbul olunmaq üçün mütləq attestasiyadan keçməlidir"

Azərbaycan Aşıqlar Birliyi artıq yalnız aşıqların ifasını təbliğ edən bir qurum kimi deyil, eyni zamanda da ozan-aşıq sənətini araşdıran, yayan, bu sahədə fundamental işlər görməyi hədəfləyən bir elmi-tədqiqat mərkəzi kimi özünü göstərə bilir. Dövlətimizin mədəniyyət strategiyasının vacib qollarından birini təşkil edən ozan-aşıq sənəti tam olaraq dövlət qayğısı ilə əhatə olunub.

Onu da qeyd edim ki, Birlikdə aşıq sənətinin təbliğat mexanizmi də yenidir. Aydın şəkildə hiss edirəm ki, artıq sazoynadanlar meydandan çıxacaq və əsl aşıqlar, bu sənətə ürəkdən xidmət edənlər öz halal yerini tutacaq. Müşahidələrimi Azərbaycan Aşıqlar Birliyinin gənclər üzrə katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının baş müəllimi, tanınmış aşıq Altay Məmmədli də təsdiqlədi. Birliyin xeyli müddət əvvəl seçilən katiblərindən olan Altay Məmmədli qurumun fəaliyyətinin yeni istiqamət aldığını və qarşıda icrasını gözləyən saysız layihələrin olduğunu bildirdi...

- Aşıq Altay, son vaxtlar Aşıqlar Birliyinin tarixində diqqətçəkən uğurlar müşahidə edilir. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə 6 ustad aşıq fəxri ada layiq görüldü... Bu, aşıq sənətinə dövlətin göstərdiyi yüksək diqqət və qayğıdır. Sərəncamı necə qarşıladınız?

- Böyük sevinclə. Aşıqlar Birliyinin, aşıq sənətinin tarixində ilk dəfədir eyni zamanda bu qədər aşığa yüksək fəxri ad verilir. Cənab Prezident aşıqlara böyük ruh yüksəkliyi bəxş etdi, onlara mənəvi dayaq oldu, sənətlərini qiymətləndirdi. Bu təkcə fəxri ad alan 6 aşığa deyil, bütün Azərbaycan aşıqlarına verilən dəyərdir. Dövlətimizin bizə göstərdiyi qayğı sayəsində bir sıra yeniliklərə nail olmuşuq və qarşıda da həyata keçiriləcək bir neçə layihəmiz var. Bu layihələr aşıq-ozan sənətinin inkişafında əhəmiyyətli dərəcədə rol oynayacaq. Bilirsiniz ki, Azərbaycan dövlətinin olduqca mütərəqqi mədəniyyət siyasəti var və ölkə rəhbərliyi bu sahənin inkişafına xüsusi diqqət yetirir. Yeri gəlmişkən, qeyd edim ki, aşıq-ozan sənətinə qayğı siyasətinin banisi ulu öndər Heydər Əliyev olub. Ümummilli liderimizin ölkəmizə rəhbərliyi dövrlərində mədəniyyət və incəsənət çox yüksək səviyyədə inkişaf edib. O illərdə aşıq sənəti də Heydər Əliyevin qayğısı sayəsində hər zaman inkişafda olub.

- Sözsüz ki, aşıq sənətinə göstərilən dövlət qayğısı bu sənətin inkişafına təkan oldu. Aşıq sənəti artıq bütün dünyada tanınır, UNESCO səviyyəsində qorunur...

- Aşıq sənətinin yaşı çox qədimdir və ənənələr üzərində inkişaf edən bir sənət kimi xalqımızın tarixini, dövlətçilik mədəniyyətini, söz-musiqi vəhdətini özündə birləşdirir. Məlumdur ki, dövlətin dəstək və qayğısı nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Sözsüz ki, burada Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük əməyi olub. Bilirik ki, Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb. Onun diqqəti və dəstəyi sayəsində aşıq sənəti dünyada öz boyunu göstərə bilir. Ölkə başçımız İlham Əliyev aşıq sənətinə olduqca böyük sevgi, qayğı bəsləyir. Azərbaycan aşıqları, Aşıqlar Birliyi bu qayğıdan ruhlanır. Dövlətin mədəniyyət siyasətinin uğurla həyata keçirildiyi məlumdur. Azərbaycan Aşıqlar Birliyi də dövlətimizin ozan-aşıq sənəti ilə bağlı siyasətini həyata keçirir. Bilirsiniz ki, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının Aşıqlar Birliyinə sədr seçilməsi Birliyin həyatını xeyli dərəcədə dəyişdi. Birlik sədri kimi M.Qasımlının öz proqramı var və bu proqram olduqca məzmunlu və zəngindir. Bu proqram yavaş-yavaş həyata keçirilir. Aşıqlar Birliyi aşıq sənətinə aidiyyəti olan, bu sənətə xidmət edən hər bir aşığa qayğı ilə yanaşır.

Azərbaycan Aşıqlar Birliyi dövlətçiliyə bağlı olan, onun inkişafına dəstək verən bir qurumdur. Aşıqlarımız da bilir ki, sazın dövlət tarixində rolu nə qədər böyükdür. Saz tarixən dövlətin yanında olub. Deyim ki, Azərbaycan Aşıqlar Birliyinin gözəl ənənələri olub, bu gün də onları qoruyuruq. Aşıqlar Birliyinə mərhum xalq şairlərimiz Hüseyn Arif və Zəlimxan Yaqub rəhbərlik edib. Hər ikisi böyük şair, ictimai xadim idi. Hər ikisinin bu sənətə misilsiz xidmətləri olub. Bu öz yerində. M.Qasımlının Birliyə rəhbərlik etməsi Birliyin fəaliyyətinə daha dərindən təsir edəcək. O, yaradıcılıqla yanaşı, burada ozan-aşıq sənətinin elmi tərəflərini də inkişaf etdirir. Birlik yalnız aşıqların yaradıcılıqla məşğul olduğu, çalıb-çağırdığı məkan deyil, həm də böyük bir elmi-tədqiqat mərkəzidir, geniş laboratoriyadır. Qeyd edim ki, Məhərrəm müəllimin Birlik sədri seçilməsi aşıqsevərlərin, elm adamlarının ürəyindən oldu. Bilirsiniz ki, o, məşhur aşıqşünas, folklorşünas alimdir, ozan-aşıq sənəti ilə bağlı elmi kitabları, çoxsaylı məqalə və monoqrafiyaları var, uzun illər aşıq sənətinin təbliği və tədqiqi ilə məşğul olub. Belə bir adamın Birlik sədri olması bu sənətə başucalığı gətirir.

- Aşıqlar Birliyində nə yeniliklər var?

- Professor M.Qasımlı Birlik sədri olaraq bura yeni nəfəs gətirdi. O, sayca az, lakin işgüzar, peşəkar kollektivlə işə başladı. Birlikdə bir sıra yeniliklər baş verib. Bir neçə yeni katiblik yaradılıb. İndi AAB-ın Beynəlxalq əlaqələr üzrə katibliyi var və ona olduqca səviyyəli, beynəlxalq əlaqələr sahəsində böyük təcrübəsi olan Sənubər Bağırova rəhbərlik edir. Yaradıcılıq məsələləri üzrə katibliyə tanınmış musiqişünas, aşıq sənətinin bilicisi Məhəmmədəli Məşədiyev, Gənclər üzrə katibliyə isə mən rəhbərlik edirəm. Bilirsiniz ki, bu gün kişi aşıqlarla yanaşı, çox istedadlı xanım aşıqlar da var. Birlik tərəfindən onların da fəaliyyətinin stimullaşdırılması üçün addımlar atılıb. "Buta" qızlar ansamblının rəhbəri, əməkdar mədəniyyət işçisi Gülarə Azaflı da bizimlə çalışır, o da işimizə böyük dayaq olur.

- Gənc aşıqların fəaliyyətinə Birlik tərəfindən nə kimi qayğı göstərilir?

- Bu gün bizim çox istedadlı aşıqlarımız var və Aşıqlar Birliyi onlara dəstək olur. Dövlət başçısının olduqca uğurlu gənclər siyasəti var və Aşıqlar Birliyi də bu siyasəti dəstəkləyir. Birlikdə gənclərlə işə böyük əhəmiyyət verilir və bu səbəbdən də Aşıqlar Birliyində Gənclər üzrə katiblik yaradılıb.

- Gənc aşıqlar Birliyə hansı şərtlərlə qəbul edilir?

- Deyim ki, gənc aşıqların Birliyə qəbul məsələsi sazsevərləri uzun müddət qayğılandırırdı. Məhərrəm müəllim Birlik sədri seçildikdən sonra üzvlərimizlə bağlı yeni yanaşmalar oldu. Aşıqlar Birliyinə üzv qəbul olunmaq üçün mütləq attestasiyadan keçməlidir. Çünki gənclərin Birlik üzvlüyünə qəbul edilməsi üçün Attestasiya Komissiyası yaradıldı və mən həmin komisiyyanın rəhbəriyəm. Sədrimiz Attestasiya Komissiyasına göstəriş verdi ki, üzvlər arasında ələmə olsun, yaxşılar qalsın, təsadüfən üzv olanlar isə uzaqlaşdırılsın. Məhərrəm müəllim alim olduğu üçün aşıqlar qarşısına daha yüksək tələblər qoydu və buna nail oldu.

- Elə aşıqlar oldumu ki, siz onu Birlik üzvlüyündən uzaqlaşdırdınız?

- Bəli, oldu. Hansı aşıqlar ki, gəlib attestasiyadan keçmədi, onlar hamısı Aşıqlar Birliyi üzvlüyündən uzaqlaşdırıldı. Attestasiyanın şərtlərinə görə, aşıq sənətinə gələn gənc aşıqlar 50-yə yaxın saz havasını mükəmməl şəkildə çalıb oxumağı bacarmalıdır, solo saz ifaçıları da bu qədər hava təqdim etməlidir, bir neçə xalq dastanını bilməlidir, aşıq şeir şəkilləri haqqında məlumatı olmalıdır. Bir məsələni vurğulayım ki, attestasiyanın ustad aşıqlara aidiyyəti yoxdur, sadəcə onların vəsiqələri yenilənib və onlara təqdim edilib. Aşıqlar Birliyində çox yeniliklər baş verib, bundan sonra da baş verəcək. Vaxt vardı ki, bir ustad aşıq haqqında məlumat lazım olanda onu əldə etmək üçün çox əziyyətlər çəkirdik. Biz o aşıqları Birliyə dəvət etdik, onlarla söhbətlər aparıb həyat və yaradıcılıqları, nəşr olunan kitabları, barələrində olan yeniliklərlə maraqlandıq. İndi onlar haqqında bütün məlumatlar əlimizdə var. Attestasiya gənc və orta yaşlı aşıqlara aiddir.

Attestasiya iki ay davam etdi. Onun üzvləri ustad aşıq Mahmud Məmmədov, görkəmli aşıqlarımız Ulduz Quliyeva, Gülarə Azaflı, Nemət Qasımlı və mən gəncləri seçib Birliyə üzv qəbul etdik. Bu gün hansı gənc müraciət etsə, həmin şərtlər daxilində AAB üzvü ola bilər.

- Aşıqlar Birliyi indiyə qədər gənc aşıqların iştirakı ilə xeyli sayda tədbir keçirib. Bu il necə, belə tədbirlər olacaqmı?

- Bəli, qarşıda tamaşaçıları çox maraqlı tədbirlər gözləyir. Biz də gənclərə tövsiyə etdik ki, onlar qruplar şəklində birləşsin. İfalarını qrup şəklində təqdim etsinlər. Bilirsiniz ki, bu gün bir neçə aşıq qrupu fəaliyyət göstərir. İstedadlı gənc aşıqlar bir araya gələrək qruplar yaradıb, tamaşçılar qarşısına qrup şəklində çıxır. 4 aydır Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə gənc aşıqların yeni diski hazırlanır. Müxtəlif bölgələrdən 100-ə yaxın gənc aşıq dinlənib və onların arasından 30-a yaxın gəncin ifası seçilərək diskə daxil edilib. Bu gənclər Qazaxda, Tovuzda, Gədəbəydə, Naxçıvanda, Şəmkirdə, Gəncədə, Şamaxıda, Bakıda və başqa yerlərdə dinlənildi. Bu gün "Laçın", "Misri", "Buta", "Çeşmə", "Sazçı qızlar" və başqa aşıqlar ansambl və qrupları var ki, onların ifası qrup şəklində diskə daxil edilib. Sağlıq olsun, sentyabrın əvvəllərində Rəşid Behbudov adına Mahnı Teatrında gənc aşıqların yaradıcılıq-hesabat konserti olacaq və diskin təqdimatı keçiriləcək.

- Aşıq Altay, deyərdim ki, Birliyin uğurlarından biri də Azərbaycan aşıqlarının yenidən Avropanı fəth etməsidir... Aşıqlarımızın səsi beynəlxalq folklor festivallarından gəlir...

- Bu ilin mart ayında M.Qasımlı Fransaya dəvət edildi, orada keçirilən böyük bir elmi simpoziumda iştirak etdi və orada aşıqlarımızın yenidən Avropaya çıxmasına nail oldu. Bilirsiniz ki, xeyli müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə aşıq Əli Tapdıqoğlunun rəhbərliyi ilə Şirvan aşıqları Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında aşıq sənətini təqdim edib. Bu yaxınlarda isə Məhəmmədəli Məşədiyevin rəhbərliyi ilə Gədəbəy aşıqları Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində keçirilən VII "Dağlılar" Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında iştirak edib. Hər iki festivaldan aşıqlarımız böyük uğurla qayıdıb.

- Elə bölgələrimiz var ki, orada aşıq sənəti elə də inkişaf etməyib. Ancaq son illər bu məkanlardan aşıqlar çıxır. Bu necə baş verdi?

- Aşıq sənətinə göstərilən dövlət qayğısı gənclərin bu sənətə axın etməsinə müsbət təsir edir. Bu gün Azərbaycanın cənub bölgəsindən - Lerikdən, Masallıdan aşıq sənətinə maraq göstərənlər var. Yaxud gənc aşıqlar sırasında Şəkidən çox istedadlı gənclər var. Bilirik ki, Naxçıvanda aşıq sənəti elə də güclü inkişaf etməmişdi. Ancaq son illər Naxçıvan aşıqlarının sırası genişlənib. Bu gün orada çox güclü aşıqlarımız var. Azərbaycan Aşıqlar Birliyinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb və ona aşıq Tural rəhbərlik edir. Naxçıvandan 20-dən artıq üzvümüz var. Bu, professor M.Qasımlının xidmətlərindən biridir. Bu bölgələrdə aşıq sənətinin inkişaf etməsində sədrimiz çox maraqlıdır. O istəyir ki, saz səsi eşidilməyən obamız qalmasın. Təbii, tarixən həmin bölgələrdə aşıqlar olub, sonrakı çağlarda proses bir qədər zəifləyib. Məhərrəm müəllimin planlarından biri də Qax-Zaqatalada fəaliyyət göstərən dombraçıları bir araya gətirmək və onların sənətini öyrənib təbliğ etməkdir. Bu bölgəmizdə dombra çalanlar çoxdur və bu sənət inkişaf etməlidir. Dombra bizim qədim qopuzumuza bənzəyir. Görürsünüz ki, o qopuz kimidir. Dombra bizim qədim musiqi alətimizdir və onu yenidən geniş ictimaiyyətə təqdim etməliyik. Biz bununla Dədə Qorquda-keçmiş tariximizə qayıdarıq. Dombraçıları üzə çıxaracağıq.

Aşıqlar Birliyi sədrinin digər bir arzusu da var. Bu da Azərbaycanda beynəlxalq "Koroğlu" festivalı keçirməkdir. Azərbaycan dövlətinin Koroğluya münasibəti bəllidir. Bilirik ki, Bakıda xalq qəhrəmanımız Koroğlunun adını daşıyan metrostansiya var. Paytaxtda və bölgələrimizdə möhtəşəm Koroğlu abidələri var. Dövlətin aşıq sənətinə qayğısı sayəsində paytaxtın gözəl yerlərindən birində ozanlar ozanı Dədə Qorquda əzəmətli abidə ucaldılıb. Aşıqlar Birliyi olaraq dövlətimizin aşıq sənətinə qayğısını razılıqla qarşılayırıq. Ümumiyyətlə, aşıq sənətinin təbliğində rolu olan hər kəsə minnətdarlığımızı bildiririk. "Bakı-Xəbər" qəzeti uzun illərdir aşıq-ozan sənətini təmənnasız olaraq təbliğ edir. Müqəddəs aşıq sənətinə, eləcə də dövlətin aşıq sənəti siyasətinə dəstəyinə görə qəzetinizin rəhbərliyinə təşəkkür edirəm. Aşıqlar Birliyinin görəcəyi işlər çoxdur, sağlıq olsun, hər biriniz onların şahidi olacaqsınız.

İradə SARIYEVA

Bakı xəbər.- 23 avqust.- S.15