Qədim alban abidələri Mamrux və Ləkit multikulturalizm və azərbaycançılıq örnəyi kimi...

Azərbaycan tarixinin elə səhifələri var ki, biz onları vərəqlədikcə qarşımıza böyük bir maddi-mənəvi aləm çıxır. Multikulturalizm dəyərlərinə sahib çıxan Azərbaycan xalqı bunu tarix boyu yaratdığı mədəniyyətdə, abidələrdə yaşadıb. Azərbaycanın ən müxtəlif bölgələrində mövcud olan abidələr həm bir multikulturalizm, həm də bir azərbaycançılıq nümunəsidir.

Respublikamızın elə bölgələri var ki, orada müxtəlif xalqların nümayəndələri birlikdə yaşayır, ortaq dəyərləri yaşadır və qoruyurlar. Bilirik ki, Qax belə rayonlarımızdandır.

Qaxda yerləşən Mamrux məbədi haqqında danışmaq istəyirik. Mamrux məbədi Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında, Armatay dağının zirvəsində inşa olunan qədim alban kilsəsidir. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilib.

Tədqiqatçılar yazır ki, Mamruxdakı məbəd mütəxəssislər tərəfindən kompozisiya baxımından Kilsədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx (dördbucaqlı, yarımqövs künclü tikinti forması) arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanıb. Lakin digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır.

Tədqiqatçılar bilgi verir ki, məbədin planlaşdırma strukturu onu üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz edib, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınıb.

Yazılanlara görə, məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdi.

Bu gün gerçək multikulturalizm abidəsi olan məbədin planlaşdırma struktur və həcm-məkan həllini tədqiq edən mütəxəssislər onun inşa tarixini IV-V əsrlərə aid edir.

Abidənin memarlıq xüsusiyyətlərini araşdıran alimlər bildirir ki, Mamrux kilsəsinin memarlıq xüsusiyyətləri Cənubi Qafqaz və Yaxın Şərqin mərkəzi günbəzli tikililəri üçün xarakterik xüsusiyyətlərə malikdir. Ətraf ərazilərdə səpələnmiş daş divarların hörgü qalıqları bir zamanlar bu ərazidə böyük bir dini kompleksin mövcudluğundan xəbər verir. Monastır kompleksindən dövrümüzə məbədin qalıqları, kompleksi əhatə edən qala divarlarının qalıqları və üç dairəvi plana malik qüllə - kontrfors çatıb.

Yazılanlara görə, kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanıb. Lakin digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxaraq, abidənin planının müəyyənləşdirilməsini təmin edir. Cənub, şimal və qərb tərəfdən girişə malik olan əsas dairəvi kilsə binasına şərq tərəfdən altar hissəsi birləşib. Kifayət qədər dərin bemə malik olan altar, Kilsədağ məbədində olduğu kimi, iki tərəfdən dairəvi yan otaqlarla əhatələnib.

Tədqiqatçılar yazır ki, məbədin girişləri dərin, hündür portallar şəklində həll edilib. Kilsədağ və Ləkit dairəvi məbədlərindən fərqli olaraq, Mamrux məbədinin memarı fərqli yolla gedərək yan otaqlar və əsas kilsə binasının şərq divarı arasındakı hissəni də divarla hörərək əlavə iki otaq da yaradıb. Bu otaqlar funksionallığı ilə yanaşı, həm də struktur baxımından da mühüm əhəmiyyətə malik olmaqla, konstruktiv təzyiq daşımış, binanın əsas kütləsinə birləşən iki kənar hissəni də vahid həcmdə birləşdirib. G.Məmmədova hesab edir ki, bu, məbədin yerləşdiyi ərazinin yüksək seysmik aktivliyini nəzərə alan memarın tikilini daha davamlı və kompakt etmək cəhdinin göstəricisidir.

Abidənin struktur quruluşuna gəlincə, alimlər bildirir ki, 12.8 metr diametrə malik olan əsas kilsə binası dörd pilon vasitəsilə daxildən iki hissəyə bölünüb: dolama hissə və günbəzaltı kvadrat hissə. Hər hansı bir dekor işləmələrindən məhrum olunmuş əsasların konfiqurasiyası onların konstruktiv daşıyıcı funksiyalarına ciddi şəkildə uyğun gəlir. Bir-birinə perpendikulyar olan iki kürək pilonları günbəzaltı kvadratları yaradan qövsləri üzərində saxlayırdı. Dolama hissə tərəfə yönəldilmiş əsasın üçüncü tərəfinin səthi isə forma üzrə xarici divarların daxili səthinin əyrisini dəqiq şəkildə təkrarlayır. O, digər iki tərəflə müqayisədə kifayət qədər genişdir. Divarların formasının pilonlarda bu cür təkrarlanması dolama hissənin dairəvi formasını daha qabarıq şəkildə nəzərə çatdırır. Sütunların forması dövrümüzə çatmayıb, lakin tikinti qalıqlarına əsasən kərpiclə inşa edilmiş dam örtüyünün formasının da müəyyən edilməsinə imkan verir. Dirəklərin böyük kürək hissələrini xarici divarlarla birləşdirən yarımdairəvi kiçik tağlar, ehtimal ki, bütün dolama hissəni səkkiz bölməyə ayırırdı. Onlardan daha hündür olan dörd bölmə günbəzaltı kvadrat və xarici divar arasında yerləşirdi. Beləliklə, dolama hissənin daha əvvəlki eyni mənalı bölmələrinin təbəqələşdirilməsi qeyd olunmuş və mərkəzində günbəzin ucaldığı əsas kvadrat hissədə qarşılıqlı perpendikulyar oxlar üzrə yönələn və səmaya doğru ucalan dörd qanadın seçilməsi baş verib.

Tədqiqatçılara görə, dairəvi plana malik olan yan otaqlar 3.20 metr diametrə malikdir. Hər otaq bayıra açılan iki pəncərəyə və 40 sm enində, kiçik giriş otağına açılan qapıya malikdir. 95 sm dərinliyə və 85 sm enə malik nişlər altar və otaqlar arasında divar hörgüsünü yüngülləşdirir.

Tədqiqatçılar yazır ki, günbəzaltı kvadratın dayaqları düz giriş hissələrin qabağında yerləşərək kilsənin mərkəzindən girişləri görünməz edir. Bu, Kilsədağ kilsəsinin kiçik yan otaqlarından fərqli olaraq, Mamrux kilsəsində onların ikinci dərəcəli, xidməti xarakter daşıdığını göstərir.

Tədqiqatçılar qeyd edir ki, şirindaşla üzlənmiş altar konxası da dövrümüzə çatıb. Kilsənin divarları çay daşından inşa edilib. Şərq fasadında əhəng daşından üzlüklərin bir hissəsi qorunub saxlanıb. Pilonlar beton qarışığı və çay daşından inşa edilib. Dağılmış tağların dövrümüzə çatmış qalıqlarından onların 24x24x5 və 23x23x5 sm ölçülü kərpiclərdən inşa edilməsi müəyyən edilib. Divarlar daxildən suvaqlanmış və rəsmlərlə bəzədilib. Altar apsidası və şimal yan otağı arasındakı divar üzərində rəsmlərin qalıqları saxlanıb.

Tədqiqatçılar yazır ki, məbədin planlaşdırma strukturu onu üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Birinci yarus altar və girişlər, ikinci yarus dolama hissə, üçüncü yarus isə baraban və günbəzdən ibarətdir. Yuxarı yarusların örtüyü dövrümüzə çatmayıb. G.Məmmədova qeyd edir ki, dolama hissənin tağvari, mərkəzi kvadratın isə günbəz örtüyünə malik olmasını demək üçün əsas var. Ehtimal ki, günbəzdən kvadrat təmələ keçid regionun sinxron abidələri üçün də xarakterik olan konxa trompları vasitəsilə həyata keçirilib.

Tədqiqatçılar bildirir ki, Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz edib, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınıb, tağlar, yükboşaltma qövsləri, pilonlar və xarici divarlarla birlikdə, binanın sərt məkan sxemini formalaşdırır. Əsas ox üzrə yerləşdirilmiş altar qərb qapıları vasitəsilə daxil olan şəxslər tərəfindən aydın şəkildə müşahidə olunurdu. Ancaq burada konsentrik çevrələrin kompozisiya mərkəzinin və onun funksional mərkəzi hesab edilən məbədin əsas dini altar apsidası arasında müəyyən antoqonizm hissinin yaranması müşayiət olunurdu. Bu ziddiyyət Ləkit məbədindəki altar apsidasının günbəzaltı kvadrata maksimal şəkildə yaxınlaşdırılması və onun açıq tipli şərq konxasında yerləşdirilməsi yolu ilə həll olunub.

Qafqaz Albaniyasının məşhur abidələrindən, məbədlərindən olan Xaş və Ləkit məbədi də bir azərbaycançılıq və multikulturalizm simvoluna çevrilib. Tədqiqatçılar yazır ki, 1200 il boyunca Qafqaz Albaniyası kimi mövcud olan (m.ö. IV əsr-m.s. VIII əsr) və 1836-cı ilə qədər fəaliyyətdə olan Alban Həvvari Kilsəsi (Alban Katolikosluğu) ilə var olan qədim alban mədəniyyətinin 700 illik dövrü xristianlıqdan öncəki dövrü əhatə edir. Bu dövrdə mövhum inanclar, oda və müxtəlif səma cisimlərinə sitayiş və əsasən də yunan və Roma ilahlarına sitayiş çox geniş yayılıb.

Tədqiqatçılar qeyd edir ki, əksər alban tayfalarının çox hörmətlə yanaşdığı və xüsusi ehtiramla sitayiş etdiyi Ay Tanrıçası idi. Qafqaz Albaniyasının müxtəlif yerlərində yunan mifologiyasında Selena kimi tanınan Ay Tanrıçası şərəfinə məbədlər və qurbangahlar tikilib. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda "Ay ilahəsi məbədi" kimi tanınır. Strabon və digər tarixçilərin var olduğu haqqında məlumat verməsinə baxmayaraq, təəssüflər olsun ki, bu məbədin harada olduğu və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrildi, amma bəzi adət və ənənələr indiyə kimi qorunub saxlanıb.

Bir ehtimala görə, indiki Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və digər alban kilsələrindən dairəvi şəkildə inşa edilməsi ilə fərqlənən (alban kilsələri ümumiyyətlə dördkünc planda inşa edilib) Ləkit məbədi yerində daha əvvəl məhz "Ay ilahəsi məbədi" olub. Aya oxşar dairə şəklində olması və səmaya doğru ucaldılan 4 mərtəbəli olması bu ehtimalları doğruldur.

Yazılanlara görə, alban dilində ay sözünün tərcüməsi "xaş"-dır. Ay ilahəsinə də Xaş deyirdilər, onun şərəfinə ucaldılan ibadətgah və qurbangahlara da Xaş deyirdilər. Hər dəfə səmada Xaş görünəndə, axşam vaxtı qurban kəsilərdi və bütün gecəni Xaş işığı altında, Xaşın qürubuna qədər bu qurbanlar bişirilərdi. Xaş məbədində Xaş tanrısının şərəfinə bişirilən bu müqəddəs yemək günümüzdə "xaş" adı ilə tanınır və sevilir.

Tədqiqatçıların göstərdiyi kimi, xaşın axşamdan səhərə kimi bişirilmə ənənəsi öz mistik və dini mənasını itirsə də, indiyə qədər qorunub saxlanıb. Məhz dini əsaslara görə, xaş ancaq səhər yeyilir (Ay batandan sonra), xaş məclisində xanımlar iştirak etməz (axı kahinlər ancaq kişilər idi) və söhbət, musiqi və əyləncə olmaz (dini mərasim ciddi işdir) və xaş Aya oxşar kasadan yeyilir.

Tədqiqatçıların araşdırmaları olduqca maraqlıdır. Əlbəttə, bunların hər biri tariximiz üçün çox maraqlıdır. Tədqiqatçılar yazır ki, yolunuz Qax rayonuna düşsə, Ləkit məbədini ziyarət edin və Xaş ilahəsinə ehtiramınızı bildirin. Ən azından ona görə ki, 2000 ildən çoxdur ki, bizə belə gözəl bir yeməyin dadını bəxş edir. Demək, bu gün milli mətbəximizdə özünə xüsusi yer tutan xaş yeməyinin tarixi həmin o məbədlə, orada icra olunan xüsusi ayinlərlə bağlıdır. Fakt çox maraqlıdır.

Azərbaycan tarixinin bir parçasına çevrilən bu abidələr, sözün həqiqi mənasında, multikultural mədəniyyətin gerçək simasını ifadə edir. Bu məbədlər bölgədə yaşayan bütün xalqlar üçün əhəmiyyət kəsb edir. Orada xalqımızın tarixi qorunur.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 1 dekabr.- S.15