Multikulturalizm və azərbaycançııq ünvanı - Kürmük məbədi...

Böyük tarixi keçmişə, zəngin dəyərlərə malik olan Azərbaycan xalqı müxtəlif dönəmlərdə ayrı-ayrı inanclara, dinə mənsub olub. Azərbaycanda islam dini yayılana qədər cəmiyyətimizdə xristianlıq hökm sürüb. Alban tarixinin dərin qatlarında gizlənən bir sıra həqiqətlər bu gün çözülməkdədir. Azərbaycan ərazisində mövcud olan qədim alban abidələri qədim dövrlə müasir dövrümüz arasında körpü rolu oynayaraq hazırda maraq cəlb edir.

Tarixçilər yazır ki, Azərbaycan tarixinin tədqiq olunmasında qədim alban zamanından qalan məbədlərin önəmli yeri var. Qeyd edilənə görə, bu dövrdə alban tayfalarının əksəriyyəti Ay Tanrıçasına sitayiş edirdi. Albaniyada Ay ilahəsi Selenanın şərəfinə "Ay ilahəsi məbədi"nin də tikildiyi məlumdur. Bu faktı Qafqaz Albaniyasının müxtəlif yerlərində Ay Tanrıçası şərəfinə tikilən məbədlər və qurbangahlar da sübut edir. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda "Ay ilahəsi məbədi" kimi tanınır. Strabon və digər tarixçilərin haqqında məlumat verməsinə baxmayaraq, bu məbədin harada və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrilib.

Məşhur Kürmük kilsəsi, daha doğrusu, "Aya sitayiş" məbədinin qalıqları kimi qeyd olunması vacib bilinən məbəddən bu gün çay daşı və əhənglə tikilmiş barı hissəsi qalmaqdadır. Məbəd qalıqları Kürmük çayının sahilində, Əmbərçay kəndinin yaxınlığındakı dağın zirvəsində yerləşir. Məbəd qalıqlarının yerləşdiyi ərazidə inşa olunan, XIX əsrə aid pravoslav xristian kilsəsində 2005-ci ildə bərpa işləri aparılıb.

Məlumdur ki, ərazidəki tikililərin, kilsənin, yaxud məbədin qalıqlarının olması araşdırılmayıb. Qax rayonu ərazisində yaşayan xalqları xristianlaşdırmaq siyasətinin qurbanı olmuş "Aya sitayiş" məbədinin inşa və dağılması tarixini dəqiqləşdirmək məqsədilə ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına ehtiyac var.

Məlumatlara görə, inventar nömrəsi 4581 olan, XVIII əsrə kimi Gumrux kilsəsi adı ilə qeydiyyata düşmüş kilsənin həm adı, həm də inşa tarixi təhrif olunub. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanan müqəddəs keşiş İrodion Okropridzenin "İngiloy keşişliyində mövcud olan aşağı kilsə təşkilatçılarınin vəziyyəti haqqında 1892-ci il hesabatı"nda Kürmük kilsəsi haqqında məlumat verilir. Tədqiqatçılar tarixi mənbələrə istindən Kürmük kilsəsinin Qafqazda Pravoslav Arxiyepiskopluğunun bərpası təşkilatının və könüllü ianələr hesabına tikilməsini göstərir. Tədqiqatçılar yazır ki, əhalinin qədim dövrdən müqəddəs saydığı ərazidə kilsənin inşa olunmasının səbəbi isə xristianlığı qəbul etməkdən yayınan əhalini zaman keçdikcə tədricən xristian dininə yönəltmək idi.

Selena (Ay) alban məbədinin lokalizəsinə dair yazan Azərbaycan Respublikasının əməkdar jurnalisti, tarix elmləri doktoru Qafar Cəbiyev qeyd edir ki, antik Albaniyanın etnik palitrasında olduğu kimi, əhalisinin dini etiqad və baxışlarında da rəngarənglik hökm sürməkdə idi. Müxtəlif dillərdə danışan insanlar bir sıra hallarda həm də müxtəlif dinlərə sitayiş edirdi: "Çoxallahlığa qarşı hamıdan əvvəl Əhəməni imperiyası çıxdı. Başqa sözlə, Əhəmənilər öz ərazilərində hökmran olan zərdüştliyi tədricən Albaniya ərazisində də yaymağa başladılar. Əhəmənilərin bu ənənəsini sonralar Sasanilər də davam etdirdi. Amma zərdüştlik Albaniyanın heç də hər yerində yayılmadı. Buna mane olan, bir tərəfdən, Albaniyada xristianlığın IV əsrdən etibarən rəsmən dövlət dini elan edilməsi idisə, digər tərəfdən, əhalinin ibtidai dinlərə inamının hələ də güclü olması idi.

Antik mənbələrin məlumatına görə, albanlar Zevs, Helios və Selenaya sitayiş edirdi. Strabon yazırdı ki, "onlar, yəni albanlar tanrılardan Helios, Zevs və Selenaya, xüsusən də məbədi İberiya yaxınlığında yerləşən Selenaya sitayiş edir". Xatırladaq ki, albanların Selenaya - Ay allahına sitayiş etməsinə dair məlumatlara digər yazılı qaynaqlarda da rast gəlinir. Bu məsələ ilə bağlı, demək olar ki, alternativ fikir yox dərəcəsindədir. Elm üçün qaranlıq qalan və tədqiqatçılar arasında müəyyən qədər fikir ayrılığı doğuran isə Ay məbədinin lokalizəsi məsələsidir. Məsələn, İ.İ.Şopen də, Strabon kimi, Selena məbədinin İberiya ilə qonşuluqda, daha doğrusu, İori və Alazan çaylarının Kürə qovuşduğu ərazidə olduğunu ehtimal edir. A.E.Krımski isə Selenanın Şəki ərazisində olduğunu güman edir. Xatırladaq ki, bu ehtimal K.V.Trever tərəfindən də nəzərdən keçirilib.

A.İ.Boltunova hesab edir ki, antik mənbələrdə adı çəkilən Selena məbədini Kaxetiyanın şərqində axtarmaq gərəkdir. Hesab edirik ki, bu halda, A.Boltunova çox ciddi şəkildə yanılır. Birincisi, "Kaxetiyanın şərqi" deyəndə onun konkret olaraq haranı nəzərdə tutduğu bilinmir. Yəni bu həm Kaxetiya, həm də Albaniya ola bilər.

İkincisi, A.İ.Boltunova nəzərə almır ki, Strabon Selenanın İberiya ərazisində deyil, məhz "İberiya yaxınlığında" olduğunu yazır.

Üçüncüsü, Albaniyadan kənar ərazilərdə, o cümlədən Boltunovanın güman etdiyi Kaxetiya ərazisində Selenaya sitayişin bu və ya digər elementlərini özündə yaşadan heç bir məbəd yoxdur.

Göründüyü kimi, A.E.Krımski və A.İ Boltunova istisna olmaqla, digər müəlliflərin Selenanın təqribi koordinatları barədə ehtimalları bir-birinə çox yaxındır. Məbədin yerini bilmədikləri halda, müxtəlif müəlliflərin oxşar mülahizələr söyləməsi, təbii ki, onların hamısının eyni mənbədən bəhrələnməsi ehtimalına gəlir. Başqa sözlə, bütün sonrakı müəlliflər bu halda, sadəcə, Strabona istinad etmişlər". Q.Cəbiyevin yazdığına görə, Strabondan başlayaraq, bu günədək Selena (Ay) məbədi barədə yazıblar və müxtəlif tarixi dövrlərdə yaşayan müəlliflərin, demək olar ki, əksəriyyəti heç bir konkret ünvan göstərmədən, sadəcə, eşitdiklərini və ya oxuduqlarını təkrar etməklə kifayətlənmişlər. Alim bildirir ki, zatən, biz də bizə qədərki yazılanları təkrarən dilə gətirdik. Onun vurğuladığına görə, məgər bundan artıq nə isə demək imkanı yoxdurmu? Gəlin məsələni bir qədər konkretləşdirməyə cəhd edək: "Elə isə əvvəlcə Albaniyadakı məbədlərin coğrafiyasına nəzər salaq: Girdiman məbədi, Kilsədağ məbədi, Kiş məbədi, Gənzəsar məbədi, Aquen məbədi, Kürmük məbədi, Qum məbədi, Ləkit məbədi, Zaqatala rayonunun Pipan ərazisindəki məbəd qalıqları və s. Baxın, alban məbədləri, demək olar ki, ölkənin bütün regionlarını əhatə edib. Təbiidir ki, Selena bu məbədlərdən biri ola bilər. Elə isə sadalanan məbədlərdən məhz hansının Selena olmaq ehtimalı daha çoxdur? Əlbəttə, bu halda daha çox Albaniyanın qərb və şimal-qərb bölgələrindəki, özü də "İberiya yaxınlığında" yerləşən məbədlər üzərində dayanmaq daha məqsədəuyğundur. Bu halda ən əvvəl, istər-istəməz, Qax, Zaqatala və Balakən rayonları ərazisindəki alban məbədləri barədə düşünməli oluruq. Ona görə ki, həmin məbədlər həm də Alazan və İori çayları hövzəsinə nisbətən daha yaxın ərazidə yerləşir. Hansı ki, Selenanın lokalizəsindən bu və ya digər formada bəhs edən müəlliflər də onun məhz həmin çayların Kürə qovuşduğu ərazidə olduğunu ehtimal edir.

Təbiidir ki, Selena (Ay) məbədi xronoloji baxımdan xristianlıqdan əvvəlki dövrə aiddir. Deməli, məntiqi baxımdan həmin məbəd çoxsaylı digər xristian məbədlərindən fərqli olaraq, xristian olmayan insanlar üçün də sitayiş yeri ola bilərdi. Fikrimizcə, bu əlamətləri baxımından Qax rayonu ərazisindəki Kürmük məbədi daha çox diqqət çəkir. Birincisi, ona görə ki, Kürmük məbədi xristianlığın qəbulundan çox-çox əvvəl də insanların sitayiş yeri olub. İnsanlar min illərdir oradakı qara daşı müqəddəs bilərək ziyarət edir. Görünür, əvvəlcə xristian dini missionerləri, daha sonra isə alban katolikosu və yepiskopları xristianlığın tez və asan yayılmasını təmin etmək məqsədilə sonralar orada xristian məbədi ucaldıb. Maraqlıdır ki, Kürmük məbədi yuxarıda sadalanan alban məbədləri içərisində yeganə məbəddir ki, insanlar bu gün də dini inanclarına uyğun olaraq oranı ziyarət edir. Kürmük məbədi yeganə alban məbədidir ki, ziyarətçilər arzu və niyyətlərinə qovuşmaq üçün nəzir edərək may və noyabr aylarında oraya gəlir, qara daşın üzərində şam yandırır və qurban kəsirlər. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Qax və ətraf rayonlardan, habelə Gürcüstandan çoxsaylı insan kütləsi hər il Kürmük məbədini ziyarət edir. Ziyarətçilər arasında azərbaycanlılarla yanaşı, gürcülər, avarlar, ingiloylar, saxurlar, laklar, bir sözlə, bölgədə yaşayan bütün etnosların nümayəndələrini görmək olar.

Strabon yazırdı ki, Albaniyada kahinlər "böyük və əhalisi sıx olan müqəddəs vilayətlərə başçılıq edir, həm də məbədin qullarını işlədirdi". Orada (yəni Albaniyada) "kahin vəzifəsini hökmdardan sonra ən hörmətli adam yerinə yetirirdi". Kahinlər geniş torpaq sahələrinə malik olmaqla bərabər, həm də məbədə məxsus qullara da nəzarət edirdi. Tanrılara, daha doğrusu, Selenaya - Ay Allahının qurbanvermə mərasimlərinə nəzarət və rəhbərlik də kahinlərin vəzifə və funksiyasına aid idi.

Qurbanvermə mərasimində əsasən heyvan kəsirdilər. Bununla belə, qullardan da qurban məqsədilə istifadə olunduğu bildirilir. Bir daha təkrar edirik, Azərbaycanın şimal-qərb bölgəsində bu günədək mövcud olan qədim alban məbədlərindən yalnız Kürmük məbədi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar tərəfindən ziyarət edilir. Fərqli dinlərin və fərqli etnosların təmsilçiləri tərəfindən Kürmük məbədində dini ayinlərin icrasında da, demək olar ki, fərqlər hiss olunmur. Maraqlıdır ki, həm müsəlmanlar, həm də xristianlar qurban olaraq ya xoruz, ya da qoç kəsirlər.

Bütün bu xüsusiyyətləri Kürmük məbədinin bir etiqad yeri olaraq islamdan və xristianlıqdan çox-çox əvvəl mövcud olduğundan xəbər verir. Əslində, məbədə aid ilkin tikinti qalıqları da bu cür düşünməyə əsas verir. Xatırladaq ki, hazırda Kürmük məbədi olaraq bəzilərinin təqdim etdiyi kilsə binası XIX əsrdə Çar Rusiyasının himayəsi ilə oradakı alban məbədinin qalıqları üzərində tikilib. Söhbət təqribən eramızın I əsrində insanların ziyarət yeri olan qara daşın üstündə yonulmuş çay daşı və kirəc məhlulundan istifadə edilməklə inşa olunmuş tikinti qalıqlarından gedir. Hansı ki, həmin məbəd əsrlər boyu region əhalisinin sitayiş yeri olub.

Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra müqəddəs yerlərin ziyarətinə də tədricən rəsmi və ya qeyri-rəsmi qaydada qadağalar tətbiq olunub. Məhz həmin dövrdə Kürmük məbədi də çar çinovnikləri tərəfindən dağıdılaraq onun yanında bişmiş kərpicdən xristian kilsəsi tikilib. Xoşbəxtlikdən Kürmük məbədinin bünövrə hissəsi və ətrafa səpələnmiş tikinti qalıqları çox qiymətli tarixi dəlil-sübut kimi bu günədək qalmaqdadır. Bir daha bildirmək istərdik ki, qara daşın yaxınlığında qırmızı kərpicdən gürcü memarlığı stilində inşa olunmuş kilsə binasının alban məbədi olan Kürmük məbədinə heç bir aidiyyəti yoxdur. Sirr deyil ki, həmin kilsənin tikintisində əsas məqsəd velikorus şovinizminin ideologiyasına uyğun olaraq, milli ucqarlarda yaşayan xalqları tarixən formalaşmış olan milli-mənəvi dəyərləri sistemindən məhrum etməklə, onları assimilyasiyaya məruz qoymaq idi.

Xüsusi vurğu ilə bir daha bildiririk ki, Kürmük məbədi regionda ziyarətçilərin etnik və dini tərkibinin rəngarəngliyi və kütləviliyi baxımından analoqu olmayan abidədir.

1990-2003-cü illərdə bölgədəki xidməti fəaliyyətimlə bağlı hər il may və noyabr aylarında Kürmük məbədini ziyarət mərasimini izləmək imkanım olub. Bu, həqiqətən, olduqca kütləvi bir mərasimdir. İki gün ərzində oraya təkcə Qax, Zaqatala, Balakən, Şəki və digər rayonlardan deyil, qonşu Gürcüstandan da on minlərlə insan gəlir. Özü də hamı bayramsayağı bir əhval-ruhiyyədə olur. Əvvəllər, adətən, hər il may ayının ikinci, noyabr ayının isə sonuncu bazar günü Kürmükobanı (Qax və ətraf rayonların əhalisi Kürmük məbədini məhz bu cür adlandırır) ziyarət edirdilər. Diqqəti cəlb edən odur ki, son illər gürcü keşişlərinin təhriki ilə ziyarət günlərinin vaxtı bir qədər də konkretləşdirilib. Artıq neçə ildir may ayının 6-sı və noyabr ayının 23-ü həm Azərbaycan, həm də gürcü icması tərəfindən Kürmük məbədinin ziyarət günü kimi qeyd olunur. Həmin günlər Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən Tiflis və Batumidən Qaxa çoxsaylı insan gəlir. Gələnlərin də əksəriyyəti keşişlər və rəsmi dövlət adamlarıdır. Gürcüstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri Kürmükoba ziyarətinin təşkilində xüsusi fəallıq göstərir".

Q.Cəbiyevin yazdığına görə, yuxarıda deyilənləri ümumiləşdirərək belə bir qənaətə gələ bilərik ki, qədim albanların sitayiş etdiyi, Strabonun da İberiya yaxınlığında olduğunu bildirdiyi Selena - Ay Allahının adını daşıyan məbəd məhz Kürmük məbədidir. Bu məbəd min illərdir, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, regionda yaşayan bütün insanların ümumi inanc yeridir.

Alim vurğulayır ki, XIX əsrdən başlayaraq Çar Rusiyasının Qafqazda yeritdiyi şovinist və millətçi siyasətin nəticəsi olaraq, Kürmük məbədinin "xristianlaşdırılması" istiqamətində fəal iş aparılıb. Gürcü kilsəsinin, demək olar ki, bütün resursları bu işə cəlb olunub: "Bir daha təkrar edirik, bəli, qədim albanların vaxtilə qara daş üzərində, çay daşı və əhəng məhlulundan istifadə olunmaqla, inşa etdikləri Selena məbədi XIX əsrdə məhz çar hökumətinin tapşırığı əsasında dağıdılaraq, onun yanında gürcü kilsəsi inşa edilib. Amma bu da heç nəyi dəyişməyib. Yəni əvvəllər region əhalisinin həmin ocağa münasibəti necə idisə, indi də o cürdür. Deməli, kimlərinsə Kürmük məbədinin sırf xristian abidəsi kimi görmək arzusu reallaşa bilmədi. Kürmük məbədi islamdan və xristianlıqdan çox-çox əvvəl olduğu kimi, sonralar da, yəni əvvəlcə xristianlığın, daha sonra isə islamın rəsmi dövlət dini olduğu dövrlərdə də, lap elə Çar Rusiyası və Sovet imperiyası tərəfindən milli-mənəvi dəyərlərə qarşı təzyiq və repressiyaların tüğyan etdiyi dövrdə də ulu babalarımız olan albanların müqəddəs bilərək etiqad və ziyarət etdiyi, nəzir-niyaz deyib üstündə qurbanlar kəsdiyi müqəddəs bir inanc yerimizdir".

Bu abidələr bir multikulturalizm, azərbaycançılıq ünvanı kimi tariximizdə özünə böyük yer tutur.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 2 dekabr.- S.15