Bakı Xoreoqrafiya Akademiyasının 7-ci sinif şagirdi "Örley" V beynəlxalq müsabiqəsindən əlidolu gəlib

Azərbaycan yeniyetmə və gənclərinin milli incəsənətimizi, musiqimizi, rəqs sənətimizi dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqə və festivallarda təmsil etməsi həqiqətən də dəyərlidir.

Səhnədə kövrək addımlar atan bir yeniyetmə, gənc milli rəqsimizi təmsil edirsə, onun incəliyini, gözəlliyini, mənasını, məzmununu titrək barmaqlarında ifadə edirsə, əsl gözəllik budur.

Bakı Xoreoqrafiya Akademiyasının 7-ci sinif şagirdi Aslana Əliyeva Azərbaycan milliklassik rəqsini müxtəlif ölkələrdə təmsil edən istedadlardan biridir. Bu günlərdə Aslana Qazaxıstanın Almatı şəhərində keçirilən "Örley" V beynəlxalq müsabiqəsindən qayıdıb. Qeyd edək ki, sözügedən müsabiqə Qazaxıstan Respublikasının dövlət müstəqilliyinin 25, Almatı şəhərinin isə 1000 illiyinə həsr edilib.

Noyabrın 22-29-da keçirilən yarışmada iştirak edən Aslana Əliyeva "Gənc istedad" nominasiyası üzrə müsabiqədə II yeri qazanıb.

Bildirək ki, dünyanın nüfuzlu mədəniyyət xadimlərinin münsiflər heyəti kimi təmsil olunduğu "Örley" V beynəlxalq müsabiqəsində iştirak edən Aslananın ifası alqışlarla qarşılanıb.

Xatırladaq ki, müsabiqənin münsiflər heyətində SSRİ xalq artisti Lavrovskiy (münsiflər heyətinin sədri), Ukraynanın xalq artisti Vadim Pisarev, Rusiya Federasiyasının əməkdar artisti Yuriy Vasuenko, Qırğızıstanın xalq artisti Aysulu Tokombaeva, Rusiya Federasiyasının xalq artisti Quljan Tutkibaeva və başqaları olub.

Aslana Əliyevanın anası Yeganə Aslanqızı "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Aslana kiçik yaşlarından milliklassik rəqslə məşğul olur: "Sevinirəm ki, Azərbaycan yeniyetmə və gəncləri beynəlxalq müsabiqələrdə iştirak edir. Aslananın müsabiqəyə qatılmasının əslində səbəbkarı mən özüm oldum. Belə bir müsabiqənin keçirildiyini bildimsentyabr ayında qeydiyyatdan keçdik. Amma deyim ki, müsabiqə ərəfəsində çox çətinliklərlə üzləşdik. Sanki Aslananın müsabiqəyə qatılmasını kimlərsə istəmirdi. Amma Allaha şükür ki, Aslana müsabiqədə iştirak etdi. Dünyanın çox tanınmış rəqs biliciləri ona qiymət verdi. Aslana müsabiqəyə həm klassik balet nömrəsi, həm milli rəqs nümunəsi aparmışdı. Müsabiqədə Bakı Xoreoqrafiya Akademiyasının başqa tələbələri iştirak edirdi, onlar klassik nümunələr təqdim etdiyi üçün məsləhət oldu ki, Aslana milli rəqs ifa etsin. Bilirsiniz ki, Aslana həm milli, həm klassik rəqsi gözəl bacarır. Nənəsi xalq artisti Roza xanım Cəlilova da əvvəlcə baletdə oxuyub. Odur ki, həm baletin, həm milli rəqsin incəliklərini əla bilir. Aslana bu gün nənəsinin davamçısıdır. Roza xanım onu milli klassik rəqs sənətinin gələcəyi, eyni zamanda da öz davamçısı bilir. Bu müsabiqəyə bir neçə ölkədən yeniyetmə gənclər qatılmışdı. Aslana müsabiqədə musiqisi bəstəkar Eldar Mansurova məxsus olan Roza xanım Cəlilovanın quruluş verdiyi "Qaval" rəqsini ifa etdi. Onun ifası o qədər gözəl qarşılandı ki, sözlə ifadə edə bilmirəm. O, II yeri qazandı. Ona pul mükafatı, diplom digər hədiyyələr verdilər. Fikrimcə, belə müsabiqələrdə iştirak edərkən burada qalib olmaq əsas deyil. Əsas odur ki, səhnəni fəth edə bilirsən, öz milli rəqsini, istedadını, nəyə qadir olduğunu nümayiş etdirirsən. Şərt o deyil ki, birinci olasan, şərt odur xalqı, dövləti, milli rəqs sənətini, incəsənətimizi təbliğ, təmsil edəsən".

Y.Aslanqızı bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Lyudmila Qutlyanskayanın da bu sahədə xidmətləri var. Onun bildirdiyinə görə, Lyudmila müəllimə həddindən artıq tələbkar, peşəkar, öz işini gözəl bilən pedaqoq xoreoqrafdır.

Y.Aslanqızı onu da vurğuladı ki, "Örley" V beynəlxalq müsabiqəsinin münsiflər heyəti tərəfindən A.Əliyeva üçün "Qaval" rəqsi quran xalq artisti Roza Cəlilova da xüsusi mükafata, diploma layiq görülüb: "Roza xanımın quruluş verdiyi "Qaval" rəqsi münsiflərin o qədər xoşuna gəlib ki, ona xüsusi təşəkkür elan ediblər. Bundan başqa, Roza xanım Qazaxıstan Xoreoqrafiya İttifaqı tərəfindən milli incəsənətin inkişafındakı xidmətlərinə görə diplomla təltif edilib. Orada bizim sənətə çox böyük dəyər verilir. Xüsusən Roza xanımın quruluş verdiyi rəqslər böyük əks-səda verdi".

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 3-5 dekabr.- S.12