Mərziyyə Davudova irsi və azərbaycançılıq...

Azərbaycan teatrının görkəmli simalarından biri olan xalq artisti Mərziyyə Davudova xalqımızın səhnə fədaisi kimi hər zaman xatırlanır. Böyük aktrisa xalqımızın mədəniyyət tarixində elə əhəmiyyətli bir rol oynayıb ki, onun əvəzi yoxdur. Azərbaycançılığın inkişafında xüsusi işlər görən Azərbaycan Milli Teatrı dahi sənətkarların ifası ilə bu hissləri tamaşaçılara çatdırıb. Azərbaycançılıq və Azərbaycan teatrının vəhdəti böyük gücə malikdir.

Tədqiqatçılar yazır ki, XX əsrin 20-ci illərinə kimi Azərbaycan səhnəsi aktrisa tapa bilmirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı kişi aktyorlar ifa edib. Tədqiqatçılar yazır ki, sonra bir müddət başqa millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Tədqiqatçılar yazır ki, Azərbaycan qadınlarının səhnəyə doğru gedən yolu qorxudan, qandan, ölümdən, maneədən qurtulmağa başladı. Təsadüfi deyil ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Teatrşünaslar yazır ki, bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazıb. Yazılanlara görə, bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. Tədqiqatçılar yazır ki, 1901-ci ildə Həştərxanda anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaradıb. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi.

Bu il 115 illiyi qeyd edilən M.Davudovanın səhnə fəaliyyəti haqqında yazan tədqiqatçılar bildirir ki, 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan M.Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Yazılanlara görə, onun ən böyük arzusu H.Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdu. Tədqiqatçılar yazır ki, xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi.

Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli kimi müqtədir aktrisalar çıxış edirdi. Tədqiqatçıların yazdığına görə, onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox keçmir ki, M.Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdu. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında C.Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustaddır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Tədqiqatçılar yazır ki, M.Davudovanın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadınlarının surətini deyil, Qərb teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar, violalar kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə aktrisa H.Ərəblinski, A.Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım C.Cabbarlı, H.Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaradıb.

Yazılanlara görə, Mehdi Məmmədov M.Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə M.İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları - M.Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilib. Tədqiqatçıların yazdığına görə, əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə M.Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı".

Tədqiqatçıların bildirdiyinə görə, xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı: "Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi".

Qeyd edilənə görə, geniş yaradıcılıq diapazonuna malik olan M.Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları", "Bir məhəllədən iki nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım əslində qaranlıq bir mühitdə parlayan ulduz idi.

Tədqiqatçıların yazdığına görə, bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqi, Cavidi, Ülvi Rəcəbi, Əhməd Cavadı aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, A.M.Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı A.M.Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Tədqiqatçıların yazdığına görə, taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım oldu.

Yazılanlara görə, M.Davudovaya xalq artisti fəxri adı 1936-cı ildə verilib. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. Tədqiqatçılar yazır ki, o ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.

Keçən ayın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) xalq artisti M.Davudovanın 115 illiyinə həsr olunmuş "Sənətkar və zaman" mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfransda əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin "Milli aktyor sənətində M.Davudova fenomeni", ADMİU-nun müəllimi Elçin Cəfərovun "M.Davudova yaradıcılığı teatrşünas müstəvisində", sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun "M.Davudova yaradıcılığına tədqiqatçı baxışı" mövzularında məruzələri dinlənib.

Vurğulanıb ki, M.Davudova Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı, onun tamaşaçı ilə qəribə münasibət qurmaq bacarığı vardı.

Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətov M.Davudova ilə bağlı xatirələrini bölüşüb: "Mərziyə xanımın bizim ailə ilə yaxın əlaqələri var idi. Bu səbəbdən evimizə gələrdi. Atam, Zəfər Nemətova gənc rejissor kimi böyük hörmətlə yanaşardı. Mənim də xətrimi çox istəyirdi. Hətta mənə o dövrdə heç kimdə olmayan motosiklet oyuncağı bağışlamışdı. Həmin oyuncaqla bir neçə il oynamışdım. Bu mənim uşaq yaddaşımda qalanlardır.

Mərziyə xanım Teatr Xadimləri İttifaqının sədri olub. Amma öz ərizəsi ilə bu işdən getdi. Çünki Mərziyə xanımın kişi xarakteri var idi. Bəzi məsələləri qəbul etmirdi və haqsızlığı bağışlamırdı. M.Davudovanı sevməyən, onunla hesablaşmayan yox idi. Mərziyə xanım hündür, yaraşıqlı qadın idi. O dövrdə hər kəsdə olmayan boz rəngdə makentoşu da var idi. Heç vaxt başıaçıq gəzməzdi. Hər zaman başına kələğayı və ya yaylıq bağlayırdı. Çox təəssüf ki, mən onu səhnədə görməmişəm, həyatda görmüşəm, mənə hədiyyələr verib, üzümdən öpüb. Mərziyə xanım çox sadə, amma sərt xarakterli insan olub. Problemi olan adamlar ona rahatlıqla yaxınlaşa bilirdi və Mərziyə xanım öz nüfuzundan istifadə edib hamıya kömək edirdi. Bu gün onun 115 yaşı tamam olur. Hazırda əyləşdiyimiz binanı bizə Mərziyə xanım, Mustafa Mərdanov və Zəfər Nemətov miras qoyub. İndi isə bizlər bu yolu davam etdiririk. Zaman gələcək, biz də olmayacağıq, amma Teatr Xadimləri İttifaqı qalacaq".

Bəli, M.Davudova Azərbaycan mədəniyyətinə, seçdiyi sənətə ləyaqətlə xidmət edib. Yaradıcılığının ilk dövrü romantik aktyor məktəbinin nümayəndəsi kimi xarakterizə edilən aktrisa böyük fəaliyyət göstərib.

Azərbaycanın görkəmli səhnə ustadı M.Davudovanın fəaliyyəti azərbaycançılığa xidmət olub. Böyük səhnə xadiminin fəaliyyəti bir örnəkdir.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 7 dekabr.- S.15