Azərbaycançılıq ideyasının təbliğində Rəşid Behbudovun rolu...

XX əsr Azərbaycan musiqi tarixində, ifaçılıq sahəsində öz dəst-xətti ilə seçilən dahi sənətkar Rəşid Behbudov neçə-neçə əsrlərin, nəsillərin yaddaşında yaşayacaq. Gəlişigözəl söz deyil bu. Bu əbədiyaşarlığı R.Behbudova ölməz sənəti, qeyri-adi səsi, bənzərsizliyi bəxş edib.

R.Behbudov Azərbaycan musiqi tarixində əbədi yaşamaq haqqı qazanan sənətkar kimi bütün dünyada ölkəmizi, xalqımızı, xalqımızın musiqisini təbliğ edib. R.Behbudov böyük azərbaycanlı kimi azərbaycançılığın da keşiyində dayanıb. Dünyanın müxtəlif yerlərində konsertlər verən R.Behbudov həmin ölkələrdə yaşayan azərbaycanlıları öz səsinin işığına toplamaqla, onlar arasında azərbaycançılıq ideyasını yayıb. Azərbaycançılıq, tolerantlıq, xalqlar dostluğunu tərənnüm etmək onun başlıca işinə çevrilib. R.Behbudov Azərbaycandan dünyaya qardaşlıq, dostluq mesajları göndərən sənətkarlardan olub. Onun repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnılarımızla yanaşı, dünyanın müxtəlif xalqlarının mahnıları da böyük yer tutub. R.Behbudov ayrı-ayrı xalqların dilində mahnılar oxuyub. Bu mahnılar sənətkarımızın necə sülhsevər, tolerant, qardaşlıq tərəfdarı olmasından xəbər verir.

Bu il görkəmli Azərbaycan müğənnisi Rəşid Məcid oğlu Behbudovun 100 illik yubileyidir. SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in xalq artisti, Gürcüstan SSR-in əməkdar incəsənət xadimi R.Behbudov 1915-ci il 14 dekabr tarixində, Tiflisdə, xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Məlumatlara görə, anası Firuzə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Məlumatlara görə, uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Tədqiqatçılar yazır ki, hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tiflisdəki estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz Orkestrində solistliyə başlayır. Keçən əsrin 30-cu illərində Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

Tədqiqatçılar yazır ki, 1943-cü ilin sonunda Bakı Kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

Tədqiqatçılar yazır ki, 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir.

Məlumatlara görə, 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Qeyd edilənə görə, bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

R.Behbudovun yeganə övladı Rəşidə xanım Rəşid tanınmış müğənnidir.

Azərbaycan dövləti R.Behbudovun ruhuna, xatirəsinə, onun tükənməz irsinə hər zaman böyük sayğı ilə yanaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq "Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi" deyir. Dahi sənətkarın xatirəsinə böyük ehtiram bəsləyən Prezident İlham Əliyev R.Behbudovun 100 illik yubileyinin keçirilməsi üçün Sərəncam imzalayıb.

Bu il oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni R.Behbudovun abidəsinin açılış mərasimi olub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.

Azərbaycan Prezidenti İlham Əliyev dahi sənətkarın heykəlinin açılış mərasimində çıxış edib: "Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı R.Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq R.Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır.

Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaq.

R.Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyevlə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.

R.Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının xalq artisti adına layiq görülmüşdür. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının xalq artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu.

Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya R.Behbudov kimi böyük insanı bəxş edib.

Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.

Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə R.Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il R.Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün R.Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq."

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə isə R.Behbudov haqqında bunları deyib: "...Əziz dostlar, biz R.Behbudovun səsi ilə böyümüşük, musiqiçi olmuşuq, Azərbaycan musiqisini sevmişik, onu öyrənmişik.

R.Behbudov doğrudan da nadir səsə malik insan və şəxsiyyət idi. Onda həm avropasayağı gözəl tenor səs, həm Azərbaycan musiqisinə xas olan incəliklər, xırdalıqlar, digər tərəfdən, klassik opera ifa etmək üçün güclü gözəl səs var idi.

Bizim iki dahi müğənnimiz keçmiş Sovet İttifaqında çox məşhur idi. Bunlar Müslüm Maqomayev və Rəşid Behbudov idi. M.Maqomayevin səsi tamamilə başqa bir səs idi. Demək olar ki, onun səsi Sovet İttifaqının və bütün dünyanın estrada musiqisinə inteqrə olan səs idi. Amma R.Behbudov milyonlarla insana Azərbaycan musiqisinin koloritini çatdırırdı. Onun səsində bu kolorit, azərbaycançılıq, milli ruh həmişə duyulurdu. Heç də təsadüfi deyil ki, bizim xalq mahnılarımız onun ifasında təkrarolunmaz bir interpretasiyada təqdim olunurdu.

R.Behbudov çox kreativ bir insan idi. Onun ideyası nəticəsində bu gözəl teatr fəaliyyət göstərməyə başladı və burada hər mahnı, demək olar ki, maraqlı bir səhnə əsəri kimi təqdim olunurdu. R.Behbudov özü də hər mahnıya bir səhnəcik kimi yanaşırdı, çox məsuliyyətli insan idi. Bilirik ki, R.Behbudov bizim Opera və Balet Teatrında Balaş rolunu çox yüksək səviyyədə ifa etmişdi. Həmçinin onun müxtəlif filmlərdə rollar oynadığını da bilirik. Demək olar ki, 100 ən tanınmış sinema nümunəsi arasında "Arşın mal alan" öz yerini tutub. Nəyə görə? Təbii ki, ilk öncə Üzeyir Hacıbəyovun dahi musiqisinə, ikincisi, R.Behbudovun məlahətli səsinə və üçüncüsü, Leyla Bədirbəylinin gözəlliyinə görə. Bu film doğrudan da 100 ən tanınmış film arasında ən gözəl filmlərdən biridir.

R.Behbudovun səsi bizi həmişə müşayiət edir. Biz onu eşidib Azərbaycanı, vətənimizi sevirik. Mən bir daha möhtərəm cənab Prezidentimizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, bizim mədəniyyətimizə, incəsənətimizə, musiqimizə bu qədər dəstək verir, bu qədər maraq göstərir. Təşəkkür edirəm və hamını təbrik edirəm. Sağ olun".

Azərbaycanın xalq artisti Mübariz Tağıyev isə ustadı haqqında bildirib: "...Mənim sənət yolumun iyirmi ili Mahnı Teatrı ilə bağlı olub. Yəni R.Behbudovun tələbəsi olmuşam, onun yetirmələrindən biriyəm. Dünyanın iyirmidən artıq ölkəsində Rəşid müəllimlə qastrol səfərlərində olmuşuq. O illərdə Azərbaycanımızı qarış-qarış gəzmişik. Mən Mahnı Teatrının veteranları adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin qeyd etdiyiniz kimi, R.Behbudovun sənətinə layiqincə qiymət verilib. Onun adına küçə, Mahnı Teatrı, Fond və s. var. Bu gün açılışını etdiyiniz bu abidə bütün bu deyilənlərə bir sübutdur və ürəkdən gələn bütün sözləri tamamlayır.

Çünki teatrın bu binada fəaliyyətə başladığı və pərdəsi asılan gündən mən onun şahidi olmuşam. Əfsuslar olsun ki, Rəşid müəllim bunun açılışını edə bilmədi. Ancaq onun sənəti o qədər böyükdür ki, Mahnı Teatrı bu gün də yaşayır. Burada gənc nəsil böyüyür, öyrənir və s. Bu heykəl canlı Rəşid kimi indi bu binanın qarşısındadır. Mən "heykəl" sözünü işlətdim. Heykəllər əbədi olurlar, R.Behbudovun sənəti kimi. Sağ olun".

Xalq artisti, dövlət mükafatı laureatı Xuraman Qasımova isə "Bu gün doğrudan da böyük bir bayramdır. Nəhayət, çox gözlədiyimiz bu heykəli biz gördük. Buna görə, cənab Prezident, şəxsən Sizə təşəkkürümüzü bildiririk. Çünki Siz neçə-neçə sərəncamlar imzalamısınız və bizim sənətçilərin adını əbədiləşdirmisiniz, bax, belə heykəllərlə - Fikrət Əmirovun, Qara Qarayevin, nəhayət, R.Behbudovun.

Bəli, R.Behbudov təkrarolunmaz səsə malik ifaçı idi. Doğrudan da onun yaratdığı Mahnı Teatrının önündə belə bir heykəl ucalmalı idi. Biz dəfələrlə onunla səhnələrdə çıxış etmişik. Onun çıxışlarına hazırlıq dəqiqələrini hiss etmişik, görmüşük, onun tövsiyələrini eşitmişik. İndiki gənclər kimi, biz də gənc yaşlarımızda hər zaman R.Behbudovun ifa etdiyi əsərləri dinləyib ifa edirdik".

R.Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev R.Behbudov irsinə göstərdiyi sayğıya görə ölkə başçısına təşəkkür edib: "...Sizə R.Behbudovun ailəsi və R.Behbudov Fondu adından, bütün rəşidsevərlər adından dərin təşəkkürümüzü bildiririk... R.Behbudovun bu gözəl abidəsinin açılışı nəinki bizim ailə, rəşidsevərlər üçün, ümumiyyətlə, bütün Azərbaycan mədəniyyəti üçün çox böyük tarixi hadisədir".

R.Behbudov böyük azərbaycançı kimi hər zaman xatirələrdə yaşayır. Böyük sənətkarın irsi çox zəngindir. Onun missiyası Azərbaycan sənətini dünyaya tanıtmaq, vətənimizi tərənnüm etmək olub. O bu missiyanı uğurla həyata keçirib.

İradə SARIYEVA

Bakı xəber.- 2016.- 15 dekabr.- S.15