Aleksandr Tuqanov - Azərbaycan teatrı və azərbaycançılıq...

Azərbaycan peşəkar teatrının formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayan şəxsiyyətlər arasında azərbaycanlılarla yanaşı, başqa xalqların da nümayəndələri olub. Azərbaycandakı multikultural mühitdən, tolerant münasibətdən bəhrələnərək həmin sənətkarlar böyük işlər görüb.

Azərbaycan peşəkar teatrında Aleksandr Tuqanov imzası xüsusilə seçilir. Tədqiqatçıların verdiyi məlumata görə, A.Tuqanov Tiflis Azərbaycan Teatrının baş rejissoru olub.

Tədqiqatçı, professor Adilxan Bayramov yazır ki, A.Tuqanov Azərbaycan teatr sənətində iz qoymuş simalardandır: "O, 1871-ci ildə Moskvada doğulub. Moskvada Korş Teatrında, habelə Rusiyanın bir sıra şəhərlərində aktyor, sonradan Gürcüstanda, 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib. A.Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş Teatrı truppasının Tiflisə səfəri zamanı olub. Məlumatlara görə, 1912-ci ildə isə o daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı "Müsəlman Teatr Cəmiyyəti"nin tamaşalarına baxır. Bu tamaşalar "Zubalov Xalq Evi"ndə, habelə digər teatrların səhnələrində göstərilirdi. O da bir mütəxəssis kimi imkan daxilində bütün tamaşaları izləyirdi. Tədqiqatçıların yazdığına görə, Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı, təbii ki, məhz o vaxtlar meydana gəlib. Onun xatirələrindən: "Zubalov Xalq Evi"ndə baxdığım tamaşalar, ekzotik Tiflisdə, başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı". Teatrşünas, professor A.Bayramov qeyd edir ki, "Zubalov Xalq Evi"ndə on bir bölmə işləyirdi. Tədqiqatçı yazır ki, hər millətin tamaşası öz doğma dilində səhnəyə qoyulurdu: "...Rus, gürcü, Azərbaycan dram dərnəklərindən başqa, burada Ukrayna, yəhudi, osetin, yunan, aysor dram cəmiyyətləri də fəaliyyət göstərirdi".

Tədqiqatçı qeyd edir ki, 1912-ci ildə Tiflisdə azərbaycanlı artistlərin hazırladığı tamaşaları göstərmək üçün şəhərin azərbaycanlılar yaşayan "Şeytanbazar" məhəlləsində teatr üçün xüsusi bina - "Auditoriya" açılır.

A.Bayramov bildirir ki, bundan sonra tamaşaların göstərilməsi ardıcıl xarakter alır və Tuqanov bu tamaşalara ardıcıl baxmaq imkanı qazanır: "A.Tuqanov qeyd edir: "Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları ilə əsaslı şəkildə yaxınlaşdırırdı. Peşəkar teatr olmasa da, buradan sonralar böyük aktyorlar çıxmışdı: Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları".

O, 1922-ci ildən başlayaraq azərbaycanlı aktyorların dəvəti ilə Azərbaycan dilində də tamaşalar hazırlayırdı. "O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam və yaradıcılığımın ən qaynar, hərarətli illərini ona həsr edəcəyəm" - deyə Tuqanov sonralar xatirələrində qeyd edirdi".

A.Bayramov Azərbaycanın xalq artisti Mustafa Mərdanovun xatirələrindən sitat gətirir: "1922-ci ildə öz benefisimə "Ədirnənin fəthi"ni (C.Cabbarlının pyesi - A.B.) hazırlayırdım, əsərdə baş rolu - Harisi özüm oynayırdım. Tamaşanın daha gözəl hazırlanması üçün Tiflis Dövlət Rus Teatrının baş rejissoru A.Tuqanovu "Ədirnənin fəthi"nin rejissorluğuna dəvət etdik. Tuqanov əsəri gözəl surətdə hazırlayıb tamaşaya qoydu".

"Nəhayət, Tiflis teatrının aktyorlarından Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının, habelə inzibatçı Əli Bayramovun təkidli xahişləri nəticəsində A.Tuqanov bu teatrda işləməyə razılıq verir. Beləliklə də o, 1923-cü il avqustun 23-də Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru təyin edilir. Qeyd etdiyimiz kimi, Tuqanov teatrın aktyor heyəti və tamaşaları ilə tanış idi və sənət yanğılı bu insanları yüksək qiymətləndirirdi: "O vaxt Azərbaycan teatrının (Tiflis teatrı - A.B.) Meydandakı darısqal binasında rastlaşdığım aktyorların ürəyi işləmək, tamaşa hazırlamaq həvəsi və yanğısı ilə dolu idi". Məhz bunları nəzərə alan rejissor əsl teatr yaratmaq, güclü kadrlar yetişdirmək üçün bütün gücünü səfərbər edir. Tuqanov ayrı-ayrı əsərlərin səhnəyə çıxarılması ilə kifayətlənmir, hazırladığı tamaşaların ümumi mədəni səviyyəsinin yüksəldilməsinə də xüsusi səy göstərir və buna nail olurdu: "Bir sözlə, əsl teatr yaratmaq istəyirdik!" Bütün bu işlərdə onun ən yaxın köməkçisi Gürcüstanın xalq artisti İbrahim İsfahanlı idi. Tuqanov İsfahanlını özünün müəllimi hesab edir, onun, habelə Gürcüstanın əməkdar artisti Mirzəli Abbasovun, aktyorlardan Mirzəxan Quliyevin, Əşrəf Yüzbaşovun və digər aktyorların səhnə fədakarlığını yüksək qiymətləndirirdi. Tiflis teatrında orijinal pyeslərin, habelə Azərbaycan səhnəsi üçün yeni olan klassik əsərlərin Tuqanov tərəfindən tamaşaya qoyulması aktyorların fərdi yaradıcılıq xüsusiyyətlərinin üzə çıxmasına şərait yaradır, onlara özlərinə məxsus cəhətləri göstərmək imkanı verir, tamaşaçıları teatra cəlb edirdi. Onun bu teatrda ilk işi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesinin tamaşası olub. A.Tuqanovun xatirələrindən: "Bu, yetkin tamaşa idi, aktyorların öz rollarına tamam yeni münasibəti duyulurdu: bu tamaşa bütün mövsümə müəyyən hava verdi". Beləliklə, başlanğıc uğurlu olur. Bunun ardınca tamaşaçılara fransız yazıçısı Jan Batist Molyerin "Jorj Danden" komediyası təqdim olunur. Bu tamaşa da böyük uğur qazanır. A.Tuqanov teatrda baş rejissor kimi fəaliyyət göstərərkən "Uçurum", "İblis", "Şeyx Sənan", "Pəri cadu", "Ölülər" pyeslərini yeni quruluşda tamaşaya hazırlayır. İ.İsfahanlının fikrincə, onun ən maraqlı quruluşlarından biri "Müfəttiş" (N.V.Qoqol) komediyasının tamaşası olub. Səhnədə ilk addımlarını atan gənc aktyor Ülvi Rəcəb məhz Tuqanovun hazırladığı tamaşalarda uğurlu obrazlar yaradıb. Onun yaratdığı Dərviş ("Şeyx Sənan"), İxtiyar ("İblis"), məhkəmə rəisi ("Müfəttiş") obrazları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Tuqanovun Tiflis teatrında hazırladığı "Dağılan tifaq" (Ə.Haqverdiyev), "Hacı Qara" (M.F.Axundov), "Qaçaqlar" (F.Şiller, tərcümə edəni Həsən Səbri), "Məkr və məhəbbət" (F.Şiller, tərcümə edəni Ələkbər Seyfi) və "Otello" (U.Şekspir, tərcümə edəni Həsən Səbri) tamaşaları da uğurlu olub. Məlumdur ki, A.Tuqanov Bakıda, Azərbaycan Dövlət Dram Teatrında çalışarkən böyük dramaturq Cəfər Cabbarlı ilə yaradıcılıq əməkdaşlığı edib. Yazıçının pyeslərinin quruluşları əsasən ona məxsusdur. Lakin onun Cəfər Cabbarlı ilə "ilk görüşü" Tiflis teatrında olub. Tuqanov bu teatrda dramaturqun "Ədirnənin fəthi" pyesindən sonra "Aydın" və "Oqtay Eloğlu" pyeslərinə də quruluş verib. O sonralar bu barədə belə yazıb: "Bu, xatirəsi mənim üçün müqəddəs olan, son dərəcə gözəl, böyük dramaturqla ilk görüş idi". Dövri mətbuat teatrın fəaliyyətini yüksək qiymətləndirirdi. Tuqanovun xatirələrindən: "Dövri mətbuat bizim işimizə dostcasına, nikbin baxırdı. Əməyimiz hədər getmirdi, birgə işimizin elə ilk çağları, ilk mövsüm göstərdi ki, müstəqil yolla irəliləyən Azərbaycan teatrı yaşamağa qadirdir". Həmin vaxtlar Tiflis Azərbaycan Teatrının uğurları Bakı teatr ictimaiyyətinin də diqqətini cəlb edir. Şübhəsiz, uğurlu tamaşaların meydana çıxması əsasən A.Tuqanovun adı ilə bağlı idi. Əlbəttə, bu işdə teatrın fədakar aktyorlarının əməyi də danılmazdır" - deyə A.Bayramov qeyd edir.

O yazır ki, Tuqanov 1924-cü ildə işləmək üçün Bakıya -Azərbaycan Dövlət Dram Teatrına dəvət edilir. O bu təklifi məmnuniyyətlə qəbul edib və sonralar belə yazıb: "Tiflisdə ilk mövsümün uğurları elə böyük idi ki, mən Azərbaycan teatrındakı bu təcrübəmi davam etdirmək üçün imkanı əldən verməmək qərarına gəldim". Beləliklə, A.Tuqanov 1924-cü ilin yazında Tiflislə, oradakı rəssam, şair və aktyor dostları ilə vidalaşıb yeni teatr yaratmaq, bütün bilik və təcrübəsini sevdiyi sənətə həsr etmək barədə qəlbində baş qaldıran çoxdankı arzularını reallaşdırmaq üçün Azərbaycana, yeni iş yerinə gedir.

Alim qeyd edir ki, Tuqanov teatrın aktyor heyəti və tamaşaları ilə tanış idi və sənət yanğılı bu insanları yüksək qiymətləndirirdi: "O vaxt Azərbaycan teatrının (Tiflis teatrı - A.B.) Meydandakı darısqal binasında rastlaşdığım aktyorların ürəyi işləmək, tamaşa hazırlamaq həvəsi və yanğısı ilə dolu idi".

A.Bayramov qeyd edir ki, məhz bunları nəzərə alan rejissor əsl teatr yaratmaq, güclü kadrlar yetişdirmək üçün bütün gücünü səfərbər edir: "Tuqanov ayrı-ayrı əsərlərin səhnəyə çıxarılması ilə kifayətlənmir, hazırladığı tamaşaların ümumi mədəni səviyyəsinin yüksəldilməsinə də xüsusi səy göstərir və buna nail olurdu: "Bir sözlə, əsl teatr yaratmaq istəyirdik!"

Bu gün Azərbaycan teatrı inkişaf edir. İnkişaf etdikcə, onu qurub yaradanlara minnətdarlıq hissi ilə boylanır. Azərbaycan Milli Teatrı böyük çətinliklər hesabına yaradılıb. Bu teatra nəfəs verən insanlar sırasında A.Tuqanovun yeri əvəzsizdir.

Azərbaycan sənəti azərbaycançılıq, multikulturalizm ovqatı ilə inkişaf edir. Biz heç vaxt başqa xalqların övladı olan sənətkarları kənarda qoymamışıq. Əksinə, onlar sənətimizin formalaşmasına ürəkdən dəstək olub. A.Tuqanov belə teatr xadimlərindən biridir. Azərbaycan teatrına böyük töhfə verən bir sənətkar əbədi olaraq xatırlanmalıdır, xatırlanır da.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 17-19 dekabr.- S.15